Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Mixail Qorbaçov kim idi?

Mixail Qorbaçov kim idi?


31-08-2022, 11:44.
title}


SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov çərşənbə axşamı, 91 yaşında, Moskvadakı Mərkəzi kliniki xəstəxanada uzun sürən ağır xəstəlikdən vəfat edib.

Civilazerbaijan.com
bildirir ki, Mixail Qorbaçov dünyada Soyuq Müharibəni başa çatdırmaq üçün səy göstərmiş insan kimi tanınır. Keçmiş Sovet məkanında isə o, SSRİ-nin sonunu gətirən bir siyasətçi hesab olunur.

1985-ci ildə hakimiyyətə gələn Qorbaçov SSRİ-ni dünyaya açmaqla daxildə bir sıra islahatlar həyata keçirdi.

Bununla belə, o, çökməkdə olan Sovet İttifaqının süqutunun qarşısını ala bilmədi.

Dünya liderlərindən başsağlığı

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterres Qorbaçovu "tarixin gedişatını dəyişən" adam adlandırıb.

"Mixail Qorbaçov səmimi dövlət adamı idi. Dünya qüdrətli lideri, çoxtərəflilik prinsipinə sadiq, sülhün yorulmaz müdafiəçisini itirdi", Guterres Twitter hesabında yazıb.

Mixail Qorbaçovun öldüyü Moskvada yerləşən xəstəxanadan bildirilib ki, SSRİ Mərkəzi Komitəsinin sonuncu Baş katibi uzun sürən ciddi xəstəlikdən əziyyət çəkirdi.

Son illərdə onun səhhəti tədricən pisləşirdi və tez-tez xəstəxanaya aparılırdı. İyunda beynəlxalq mediada onun böyrək xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub, lakin Qorbaçovun ölüm səbəbi açıqlanmayıb.

Reuters agentliyinin yazdığına görə, Kreml sözçüsü Dmitri Peskov yerli Interfax agentliyinə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin də Mixail Qorbaçovun ölümü ilə bağlı başsağlığı verdiyini bildirib.

ABŞ Prezidenti Joe Biden Qorbaçovu "nadir lider" adlandırıb və onu "fərqli gələcəyi görmə təxəyyülünə malik unikal siyasətçi" kimi tərənnüm edib.

Avropa İttifaqı Prezidenti Ursula von der Leyen isə onu "etibarlı və hörmətli lider" adlandırıb və Qorbaçovun "azad Avropa üçün yol açdığını" qeyd edib.

"Bu, bizim unutmayacağımız bir mirasdır", Ursula von der Leyen əlavə edib.

Birləşmiş Krallığın Baş naziri Boris Johnson Mixail Qorbaçovun "cəsarətli" olduğunu diqqətə çatdırıb və bildirib ki, "Putinin Ukraynaya qarşı aqressiyasının davam etdiyi bir vaxtda, Qorbaçovun Sovet cəmiyyətinin dünyaya açılması istiqamətində gördüyü yorulmaz fəaliyyətlər hamı üçün nümunə olaraq qalır".

Qorbaçov kim idi?

Mixail Qorbaçov 1985-ci ildə Sovet Kommunist Partiyasının Baş katibi seçilərək, ölkənin de-facto lideri oldu.

Həmin vaxt 54 yaşında olan Qorbaçov Politburo kimi tanınan idarə şurasının ən gənc üzvü idi. O, cəmiyyətdə əvvəlki yaşlı liderlər arasında yeni nəfəs kimi görünürdü. Onun sələfi, Konstantin Çernenko hakimiyyətdə bir il qaldıqdan sonra 73 yaşında öldü.

Çox az liderin qlobal nizamın qurulmasında bu qədər dərin təsiri olub, lakin Qorbaçov Avropanın şərqində Sovet hakimiyyətini sona çatdırmaq üçün iqtidara gəlmədi, əksinə o, cəmiyyəti yenidən dirçəldəcəyinə inanırdı.

Uzun illər idi ki, Sovet iqtisadiyyatı ABŞ-la ayaqlaşmaq üçün mübarizə aparırdı və Qorbaçovun "yenidənqurma" siyasəti də bazar-əsaslı islahatların aparılması məqsədi daşıyırdı.

