Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > 44 günlük Qarabağ müharibəsi: Azərbaycan və Ermənistan nə qədər itki verib?

44 günlük Qarabağ müharibəsi: Azərbaycan və Ermənistan nə qədər itki verib?


4-01-2021, 14:06.
title}
44 günlük Qarabağ müharibəsi: Azərbaycan və Ermənistan nə qədər itki verib?


Xəzər Hərbi Tədqiqatlar İnstitutu 2020-ci ilin 27 sentyabrından başlanan və 44 gün davam edən II Qarabağ savaşında Azərbaycan-Ermənistanın ümumilikdə 60 min hərbçini döyüş meydanına çıxardığını iddia edir.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun yanvarın 4-də yaydığı hesabatda qeyd olunur.

İnstitut hesab edir ki, göstərilən rəqəm tərəflərin ümumi hərbi heyətlərinin təxminən 25 faizini təşkil edib:

“Müharibənin başlanma anına qədər tərəflərin üst-üstə 240 min nəfərə yaxın hərbi heyəti olub. Müharibənin yekununa görə, tərəflərin itkiləri (həlak olanlar, yaralılar, xəsarət alanlar) ümumilikdə 21 min nəfər təşkil edib və bu da döyüşdə aktiv iştirak edən şəxsi heyətin (60 min) təxminən 35 faizinin sıradan çıxması deməkdir”.

Xəzər Hərbi Tədqiqatlar bəyan edib ki, Azərbaycan Silahlı Qüvələrinin (MN, DQ, DSX və digər hərbi birləşmələr) ümumilikdə 150-180 minlik şəxsi heyətindən təxminən 20 faizi (30-36 min) aktiv olaraq döyüşlərə cəlb olunub. Onların təxminən 10 faizi (3 minə yaxın) şəhid olub:

“Ümumilikdə, 44 günlük müharibənin gedişində Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru ümumi şəxsi heyətinin təxminən 1,8-2 faizini itirib (şəhid olanlar).

Yaralıların, xəsarət alanların ümumi sayı isə qeyri-rəsmi məlumatlara görə, 4 min nəfərdən artıqdır. Beləliklə, şəhidlər, yaralılar və xəsarət alanların ümumi sayı (təxminən 7 min) Silahlı Qüvvələrin və digər hərbi birləşmələrdə təmsil olunan şəxsi heyətin ümumi sayının (150-180 min) təxminən 3,8-4 faizini təşkil edir. Bu, göstərici aktiv döyüşlərə cəlb olunan heyətin (30-36 min) təxminən 20-22 faizini təşkil edir.

Sadə dillə, Azərbaycan Silahlı Qüvvələrinin döyüşən hər 5 əsgərindən 1-i ya şəhid olub, ya da yaralanıb”.

Ermənistana gəldikdə, institut qeyd edib ki, bu dövlətin hərbi birləşmələrin (Qarabağdakı separatçılarla birgə) şəxsi heyətinin (ümumi sayı təxminən 60 min nəfər) təxminən 50 faizi (30 min nəfər) döyüşlərə cəlb olunub:

“Rəsmi məlumatlara görə, onların təxminən 10 faizi (3 min nəfər) həlak olub. Qeyri-rəsmi məlumatlara görə, ölənlərin sayı 6 min nəfərdən (belədirsə, aktiv döyüşçülərin 20 faizi) artıqdır. Yaralanan və xəsarət alanların ümumi sayının isə 8 min nəfərdən artıq olduğu deyilir. Ermənistan son döyüşdə Silahlı Qüvvələrin ümumi şəxsi heyətinin (60 min) təxminən 5 faizini (həlak olanlarla bağlı rəsmi rəqəmlərə görə) itirib.

Qeyri-rəsmi rəqəmlərə görə, dünyasını dəyişənlərin ümumi sayı yaralılar və xəsarət alanlarla birlikdə (14 min nəfər) Silahlı Qüvvələrin və digər hərbi birləşmələrin şəxsi heyətinin ümumi sayının (60 min) təxminən 23 faizdən artığını təşkil edir. Bu, həm də o deməkdir ki, erməni tərəfi aktiv olaraq döyüşə cəlb olunanların (30 min) təxminən 47 faizini (14 min) itirib. Sadə dillə, döyüşən hər iki əsgərdən biri həlak olub, ya da yaralanıb”.

Azərbaycan Müdafiə Naizrliyi dekabrın 28-dək 2823 hərbçinin dəfn olunduğunu bildirib.

Müdafiə Nazirliyi onların foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatı saytında yerləşdirib.

Nazirlik hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlərin davam etdirildiyini bildirib.

Ermənistan Səhiyyə Nazirliyi 3 min 330 nəfərin öldüyü haqda məlumat yayıb: "1600 nəfər itkin düşüb, 8300 nəfər yaralı var".

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Meydan TV-nin məlumatında qeyd olunur ki, bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.
Geri qayıt