Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Fərid Səfərli İranda "məhkəmə keçirilmədən azadlıqdan məhrum edilib"

Fərid Səfərli İranda "məhkəmə keçirilmədən azadlıqdan məhrum edilib"


18-08-2023, 18:56.
title}


Bu ilin fevralında İranda itkin düşən və sonradan casusluq ittihamı ilə həbs olunduğu bildirilən Azərbaycan vətəndaşı Fərid Səfərliyə hökm çıxarılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə BBC News Azərbaycancaya onun anası Dilarə Əsgərova məlumat verib.

"Məhkəmə keçirilmədən Fəridə 2 il iş veriblər. Vəkili mənə dedi ki, İranda məhkəmə keçirilmədən də, hakimin öz otağında hökm çıxara bilmək təcrübəsi var. Fəridin hökmünü də bu formada veriblər. Dünən Fəridlə danışdım, məyus idi. O, bəraət alacağını düşünürdü, çünki ortada heç bir sübut yoxdur. Boş yerə onu casusluqda ittiham edirlər", - Dilarə Əsgərova bildirir.

Bundan sonra apellyasiya şikayəti verəcəklərini deyən Dilarə Əsgərova vurğulayır ki, "Fəridə vəkili Azərbaycan dövlətinin yox, öz hesabına tutub".

"İlkin məhkəmədə Fərid vəkilsiz qaldı, müdafiə olunmadı. Biz Azərbaycan Xarici İşlər Nazirliyinə vəkil üçün müracit etmişdik. Onlar bizə bir neçə vəkil nömrələri təqdim etdilər, vəkilin ödənişini də özümüz etməli idik. Amma biz o vəkillərlə anlaşa bilmədik. Sonradan özümüz vəkil tutduq", - o deyib.

BBC məsələ ilə bağlı Azərbaycan XİN-dən cavab ala bilməyib.

Fevralda İrana getdikdən sonra yoxa çıxdığı deyilən Fərid Səfərlidən iyun ayınadək hər hansı məlumat almaq mümkün olmamışdı. Azərbaycan hökuməti bununla bağlı İrana nota vermişdi.

Azərbaycan XİN-i iyunda açıqlayıb ki, "mart ayından bəri İrana ünvanladıqları müraciətlərdən sonra aldıqları rəsmi cavabda Fərid Səfərlinin İranda həbs olunduğu, ona qarşı cinayət işi başladıldığı bildirilib".

Fərid Səfərlinin casusluq ittihamı ilə həbs olunduğu məlum olduqdan sonra anası Dilarə Əsgərova BBC News Azərbaycancaya bildirmişdi ki, oğlunun "casusluqla yaxından-uzaqdan" əlaqəsi yoxdur:

"Mən onun dostu ilə də danışdım, hətta dostu ona məsləhət görməyib ora getməyi. Fərid də deyib ki, mənim heç bir siyasi aktivliyim, İran əleyhinə hansısa fəaliyyətim yoxdur".

Dilarə Əsgərova həmin vaxt oğlunun dövlət səviyyəsində müdafiə olunmasını istəmişdi:

"Fərid müdafiə olunmalıdır, ona vəkil tutulmalıdır, çünki hazırda o, İranda müdafiəsizdir. Vəkil tutulmasına kömək edilsin. O, günahsızdır", - Səfərlinin anası bildirmişdi.

Ailəsi Almaniyanın Yena Universitetində magistr təhsilini bu il başa vuran Fərid Səfərli ilə sonuncu dəfə martın 3-də əlaqə saxlayıb, həmin tarixdən etibarən isə oğlundan məlumat ala bilməmişdi.

Dilarə Əsgərova bildirmişdi ki, bundan sonra oğlunu axtarmaq üçün İrana getsə də, axtarışları nəticəsiz qalmışdı və oğlu ilə şəxsi vəkili vasitəsi ilə görüşə icazə ala bilmədiyi üçün Azərbaycan Prezidentinə müraciət etmişdi:

"İstəyirəm oğlumla görüşməyimə köməklik göstərsinlər. Oğlumu əmin etmək istəyirəm ki, ona kömək ediləcək, hər şey yaxşı olacaq. Çünki o, təcrid vəziyyətindədir, bilir ki, casusluq maddəsi ilə hansı cəzalar verilir, bu dəqiqə psixoloji travma altındadır. Ona dəstək olmaq üçün görüşmək istəyirəm", - Dilarə Əsgərova qeyd etmişdi.


Dilarə Əsgərova

"İranda sevdiyi qız var imiş. Onunla görüşmək üçün gedib"

Dilarə Əsgərova daha əvvəl BBC News Azərbaycancaya müsahibəsində bildirmişdi ki, oğlu ona İrana gedəcəyini deməyibmiş:

"Çünki bilib ki, icazə verməzdim. Fərid fevralın 20-dən İranda imiş. Dostlarının mənə bildirdiyinə görə, İranda sevdiyi qız var imiş. Fəridgilin universitetində oxuyanda tanış olublarmış. Onunla görüşmək üçün gedib. Əvvəl Türkiyədə görüşəcəklərmiş, sonradan isə İrana gedib".

Dilarə Əsgərovanın sözlərinə görə, ayrı şəhərdə yaşayan oğlu getdiyi gündən evdə olduğunu deyirmiş . Bu arada, onun dostlarından yalnız bir nəfərin iranlı sevgilisi barədə xəbəri olub, lakin o, da həmin xanımın kim olduğunu dəqiq bilmir.

"Ən azından qızı tanısaydıq, onunla əlaqə qurmağa çalışardıq", Dilarə Əsgərova demişdi.

İran səfirliyi məsələ ilə bağlı BBC-nin sorğusuna indiyədək cavab verməyib.

Çarəsiz qaldığını deyən ana bildirmişdi ki, hələlik Azərbaycanın və İranın Almaniyadakı səfirliklərinə müraciət ünvanlayıb. Lakin İranın Almaniyadakı səfirliyindən cavab almayıb.

"Mənim olduğum şəhər İranın Almaniyadakı səfirliyindən çox uzaqdadır. Amma cümə günü cavab ala bilməsəm, özüm İran səfirliyinə gedəcəm. Hazırda Azərbaycan səfirliyinin verdiyi notaya cavabı gözləyirəm".

Dilarə Əsgərova ümid edirdi ki, cümə günü Azərbaycan XİN-dən də rəsmi məlumat ala biləcək.

"İstəyirəm oğlumun sevgilisinə müraciət edim. Düzdür, o, farsdır, yəqin ki, Azərbaycan dilini bilmir. Amma əgər bu dediklərimi oxuyacaqsa, xahiş edirəm, mənim Facebook profilimə yazsın. Mənim profilim paylaşılıb, məni tapa bilər. Xahiş edirəm, mənə yazsın. Çünki oğlumu sonuncu dəfə o görüb", ana deyir.

Dilarə Əsgərova oğlunun qadınla görüşə getdiyi üçün şəriət qanunları ilə cəzalandırıldığını və ya Azərbaycanla İran arasında son aylarda baş verən gərginliklərə görə saxlanıldığını ehtimal edirdi.

Azərbaycan XİN həmin vaxt BBC-yə bildirmişdi ki, Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri aparılır və məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Yanvarın 27-də Azərbaycanın İran paytaxtındakı səfirliyinə hücum edilib, nəticədə mühafizə xidmətinin bir əməkdaşı öldürülüb, daha iki nəfər xəsarət alıb. Baş verən hadisə İran Azərbaycan arasındakı münasibətləri gərginləşdirib.

Bu hadisədən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi vətəndaşlara "zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini" tövsiyə edib.
Geri qayıt