Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Azərbaycan ATƏT-i iflic etməyə cəhd edib

Azərbaycan ATƏT-i iflic etməyə cəhd edib


24-06-2020, 19:51.
title}
Azərbaycan ATƏT-i iflic etməyə cəhd edib


ATƏT Daimi Şurasının növbəti üç il üçün ATƏT-in Baş Katibi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru, ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə Nümayəndəsi və milli azlıqların işləri üzrə Ali Komissarı vəzifəsinə təyinatlar haqqında ilkin qərarlar paketi Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qəbul edilməyib.

CivilAzerbaijan.com
Turan-a istinadla bildirir ki, qərarda ATƏT-in üzvü olan ölkələrin yuxarıda sadalanan bütün rəhbər vəzifələrə təyinatı bir ümumi paketlə həyata keçirməsi nəzərdə tutulurdu. Azərbaycan XİN ATƏT Daimi Şurasına göndərdiyi etiraz notasında ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə Nümayəndəsi vəzifəsinə növbəti üç il üçün Fransalı diplomat Arlem Dezirin təyin edilməsi ilə razı olmadığını bildirib. Azərbaycan XİN öz mövqeyini 2017-ci il iyulun 18-dən başlayan ilk üç illik mandatı ərzində Dezirin Azərbaycanda söz azadlığı sahəsində vəziyyətlə bağlı hədsiz tənqid nümayiş etdirməsi ilə izah edir.

ATƏT Daimi Şurasının qərarlarının qəbulu prosesinin konsensus əsasında baş verdiyini nəzərə alaraq, Azərbaycan XİN-in bu addımı cari ilin sentyabrında yay məzuniyyətindən qayıdan Daimi Şura üzvlərinin təşkilatın qərargah mənzilinin yerləşdiyi Vyanada iclaslarını keçirə biləcəyi vaxta qədər ATƏT rəhbərliyini başsız qoya bilər.

Yeni qərar layihəsində, çox güman ki, sözügedən rəhbər vəzifələrə ayrı-ayrılıqda təyinat nəzərdə tutulacaq, amma mövcud məlumata görə, ATƏT-in hazırki sədri Albaniya (Albaniya 2020-ci ildən ATƏT-in Nazirlər Şurasına sədrlik edir) hələlik ATƏT-in yüksək vəzifəli nümayəndələrinin təyinatı ilə bağlı yeni qərar layihəsini təqdim etməyib.

ATƏT-in Daimi Şurası müntəzəm əsaslarla siyasi məsləhətləşmələrin keçirilməsi və ATƏT Nazirlər Şurasının görüşləri arasındakı dövrlərdə ATƏT-in gündəlik operativ fəaliyyətinin idarə edilməsində əsas rəhbər orqandır. Adətən Daimi Şuranın iclasları həftədə bir dəfə Vyanada keçirilir. İclasları fəaliyyətdə olan sədr və ya onun nümayəndəsi çağırır və onlara rəhbərlik edir. Daimi Şuranın tərkibinə ATƏT iştirakçısı olan 57 dövlətin nümayəndələri daxildir.

İsveçrəli diplomat Tomas Qreminger 2017-ci il iyulun 18-də üç il müddətinə ATƏT-in Baş katibi vəzifəsinə təyin edilib. Səfir T.Qreminger İsveçrənin ATƏT-də daimi nümayəndəsi idi, 2014-cü ildə İsveçrə Sədrlik səlahiyyətlərini icra edərkən isə ATƏT Daimi Şurasının sədri vəzifəsini tutub.

ATƏT-in keçmiş Baş katibi (2011-2017), İtaliyalı diplomat Lamberto Zanyer 2017-ci ilin iyulunda üç il müddətinə ATƏT-in milli azlıqların işləri üzrə Ali Komissarı vəzifəsinə təyin edilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru, İslandiyanın sabiq xarici işlər naziri İnqibyorq Solrun Gisladottir bu vəzifəyə 2017-ci il iyulun 19-da başlayıb.

Fransalı diplomat, Fransa XİN nəzdində Avropa işləri üzrə keçmiş dövlət naziri Arlem Dezir 2018-ci il iyulun 18-də üç il müddətinə ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə Nümayəndəsi təyin edilib.

1975-ci ilin avqustunda təsis edilmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatı dünyada təhlükəsizlik məsələləri ilə məşğul olan ən böyük regional təşkilatdır. Azərbaycan 1992-ci ilin yanvarından təşkilatın tamhüquqlu üzvüdür.

2000-ci il iyulun 18-də Bakıda ATƏT Ofisinin rəsmi açılışı olub.

13 il sonra, 2013-cü ilin iyulunda rəsmi Bakı ATƏT-in Azərbaycandakı Nümayəndəliyi ofisinin statusunu kiçildib. 2014-cü il yanvarın 1-dən etibarən ATƏT-in Bakı ofisi layihələrin əlaqələndiricisi statusunda işləməyə başlayıb, 2014-cü il martın 1-dən isə ofisə Azərbaycan əsilli Fransalı diplomat Aleksis Şahtaxtinski rəhbərlik edib. Bakıda ATƏT-in baş nümayəndəsi qismində bir il işlədikdən sonra səfirin fəaliyyəti ABŞ səfiri Daniel Bayer tərəfindən tənqid edilib. Daha sonra Şahtaxtinski ilə bağlı qalmaqallar silsiləsi başlayıb, nəticədə həmin vaxt fəaliyyətdə olan ATƏT-in Baş Katibi Lamberto Zanyer Aleksis Şahtaxtinskinin mandatını uzatmamaq qərarına gəlib və Fransa da mandatın uzadılmasını dəstəkləməyib.

Bu addım Azərbaycan hakimiyyətini qəzəbləndirib, prezident Əliyev şəxsən Şahtaxtinskinin müdafiəsinə qalxıb, o, ATƏT-ə Şahtaxtinskinin səlahiyyətlərinə xitam verildiyi təqdirdə ATƏT-in Azərbaycandakı ofisini tamamilə bağlayacağı barədə ultimatum verib. Əliyevin ultimatumuna baxmayaraq, Aleksis Şahtaxtinski öz vəzifəsini tərk edib.

Rəsmi Paris öz diplomatı Aleksis Şahtaxtinskini Qazaxıstana diplomatik xidmətə göndərib. O, Almatıda Fransanın baş konsuludur.

Aydındır ki, ən mühüm vəzifələrdən birinə yüksək vəzifəli fransalı diplomatın təyin edilməsinə mane olmaq cəhdi Azərbaycan XİN-in Aleksis Şahtaxtinskiyə görə, habelə Dezirin jurnalistlərin təqibinə və söz azadlığının məhdudlaşdırılmasına görə Azərbaycan hakimiyyətinin tənqidində prinsipial mövqeyinə görə Fransa və ATƏT-in sabiq baş katibi Lamberto Zenyerə qarşı birı növ qisasıdır.
Geri qayıt