Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Beynəlxalq Cinayət Məhkəməsi müharibə cinayətlərinə görə Putinin həbsinə order verib

Beynəlxalq Cinayət Məhkəməsi müharibə cinayətlərinə görə Putinin həbsinə order verib


18-03-2023, 14:49.
title}


Beynəlxalq Cinayət Məhkəməsi (BCM) cümə günü Ukraynadan uşaqların oğurlanmasında iştirak etməsi ittihamı ilə Rusiya prezidenti Vladimir Putinin hərbi cinayətlərə görə həbsinə dair order verdiyini bildirib.

Civilazerbaijan.com
bildirir ki, məhkəmə bəyanatında qeyd olunub ki, “ittihamlara əsasən, Putin Ukraynanın işğal olunmuş ərazilərindən Rusiya Federasiyasına əhalinin (uşaqların) qanunsuz deportasiyası və əhalinin (uşaqların) qanunsuz köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.”

Məhkəmə həmçinin cümə günü Rusiya Federasiyası Prezident Aparatının Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belova ilə bağlı da oxşar ittihamlar üzrə həbs qərarı çıxarıb.

Məhkəmənin prezidenti Piotr Hofmanski video bəyanatda deyib ki, Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri bu qərarları çıxarsa da, onları icra etmək beynəlxalq ictimaiyyətin öhdəliyinə düşür. Məhkəmənin qərarlarını icra etmək üçün öz polis qüvvəsi yoxdur.

“BCM qanun məhkəməsi olaraq öz üzərinə düşən işi görür. Hakimlər həbs barədə order verib. Onların icrası beynəlxalq əməkdaşlıqdan asılıdır,” o deyib.

Rusların Beynəlxalq Cinayət Məhkəməsində mühakiməsi ehtimalı azdır, çünki Moskva məhkəmənin yurisdiksiyasını tanımır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə günü məhkəmənin qərarlarına reaksiya olaraq Rusiyanın bu mövqeyini bir daha təkrarlayıb.

“BCM-nin qərarları bizim ölkəmiz üçün, o cümlədən hüquqi baxımdan heç bir məna kəsb etmir,” o deyib.

Ancaq Ukrayna rəsmiləri bu qərara seviniblər.

“Dünya dəyişdi,” prezidentin müşaviri Mixaylo Podolyak deyib. Xarici işlər naziri Dmitro Kuleba deyib ki, “ədalət çarxı dönür” və əlavə edib ki, “beynəlxalq cinayətkarlar uşaqları oğurladıqlarına və başqa beynəlxalq cinayətlərə görə cavabdeh olacaqlar.”

Ukrayna da məhkəmənin üzvü deyil, ancaq ona öz ərazisi üzərində yurisdiksiya verib və BCM prokuroru Kərim Xan bir il öncə istintaqa başladıqdan bəri ölkəyə dörd dəfə səfər edib.

BMC bildirib ki, onun məhkəməyə qədər istintaq palatası “hər bir şübhəlinin Ukraynanın uşaqlarına zərər vurmaqla əhalinin qanunsuz deportasiyası və əhalinin Ukraynanın işğal olunmuş ərazilərindən Rusiya Federasiyasına qanunsuz köçürülməsi kimi müharibə cinayətinə görə məsuliyyət daşıdığına dair kifayət qədər əsas tapıb.”

Məhkəmənin bəyanatında deyilir ki, “cənab Putinin uşaq oğurluğuna,” “əməlləri bilavasitə, başqaları ilə birgə və/yaxud başqaları vasitəsilə törətdiyinə görə (və) əməlləri törətmiş tabeliyində olan mülki və hərbi şəxslərə lazımi qaydada nəzarət etmədiyinə görə fərdi cinayət məsuliyyəti daşıdığına inanmaq üçün çox sayda əsaslar var.”

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, Rusiya ittihamları və məhkəmə orderlərinin qanuni qüvvəsi olmadığını bildirərək rədd etsə də, başqaları BCM-nin qərarının vacib təsirlərinin olacağını deyir.

Human Rights Watch təşkilatının beynəlxalq ədliyyə üzrə direktorunun köməkçisi Balkis Cərrah deyir ki, “Beynəlxalq Cinayət Məhkəməsi Putini axtarışa verdi və Rusiyanın Ukraynaya qarşı müharibəsində günahkarları çox uzun müddət cəsarətləndirən cəzasızlığa son qoymaq üçün ilk addımını atdı.” “Bu qərarlar mülki şəxslərə qarşı ağır cinayətlər törətmək əmri verməyin, onlara göz yummağın Haaqadakı həbsxana kamerasına gətirib çıxara biləcəyinə dair açıq mesaj verir.”
Geri qayıt