Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > FTB-nin Trampın evində apardığı axtarışın səbəbi məlum olub

FTB-nin Trampın evində apardığı axtarışın səbəbi məlum olub


12-08-2022, 16:05.
title}

Foto: CNBC

Federal Təhqiqatlar Bürosunun (FTB, ingiliscə FBI) agentləri bu həftə keçmiş prezident Donald Trampın Floridadakı evində nüvə silahlarına aid sənədləri axtarıb.

Civilazerbaijan.com
bildirir ki, bu haqda “The Washington Post” qəzeti avqustun 11-də yazıb.

Bu arada ABŞ Ədliyyə Departamenti hakimdən xahiş edib ki, FTB-nin axtarış üçün istifadə etdiyi axtarış orderini yaysın.

Avqustun 8-də aparılmış axtarışda sözügedən sənədlərin tapılıb-tapılmadığı bəlli deyil. Qəzetin yazdığını müstəqil təsdiqlətmək də mümkün olmayıb.

“Siyasi qisasçılıq”?

Axtarış xəbəri ABŞ-da siyasi həyatı çalxalandırıb. Respublikaçı Tramp 2024-cü ildə prezident seçkisinə getmək niyyətini açıqlayıb. O və respublikaçı müttəfiqləri axtarışı “siyasi qisasçılıq” adlandırıblar.

Axtarış Trampın 2021-ci ilin yanvarında Ağ evi tərk edərkən özüylə bəzi sənədləri qanunsuz götürməsi iddiaları üzrə təhqiqat çərçivəsində aparılıb.

Ədliyyə Departamenti bu sənədlərdən bəzilərinin məxfi olmasına inanır. Tramp və vəkilləri avqustun 8-də axtarış aparanlarla əməkdaşlıq edib. Onlar ilin əvvəlində Floridadakı evdə oxşar axtarış zamanı da belə davranmışdılar.

“The Wall Street Journal” və “Newsweek” bu həftə yazıblar ki, FTB-yə Trampın əlində məxfi sənədlərin olmasının mümkünlüyü haqda informant məlumat ötürüb.

Görünməmiş hadisə

Baş Prokuror Merrik Qarland avqustun 11-də mətbuat konfransında axtarışa şəxsən icazə verdiyini deyib.

ABŞ tarixində heç bir keçmiş prezident federal axtarış orderinin hədəfinə çevrilməyib. Üstəlik, Qarlandın açıq şəkildə onu təsdiqləməsi də görünməmiş hadisə sayılır.

Axtarış orderinin avqustun 12-də ABŞ vaxtıyla axşam saatlarında açıqlana biləcəyi bildirilir.

Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, Tramp avqustun 11-də axşam sosial mediada yazıb ki, sözügedən sənədin ictimaiyyətə açıqlanması ilə razıdır.

Ekspertlərin qəzetə dediyinə görə, nüvə silahları haqda material xüsusilə həssas sayılır, ona yalnız məhdud sayda hökumət rəsmilərinin çıxışı olur.
Geri qayıt