Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Əfqan Muxtarlı Gürcüstana niyə gedib?

Əfqan Muxtarlı Gürcüstana niyə gedib?


8-04-2021, 15:04.
title}
Əfqan Muxtarlı Gürcüstana niyə gedib?


Azərbaycanlı jurnalist Əfqan Muxtarlı həbsindən sonra ilk dəfə Gürcüstana gedib. O deyir ki, Tbilisiyə getmə səbəbi oğurlanması ilə bağlı Gürcüstan Baş Prokurorluğunda açılan cinayət işi ilə bağlıdır.

CivilAzerbaijan.com
bildirir ki, Muxtarlının sözlərinə görə, hadisənin üzərindən 5 il keçsə də, heç bir nəticə yoxdur, istintaq onun istədiyi kimi getmir: “Həbsdə olduğum müddətdə Gürcüstan Prokurorluğu dəfələrlə bəyanat verib ki, Azərbaycan hakimiyyəti Əfqan Muxtarlıdan izahat almağımıza imkan vermir. Mən sərbəst buraxıldığım son 1 il ərzində isə prokurorluq məndən izahat almağa cəhd göstərməyib. Özüm izahat vermək üçün müraciət etmişəm. Bundan sonra Almaniya hökuməti ilə razılaşdırıb mənə suallar göndəriblər. Sualları cavablandırmışam. Ancaq düşünürəm ki, istintaq belə aparılmamalıdır”.

Əfqan Muxtarlı deyir ki, istintaqın gedişindən narazıdır, ona görə də bir neçə ay öncə Gürcüstanın Baş Prokurorluğuna yazılı müraciət edib.

Jurnalist müraciətində canlı izahat vermək üçün Gürcüstana getmək istədiyini bildirib.

Müsbət cavab almasına baxmayaraq, onu Gürcüstana buraxmayıblar: “O zaman Gürcüstana ancaq Gürcüstan Hava Yolları uçuş təşkil edirdi. Şərt var idi ki, ölkəyə gəlmədən öncə giriş üçün qeydiyyatdan keçməlisiniz. Eyni zamanda, Avropa vətəndaşları və burada oturumu olan insanlar mənfi COVİD-19 testi nəticəsi ilə Gürcüstana gedə bilərdi. Bütün qaydalara əməl etmişdim, amma ölkəyə buraxılmadım. Mənə COVİD-i bəhanə gətirdilər, ancaq bir müddət sonra Gürcüstan Parlamentinin spikeri o vaxt açıqlama verərək bildirmişdi ki, Əfqan Muxtarlı Tbilisiyə gəlməyinin başqa səbəbi var. O, seçkiöncəsi ölkədəki siyasi vəziyyəti gərginləşdirmək istəyir”.

Əfqan Muxtarlı deyir ki, əgər əlində belə bir imkan olsaydı, Tbilisiyə yox, Bakıya gedərdi:

“Doğrudan da, demokratik hərəkatda ciddi mühüm rol oynaya bilərdimsə, bu enerjimi Tbilisiyə yox, Bakıya sərf edərdim. Açıqlama abdurd idi. Həm o vaxtkı, həm də indiki səfərimin məqsədi Gürcüstan Prokurorluğuna gedib izahat vermək istəyimdir. Oğurlandığım ərazini göstərmək, hansı yolla Azərbaycana aparıldığımı bildirmək istəyirəm. Əslində, bu işləri görmək üçün prokurorluq özü səy göstərməli, mənim Gürcüstana səfərimi təşkil etməli idi. Amma bunu etmədilər. Görünür, cinayət işinin açılmasında maraqlı deyillər. Ona görə də işi uzadıb, yaddan çıxarmaq və qapatmaq niyyətindədirlər. Amma mən və vəkillərim düşünürük ki, biz prokurorluğun bu istəyinə qarşı çıxmalıyıq, buna mane olmalıyıq və işin araşdırılmasını tələb etməliyik”.

Jurnalist deyir ki, bir müddət əvvəl Gürcüstanın Baş Prokurorluğuna sorğu da göndərib. İşin gedişatı ilə maraqlanıb. Deyir ki, ona ümumi sözlərdən ibarət cavab göndəriblər.

