Əsas Səhifə > Economics > Bu il qiymətli kağızlar bazarı 33% artıb

Bu il qiymətli kağızlar bazarı 33% artıb


17-04-2017, 18:05.
title}
Bu il qiymətli kağızlar bazarı 33% artıb


2017-ci ilin ilk rübü ərzində ölkənin qiymətli kağızlar bazarında artım müşahidə olunub, pozitiv kəmiyyət göstəriciləri ilə yanaşı önəmli keyfiyyət dəyişiklikləri qeydə alınıb.

SİVİL.AZ xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) “APA-Economics”ə verilən xəbərə görə, cari ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar bazarı ötəni ilin müvafiq dövrü ilə müqayisədə 33% artaraq 2,280 mlrd. manat təşkil edib.

Hesabat dövrü ərzində qiymətli kağızların təkrar bazarı 89% artaraq 1,1 mlrd. manata çatıb. Korporativ qiymətli kağızlar bazarının 11% azalması fonunda, dövlət qiymətli kağızlar bazarı 84% artıb.

2017-ci ilin ilk rübü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcminin 8 dəfə artmasına səbəb olub. Ümumilikdə səhmlərin ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 58 dəfədən çox artaraq 777 mln. manata çatıb.

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 84% artaraq 284 milyon manat təşkil edib. Bunun 207 milyon manatını Mərkəzi Bankın notları ilə ilkin bazarda bağlanan əqdlər təşkil edib. Bu dövr ərzində 72 mln. manat məbləğindən artıq qısa və ortamüddətli dövlət istiqrazları yerləşdirilib. Qısamüddətli dövlət istiqrazları üzrə orta çəkili gəlirlilik 16,58% təşkil edib.

Cari ilin birinci rübü ərzində Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 903 milyon manat olan valyuta əsaslı və ümumi dəyəri 57 mln. manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 961 mln. manat olub və bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artım müşahidə edilib.

Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 2,7 mln. manat olub. Bunun 63%-ni yəni 1,7 mln. manatını dövlət istiqrazları ilə olan 4 repo əməliyyatı təşkil edib. Qalan 998 min manat məbləğində 2 repo əməliyyatı isə korporativ istiqrazlarla keçirilib.

Kapital bazarları üzrə 2017-ci ilin ilk rübünə dair ətraflı məlumatlar qiymətli kağızlar bazarının icmal göstəricilərində öz əksini tapıb.
Geri qayıt