Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Mübariz Mənsimov azadlığa buraxıldı
Mübariz Mənsimov azadlığa buraxıldı5-03-2021, 14:59. |
Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov (Qurbanoğlu) həbsdən buraxılıb. Martın 5-də İstanbul 27-ci Ağır Cəza Məhkəməsində bu barədə qərar çıxarılıb. CivilAzerbaijan.com bildirir ki, məhkəmədə çıxış edən iş adamı FETÖ-ya (Fətullah gülən Terror Örgütü) üzvlük ittihamını rədd edib: “Mən bir daha əminliklə bəyan edirəm, heç vaxt heç bir terror təşkilatına nə mənəvi, nə də maddi yardım etməmişəm. Mən bəraətimi istəyirəm, cənab hakim! FETÖ kimi alçaq köpəklərə bir qəpik də yardım etməmişəm, etmərəm də. Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm. Bunların hamısının sübutu var. Xahişim budur ki, arxanızda yazılan “Ədalət Mülkün Təməlidir” cümləsinin bu gün mənim işimdə əksini tapmasını, ədalətin yerinin bərqərar olmasını təmin edəsiniz. Və bəraətimi istəyirəm!” Bununla belə, məhkəmə onu şəbəkəyə yardımda təqsirli hesab edərək, 5 il həbs cəzası kəsib. Amma məhkəmə prokurorluğun iki gün əvvəlki təqdimatını da nəzərə alaraq, cəzanın şərti hesab olunması və ev dustaqlığı şəraitində çəkilməsinə qərar verib. Mübariz Mənsimov məhkəmə zalından azadlığa buraxılıb. Prokurorluğun təqdimatında göstərilib ki, məhkəmə prosesinin gəldiyi mərhələni, verilən ittiham üzrə nəzərdə tutulan cəzanı, həbsdə olduğu müddəti, bundan əvvəl cinayətə görə şübhəli və ya təqsirləndirilən şəxs olmamasını nəzərə alaraq, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məqsədəuyğun hesab edilir. Fətullah Gülən və onun təşkilatı ilə əlaqədə ittiham olunan Mübariz Mənsimov məhkəmədə ifadəsində ittihamların yalan olduğunu bildirmişdi: “Mən heç vaxt FETÖ-çü (Fətullah Gülən Terror Örgütü) olmadım, deyiləm, ola da bilmərəm. Həbsdən buraxılmağımı istəyirəm. Mən heç zaman dövlətin iradəsinə zidd addım atmamışam. Tam əksinə, bütün şirkətlərimi Türkiyəyə gətirmişəm. Mənim 10 aydır həbsdə saxlanmağım şirkətimi müflis olmaq həddinə çatdırıb. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyətdədir. Orada işləyən azərbaycanlılar və türklərdir. “Palmali”nin iflasa uğraması türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5-ci sırada dayanırdı. Bu bir türk markası idi. Mən bir an öncə işimin başına keçməliyəm, cənab hakim! Mənə heç kim FETÖ damğası vura bilməz. Mənim onlara necə nifrət ediyimi hamı bilirdi. Mən onlara heç zaman xidmət etməmişəm, etmərəm də! Elə olsaydı, bu günə qədər o təşkilata hansısa, məktəb, xəstəxana hədiyyə edərdim. Amma mən bunların hamısını tikdirib dövlətə təslim etmişəm”. Türkiyə vətəndaşı olan Mübariz Mənsimov 2020-ci il martın 15-dən həbsdə idi. O, həbs olunduğu ilk vaxtlarda yaydığı açıqlamada baş verənlərə görə Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevi ittiham edirdi. MeydanTv-nin məlumatında qeyd olunur ki, Rövnəq Abdullayev isə Türkiyənin “Mgtv” kanalına açıqlamasında bu barədə səslənən fikirləri “əsassız yalan” adlandırıb. O bildirib ki, “Palmali” qrupu SOCAR-a qarşı olan maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyinə görə 2018-ci ildə Londonda və Dubayda arbitraj prosesləri başlayıb. Geri qayıt |