Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Gürcüstanda "qara bayram"
Gürcüstanda "qara bayram"26-02-2020, 15:41. |
Gürcüstanda, fevralın 25-də, 1921-ci ildə ölkənin Rusiyanın Qırmızı ordusu tərəfindən işğal edilməsinin ildönümündə dövlət bayraqları yarıyadək endirilib. Bu günü Gürcüstanda Sovet İşğalı Günü kimi qeyd edirlər. CivilAzerbaijan.com bildirir ki, Gürcüstan Demokratik Respublikası 1918-ci ilin mayından 1921-ci ilin fevralınadək mövcud olub. 25 fevral 1921-ci il tarixində Qırmızı ordunun Tbilisiyə daxil olması ilə ölkədə sovet hakimiyyəti elan edilib. Ölkə o vaxtdan Gürcüstan Sovet Sosialist Respublikası adlandırılıb. Gürcüstanın yeni bolşevik hökumətinə Filipp Makharadze rəhbərlik edirdi. 2008-ci ildə Rusiya və Gürcüstan arasında beş gün davam edən qısa müharibədən iki il sonra, 2010-cu ilin iyulunda Gürcüstan parlamenti 25 fevralın Sovet İşğalı Günü elan edilməsi barədə qanunu qəbul edib. Fevralın 25-də prezident Salome Zurabishvili Gürcüstan milli ordusunun komandanı general Giorgi Kvinitadzenin və 1921-ci ilin fevralında Tbilisinin müdafiəsi zamanı həlak olanların abidəsi önünə əklil qoyub. Prezident Zurabishvili Gürcüstanın Qori şəhərindəki Milli Müdafiə Akademiyasının müdavimləri qarşısında çıxış edərkən deyib: “25 fevral məğlubiyyət günü deyil, çünki onun ardınca qələbə gəlib və 1991-ci ildə müstəqilliyimiz bərpa olunub”. Bolşeviklərin Qırmızı ordusu 1921-ci il, fevralın 25-də Tbilisini fəth edənədək burada gedən ağır döyüşlərdə çox sayda əsgər və zabitlər həlak olub. Rusiyanın XI Qırmızı Ordusu bundan əvvəl 1920-ci ilin 28 aprelində Bakını tutmuş və Azərbaycanın müstəqilliyinə son qoyduqdan sonra Gürcüstana doğru irəliləmişdi. Həftələrlə davam edən ağır döyüşlərdən sonra Gürcüstanın demokratik yolla seçilmiş parlamenti 1921-ci il, martın 18-də Batumidə özünün son sessiyasını keçirib. Gürcüstan hökuməti elə bu iclasda hamılıqla mühacirətə getməyi qərara alıb. Gürcüstan hökuməti bolşeviklərlə heç bir təslim aktı imzalamayıb və Sovet İttifaqının legitimliyini heç vaxt tanımayıb. (AzadlıqRadiosu) Geri qayıt |