Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Azərbaycandan rüşvət almaqda təqsirləndirilən Luka Volonte 4 il azadlıqdan məhrum edilib
Azərbaycandan rüşvət almaqda təqsirləndirilən Luka Volonte 4 il azadlıqdan məhrum edilib12-01-2021, 17:00. |
Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü Luka Volonte yanvarın 11-də korrupsiya ittihamı ilə 4 il müddətinə həbs edilib. CivilAzerbaijan.com bildirir ki, məlumatı İtaliyanın "La Republica" nəşri yayıb. Milan Şəhər Məhkəməsi Luka Volonteni Azərbaycanın iki siyasi xadimindən yarım milyon avro almaqda təqsirli bilib. Məhkəmənin iddiasına görə, Volonte bu məbləği 2013-cü ildə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar haqqında məruzəni qəbul etməsinə mane olmaq üçün alıb. İttiham tərəfi hesab edir ki, Luka Volonteyə göndərilən vəsait konsaltinq xidmətləri üçün ödəniş kimi rəsmiləşdirilirdi. Luka Volonte təxminən 2,4 milyon alıb, amma cəmi yarım milyonun alınmasını sübuta yetirmək mümkün olub. Keçmiş deputatın vəkili rüşvətin alınması istisna olmaqla, ittihamın əksər bəndləri üzrə bəraət almasından məmnunluğunu bildirib. “Əminik ki, şikayətdən sonra ittihamın bu kiçik hissəsi də aradan qalxacaq və Luka Volontenin təqsirsizliyi tamamilə etiraf ediləcək”, - deyə vəkil Domeniko Pulitano belə söyləyib. İtaliyalı deputat Luka Volonte beynəlxalq “Kürü diplomatiyası” qalmaqalının – beynəlxalq “Avropa Sabitlik Təşəbbüsü” qeyri-hökumət təşkilatının araşdırmasının fiqurantıdır. O, Azərbaycandan 2,3 mln. avro almaqda, bu vəsaiti 2013-cü ilin yanvarında Azərbaycanda siyasi məhbuslar haqqında məruzənin qəbul edilməməsi məqsədilə bir sıra AŞPA deputatlarının cəlb edilməsinə xərcləməkdə ittiham olunur. 2016-cı ildə Milan prokurorluğu Volonte barəsində təhqiqata başlayıb, ona qarşı ittihamlar irəli sürüb. Onun barəsində məhkəmə 2019-cu ilin iyununda başlayıb. 2017-ci ildə AŞPA müstəqil istintaq qrupu yaradaraq, deputatlar arasında korrupsiya faktları ilə bağlı öz araşdırmasını aparıb. 2018-ci il iyunun 27-də Komitə prosedur qaydalarına uyğun olaraq 14 deputatın Avropa Şurasının binasına və tədbirlərinə girişini ömürlük qadağan edib. Azərbaycandan o vaxtki iki deputat – Müslüm Məmmədov və Elxan Süleymanov da sanksiyalara məruz qalıb, Meydan Tv-nin məlumatında qeyd olunur. Geri qayıt |