Əsas Səhifə > Economics / Melange / Manşet / Üst manşet > Azərbaycanda "dollar-manat mübarizəsində" nə baş verir?
Azərbaycanda "dollar-manat mübarizəsində" nə baş verir?11-03-2020, 18:50. |
Azərbaycan neftinin dəyərinin dünya bazarında kəskin ucuzlaşmasından sonra bütün diqqət ölkədə manatın məzənnəsinə yönəlib. Bəzi mütəxəssislər Azərbaycanda milli valyutanın dəyərsizləşəcəyindən narahatdırlar. Neftin dünya bazarında ucuzlaşması Azərbaycanda qeyri-iş gününə təsadüf etdiyindən əhalinin banklara axışması daha çox növbəti günə təsadüf edib. CivilAzerbaijan.com-un məlumatına görə, Azərbaycan hökuməti bildirib ki, valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə "zəruri tədbirlər görülməsi üçün bütün imkanlar var". Banklar dollar satırmı? Çərşənbə günü Mərkəzi Bank əvvəlki günlə müqayisədə dollara tələbatın 52 faiz azaldığını bildirib. "Valyuta hərracında tələb əvvəlki günlə müqayisədə 168,2 mln. ABŞ dolları və ya 52% azalaraq, 155 mln. ABŞ dolları təşkil etmişdir", - Mərkəzi Bankın saytında yerləşdirilən məlumatda göstərilir. Bankın rəsmi açıqlamasını təsdiqləyən Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov jurnalistlərlə görüşdə ölkənin geniş valyuta ehtiyatlarına malik olduğunu deyib. O, neftin qiymətinin aşağı düşməsinin manatın məzənnəsinə təsiri ilə bağlı açıqlamasında deyib ki, ölkə neftin ucuzlaşmasına hazırdı. "Hökumətin və Mərkəzi Bankın "B" planı var. Bu plan məhz neftin 30-35 dollar qiymətinə hazırlanıb", - Elman Rüstəmov jurnalistlərə müsahibəsində deyib. Bazar ertəsi günü müşahidə etdiyimiz bəzi banklarda dollar satışı 300 dollar limitlə həyata keçirilsə də, növbəti gün banklar demək olar ki, dollar satmayıb. BBC News Azərbaycanca çərşənbə axşamı günü paytaxt banklarının valyutdadəyişmə məntəqələrində insanların toplaşdığını və dollar almaq istədiklərini müşahidə edib. Banklardan bir çoxunda dolların olmadığı deyilsə də, iki bank dolların satışını adambaşına 500 və 8000 dollar limit tətbiq etməklə həyata keçirib. Bankların qarşısında söhbətləşdiyimiz insanlardan bəziləri "dolların bahalaşacağı barədə yayılan xəbərlərdən qorxaraq" valyutadəyişmə məntəqələrinə gəldiklərini deyiblər. Bəziləri isə, dolların məzənnəsinin dəyişəcəyinə inanmadıqlarını söyləyiblər. Mərkəzi Bank BBC News Azərbaycancanın bankların dolların satışının dayandırması və məhdudiyyət tətbiq etməsi ilə bağlı suallarına cavab verməyib. Dollar bahalaşa bilərmi? İqtisadi təhlilçi Samir Əliyev hesab edir ki, "narahatlıq üçün əsas var". Onun sözlərinə görə, dünya bazarlarında Azərbaycan neftinin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməsi "Azərbaycan tədiyyə balansında kəsirin olmasına təsir edir". "Əgər bu proses indiki qiymətlərlə uzun müddət davam edərsə, ilin sonunda tədiyyə balansında mənfi kəsir yarana bilər. Bu o deməkdir ki, ölkəyə gələn xarici valyuta ölkədən çıxan xarici valyutadan azdır. Belə olan vəziyyətdə milli valyutaya təzyiq artır və bu kəsiri örtmək üçün hökumətlər Mərkəzi Bankın valyuta ehtiyatlarından vəsait ayıraraq bu kəsiri qarşılayır". Samir Əliyevin sözlərinə görə, 2015-ci ildə Azərbaycanda anoloji vəziyyət yaranıb və Mərkəzi Bank bir ildə 11 milyard dollardan çox vəsaiti xərcləməli olub. "Həmin təcrübə insanların yaddaşında qalıb və neftin dünya bazarında qiymətinin düşməsi istər-istəməz ajiotaj yaratdı. Bir tərəfdən məlumatlar gəlir ki, dollar satışı limitləşdirilib, digər tərəfdən deyirlər sənədləşmə tələb