Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Ukraynalılar Kiyev uğrunda döyüşdə necə qalib gəldilər?

Ukraynalılar Kiyev uğrunda döyüşdə necə qalib gəldilər?


29-08-2022, 12:27.
title}


Avqustun 24-də, Rusiyanın Ukraynaya təcavüzündən 6 ay keçən gün “The Washington Post” qəzeti Ukrayna ordusunun müharibənin ilk həftələrində ruslara Kiyevi tutmağa imkan verməməsi və sonra paytaxtdan uzaqlaşmağa məcbur etməsi barədə böyük məqalə hazırlayıb.

Material yüzdən çox müsahibəyə əsaslanır. Məqalədə qeyd olunur ki, ukraynalılara bir neçə dəfə təslim olmaq təklif edilib, təklifi edənlərdən biri də Belarusun müdafiə naziri Viktor Xrenin olub.

“Meduza” məqalənin əsas (və ən maraqlı) yerlərini paylaşıb.


Civilazerbaijan.com
Toplum TV-yə istinadla həmin məqaləni Azərbaycan dilinə tərcüməsini təqdim edir:

Müharibədən əvvəl Ukrayna hərbçiləri Kiyev ətrafında iki müdafiə xətti hazırlamışdılar

“The Washington Post” yazır ki, təcavüz başlamamış ukraynalı hərbçilər Kiyevin müdafiəsi ilə bağlı tədbirlər görüblər. Paytaxtın müdafiəsinə rəhbərlik edən, ölkənin quru qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski etiraf edir ki, Rusiyanın böyük miqyaslı təcavüzünü təsəvvür etmirdi, amma mümkün ssenarilərdən biri kimi buna hazırlaşırdı.

Sırski şəhərin iki müdafiə xəttini təşkil etmişdi – biri Kiyevin içində, digəri şəhəri artilleriya atəşindən qorumaq üçün bir qədər kənarda. Müharibənin başlamasına bir həftə qalmış Ukrayna hərbçilərinin komanda məntəqələri hücumun mümkün istiqamətləri rayonuna köçürüldü, aviasiya isə Rusiya zərbələrinin aşkar hədəfi olacaq iri bazalardan çıxarılıb. Artilleriya da şəhər kənarındakı müdafiə mövqelərinə köçürülüb.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, bu, müharibənin ilk saatlarındakı zərbələr zamanı artilleriyanı məhv olmaqdan xilas edib.

“The Washington Post”dakı məqalədən aydın olur ki, bu zaman Kiyevin müdafiəçiləri tank birliklərinin çatışmazlığını yaşayırdılar. Sırski bunu tədris mərkəzlərindəki artilleriya, o cümlədən sovetin özüyeriyən “Pion” topları ilə kompensasiya etməyə çalışıb.

Rusiyanın Kiyevə şimal-şərqdən hücum etdiyi Çerniqov vilayətində də analoji tədbirlər görülür. Burada 1-cı əlahiddə tank briqadasının komandiri polkovnik Leonid Xoda təcavüzdən əvvəl bütün sursatları, yanacağı və ərzağı bazadan çıxarıb, eləcə də hərbçiləri regiona səpələyib.

“The Washington Post” qeyd edir ki, Qərb ölkələri Rusiyanın planları ilə müqayisədə Ukraynanın müharibə hazırlıqları barədə zəif məlumatlı idilər, bu da jurnalistlərin fikrincə,Ukraynanın duruş gətirəcəyinə şübhələrin yaranmasına səbəb olurdu.

Məqalədən aydın olur ki, bu zaman Ukrayna hakimiyyəti həmin şübhələr üzündən Qərb ölkələrinin müharibənin əvvəlində silah təchizatı ilə bağlı ləng davranmalarını anlayırdı.

Müharibənin birinci günü Rusiya Ukraynaya təslim olmağı təklif edib, özü də bir dəfə yox...

Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak deyir ki, fevralın 24-də ona Kremldən zəng ediblər. O, telefona dərhal yaxınlaşmayıb. Bir neçə dəqiqə sonra dəstəyi götürəndə Rusiya Federasiyası Prezidentinin administrasiyasının rəhrbərini müavini, Ukraynada anadan olan və son illər qondarma “DXR” və “LXR” kurasiya edən Dmitri Kozakın səsini eşidib.

