Əsas Səhifə > Elm və Kültür > Qabriel Qarsia MARKES - Ölümün o biri üzü

Qabriel Qarsia MARKES - Ölümün o biri üzü


16-03-2017, 10:42.
title}
Qabriel Qarsia MARKES - Ölümün o biri üzü

Nədənsə birdən o ayıldı. Sanki kimsə onu silkələmişdi.

Sübh çağı bağda açılmış çiçəklərin rahiyəsi qonşu otaqdakı bənövşə və formaldehidin kəskin iyinə qarışaraq dalğa-dalğa içəri daxil olurdu.

Yuxudan sonra o, özünə gəlməyə, sakitləşməyə çalışırdı.

Deyəsən, səhər təzəcə açılmışdı. Açıq pəncərədən görünən mavi səma da, bostandakı ləklərin suvarılması da bundan xəbər verirdi.

O, yarıqaranlıq otağa göz gəzdirdi.

Həyacanlı surətdə belə qəfildən oyanmasının səbəbini aydınlaşdırmağa çalışdı. Ona elə gəlirdi ki, o, yuxudaykən otağa kimsə girib.

Amma o, tək idi, qapı da bağlıydı: nə toxunan olmuş, nə də sındırılmışdı.

Günəşin şəfəqləri pəncərədən içəriyə süzülrdü. Bir müddət gözlərini yumub hərəkətsiz halda uzandı.

Gecə gördüyü yuxunun təsirindən gərilən əsəblərini sakitləşdirməyə, rahatlığını bərpa etməyə səy etdi. Qan dövranının kəskin zərbələrini boğazında, sonra sinəsində hiss elədi.

Daha sonra qəfildən köksü təlatümə gəldi. Ürəyi uzun qaçışdan sonra olduğu tək qısa, qırıq-qırıq zərbələrlə döyünməyə başladı. O, yenidən yuxuladığı bu bir neçə dəqiqəni xəyalından keçirtdi.

Görünür ki, o, çox qəribə bir yuxu görmüşdü.

Bu, qarabasma da ola bilərdi. Yoxsa onun belə bir hala düşməsinə heç bir əsas yox idi.

Onlar çox uzun bir qatarla, budaqlarında meyvələr əvəzinə qayçılar, ülgüclər və digər iti, kəsici əşyalar – bir sözlə, bərbər alətləri bitən ölü bir çöldən keçirdilər (Bunu indi xatırlayıram.

Belə yerləri yuxuda tez-tez görürəm). Yadıma düşür: mənə oyanmaq lazım idi.

O bu yuxunu tez-tez görərdi. Lakin heç vaxt yuxudan bu cür hövlank oyanmamışdı. Ağaclardan birinin arxasından bu yaxınlarda vəfat etmiş əkiz qardaşı əli ilə işarə edirdi (O ölməmişdən qabaq da, belə bir hadisə baş vermişdi).

Qardaşı əl işarələrinin heç bir xeyri olmadığını başa düşüb, nəfəsi kəsilənəcən qatarın arxasınca qaçdı. Və axırda yerə yıxılarkən ağzından köpük daşmağa başladı.

Əlbəttə, bu, axmaq, qeyri-real bir görüntü idi və burada xüsusi elə bir şey yox idi ki, narahatçılığa səbəb olsun.

O, yenidən gözlərini yumdu. Gicgahlarında qanın sürəti elə şiddətləndi ki, sanki onu yumruqla döyəcləyirdilər. Budur, qatar darıxdırıcı, hüznlü, barsız bir peysajdan keçir.

Birdən sol ayağında hiss etdiyi ağrıdan baxışlarını peysajdan ayırdı. Ayağına baxdı – dar ayaqqabı geyinmək lazım deyil – orta barmağında qəribə bir şiş gördü.

Əlini adi qaydada cibinə salıb – sanki həmişə bu işlə məşğul olmuşdu – vintaçanı çıxartdı və çibanın ağzını açdı.

Sonra vintaçanı yenidən göy qutuya – axı yuxu rəngli idi – yerinə qoydu.

Çibanda çirkli, sarımtıl bir ipin ucu dim-dik dayanmışdı.

Heç nəyə heyrətlənmədən, həmin ipdə qeyri-adi heç nə görməyib ehtiyatla onun ucundan yapışıb çəkməyə başladı. Bu, uzun, lap uzun bir ayaqqabı bağı idi. İp heç bir narahatlığa, ağrıya səbəb olmadan çəkildikcə gəlirdi.

Bir anlıq başını qaldırdı: vaqonda ondan başqa heç kim yox idi.