Deyiblər ki, onun Almaniyada verdiyi izahat işin araşdırılmasında xüsusi rol oynayır, istintaqın gedişini sürətləndirir: “Ancaq izahatımın konkret hansı rolu oynaması, sürətlənmənin nədən ibarət olması haqqında bir söz deməyiblər. Cavab söz yığınından ibarətdir. Sanki cavab xatrinə yazılıb”.

Əfqan Muxtarlı Gürcüstana gələndə pasport yoxlamasından rahat keçdiyini deyir, ancaq hava limanının içində onu polislər qarşılayıb:

“Buranın sərhəd xidməti DİN-in departamenti olduğuna görə sərhədçilər də gəlmişdilər. Yenidən məni neytral zonaya keçirdilər. İlk növbədə dedilər ki, baqajınız yoxlanmayıb. Onu yenidən yoxladılar. Sonra dedilər ki, bir sıra suallara cavab verməlisiniz. Nə isə 1 saata yaxın orda gözlədim və sonda bir neçə mənasız sual verdilər. Pulun varmı, neçə gün qalacaqsan və s. kimi. Düşünürəm ki, məni yubadıb ölkə rəhbərliyindən izin alırdılar. 1 saat ərzində mənimlə çox mədəni davrandılar, hətta birinci yaxınlaşanda mənə dedilər ki, sizi buraxacağıq, formal bir şeydir, narahat olmayın. Elə də oldu, 1 saat sonra buraxıldım”.

Tbilisiyə gələn kimi Əfqan Muxtarlının vəkilləri Baş Prokurorluğa müraciət ediblər. O, bu gün izahat verəcəyini, növbəti gün isə cinayət yerini göstərməyə gedəcək:

“Bir sözlə, mənim istədiyim odur ki, məndən düz-əməlli izahat alınsın. İfadəm əsasında məni oğurlayan adamların fotorobotu hazırlanmalıdır. Cinayət baş verən yerdə kameralar var. Onlara baxış keçirməlidirlər. O vaxt mənim azərbaycanlı vəkillərim məndən izahat alıb, Gürcüstan hökumətinə göndərmişdi. Prokurorluq bu izahatı qəbul etməmişdi ki, biz birbaşa Əfqan Muxtarlı ilə danışmalıyıq. Həbsdə olduğum 3 il ərzində də bəyan etmişdilər ki, ifadə almalarına Azərbaycan hökuməti imkan vermir. O zaman Gürcüstanın Azərbaycandakı səfirliyinə də müraciət etmişdim ki, gəlib mənimlə görüşsünlər, izahat alsınlar. Düşünürəm ki, bunu istəsəydilər, edə bilərdilər. Azərbaycan hökuməti qarşısını almazdı”.

Jurnalist düşünür ki, baş verən cinayət əməli hər iki ölkənin rəhbərliyinin razılığı əsasında olub. İşdə Azərbaycan tərəfindən birbaşa Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidməti iştirak edib. Gürcüstan tərəfindən isə yenə Dövlət Sərhəd Departamenti, Daxili İşlər Nazirliyi, Kriminal Polis, Lagadexi Gömrük keçid məntəqəsinin rəisi iştirak ediblər”.

Əfqan Muxtarlı 2020-ci il oktyabrın 9-da 2017-ci ildə Tbilisidə oğurlanması ilə bağlı Gürcüstan prokurorluğunda ifadə vermək üçün Gürcüstana getmək istəyib, ancaq Gürcüstan Hava Yolları şirkətinin və Gürcüstan konsulluğunun əməkdaşları ona mane olublar.

Həmin şəxslər "Şenefeld" Hava Limanında Əfqan Muxtarlının önünü kəsib və bildiriblər ki, sənədlərində yanlışlıq var. Buna görə Gürcüstana uça bilməz.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib.

Dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edirdi.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülmüşdü.

Həmin ittihamlarla, o, 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyıb.

2020-ci il martın 17-də jurnalist gözlənilmədən həbsdən azad edilmiş və dərhal Almaniyaya göndərilmişdi. Ona Azərbaycanda doğmaları ilə vidalaşmağa belə imkan verməmişdilər. Həmin vaxt açıqlamalarında Əfqan Muxtarlı bildirmişdi ki, hakimiyyət, sadəcə, onun qətimkan tədbirini dəyişib – həbsxananı ölkədən sürgünlə əvəzləyib, Meydan TV-nin məlumatında qeyd olunur.
Geri qayıt