Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Entoni Blinken: Müstəqil Ukrayna Putindən çox-çox uzun yaşayacaq
Entoni Blinken: Müstəqil Ukrayna Putindən çox-çox uzun yaşayacaq16-03-2022, 17:11. |
Çərşənbə axşamı Vaşinqton Kremli və onun müttəfiqlərini Ukraynaya hücuma görə cəzalandırmaq məqsədilə Belarus prezidentinə, onun həyat yoldaşına və övladlarına, həmçinin bir sıra Rusiya məmurlarına qarşı əlavə sanksiyaları elan edib. CivilAzerbaijan.com bildirir ki, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib. Vaşinqton "Rusiyada, Ukraynada, Belarusda və digər ölkələrdə insan hüquqlarının pozulmasını dəstəkləyənləri, buna imkan verənləri və bu pozuntuları törədənləri məsuliyyətə çağırmağa davam edəcək", deyə dövlət katibi Entoni Blinken bildirib. Elə həmin gün Blinken Azərbaycan prezidenti İlham Əliyevlə söhbətində "ABŞ-ın tərəfdaşları ilə birlikdə Moskvanı və onun müttəfiqlərini, o cümlədən Belarusda Lukaşenko rejimini Ukraynaya qarşı əsassız müharibəyə görə məsuliyyətə cəlb etməyin qəti tərəfdarı olduğunu" qeyd edib, deyə Dövlət Departamentinin məlumatında bildirilir. ABŞ-da hazırda Aleksandr Lukaşenkoya və onun həyat yoldaşına məxsus bütün əmlak və əmlakdakı paylar dondurulub, bu barədə Maliyyə Nazirliyi məlumat verib. Lukaşenkonun, onun həyat yoldaşının və övladlarının ABŞ-a səfəri qadağan edilib. Dövlət Departamenti çərşənbə axşamı həmçinin İmmiqrasiya və vətəndaşlıq haqqında Qanuna Rusiyanın hazırki və keçmiş hökumət məmurlarının və onların ailələrinin ABŞ-a səfərini qadağan edən məhdudiyyətlər əlavə edib. İdarənin məlumatına görə, Rusiyada "fərqli düşüncənin boğulmasında əli olan" 38 nəfər və onların ailələrinə bu qadağa dərhal şamil edilir. Blinken həmçinin bildirib ki, "Müstəqil Ukrayna Vladimir Putindən çox-çox uzun müddət mövcud olacaq". Turan-ın Vaşinqtondakı müxbirinə Ağ Evdəki mənbələrdən verilən məlumata görə, bu gün axşam prezident Joe Biden ABŞ-ın Ukraynaya yardımı haqqında məlumatla çıxış edəcək. Bidenin çıxışı Bakı vaxtı ilə saat 19:45-ə planlaşdırılır. "Putinin Ukraynaya qarşı təcavüzü Amerikadakı bütün insanları və bütün azadlıqsevər dünyanı birləşdirib", deyə Biden Ukraynaya 13.6 mlrd. dollar ayrılması haqqında qanun layihəsini imzalayarkən bildirib. "Bu müharibə 3 milyona yaxın ukraynalını qaçqına çevirib və onların sayı gündən-günə artır... Bundan əlavə, Ukrayna daxilində 12 milyon insanın humanitar yardıma ehtiyacı var", deyə prezident bildirib. Öz növbəsində, Dövlət Departamenti Rusiya təcavüzündən ziyan çəkən 3 milyondan çox qaçqına dəstək üçün dəyəri 186 milyon dollardan çox olan əlavə humanitar yardım ayırdığını elan edib. Geri qayıt |