“Kozak deyib ki, ukraynalıların təslim olma vaxtıdır. Yermak söyüş söyərək dəstəyi asıb”, - “The Washington Post” yazır.

Təslim təklifi ilə bağlı digər epizodu Ukraynanın müdafiə naziri Aleksey Reznikov xatırlayır.

Onun sözlərinə görə, fevralın 22-də belaruslu həmkarı Viktor Xrenin ona zabit sözü verib ki, Belarusda yerləşən rus qoşunları Ukraynaya müdaxilə etməyəcəklər, bu da yalan çıxıb.

Onlar iki gündən sonra yenidən zəngləşiblər və Xrenin (Reznikovun sözlərinə görə, həmkarının səsi əsəbi gəlirdi) ona Şoyqudan mesaj ötürüb: "Əgər Ukrayna kapitulyasiya edərsə, təcavüz dayanacaq".

Ukraynanın müdafiə naziri iddia edir ki, cavabında Rusiyanın kapitulyasiyasını qəbul etməyə hazır olduqlarını deyib.

Fevralın 24-də müşavirləri Zelenskini təxliyə üçün dilə tuturdular. O, bu mövzunu qaldırmağı qadağan edib.

Qəzet yazır ki, müdaxilənin birinci günü Prezident Volodimir Zelenskinin ətrafında xeyli insan onu Kiyevdən getmək üçün dilə tuturdu. Milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksey Danilov deyir ki, Prezidentə belə bir məsləhət verməyib, amma etibarlı məlumatlara əsasən, Rusiyanın onu tutmaq və ya öldürmək planlarının olması barədə xəbər verib.

Prezident ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviçin sözlərinə görə, söhbət həm də rusların prezident bunkerinə zəhərli qaz buraxmaq niyyətlərinin ola bilməsindən gedirdi.

Arestoviç özü xatırlayır: o gün ərzində belə bir qənaətə gəlir ki, Kiyevi saxlamaq mümkün olmayacaq və bunu Zelenskiyə xəbər verir. Prezident cavabında deyib ki, daha bu barədə eşitmək istəmir. O, eləcə də, ətrafındakılardan şəxsi risklər barədə danışmağı dayandırmalarını tələb edib.

“Mən canlı insanam. İstənilən başqa adam kimi ölmək də istəmirəm. Amma dəqiq bilirəm ki, bu haqda düşünməyə başlasam, artıq ölü olacağam”, - Arestoviç Prezidentin belə dediyini xatırlayır.

Kiyev ətrafında ən mühüm döyüş yerlərindən biri Moşun kəndi olub...

“The Washington Post”dakı məqalədə Kiyev ətrafında həlledici döyüşlərə böyük diqqət ayrılır, o cümlədən, müharibənin birinci günü Rusiya desantının çıxdığı Qostomel aerodromundakı döyüşə...

Digər mühüm strateji məntəqə Kiyevdən bir neçə kilometr aralıda, İrpen çayının qarşı sahilində yerləşən Moşun kəndi idi.

Qəzet yazır ki, Moşunun tutulmas ruslara Ukrayna paytaxtına birbaşa yol açacaqdı.

Moşun uğrunda döyüşlər fevralın 27-də başladı.

USQ-nin 72-ci əlahiddə mexanikləşdirilmiş briqadasının kapitanı Roman Kovalenkonun sözlərinə görə, onun hissəsi kəndə daxil olan gün orada evlər artıq yanırdı.

Növbəti günlər ərzində rusiyalılar İrpen çayı üzərindən canlı qüvvə və texnika köçürməyə çalışırdılar və martın 6-da xeyli sayda hərbçi keçirə biliblər. Roman Kovalenkonun hissəsi əks-hücuma keçib və düşmənlə yaxın döyüşə başlayıb. Amma sursat çatışmazlığı səbəbindən kəndin mərkəzinə çəkilib. Burada onlar köməyə gələn xüsusi təyinatlılar və əcnəbi könüllülərlə birləşiblər.

