Əsas Səhifə > Economics / Manşet / Üst manşet > Avropa İttifaqının içindəki
Avropa İttifaqının içindəki12-12-2019, 21:56. |
The New York Times qəzetinin müxbirləri Matt Apuzzo və Selam Gebrekidan yazırlar ki, Avropa İttifaqının kənd təsərrüfatı üçün subsidiyaların verilməsi ilə bağlı qaydaları əsasən bu qaydaları təklif edənlərin varlanmasına xidmət edir. CİVİLAZERBAİJAN.COM-un məlumatına görə, məqalədə deyilir ki, İttifaqın ildə 65 milyard dollarlıq kənd təsərrüfatı qaydalarının arasında biri xüsusi maraq doğururdu. Bu, “Andrej Babis düzəlişi” idi. Babis həm milyarder, həm də Çexiya Respublikasının baş naziridir. Bu düzəliş cənab Babisin yerli şirkətlərinə 42 milyon dollar subsidiya ayrılmasını nəzərdə tuturdu. Onun Almaniya, Macarıstan və Slovakiyadakı holdinqlərinə isə 7 milyon dollar ayrılmışdı. Doğrudur bu qanun düzəlişi səsvermədən keçməyib, çünki düzəliş kənd təsərrüfatı komitəsinin 46 üzvünün maraqlarına toxunurdu və onların gəlirlərinə birbaşa təsir göstərə bilərdi. Avropa İttifaqının kənd təsərrüfatına subsidiyalar proqramı dünyanın ən böyük maliyyə dəstəyi proqramlarından biridir və əslində İttifaq büdcəsinin 40 faizini təşkil edir. New York Times qəzetinin noyabrda apardığı araşdırmadan məlum olmuşdu ki, kənd təsərrüfatına subsidiyalar oliqarxların, dələduzların və ifrat sağçı populistlərin və onların ailə üzvlərinin cibinə gedir. Qəzet yazır ki, belə bir vəziyyətin yaranmasına səbəb qanunvericilik yaradıcılığı sisteminin qeyri-şəffaf olması, qanun təşəbbüslərinin kimlər tərəfindən verildiyinin açıq olmamasıdır. Məsələn, Avropa İttifaqının qaydalarına görə kənd təsərrüfatı lobbiçilərinin hökumət başçılarına birbaşa çıxışı var. Maraq toqquşması qaydaları belə vəziyyətdə nəzərə alınmır. Ümumilikdə isə Avropa Parlamentinin üzvləri özlərinin alacaqları subsidiyalara səs vermək imkanındadırlar. Avropa Parlamentinin almaniyalı üzvü Maria Noichl deyir ki, Avropa İttifaqının hazırkı kənd təsərrüfatı qanunları korrupsiyaçıları mənfəətləndirir. Qəzet yazır ki, Avropa Parlamenti hazırda kənd təsərrüfatının subsidiyalaşdırılması qanununa yenidən baxır, amma çox sayda lobbiçi, millət vəkili və kənd təsərrüfatı rəsmisi sistemin olduğu kimi qalmasına çalışır. Əsl kommunist Çexiyanın baş naziri Andrej Babis-i bəzən öz ölkəsini şəxsi biznesi kimi idarə etməkdə günahlandırırlar. Babis keçmiş kommunistlərdəndir. O Soyuq Müharibə başa çatandan sonra fərasətli tərpənərək sosialist sisteminin dağılmasından faydalana bilib. Cənab Babis öz ölkəsində ziyanla işləyən təsərrüfatları, gübrə və texnika şirkətlərini satin alıb. İndi onun Agrofert firması bu sahədə ən böyük şirkətdir. Babis Nyu Yorkda verdiyi müsahibələrindən birində deyib ki, “mən bunları heç nədən yaratmışam”. Cənab Babis 2014-2017-ci illərdə maliyyə naziri olanda fermerlər yaranmış vəziyyətdən narazılıq edirdilər. Onlar deyirdilər ki, Babisin yaratdığı sistem yalnız iri təsərrüfatçıları varlandırır. Bunun ardınca jurnalistlər aşkar etmişdilər ki, cənab Babisin yaratdığı balıqqulağı şirkəti Avropa İttifaqından kiçik bizneslər üçün ayrılmış 2 milyon dollarlıq qranta da sahiblənib. 