Beynəlxalq siyasət arenasında Qorbaçov ABŞ-la silahlara nəzarət məsələsində ortaq məxrəcə gələ bilmişdi. Şərqi Avropa ölkələri Kommunist idarəetmə sisteminə qarşı çıxdığı zaman, Qorbaçov prosesə müdaxilə etməkdən imtina etdi. Bundan əlavə o, 1979-cu ildən davam edən Əfqanıstan müharibəsinin sonlandırılmasında da mühüm rol oynayıb.

Onun apardığı açıq siyasət insanlara hökuməti tənqid etmə imkanı vermişdi, əvvəlki hakimiyyətlər də isə bu qeyri-mümkün idi.

Lakin onun açıq siyasəti ölkənin bir çox regionlarında millətçi sentimentalizmin artmasına və ölkədə sabitliyin pozulmasına gətirib çıxardı. Bu isə SSRİ-nin dağılması ilə nəticələndi.

1991-ci ildə sərt siyasət tərəfdarı olan kommunist qrupun təşkil etdiyi amansız çevriliş cəhdi uğursuzluğa düçar olduqdan sonra, Qorbaçov Sovet İttifaqının dağıldığını təsdiqlədi və hakimiyyətdən getdi.

Azərbaycanda Qorbaçovu necə tanıyırlar?

Azərbaycanda Mixail Qorbaçov 1990-cı ildə törədilən "20 Yanvar" faciəsinin əsas təşkilatçısı kimi tanınır.

Mixail Qorbaçov özü də sonradan 1990-ci il yanvarın 19-da Bakıda fövqəladə vəziyyətin elan edilməsinə qərar verdiyini təsdiqləyib. Bununla belə o, bu qərarını sonradan siyasi karyerasının "ən böyük səhvi" adlandırıb.

Rəsmi mənbələrə əsasən, faciə zamanı 137 dinc insan həlak olmuş, yüzlərlə adam yaralanmışdır.

O, Qərbdə necə xatırlanır?

Sovet İttifaqı və Qərb ölkələri arasında gərginliyin dərinləşdiyi dövrdə, Qorbaçov qərbdə islahatların memarı və 1991-ci ildə Soyuq Müharibənin bitməsini sürətləndirən şəxs kimi tanınır.

Mixail Qorbaçov 1990-cı ildə "Şərq-Qərb əlaqələrində radikal dəyişiklikdə əsas rol oynadığına görə" Nobel Sülh Mükafatına layiq görülüb.

1991-ci ildə Rusiya dövlətinin ortaya çıxması ilə Qorbaçov siyasətdən kənarlaşaraq, təhsil və humanitar layihələrə diqqət ayırıb.

Qorbaçov 1996-cı ildə siyasi həyata qayıtmaq üçün prezident seçkilərində iştirak etsə də, 0.5% səs toplayaraq uğursuzluqla üzləşdi.

ABŞ-ın keçmiş prezidenti Richard Nixon-un hakimiyyəti dövründə Dövlət katibi olan Henry Kissinger BBC-nin "Newsnight" proqramına verdiyi açıqlamasında Qorbaçovun "Rusiya xalqına və bütün insanlığa faydalı olan tarixi dəyişiklik yaratdığını" bildirib.

Almaniyanın birləşməsində Qorbaçov hökuməti ilə danışıqlar aparan James Baker isə New York Times nəşrinə müsahibəsində bildirib ki, "tarix Mixail Qorbaçovu xalqını demokratiyaya aparan böyük şəxsiyyət" kimi xatırlayacaq.

Rusların ona münasibəti necədir?

Rusların çoxu onun SSRİ-nin süqutu ilə nəticələnən qarışıqlıq yaratmasını heç vaxt bağışlamadı.

İşğal edilmiş Ukrayna ərazilərinə Rusiya tərəfindən təyin edilən nümayəndə Vladimir Roqov Qorbaçovu "SSRİ-ni qəsdən dağıdan" adam kimi təsvir edib və onu "xəyanətkar" adlandırıb, BBC-nin xəbərində qeyd olunur.

Tass xəbər agentliyinin məlumatına görə, Mixail Qorbaçov Moskvanın Novodeviçi qəbristanlığında, 1999-cu ildə leykemiyadan vəfat edən həyat yoldaşı Raisanın yanında dəfn ediləcək.
Geri qayıt