olunur, hansısa blank doldurulur və sairə", - təhlilçi deyib. O hesab edir ki, insanlar arasında yaranan gərginliyin qarşısını almaq üçün müvafiq dövlət qurumları ictimaiyyət və vətəndaş cəmiyyəti ilə işləməli, vəziyyəti izah edən açıqlama verməlidir. Azərbaycan Mərkəzi Bankının məlumatında çərşənbə axşamı gününə ölkədə dolların dəyəri 1.7 AZN olaraq qeyd olunub. Azərbaycan hökuməti bildirib ki, valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə "zəruri tədbirlər görülməsi üçün bütün imkanlar var". Martın 10-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qlobal enerji bazarında vəziyyət və onun Azərbaycan iqtisadiyyatına təsirləri müzakirə olunub. Müzakirədə manatın dünya iqtisadiyyatında baş verən hadisələrin Azərbaycana mümkün təsirləri və ölkənin tədbirlər planı səsləndirilib. İnflyasiya, devalvasiya, yoxsa...? Samir Əliyev deyir ki, manata təzyiqin artması "mütləq devalvasiya olacağının göstəricisi deyil". Onun sözlərinə görə, hökumətin Mərkəzi Bank və Dövlət Neft Fondunda olan valyuta ehtiyatları "manatı qorumağa imkan verir". "Bu vəsaitlər manatı qoruya bilər. Əsas sual ondan ibarətdir ki, nə qədər qoruya bilər və ümumiyyətlə, buna ehtiyac varmı?" Mərkəzi Bankın məlumatına görə, 2020-ci il yanvarın sonuna Azərbaycanda orta illik inflyasiya 2.7% təşkil edib. Ötən ilin eyni dövrü üçün isə, bu göstərici 1.7 faiz olub. Nazirlər Kabinetində valyuta bazarındakı son hadisələrlə bağlı keçirilən müşavirədə deyilib ki, "həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcək". Məlumatda deyilir ki, Azərbaycan hökuməti dünya iqtisadiyyatında baş verən prosesləri diqqətdə saxlayır və baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması üçün "preventiv tədbirlər planlarına malikdir". "Belə ki, neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanıb. Bu ssenarilərə uyğun olaraq, zərurət yarandığı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcək", - Nazirlər Kabinetinin məlumatında deyilir. Qurum bildirib ki, Azərbaycanda istehlak bazarına "ciddi nəzarət edilir və süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək". Samir Əliyev söyləyir ki, Azərbaycan iqtisadiyyatı Rusiya və Qazaxıstan iqtisadiyyatı ilə müqayisədə "daha pis mövqedə yerləşir", çünki ölkə iqtisadiyyatı "daha çox neftdən asılıdır". "Rusiya və Qazaxıstanın valyutası üzən məzənnə rejimindədir. Hətta idarə edilən üzən məzənnə olsa belə. Baxmayaraq ki, 2015-ci ilin dekabrından Azərbaycan üzən məzənnəyə keçidi elan edib, bizdə üzən məzənnə rejimi işləmir. Məzənnə Mərkəzi Bank tərəfindən inzibati qaydada müəyyənləşdirilir. Belə olan halda, dolların hətta bir qəpik belə bahalaşması cəmiyyətdə ajiotajı artırır və camaatın əlindəki pulu dollara çevirməsinə gətirib çıxara bilər". Təhlilçi ölkədə ajiotajın yatırılması üçün manatın sabitliyinin qorunmasının "çox vacib" olduğunu vurğulayıb. Azərbaycanda 2015-ci ildə iki dəfə - fevral və dekabr aylarında devalvasiya baş vermişdi. 2015-ci ildə fevralın 21-də Mərkəzi Bank bir gecədə manatın 34 faizlik devalvasiyasına qərar vermişdi, bununla da manatın təxminən 10 il sürən sabitliyi və möhkəmliyi sona çatmışdı. Həmin ilin dekabrındakı qərardan sonra isə manat qiymətini az qala yarıyadək - 48 faiz itirdi. Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1.55 manat müəyyən etmişdi. 2015-ci il dekabrın 21-də Azərbaycanın Mərkəzi Bankı milli valyutanın üzən məzənnə rejiminə buraxıldığını elan etmişdi. (BBC) Geri qayıt |