Əsas Səhifə > Dünya > Putin Liviyaya qoşun yeridir

Putin Liviyaya qoşun yeridir


14-03-2017, 15:22.
title}
Putin Liviyaya qoşun yeridir

“Reuters” agentliyi Misirin Liviya ilə sərhədinin bilavasitə yaxınlığında bir qrup Rusiya xüsusi təyinatlısını və dronlarını qeydə alıb.

Virtualaz.org xəbər verir ki, agentlik xüsusi təyinatlı qüvvələrin Misirin qərb hissəsindəki Sidi-Barrani aviabazasında yerləşdirildiyini bildirir. Bu aviabaza Liviya sərhədlərinə yaxındır.

Məlumata görə ABŞ diplomatik dairələri Rusiyanın bu addımından çox narahat olub və hesab edir ki, məqsəd Liviyada general Halif Haftarın başçılıq etdiyi üsyançı qüvvələri dəstəkləmək, BMT-nin dəstəklədiyi milli birlik hökumətini devirmək və Qəzzafinin keçmiş silahdaşı olan Haftarı hakimiyyətə gətirmək səyləri ilə bağlıdır.

Misirin xüsusi xidmət orqanları bildirib ki, söhbət 22 Rusiya xüsusi təyinatlısından gedir, lakin onların həmin aviabazada yerləşdirilməsinin məqsədi açıqlanmır. Bununla belə qeyd olunur ki, fevralın əvvəllərindən etibarən Rusiya Misirin Mersa-Matrux rayonunda yerləşən digər hərbi bazadan istifadə edir.

Rusiya Müdafiə Nazirliyi Misirdə xüsusi təyinatlıların yerləşdirilməsi barədə şərh vermir. Misir hakimiyyəti isə ölkə ərazisində rus hərbçilərinin olduğunu inkar edib. “Bu, bizim üçün suverenlik məsələsidir, Misirdə xarici ölkə hərbçisi yoxdur”-Misir ordusunun nümayəndəsi Tamer əl-Rifai deyib.

Lakin Rusiyanın Suriyada Bəşər Əsəd rejimini xilas etməkdən və orada hərbi mövqelərini möhkəmləndirməkdən, habelə daha geniş Yaxın Şərq regionunda siyasi mövqelərini gücləndirməkdən ruhlanaraq Liviyaya da girmək səyləri barədə çoxdan məlumdur. BMT-nin dəstəklədiyi milli birlik hökumətinə qarşı döyüşən general Halif Haftar bir müddət əvvəl Aralıq dənizində Rusiya təyyarədaşıyanı “Admiral Kuznetsov”un göyərtəsinə dəvət olunmuşdu və orada rus hərbi komandanları ilə danışıqlar aparmışdı. Habelə Halif Haftar təyyarədaşıyanın göyərtəsindən videokonfrans yolu ilə müdafiə naziri Sergey Şoyqu, hətta prezident Vladimir Putinlə danışmışdı.

Rusiyanın Liviyada iştirakına dair digər informasiyada bildirilir ki, muzdlu rus hərbçiləri artıq general Haftarın dəstələrinə yardım verir, onlara təlim keçir. Ehtimal olunur ki, xüsusi təyinatlıların Liviya sərhədinə yaxın yerləşdirilməsi Rusiyanın bu Afrika ölkəsinə qəfil hərbi müdaxiləsinə hazırlıqdır. 2015-ci ilin payızında Rusiya beləcə gizli hazırlıqlar görərək Suriyaya qəfil müdaxilə etmişdi və bu, qərbdə böyük rezonans doğurmaqla yanaşı Barak Obama administrasiyasına qarşı tənqid dalğası başlatmışdı.

General Haftara gəldikdə isə onun qüvvələri martın 3-də Benqazidə gedən döyüşlərdə məğlub olub və bir neçə neft yatağını əldən verib. Birləşmiş Ştatlar və onun müttəfiqləri Rusiyanın Liviya ilə bağlı planlarından narahat olaraq Haftara qarşı döyüşən qüvvələrə dəstəyi artırıblar.

General Haftar vaxtilə Qəzzafinin silahdaşı olub, lakin sonradan onların yolları ayrılıb. Qəzzafi devriləndən sonra Liviyaya qayıdan Haftar “ikinci Qəzzafi” də hesab edilir, o, dünyəvilik tərəfdarıdır və islamçılara qarşıdır, Rusiya üçün sərfəli müttəfiq hesab edilir.
Geri qayıt