Əsas Səhifə > Dünya > Azərbaycanın ermənilərdən alacağı
Azərbaycanın ermənilərdən alacağı24-10-2017, 10:00. |
Oktyabrın 30-da işə salınacaq Bakı - Tiflis - Qars (BTQ) dəmir yolu Gürcüstanın ermənilər yaşayan yeganə rayonu Axalkalakinin müsəlmanlaşmasına və azərbaycanlılaşmasına səbəb olacaq. SİVİL.AZ bildirir ki, İstiPress-in məlumatına görə, bu barədə erməni tarixçi, Gürcüstan məsələləri üzrə ekspert Vahe Sarkisyan Ermənistanın “1in.am” portalına müsahibəsi zamanı bildirib. BTQ-nin Osmanlı imperiyasının təslim olduğu Mudros müqaviləsinin bağlandığı gündə - oktyabrın 30-da açılmasının təsadüfi olmadığını vurğulayan Vahe Sarkisyan BTQ-nin bütünlüklə Ermənistan əleyhinə yönəlmiş layihə olduğunu vurğulayıb. Onun fikrincə, Türkiyə həmişə Gürcüstanı və Ermənistanı işğal etmək istəyib: “Yüz ildən sonra işğalın forması dəyişə bilər, amma məqsəd eynidir. Türkiyə göstərir ki, yüz il əvvəlki məğlubiyyəti ilə razılaşmır və yenidən Cənubi Qafqaz bölgəsində iri oyunçudur”. 1918-ci ildə Mudros limanında imzalanmış saziş Osmanlı imperiyasının təslim olmasının hüquqi təsbiti idi və ermənilər Türkiyəyə qarşı qaldırdıqları ərazi iddialarında məhz bu sazişə əsaslanırlar. Vahe Sarkisyan Mudrosu yada salmaqla erməniləri başa salır ki, onlar BTQ iş düşməsindən sonra Türkiyəyə qarşı hər hansı ərazi iddiaları ilə çıxış etməyi yadlarından çıxarsınlar. “Dəmir yolu Cavaxetiyaya çox sayda Türkiyə - Azərbaycan işçi qüvvəsinin gətirilməsinə səbəb olacaq. Bu, Cavaxetiyada gündən-günə güclənən türkləşməni sürətləndirəcək və demoqrafik durumu dəyişəcək”, - deyə Vahe Sarkisyan bildirib. Vahe Sarkisyan Gürcüstan ərazisində bunun bir neçə rayonda baş verdiyini iddia edib. Onun iddiasına görə, Gürcüstanın Dmanisi, Bolnis, Marneuli və Qardabani rayonlarında yaşayan azərbaycanlıların sayı 1920-ci ildən sonra 70-il ərzində 2-3 mindən 400 minə qədər artıb. Təbii ki, onun səsləndirdiyi rəqəmlər şişirdilib. 90 il qabaq - 1926-cı ilin siyahıyaalmasına görə, Gürcüstanda 137 min azərbaycanlı yaşayırdı, hazırda 300 minə yaxındırlar. Yəni 70 ildə heç 2 dəfə belə artmayıblar. Türklər və azərbaycanlıların Mesxet-Cavaxetiyada yaşaması isə hələ eradan əvvəl 4-cü əsrə gedir. Gürcü tarixçi Leonti Mroveli eradan əvvəl 4-cü əsrdə baş vermiş hadisələrdən yazarkən buntürklərin Kürün aşağı axarlarından, yəni indiki Azərbaycan ərazisindən qalxaraq Cavaxetiyaya yerləşməyindən bəhs edir. Əksər tarixçilər bu fikirdədir ki, “bun-türk” sözü qədim gürcü dilində həqiqi türk mənasını verir. Əsrlər keçdikdən sonra həmin buntürklərin törəmələri xristianlığı qəbul etsələr də, Axalkalakinin bir çox kəndlərində hələ də türkcə danışmaqda davam edirlər. Ermənilər onlara frenk deyir. Frenklər Axalkalakinin altı kəndində hələ də türkcə danışmaqdadırlar - Vahe Sarkisyan tez-tez erməni telekanallarında bu barədə danışır və həmin kəndlərin müsəlmanlaşması təhlükəsindən bəhs edir. Amma frenkləri yaxından tanıyanlar onların Azərbaycana olan böyük rəğbətindən xəbərdardılar. Bu baxımdan Azərbaycan xalqına kökdən bağlı olan frenkləri müsəlmanlaşması azərbaycanlılar üçün həddindən müsbət xəbərdir. Hər halda, buntürklərin törəmələri 2500 il sonra yenidən öz mənəvi mühitlərinə qovuşacaqlar. BTQ həm də Azərbaycanı geniş Avropa yoluna çıxaracaq. Həm də Vahe Sarkisyan bildirib ki, “Türkiyə və Azərbaycan Gürcüstan ərazisindən istifadə etməklə, hələlik iqtisadi müstəvidə olsa da, möhkəm quru xətti ilə bağlanıblar”. Geri qayıt |