Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Azərbaycanla sərhəddə baş verənlərə görə Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib
Azərbaycanla sərhəddə baş verənlərə görə Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib13-05-2021, 12:35. |
Mayın 12-də Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirərək Sünik vilayətindəki Qaragöl (Sev liç) ətrafındakı vəziyyəti Bu haqda AzadlıqRadiosu-nun Ermənistan xidməti (Azatutyun) məlumat yayıb. CivilAzerbaijan.com bildirir ki, Qaragöl Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhəddində yerləşir, sərhəd gölü hesab edilir. Paşinyan qeyd edib ki, mayın 12-də səhər Azərbaycanın Silahlı Qüvvələri Qaragöl rayonu ərazisinə, Ermənistan ərazisinin 3.5 kilometrliyinə girib. Paşinyanın sözlərinə görə, Azərbaycan tərəfi gölü nəzarətinə almağa çalışıb və bunu “diversiya irəliləməsi” adlandırıb. “Yaranmış vəziyyət qəbuledilən deyil və Ermənistan bu vəziyyətlə barışa bilməz. İlkin vəzifəmiz durumu danışıqlar, o cümlədən diplomatik yolla həll etməkdir. Ancaq bu, variantlardan yalnız biridir”, – Paşinyan deyib. “Ermənistanın əlində xəritə var” Paşinyan onu da qeyd edib ki, Azərbaycan hərbçiləri silaha əl atmayıb, ancaq hərəkətlərini “hansısa saxta xəritələrlə” əsaslandırmağa çalışıb. “Ermənistanin əlində Sovet İttifaqının mərkəzi hakimiyyətinin təsdiqlədiyi xəritə var. Orada Ermənistanla Azərbaycanın sərhədinin haradan keçdiyi aydın görünür”, – o deyib. Azərbaycanın rəsmi orqanları Sünikdən mayın 12-dən gələn xəbərləri şərh etməyib. AzadlıqRadiosu Xarici İşlər Nazirliyindən, Müdafiə Nazirliyindən informasiya almağa cəhd edir. Nikol Paşinyan Sünikdəki vəziyyəti mayın 12-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə də müzakirə edib. Azatutyun bildirir ki, tərəflər regionda əməkdaşlığın inkişafı üçün vacib amillər olan sülhün və sabitliyin saxlanmasında maraqlı olduqlarını qeyd ediblər. Ermənistanın Müdafiə Nazirliyi isə mayın 12-də Azərbaycan Silahlı Qüvvələrinin “sərhədlərin dəqiqləşdirilməsi” məqsədilə sərhədyanı sahələrin birində müəyyən işlər aparmağa cəhd etdiklərini bildirib. Amma Ermənistan silahlı bölmələrinin atdığı addımlar nəticəsində Azərbaycan hərbçilərinin işi dayandırdığı, yaranmış vəziyyətin tənzimlənməsi üçün danışıqlar aparıldığı qeyd olunub. Nazirliyin mətbuat xidməti “İşhanasar istiqamətində döyüşlər”in getdiyi haqda informasiyanın həqiqətə uyğun olmadığını açıqlayıb. “Yaşayış məntəqəsinin 6 kilometrliyindədirlər” Gorusun vitse-meri İrina Yolan da Azərbaycan hərbçilərinin Gorus yaxınlığındakı Verişen yaşayış məntəqəsi istiqamətində irəliləməsindən danışıb. Onun sözlərinə görə, Qaragölün 30 faizi Azərbaycanın, 70 faizi isə Ermənistanın nəzarətindədir. “Onlar indi Sev liçi keçiblər və Verişenə doğru daha 3 kilometr irəliləyiblər, özləri ilə də yetərincə çox hərbçi gətiriblər”, – o deyib. Qaragöl Süniklə Dağlıq Qarabağın sərhədində, İşhanasar yamacında yerləşir. Verişen icmasının başçısı Ararat Ordyanın deməsinə görə, azərbaycanlı hərbçilər hazırda kəndin sərhədində, yaşayış məntəqəsinin 6 kilometrliyindədirlər. “Bizimkilər də hərbçiləri irəli çəkiblər”, – o vurğulayıb, qarşıdurma deyil, indilik yalnız mübahisə baş verdiyini söyləyib. Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Ancaq qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, sərhədlərin demarkasiyası prosesinin artıq yekunlaşmaq üzrə olduğu bildirilir. Geri qayıt |