Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > İsveç Ərdoğanın tənqidçilərindən birini Türkiyəyə verir

İsveç Ərdoğanın tənqidçilərindən birini Türkiyəyə verir


13-06-2023, 13:21.
title}

Foto: Daily Sabah

İsveç hökuməti növbədənkənar iclasında Ankaranın terror təşkilatı saydığı Kürdüstan Fəhlə Partiyasının (PKK) tərəfdarını Türkiyəyə ekstradisiya etmək qərarına gəlib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə İsveçin ictimai SVT telekanalı məlumat yayıb.

Söhbət 2013-cü ildə narkotik cinayətinə görə Türkiyə məhkəməsi tərəfindən 4 il 7 ay azadlıqdan məhrum edilən 35-yaşlı Türkiyə vətəndaşından gedir.

Mayın 30-da İsveç Ali Məhkəməsi ekstradisiya qanununa və Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq, onun Türkiyəyə ekstradisiyasına heç bir maneənin olmadığı barədə qərar çıxarıb.

İsveç Ali Məhkəməsində keçirilən prosesdə Türkiyə vətəndaşı, öz növbəsində, ekstradisiya tələbinin əsl səbəbinin PKK-ya dəstək verməsi olduğunu iddia edib. Onun sözlərinə görə, şərti azadlığa buraxıldıqdan sonra qanuni olaraq Türkiyəni tərk edib və İsveçdə iş icazəsi alıb.

Telekanalın məlumatına görə, bu, İsveçin NATO-ya üzv olmaq üçün müraciətindən sonra PKK tərəfdarının Türkiyəyə ilk ekstradisiyasıdır.

İsveç və qonşusu Finlandiya Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra uzun illər qoruduğu neytrallıqdan imtina edərək NATO-ya üzv olmaq niyyətlərini açıqlayıb.

Bu ilin aprelində Finlandiya rəsmi olaraq Şimali Atlantika Alyansının 31-ci üzvü olub. İsveç namizəd statusunda qalır. Türkiyə üzvlüyünə etirazını davam etdirir. Ankara İsveçdən PKK-ya qarşı daha sərt mövqe tutmağı və ölkədə siyasi sığınacaq almış 100-dən çox kürd fəalın ekstradisiyasını tələb edir.

May ayında İsveç parlamenti ekstremist təşkilatlarda iştiraka görə 8 ilədək həbs cəzası da daxil olmaqla, ölkənin antiterror qanunlarını sərtləşdirən düzəlişlər qəbul edib. Dəyişikliklər iyunun 1-dən qüvvəyə minib, Azadlıq Radiosunun məlumatında qeyd olunur.

İsveç iyulun 11-12-də Litvada keçiriləcək sammit zamanı NATO-ya üzv olmağa ümid edir.

Geri qayıt