Əsas Səhifə > Economics / Melange / Üst manşet > Ekologiya nazirliyi 169 min manatı kimlərə verib? -
Ekologiya nazirliyi 169 min manatı kimlərə verib? -17-09-2020, 00:26. |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti ("Azəryaşlandşaft” ASC) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. CivilAzerbaijan.com Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi "United Procurement Chain” MMC olub. Qalib şirkət "Azəryaşlandşaft” ASC-yə 168 min 890 manat dəyərində kimyəvi maddələr ("Trilion B”, Alminium sülfat, Karbomid, Sönmüş əhəng və s.) satacaq. Tender müsabiqəsinin qalibi olan "United Procurement Chain” MMC 4 ay əvvəl – 15.05.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. "Azəryaşlandşaft” ASC tender müsabiqəsini 12.08.2020-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 3 ay əvvəl yaranıb. Onu da bildirək ki, "United Procurement Chain” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 3 ay əvvəl yaranan və 169 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs. Asif Əsədullayev, ev 3, m. 2 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Zamin Taleh oğludur. Tender müsabiqəsilə bağlı diqqət çəkən məqam odur ki, müsabiqə elanında qeyd olunan şərtlərə əməl olunmayıb. ![]() Qeyd edək ki, müsabiqə elanında açıq şəkildə yazılıb ki, müsabiqədə iştirak etmək istəyən şirkətlər aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı; 2. İddiaçıların son 3 (üç) ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması; 3. İddiaçının veb-saytının mövcudluğu; 4. İddiaçının analoji işlərdə təcrübəsi (son 3 ildə analoji alqı-satqılarda yerinə yetirdiyi müqavilələrin dəyəri). Cəmi 3 ay əvvəl dövlət qeydiyyatından keçən bir şirkətin yuxarıda qeyd olunan tələblərə cavab verməsi mümkün deyil (o cümlədən internet axtarış sistemlərindən veb-saytını tapmaq mümkün olmur – red.). Amma buna baxmayaraq "United Procurement Chain” MMC "Azəryaşlandşaft” ASC-nin tender müsabiqəsinin qalibi olub. Məlumat üçün onu da qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Məsələ ilə bağlı Yeniavaz.com-a danışan "Azəryaşlandşaft” ASC-nin əməkdaşları bildirdilər ki, onlar tender müsabiqəsində qalibi müəyyən edərkən ilk növbədə təqdim olunan qiymətə baxırlar. ASC-dən bildirdilər ki, ən aşağı qiyməti təqdim edən şirkət qalib elan olunur və bu zaman şirkətin təcrübəsi onlar üçün bir o qədər əhəmiyyətli olmur. Geri qayıt |