Əsas Səhifə > Economics > Dünya Bankının təmsilçisi Strateji yol xəritələrini uğurlu təşəbbüs adlandırıb
Dünya Bankının təmsilçisi Strateji yol xəritələrini uğurlu təşəbbüs adlandırıb16-04-2017, 01:00. |
Vergilər Nazirliyində keçirilən Dünya Bankının nümayəndə heyəti ilə görüşdə Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, həyata keçirilən iqtisadi və fiskal siyasət, vergi sistemində aparılan modernləşmə prosesi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi orqanları ilə vergiödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan şəffaf mexanizmlər əsasında qurulması, o cümlədən elektron xidmətlərin təqdim edilməsi istiqamətində aparılan islahatlar, elektron hökumət quruculuğu istiqamətində əldə edilən nailiyyətlər barədə fikirlər səsləndirilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən SİVİL.AZ-a bildirilib ki, vergilər nazirinin müavini İlkin Vəliyev görüşdə vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası, vergiödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan partnyorluq münasibətlərin qurulması məqsədilə ötən müddət ərzində nazirliyin strukturu və menecmentinin müasir idarəetmənin tələblərinə uyğun olaraq yenidən qurulduğunu, eləcə də vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində genişmiqyaslı islahatlar aparıldığını vurğulayıb. Onun sözlərinə görə, bu dəyişikliklər əsasən vergiödəyicilərinin hüquqlarının və vergi potensialının genişləndirilməsi, eyni zamanda investisiyaların cəlb edilməsi istiqamətlərini əhatə edib. Müvafiq sərəncamdan irəli gələn məsələlərin həll edilməsi məqsədilə Vergi Məcəlləsində dəyişikliklər edilib. Nazir müavini deyib ki, dəyişikliklərin əsas məqsədi sahibkarların, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, dürüst və şəffaf uçotun qurulmasıdır. Beynəlxalq təcrübəyə uyğun olaraq, vergi qanunvericiliyinə könüllü vergi açıqlaması sisteminin tətbiqi, artıq ödənilmiş vergilərin qaytarılmasının sürətləndirilməsi, transfer qiymətlərinin tətbiqi kimi yeniliklər daxil edilib. Bu dəyişikliklərin Avropa İttifaqının direktivlərinə uyğun aparıldığı, beynəlxalq təcrübənin əsas götürüldüyü qeyd edilib. İ.Vəliyev bildirib ki, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə ölkə Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli fərmanına əsasən 12 istiqamət üzrə strateji yol xəritələri təsdiq olunub. Qonaqlara “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin hər birində müəyyən olunmuş hədəflər, onların mahiyyəti, habelə bilavasitə Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı olan istiqamətlər barədə məlumat verilib. Dünya Bankının Tapşırıq qrupu rəhbəri, dövlət sektoru üzrə baş mütəxəssis Racul Avasti vergi sistemində aparılan islahatların təqdirəlayiq olduğunu bildirib. Strateji yol xəritələrinin uğurlu təşəbbüs olduğunu söyləyən qonaq vergi güzəştlərinin təyin edilməsi, qeyri-neft sektorunda kəsirin azaldılması, biznes, investisiya mühitinin yaxşılaşdırlması, vergi rejiminin təkmilləşdirilməsi, eyni zamanda onun beynəlxalq standartlara uyğunlaşdırılması, kiçik və orta sahibkarlığa dəstək məsələlərinin doğru hədəflər olduğunu vurğulayıb. Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və Prezident Administrasiyasının nümayəndələri də iştirak edib. (AZƏRTAC) Geri qayıt |