Əsas Səhifə > Dünya / İntervü / Manşet / Üst manşet > Stefan Şennax: "Hakimiyyətin AXCP liderini niyə təcrid etdiyini başa düşmürəm"

Stefan Şennax: "Hakimiyyətin AXCP liderini niyə təcrid etdiyini başa düşmürəm"


2-06-2020, 18:31.
title}
Stefan Şennax: "Hakimiyyətin AXCP liderini niyə təcrid etdiyini başa düşmürəm"


AŞPA-nın KİV azadlığı və jurnalistlərin təhlükəsizliyiməsələləri üzrə məruzəçisi, habelə assambleyanın Azərbaycanın monitorinqi üzrə həmməruzəçisi Ştefan Şennak Turan-a eksklüziv müsahibəsində ölkədəki vəziyyətlə bağlı qiymətləndirmələrini bölüşür.

CivilAzerbaijan.com
həmin müsahibəni təqdim edir:

- Bu yaxınlarda Türkiyədə və Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı narahatlığınızı ifadə edərək, Ankara və Bakını jurnalistlərin təqibinə təcili son qoymağa və Avropa Şurasının standartlarına riayət etməyə çağırmısınız. Bəyanatınızda vəziyyəti dəhşətli və qəbuledilməz olaraq qiymətləndirmisiniz. Bu qiymətləndirmə nə ilə əsaslandırılıb?

- Faktlar göstərir ki, Türkiyədə 95, Azərbaycanda isə 10 jurnalist və bloger həbs edilib. Bu vəziyyətdən çox narahatam və öz bəyanatımda hər iki ölkədən bu təcrübəyə dərhal son qoymağı və Avropa Şurasının standartlarına uyğun olaraq jurnalistləri azad etməyi xahiş etdim.

- Beynəlxalq təşkilatlar bir sıra ölkələrdə hakimiyyətin fərqli düşüncəyə qarşı mübarizə üçün pandemiyadan istifadə etdiyini qeyd edir. Siz və Azərbaycanın monitorinqi üzrə həmkarınız Rocer Qeyl hakimiyyətin pandemiyaya qarşı mübarizə bəhanəsi ilə öz tənqidçilərini təqib etməsindən narahatlığınızı dilə gətirmisiniz. Amma Azərbaycanda pandemiyaya qədər də siyasi repressiyalar var idi. Siyasi rəqiblərin təqibi ilə pandemiya arasında necə əlaqə var?

- Bəli, biz xüsusi olaraq Azərbaycanda bu vəziyyəti müşahidə etmişik. Son həftələrdə bunu diqqətlə izləyirdik və Bakıda baş verənlərdən çox narahatıq. Bu, Covid-19-la bağlı vəziyyətə və həbsxanalardakı vəziyyətə aiddir. Azərbaycan hakimiyyətinin sonuncu parlament seçkilərindən sonra siyasi rəqiblərinə qarşı belə davranmasının səbəbini başa düşə bilmirəm. Söhbət Xalq Cəbhəsi Partiyasının liderinin təcrid edilməsindən və digər fəalların həbsindən gedir. Bütün bunlar pandemiya dövründə də durmadan davam edib. Biz ölkəyə gəlmək niyyətindəyik, hazırda bu, mümkün deyil, amma tezliklə gələcəyik.

- Prezident İlham Əliyev aprelin ortalarında hökumətin iclasında bildirib ki, Aİ və AŞPA Azərbaycana böhtan atır və onun nüfuzunu sarsıdır. O, həmçinin deyib ki, bu qurumların qəbul etdikləri qətnamələr və qərarlar kağız parçasından başqa bir şey deyil. Bu vəziyyətdə siz nəyə arxalanırsınız? Özünüzü səhrada fəğan edən səs kimi hiss etmirsiniz?

- Bunu ilk dəfə eşitmirik. Hökumət ölkə üçün, onun inkişafı üçün belə şeylərin faydalı olduğunu düşünürsə, bu, belə deyil. Bu, AŞPA-nı qəzəbləndirmir, düşünürəm ki, bu, bizim tənqidimizə qarşı siyasi taktikadır. Biz müxtəlif bəyanatlarda dərin narahatlıqlarımızı ifadə etmişik. Avropa İttifaqı da bunu edib. Amma biz həmçinin Azərbaycanda insan hüquqları ilə bağlı məhkəmə prosedurlarını alqışlamışıq, İlqar Məmmədova və Rəsul Cəfərova bəraət verilməsi kimi. İstənilən halda, Azərbaycan hökuməti unutmamalıdır ki, bizim qətnamələrimiz kağız parçası deyil.

- Qarşılıqlı ittihamların və kəskin ifadələrin mövcud olduğu bir şəraitdə Aİ, AŞPA və Azərbaycan arasında dialoq mümkündür?

- Bəlkə də, amma Azərbaycanın kəskin tonu həqiqətən əbəsdir. Eyni şey hakimiyyətin daxili vəziyyət haqqında bəyanatlarına da aiddir. Bütün müxalif partiyaları və ya QHT-ləri düşmən adlandırmaq olmaz. Dialoq yeganə müzakirə yoludur. Ümid edirəm ki, hökumət bu dialoqa qayıdacaq.

- Avropa Şurası və Azərbaycan arasında etimadsızlığı aradan qaldırmaq və konstruktiv dialoqa başlamaq üçün AŞPA nümayəndəsi kimi prezident Əliyevə nə təklif edərdiniz?

- Ümid edirəm ki, hökumət AŞPA məruzəçiləri ilə tam şəkildə əməkdaşlıq edəcək, çünki biz növbəti plenar iclasda bu barədə məruzə verməliyik. Müşahidə altında olan Azərbaycan kimi üzv dövlət üçün bunu diqqətə almaq və əməkdaşlıq etmək lazımdır. Bu, AŞ və AŞPA kimi təşkilatların üzvü tərəfindən peşəkarlıq nümayişi olardı.
Geri qayıt