Əsas Səhifə > Dünya / Economics / Melange / Manşet > Ermənistan kapitulyasiyanı imzalamalıdır - LEVON TER-PETROSYAN
Ermənistan kapitulyasiyanı imzalamalıdır - LEVON TER-PETROSYAN27-09-2022, 12:19. |
“Bizi çətin, ağrılı qərarlar gözləyir. Azərbaycan və Türkiyə ilə heç kimin bəyənməyəcəyi müqavilələr imzalanmalıdır. Ancaq alternativ də yoxdur”. Civilazerbaijan.com bildirir ki, bunu sentyabrın 26-da İctimai Televiziyaya Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib. Onun sözlərinə görə, əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, Ermənistan artıq Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilməyəcək: “Biz yenidən dövlət qurmalıyıq”. Keçmiş prezidentin qənaətincə, artıq Qarabağ məsələsi həll olunub: “Ermənistan orada səs hüququna sahib deyil və heç bir rol oynamır”. O bildirib ki, Ermənistanı Azərbaycan və Türkiyə ilə ağrılı qərarlar, sazişlər imzalamaq gözləyir: “ABŞ-ın imkanı var ki, vəziyyətimizin daha da çətinləşməməsi və bizim üçün az-çox məqbul bir həll yoluna gəlməmizə yardım etsin. Ukrayna ilə müharibə səbəbindən Rusiyanın imkanları xeyli zəifləyib. Ölkə çətin və ağrılı qərarlar qarşısındadır. Bunun alternativi yoxdur. Müxalifətin əksəriyyəti hesab edir ki, Nikol Paşinyandan qurtula bilsək, o zaman ağrılı qərarlardan qaça bilərik – bu, sadəlövhlükdür. Kim gəlsə, eyni, bəlkə də, daha pis sənədə imza atacaq”. “Beynəlxalq aləmin Ermənistandan nə istədiyini anlamaq və ən az ağrılı həll yolunu seçmək lazımdır. Bunu isə yalnız Paşinyanla danışmaqla başa düşmək olar, çünki o, tam məlumatı olan yeganə şəxsdir. Üstəlik, Paşinyan da sənədi imzalamaqdan qorxur, ona görə ki nəyə imza atır-atsın, onu “satqın” adlandıracaqlar. Bəli, bu, kapitulyasiyadır. Şərait buna gətirib çıxardı. Amma heç bir faciə yoxdur, daha güclü dövlətlər bundan keçiblər. Qonşularla barışıq sənədləri imzalanmasa, dövləti yenidən qurmalı olacağıq”, – deyə Petrosyan söyləyib. O, hakimiyyətlə dialoq tərəfdarı olduğunu bildirib: “Mənim təklifim hakimiyyətlə dialoq idi. Mən Nikol Paşinyanı nəzərdə tuturam. Bütün cəmiyyətimizin baş verənlərdən xəbəri yoxdur. Bu məlumat yalnız bir nəfərə, Nikol Paşinyana məxsusdur. Ola bilsin ki, bunu yaxın ətrafı ilə bölüşür. Bütün həqiqəti bilən iki-üç adam ola bilər. Onlar bilirlər ki, Rusiya, Türkiyə və ABŞ nə təklif edir. İstər mən, istər Robert Köçəryan, istər Serj Sarkisyan – heç birimizdə belə bir məlumat yoxdur”. 77 yaşlı Ter-Petrosyan 1988-ci ildən “Qarabağ komitəsi”nin üzvü və “Erməni İctimai Hərəkatı”nın rəhbərlərindən biri olub. 1989-cu ilin avqustunda Levon Ter-Petrosyan Ermənistan Ali Sovetinin deputatı seçilib, 1 il sonra Ali Sovetinin sədri vəzifəsini tutub. 1991-ci ildə isə Levon Ter-Petrosyan Ermənistanın birinci prezidenti seçilib, Meydan TV-nin xəbərində qeyd olunur. 1998-ci ildə Levon Ter-Petrosyan Baş nazir Robert Koçaryan, müdafiə naziri Vazqen Sarkisyan və daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarkisyanla Qarabağ münaqişəsinin həlli ilə əlaqədar yaranmış narazılığa görə sonuncular tərəfindən istefa verməyə məcbur edilib. Geri qayıt |