Əsas Səhifə > Elm və Kültür > Musiqili Teatrda Hüseynağa Sadıqovun xatirə günü
Musiqili Teatrda Hüseynağa Sadıqovun xatirə günü15-03-2017, 15:49. |
Azərbaycan Dövlət Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun xatirə gecəsi keçirilib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tədbirdə görkəmli teatr və kino aktyoru Hüseynağa Sadıqovun həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub. Daha sonra ölkənin tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi xatirə gecəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, Xalq artistləri Yasin Qarayev, Həmidə Ömərova, Ağaxan Salmanlı, Əməkdar artist Almaz Mustafayeva, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov çıxış edərək bənzərsiz səsə və xarakterik sifət cizgilərinə malik olan Hüseynağa Sadıqovun həyat və yaradıcılığı haqqında danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Tədbir boyu H. Sadıqovun rol aldığı tamaşa və filmlərdən epizodlar nümayiş olunub. Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları – Əməkdar artistlər Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev və Hüseyn Əlilinin ifaları gecəyə xüsusi rəng qatıb. Sonda görkəmli sənətkarın qızı Tamilla Sadıqova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Qeyd edək ki, əslən cənubi Azərbaycandan olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. GTT-də əlli ildən çox fəaliyyət göstərən sənətkar Pitli ("Əfilər", Rabindranat Taqor), Xasay, El oğlu, Məlik ibn Səid ("Xasay", "El oğlu" və "Bir saat xəlifəlik", Abdulla Şaiq), Bobçinski, Jevakin ("Müfəttiş" və "Evlənmə", Nikolay Qoqol), Seryoja Streltsov ("Seryoca Streltsov", Valentina Lyubimova), Azad ("Azad", Əyyub Abbasov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Həsən ("Yaşar", Cəfər Cabbarlı), Trufadino ("İki ağanın bir nökəri", Karlo Haldoni), Rəcəb ("Şirinbala bal yığır", Salam Qədirzadə), Səlim ("Anacan", Yusif Əzimzadə), Spid ("İki veronalı", Uilyam Şekspir), Qey ("Qar Kraliçası", Yevgeni Şvarts), Hacı Murad ("Tamahkar", Süleyman Sani Axundov), Ceyms Berten ("Ovod", Etil Voyniç), Jiront ("Skapenin kələkləri", Jan Batist Molyer), Məşədi Cabbar, Tarverdi ("Molla İbrahimxəlil kimyagər" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Cəbi, Əhməd ("Hacı Qəmbər" və "Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), kapitan ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı üzrə səhnələş-dirənləri Zəfər Nemətov və Əli İsmayılov), Mirpaşa ("Komsomol poeması", İsgəndər Coşqun), Şah Ələmgir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), aptekçi ("Romeo və Cülyetta", Uilyam Şekspir), Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov), Abbas ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) kimi rolları ifa edib. Teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə görə 1 iyul 1956-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 9 fevral 1979-cu ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakı şəhərində vəfat edib. Geri qayıt |