Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Tbilisidə qarşıdurma və həbslər: Gürcüstanda nə baş verir?

Tbilisidə qarşıdurma və həbslər: Gürcüstanda nə baş verir?


19-02-2021, 14:10.
title}
Tbilisidə qarşıdurma və həbslər: Gürcüstanda nə baş verir?


Fevralın 18-də Gürcüstanın Baş naziri müxalifət lideri barəsində həbs qətimkan tədbiri seçilməsinə etiraz olaraq istefa verdi.

CivilAzerbaijan.com
bildirir ki, AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Mayk Ekel hələ oktyabrda parlament seçkisindən sonra ölkədə mümkün siyasi böhran işartılarının göründüyünü yazır.

Milyarder Bidzina İvanişvilinin təsis etdiyi siyasi partiya hakimiyyətini gücləndirdi. Müxalifət qrupları isə etiraz olaraq hətta parlamentdəki yerlərini tutmaqdan belə imtina etdilər. Amma beynəlxalq müşahidəçilər seçkini az- çox ədalətli, azad hesab eləmişdi.

Qaribaşvili də İvanişviliyə yaxın sayılır

Baş nazir Giorgi Qaxariya müxalifətin Birləşmiş Milli Hərəkatının sədri Nika Melianın həbs olunmasıyla bağlı məhkəmə qərarından sonra istefa verdi. Melia 2019-cu ilin yayında parlamentin qarşısında zorakı etirazların təşkilində suçlanır. Gürcüstanda səfərdə olan rusiyalı deputatın parlamentdə spikerin yerində əyləşməsi qəzəb doğurmuş, etirazlara səbəb olmuşdu.

Sonradan hakim Gürcü Arzusu partiyası müxalifətlə danışıqlar nəticəsində seçki sistemində islahatları razılaşdırdı. Oktyabrın 31-də yeni sistemlə keçirilən seçkilər nəticəsində yenə də Gürcü Arzusu 150 yerlik parlamentdə çoxluğu qazandı.

Qaxariya istefasını açıqlayanda ölkədə siyasi qütbləşmə təhlükəsini vurğuladı. Gürcü Arzusu-ndan deputat Nikoloz Samxaradze deyib ki, “bildiyi qədərilə” Qaxariya “təkcə istefa verməyib, həm də Gürcü Arzusu-nu tərk edib”.

İstefadan sonra Daxili İşlər Nazirliyi Melianın həbsini təxirə saldığını bəyan etdi. Bir neçə saatdan sonra isə Qaxariyanın yerinə keçmiş baş və müdafiə naziri İrakli Qaribaşvili təyin olundu. O, İvanişvili-nin yaxını hesab olunur.

Sabitsizlik və demokratiya çabaları

Müəllif Gürcüstanın Qərbdə regionun potensial demokratiya modeli kimi göründüyünü yazır. Demokratiyanın vəziyyətinin elə də yaxşı olmadığı, hətta bəzən pisləşdiyi bir regionda.

Mixeil Saakaşvili 2003-cü ildə xalq etirazı nəticəsində hakimiyyətə gələndən indiyədək Gürcüstan hələ də tam demokratiya kimi oturuşa bilməyib. “Freedom House” təşkilatı bu yaxınlarda bildirdi ki, Gürcüstan son illər demokratiya reytinqində geriləyib və hazırda “keçid, yaxud hibrid rejim” kateqoriyasına düşüb.

Sabitsizlik Qərb tərəfdarlarının ölkəni Avropa Birliyi və NATO-ya doğru aparması cəhdlərinə zərbə vurub. Amma yenə də Qərbdə bəziləri Gürcüstanı Rusiyanın orbitindən çıxmağa namizəd ölkə kimi görürlər.

“Regionun başqa heç bir yerində bu qədər adam Rusiya Prezidenti Vladimir Putinin nifrət etdiyi Qərb idarəçiliyini, qayda-qanunu, liberal düzəni arzulamır”, – müxalifətdən deputat Salome Samadaşvili 2019-cu ildə yazırdı.