Kovalenkonun sözlərinə görə, bir neçə gün ərzində onların mövqeləri fasiləsiz “Qrad”, artilleriya, minaatan, aviasiya və PUA atəşinə məruz qalıb.

“The Washington Post”un yazdığına görə, Kiyevə İrpen şəhəri tərəfdən yaxınlaşa bilməyən Rusiya ordusu martıq 11-də bütün qüvvələrini Moşunu tutmağa yönəldib və “hər tərəfdən” hücuma keçərək “əllərində olan hər şeyi” kəndin müdafiəçilərinin üzərinə atıblar. Həmin gün Kovalenko özünü elə hiss edirdi ki, sanki “minimum səkkiz dəfə başına toppuzla vurublar”, onun xidmət yoldaşlarının çoxu başlarına düşən parçalardan beyin silkələnməsi keçiriblər.

Sonda Kovalenkonun hissəsi rotasiya qaydasında kənddən çıxarılıb, onun özü kəllə xəsarəti ilə hospitala göndərildi. Xatırlayır ki, xəstəxanaya gedərkən Kiyevdən şərqdə vuruşan əkiz qardaşına zəng edib və kəndi saxlaya bildiklərini göz yaşı içində xəbər verib. O, daha sonra da Moşuna qayıdıb və ölən yoldaşlarının cəsədlərini atəş altında çıxarıb.

Moşun uğrunda döyüşlər bununla bitməyıb. Martın üçüncü həftəsində ruslar kəndə desant çıxarıblar, amma burada möhkəmlənə bilməyiblər. Ukrayna hərbçiləri danışırlar ki, onlar həm də İrpen çayındakı şlüzlərdən birini partlatmaq və suyun səviyyəsini qaldırmaq hesabına kəndi müdafiə edə biliblər.

“Su rusları basdı, onların dəniz piyadalarının üzüb xilas olmaq üçün bütün sipərlərini çıxarıb atmalı olduqları yeri biz sonralar tapdıq”, - general Sırski deyib.

Rus qoşunları sovet ordusu ənənəsi ilə hərəkət edirdilər

“The Washington Post” Ukrayna hərbçilərinin Kiyevdə şimal-şərqdə Çerniqov vilayətində taktikasını təsvir edir. Burada polkovnik Leonid Xodanın rəhbərliyi altında 1-ci əlahiddə tank briqadası döyüşürmüş.

Məqalədən aydın olur ki, bu briqadanın və yerli müdafiənin döyüşçüləri sayca qat-qat üstün olan və paytaxta yaxınlaşmağa can atan Rusiya qüvvələrinə bir neçə həftə ərazində müqavimət göstərə biliblər.

Qəzet yazır ki, ukraynalılar rusların texnika karvanlarına pusqu qurur, onları palçıq üzündən keçilməz yollara, eləcə də qışdan sonra əriyən sahə və bataqlıqlara yönəlməyə məcbur edirdilər. Asfalt yollarda dayananlar minalanmış, ya da bloklanmış körpülərdə və yolayrıclarında ilişib qaldılar.

“Biz onları konkret yollarla getməyə vadar edirdik, orada da ya partladırdıq, ya da yollarını kəsirdik”, - Ukraynanın “Şimal” operativ qrupunun komandanı general-mayor Viktor Nikolyuk deyib.

Nikolyukun sözlərinə görə, rus hərbçiləri sovet ordusunun ənənələri əsasında hərəkət edirdilər, kiçik zabitlərə qərar qəbul etmək azadlığı vermirdilər və rəqibi say kütləsi ilə məğlub etməyə çalışırdılar.

“Biz iki-üç nəfəri öldürürdük, onların yerində başqaları peyda olurdu... Bu 1941-ci ildə olduğu kimi idi, hərbçilərin həyatının komandirlər üçün heç bir əhəmiyyəti yox idi”, - Nikolyuk danışıb.

General həm də rus komandirlərinin düşüncə tərzini təsvir edib: "Problem ondadır ki, onlar özlərindən çox arxayındırlar. Düşünürlər ki, Ukrayna balacadır.

“Biz onları, sadəcə, əzərik, üstlərindən tanklarla keçərik, vəssalam”, - belə düşünürlər.

Tərcümə:
Yadigar Sadıqlı

Geri qayıt