Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Qarabağa görə 5 milyard söhbəti internetdə necə yayılıb?

Qarabağa görə 5 milyard söhbəti internetdə necə yayılıb?


8-12-2020, 20:55.
title}
Qarabağa görə 5 milyard söhbəti internetdə necə yayılıb?


İnternetdə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və Belarusun ovaxtkı prezidenti Aleksandr Lukaşenkonun səslərinə oxşayan şəxslərin söhbətinin audioyazısı yayılıb. Tərəflər Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması ətrafında mübahisə edirlər.

CivilAzerbaijan.com
bildirir ki, Belarusda səsyazısını NEXTA və TUT.BY Telegram kanalları yayıb.

Lukaşenkonun səsinə oxşayan səs deyir ki, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ ətrafındakı 7 rayon üçün 5 milyard dollar ödəməyə hazırdır. Sarkisyan isə bundan imtina edir və öz növbəsində Əliyevə 6 milyard dollar təklif edir ki, ərazilərə iddialardan əl çəksin.

“Bu gün almanlarla vuruşuruq?”

“Sənin mövqeyin zəifdir. ‘Yeddi rayonu vermərəm, çünki sonra dərhal mənə qarşı müharibəyə başlarsan’. Bəs başlamasa?” – Lukaşenkonun səsinə oxşayan səs deyir.

“‘Bəs başlamasa’ nə deməkdir? İşdir başlasa? Aleksandr Qriqoryeviç, niyə axı sadəcə qaytarım, anlamıram”, – Sarkisyanın səsinə oxşayan səs deyir.

“O (Əliyev) buna görə pul verəcək. Birinci mərhələdə sənə 5 milyard təklif edib”, – yenə Lukaşenkonun səsinə oxşayan səs dillənir.

“Ona 6 milyard verirəm. Qoy 7 rayondan əl çəksin. Bunu edə bilmərəm. Bilirsən niyə? Çünki bu 7 rayon 5 min uşağın qanıyla alınıb, orda həlak olublar. Orada 5 min nəfər həlak olub”, – “Sarkisyan” etiraz edir.

“Nə olsun? Bizdə 30 milyon həlak olub. Bu gün almanlarla vuruşuruq?” – “Lukaşenko” deyir.

Dekabrın 8-də Serj Sarkisyanın ofisindən audiyazını şərh ediblər. Eks-prezidentin təmsilçiləri onun 2016-cı ilin oktyabrında KTMT-nin sammitində Lukaşenko ilə görüşdüyünü təsdiqləyiblər.

“Prezidentlərin 2016-cı il oktyabrın 14-də KTMT-nin Yerevandakı iclasında dar çərçivədə görüşü zamanı qeyri-rəsmi söhbətinin internetdə necə yayıldığı aydın deyil. Ermənistan Respublikasının üçüncü prezidentinin ofisi audioyazının yayılmasını fakt kimi qəbul edir, qapalı iclasların şərh olunmadığını nəzərə alaraq şərh verməkdən imtina edir”, – açıqlamada deyilir.

Prezidentlərin təmsilçiləri şərh vermir

Lukaşenkonun təmsilçiləri audioyazını şərh etməyiblər. Azərbaycan Prezidenti İlham Əliyev administrasiyasında da Qarabağa görə Ermənistana pul təklif edilməsi iddiaları şərh olunmayıb.

Lukaşenko 2018-ci ilin dekabrında jurnalistlərlə söhbətində demişdi ki, Serj Sarkisyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaqdan imtina edib.

2016-cı il aprelin 2-də Dağlıq Qarabağda bir neçə günlük hərbi əməliyyatlar aparıldı, aprelin 8-də atəşkəs elan olundu. Bundan sonra Ermənistanda Rusiyanın “İsgəndər” raketləri yerləşdirildi. Onda Sarkisyan deyirdi ki, “bu məcburi addım regionda hərbi vəziyyəti balanslaşdırmaq üçün atılıb”.

Bu il 44 günlük müharibə nəticəsində isə Azərbaycan 4 rayonu, Şuşa şəhərinə geri ala bildi. Qarabağın bir hissəsi də Azərbaycanın nəzarətinə keçdi. Sonradan 3 rayon da qaytarıldı.

Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi 1980-ci illərin sonlarında başlayıb. 1988-1994-cü illər ərzində ümumilikdə 30 min nəfərin həlak olduğu, yüzminlərlə insanın qaçqın və köçkünə çevrildiyi bildirilir. Atəşkəs imzalananda Azərbaycanın Dağlıq Qarabağ vilayəti və ətraf 7 rayonu işğal edilmişdi.
Geri qayıt