İqtisad faktorlar da var: Gürcüstan bir sıra əsas ticarət yollarının, həmçinin Azərbaycandan nefti Türkiyənin Ceyhan limanına aparan BTC kəmərinin üstündə yerləşir.

Siyasi sabitsizlik isə kənardan bu ölkəyə investisiya həvəsini azaldıb.

Rusiya amili

Gürcüstanlıların çoxu Putinin Kremlinə hiddətlə yanaşırlar.

2018-ci ildə keçirilmiş sorğuya görə, gürcüstanlıların 85 faizi Rusiyanı “siyasi təhdid” hesab edir. Hazırda ölkə ərazisinin beşdə biri Rusiyanın və onun dəstəklədiyi separatçı qrupların nəzarəti altındadır.

Di gəl, Gürcüstan şərabları, mineral sularının, kənd təsərrüfatı məhsullarının ixracında Rusiyadan asılıdır. Moskva bəzən keyfiyyəti əsas gətirərək ixraca qadağa qoyur.

İvanişvilinin Rusiyaya bağlılığı da gürcüstanlıları düşündürən suallardandır. Müxalifət mütəmadi deyir ki, onun biznes imperiyasının Rusiyaya bağlı kökləri onun oradakı sənaye və kəşfiyyat maraqlarından asılı edir. Qaxariya özü də İvanişvili tərəfindən siyasətə cəlb olunanacan Moskvada biznesmen idi.

İvanişvili isə Rusiyadan hansısa göstərişə qulluq etmədiyini deyir.

Bundan sonra ölkəni nə gözləyir?

Müxalifət partiyaları erkən seçki tələb edir. İlk addım parlamentin Qaribaşvilinin təyinatını təsdiqləməsi ola bilər. 39 yaşlı Qaribaşvili kabinetdə müdafiə naziri idi.

O, Parisdə təhsil alıb, iki il baş nazir postunda olub. Bunlar gürcüstanlılar, beynəlxalq ictimaiyyət üçün hansısa dərəcədə təminat kimi səslənə bilər.

Amma AB-nin Gürcüstandakı səfiri Karl Hartzel xəbərdarlıq edib ki, Meliaya qarşı cinayət təqibi “Gürcüstan və demokratiyası üçün təhlükəli trayektoriyadır”.

Vaşinqton da diplomatik suları durultmağa çalışıb, amma onu da qeyd edib ki, Gürcüstanın onillərlə davam edən “problemləri”nə sürətli çarə görünmür.

“Meliaya qarşı hökmdən sonra yaranmış mövcud təhlükəli vəziyyət seçki sistemi və ədliyyə sistemində onillərlə davam edən problemlərdən qaynaqlanır. Vacib məsələlərin həlli dinc danışıqlardan keçir. Tərəfləri sakitçiliyə və zorakılıqdan çəkinməyə çağırırıq”, – ABŞ-ın Tbilisidəki səfirliyinin bəyanatında deyilir.

***
Gürcüstan paytaxtı Tbilisi şəhərində parlamentinin binası qarşısında müxalifət tərəfdarları və polis arasında qarşıdurma baş verib.

Bu barədə fevralın 19-da "Sputnik Gürcüstan" məlumat verib
.
Məlumata görə, qarşıdurmanın baş verməsinə səbəb müxalifət tərəfdarlarının parlamentin binası qarşısında çadırlar qurmaq cəhdi olub. Hüquq mühafizə orqanları əməkdaşlarının buna imkan verməməsi fiziki qarşıdurma ilə nəticələnib.

Hadisə zamanı polisə müqavimət göstərən 10 fəalın saxlanıldığı bildirilib.

Hazırda vəziyyətin stabilləşdiyi və vətəndaş fəallarnın parlament binası qarşısında dayanmağa davam etdiyi xəbər verilib.
Geri qayıt