2017-ci ildə Avropa müstəntiqləri və Çexiya polisi onun barəsində fırıldaqçılıq ittihamı ilə araşdırmaya başlanmasını istəyirdilər. Amma belə tövsiyələrin verilməsindən az sonra Babis baş nazir seçildi. Prokurorlar bu işə yenidən baxdılar və işə xitam verdillər. Amma indi bu iş yenidən açılıb. Tövsiyə New York Times yazır ki, belə fırıldaqçılıq halları Avropa boyunca yayılıb və buna görə də İttifaq təhqiqatçıları yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıqda işləməlidirlər. Digər tərəfdən Avropa İttifaqı ayrı-ayrı üzv ölkələrə cinayət təhqiqatının başlanmasını yalnız tövsiyə edə bilər. Təcrübə göstərir ki, yerli prokurorlar belə tövsiyələrin yalnız 36 faizini nəzərə alırlar. Bir çoxları Avropa İttifaqında gələn ildən fəaliyyətdə olacaq prokurorluğa ümid bəsləyirlər. Amma bəzi ölkələr, xüsusilə də Macarıstan bu prokurorluğun yurisdiksiyasına daxil olmaq istəmir. Bu ölkədə baş nazir və onun ailə üzvləri Aİ-nin subsidiyalarından milyonlarla dollar qazanıblar. Məqalədə bildirilir ki, cənab Babis Avropadan gələn pullardan mənfəətlənmək məqsədilə ölkənin yerli qanunlarından istifadə edib. “Varlı oğlan” Avropa qanunları bir fermer təsərrüfatının bir ildə bir dəfə qrant almaq hüququnu təsbit edir. Amma söhbət Agrofert kimi nəhəng şirkətlərdən gedəndə bu qanunun necə “işlədiyi” məlum olur. Agrofertə 100-dək yerli fermer təsərrüfatı daxildir. Avropa İttifaqı maraq toqquşmalarının qarşısını alan qaydaları bu il daha da sərtləşdirməlidir. Amma bu sərtləşdirmənin qanunsuzluqların qarşısını ala bilib-bilməyəcəyi məlum deyil. Məsələn cənab Babis baş nazir olanda özünün Agrofert şirkətini iki trestin idarəçiliyinə verib. Çünki mövcud qanunlara görə hökumət başçısı bizneslə məşğul olmamalıdır. Amma reallıqda məlum olub ki, Babis hər iki trestin idarə edilməsində fəal iştirak edir. Bir sıra müxalifət partiyaları Avropa İttifaqını “şərqi Avropa oliqarxlarının qeyri-demokratik avtokratiya qurmasına imkan yaratmamağa” çağırırlar. Qəzet yazır ki, cənab Babis bütün bunlardan narahat deyil. O deyib ki, heç kim onu korrupsiyada ittiham edə bilməz, çünki o “varlı oğlandır”. Başdan iylənən balıq Burası da var ki, Avropanın subsidiya qanunundan xeyir götürən, təkcə Babis kimi hökumət başçıları yox, həm də nazirliklərdə olan xeyli sayda rəsmidir. Buna görə də bir çox təhlilçilər siyasətçilərin kənd təsərrüfatı subsidiyaları almasını məhdudlaşdıran qaydaların bərqərar edilməsini təklif edirlər. Amma məsələ bundadır ki, Avropa İttifaqının icra hakimiyyəti sayılan Avropa Komissiyasının özündə də maraq toqquşması problemi var. Bu orqana 28 üzv ölkənin nazirləri daxildir. Bu isə o deməkdir ki, cənab Babisin kənd təsərrüfatı naziri Miroslav Toman ittifaqın subsidiya siyasətinə səs verənlərin arasındadır. Halbuki onun qardaşı və atası Çexiyada ən çox subsidiya alan şirkətin sahibidirlər. Ekspertlər bildirirlər ki, belə anormal vəziyyətin qarşısı yalnız bir nəfərin nə qədər subsidiya almasına limit qoyulması ilə alına bilər. Amma bugün Avropa İttifaqının 28 kənd təsərrüfatı nazirindən 23-ü belə bir limit qoyulmasının əleyhinədir. Məqalədə deyilir ki, Avropa İttifaqı israf edilmiş pulun geri qaytarılması mexanizminə malikdir. Amma təcrübəli prokurorlar bu mexanizm barədə zarafat edirlər. Onlar deyirlər ki, çox vaxt məsələ oğurlanmış pula görə cərimənin ödənməsi ilə bitir. (AzadlıqRadiosu) Geri qayıt |