Əsas Səhifə > Elm və Kültür > Musiqili Teatrın 80 yaşlı əməkdaşı mükafatlandırıldı
Musiqili Teatrın 80 yaşlı əməkdaşı mükafatlandırıldı12-04-2017, 16:08. |
Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşı Dolores Bəymuradova mükafatlandırılıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu SİVİL.AZ-a bildirib ki, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bu barədə əmr imzalayıb. Əmrə əsasən teatr sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə, milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə hazırda teatrda müqavilə yolu ilə çalışan orkestr artisti (konsertmeyster) Bəymuradova Dolores Rəhimovna mükafatlandırılıb. Qeyd edək ki, Dolores Bəymuradova 1961-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışmağa başlayıb. Kontrabas ifaçısı olan D. Bəymuradova teatrın cari repertuarında olan tamaşaların böyük əksəriyyətində çıxış edir. Təqribən 60 ildir ki, orkestr heyətində çalışan sənətçi xanım 80 yaşı tamam olmasına baxmayaraq bu gün də kollektivdə, sözün yaxşı mənasında, seçilməyi bacarır. D. Bəymuradova “O olmasın, bu olsun”, “Ər və arvad”, “Arşın mal alan” (Ü. Hacıbəyli), “Qafqazlı qardaşqızı” (R. Hacıyev), Q. Qarayevin musiqiləri əsasında “Mənim günahım” (İ. Əfəndiyev), “Silva” (İ. Kalman), “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), “Mən dəyərəm min cavana” (E. Sabitoğlu, T. Vəliyeva), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), “999-cu gecə” (F. Əmirovun musiqiləri əsasında), “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva) və başqa səhnə əsərlərində uğurla çıxış edir. Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Dolores Bəymuradovanı 80 illik yubileyi müasibəti ilə bir daha təbrik edir, ona səmərəli iş fəaliyyətində uğurlar arzulayır. Geri qayıt |