Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > İtaliyanın Konqodakı səfiri Luca Attanasio qətlə yetirilib

İtaliyanın Konqodakı səfiri Luca Attanasio qətlə yetirilib


23-02-2021, 14:11.
title}
İtaliyanın Konqodakı səfiri Luca Attanasio qətlə yetirilib


İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luca Attanasio ölkənin şərqindəki Qoma şəhəri yaxınlığında BMT-nin konvoyuna edilən hücum zamanı öldürülüb.

CivilAzerbaijan.com
bildirir ki, BMT-nin Dünya Ərzaq Proqramı bazar ertəsi həyata keçirilən hücum zamanı İtalyanın səfiri Luca Attanasio və azı digər iki nəfərin öldüyünü, bir neçə nəfərin isə yaralandığını bəyan edib.

BMT sözçüsünün Amerikanın Səsinə bildirdiyinə görə, öldürülən digər iki nəfərdən biri İtaliya vətəndaşı və digəri isə konqolu sürücü olub. Mətbuat katibi Qomadan təqribən 25 kilometr şimal-şərqdə Dünya Ərzaq Proqramına məxsus iki nəqliyyat vasitəsinin hədəf alındığını deyib.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Dünya Ərzaq Proqramı açıqlamasında hadisənin heyətin Qomadan Rutşuruya, bir məktəbin ərzaqla təmin edilməsi proqramını yoxlamaq üçün yola çıxdığı zaman baş verdiyini bildirib. Açıqlamada deyilib ki, hücum təhlükəsiz səyahət üçün əvvəlcədən yoxlanmış bir yolda həyata keçirilib.

Reuters xəbər agentliyi Virunqa Milli Parkına istinadən Kanyamahoro şəhəri yaxınlığındakı hücumun konvoyu qaçırma cəhdi olduğunu bildirib.

İtaliyanın Xarici İşlər Naziri Luici Di Mayo həmyerlilərinin ölümü ilə əlaqədar dərin kədər hissini dilə gətirib.

"Bu amansız hücumun səbəbi hələ məlum deyil və baş verənlərə aydınlıq gətirmək üçün əlimizdən gələni edəcəyik" - deyə, Di Mayo bildirib.

Konqonun minerallarla zəngin şərq bölgəsi Ruandanın 1994-cü ildəki soyqırımında iştirak edən silahlıların sərhəddən qaçmasından bəri, iyirmi ildən artıqdır çoxsaylı silahlı qruplaşmaların döyüş meydanına çevrilib. BMT sülhməramlıları on ildən çoxdur bölgədə sülhü bərpa etməyə çalışır.
Geri qayıt