Əsas Səhifə > Dünya / Üst manşet > Dünyada ən güclü kvant kompüter yaradılıb
Dünyada ən güclü kvant kompüter yaradılıb14-11-2017, 09:30. |
"IBM" şirkəti 50 kvant nüvəyə malik ilk kompüter prototipi yaradıb. Mütəxəssislərin fikrincə, belə məhsuldarlıq kvant hesablamanın ənənəvi kompüterlərdən üstün olmasını deməyə əsas verir. Hesab olunur ki, 50 kubitdən çox gücə malik sistemlər adi kompüterlərin edə bilmədikləri modelləşdirmə və hesablamaları yerinə yetirir. Bundan başqa, şirkət istifadəçilərə 20 kubit məhsuldarlığa malik "Quantum Experience" "bulud" servisindən yararlanmaq imkanı yaradıb. SİVİL.AZ AZƏRTAC-a istinadən bildirir ki, şirkətin məlumatına görə, "IBM" növbəti ildə kvant hesablamalar sahəsində texnologiyaların təkmilləşdirilməsi və yaxşılaşdırılması üzərində işi davam etdirməyi planlaşdırır. Kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Bu qurğuda ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə olunur. Onun praktiki tətbiqi hələlik sübut edilməyib. Bununla belə, hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər. Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun sayəsində də kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssasdır. Geri qayıt |