Əsas Səhifə > Dünya > ABŞ-ın dövlət katibi Türkiyədə səfərdədir
ABŞ-ın dövlət katibi Türkiyədə səfərdədir30-03-2017, 15:07. |
ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyədə səfərdədir. SİVİL.AZ “Report”-a istinadla xəbər verir ki, o, birgünlük səfər çərçivəsində Ankarada Türkiyə rəsmiləri ilə görüşlər keçirəcək. Məlumata görə, ABŞ-ın dövlət katibi ilə görüşlərdə Rakkanın İŞİD terrorçularından təmizlənməsi ilə bağlı ehtimal olunan əməliyyat, terrorçu PKK qruplaşmasının Suriyadakı qolu PYD-nin fəaliyyəti və Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Reks Tillersonun əsasən Suriyadakı vəziyyəti müzakirə edəcəkləri bildirilir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Halkbank”ın baş direktor müavini Mehmet Hakan Atillanın ABŞ-da tutulması məsələsini də Reks Tillersonla müzakirə edəcəklərini deyib: “Ondan bu məsələyə aydınlıq gətirilməsini istəyəcəyik”. Artıq Türkiyənin baş naziri Binəli Yıldırım Reks Tillersonu qəbul edib. Görüş mətbuat üçün qapalı keçirilib. Qəbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın, hökumətin xarici siyasət məsələləri üzrə baş müşaviri Kərim Uras da iştirak ediblər. Qeyd edək ki, Reks Tillerson dövlət katibi vəzifəsinin icrasına başladıqdan sonra Meksika, Almaniya, Çin, Cənubi Koreya və Yaponiyada səfərdə olub. Geri qayıt |