Kupelərin birində qadın paltarı geyinmiş qardaşını gördü.

O, güzgü qarşısında dayanaraq qayçı ilə sol gözünü çıxarmağa cəhd edirdi.

Əlbəttə, bu, xoşagəlməz yuxu idi. Ancaq o anlaya bilmirdi ki, ötən gecələr bundan daha dəhşətli, ağır yuxular görsə də, bu günki kimi təzyiqi qalxmamış, rahatlığı pozulmamışdı. Hiss etdi ki, əlləri buz kimidir.

Bənövşə və formaldehidin qoxusu getdikcə artır, dözülməz olurdu.

Bir neçə dəqiqə əvvəl yarımçıq qalmış yuxusunu yenidən davam etdirmək üçün gözlərini yumdu. Nə isə yaxşı bir şey haqqında düşünüb sakit-sakit nəfəs almağa çalışdı.

Məsələn, fikirləşmək olardı ki, qardaşının dəfniylə bağlı hesabı ödəmək üçün bir neçə saatdan sonra dəfn bürosuna getmək lazımdır. Küncdə yorulmaq bilməyən cırcırama oxudu.

Otaq quru, qırıq-qırıq səslə doldu.

Gərilmiş əsəbləri yavaş-yavaş boşalmağa başladı. Hiss etdi ki, əzələləri açılışdıqca rahatlaşır.

Yumuşaq yatağa uzandı. Çəkisini itirmiş yüngül bədəni xoş bir yorğunluq duydu. Əzaları sanki ona məxsus deyildi, onu torpağa bağlayan çəkisi də yoxa çıxmışdı.

Halbuki, zooloji növlər nərdivanında özünə xas yeri, yəni bütün orqanlarının mürəkkəb arxitekturaya malik sistem və geometriyası onu həmin nərdivanın şüurlu canlılar iyerarxiyasında ən yüksək pilləyə qaldırılmışdı.

Əl və ayaq barmaqları bir-birinə necə rahatlıqla keçirlərsə, göz qapaqları da gözün əlvan qişasını beləcə, yavaş-yavaş örtdü.

Tədricən hərəkətdən qaldı. Bütün orqanizm sanki böyük, vahid, ayrıca bir orqana çevrildi.

O – insan – ölümsüz oldu. Və başqa taley, daha dərin, möhkəm, əbədi, heç vaxt pozulmaz, sonuncu yuxu qazandı. O eşidirdi. Bayırda – hardasa dünyanın o başında – cırcıramanın səsi getdikcə yavaşıyır.

Və tamam kəsilir. Zaman və məsafə onun içinə daxil olur, yeni və sadə anlayış qazanaraq böyüdükcə şüuruna hakim olan əzablı və fiziki həşəratla dolu, bənövşə və formaldehidin kəskin iyi hopmuş maddi dünyanı oradan silir.

Sakitcə – hər küncü rahatlığın hərarətinə öyrəşən – hiss etdi ki, onun uydurucu gündüz ölümü necə də yüngüldür!

O, indi də fərəhli səyahətlərə, sanki uşaq əliylə çəkilmiş, riyazi çalışmalardan, sevgi ağrılarından və cazibə qüvvəsindən uzaq xəyali, ideal bir dünyaya baş vurdu.

Demək çətindir, o, yuxu ilə reallığın nazik sərhəddi arasında nə qədər vaxt keçirmişdi, amma xatırladı ki, birdən, elə bil boğazına bıçaq çəkdilər. Və çarpayıda dik oturdu.

Hiss etdi ki, onun ölmüş, əkiz qardaşı çarpayının ayaq tərəfində oturub. Yenə əvvəlki tək ürəyi sanki yümrüq kimi sıxılıb boğazına elə tıxandı ki, dik atıldı.

Təzə doğulan şəfəq, özünün kökdən düşmüş alətciyi ilə sukutu pozan cırcırama, baxçanın çiçəklər dünyasından əsib gələn sərin meh – bütün bunlar onu real həyata qaytardı. Ancaq bu dəfə o, nədən diksindiyini xatırlayırdı.

Bu qısa, yuxusuz keçirdiyi dəqiqələrdə – mən indi bu haqqda özümə hesabat verirəm – həmçinin bütün gecəni, ona elə gəlirdi ki, o, sanki heç bir mənası olmayan yuxu görür.

Əslində isə onun şüurunda hər şeydən ayrı mövcud olan, idrakının müqavimətindən, iradəsindən asılı olmayaraq beynində özünə yer edən daimi, dəyişməz bir surət var idi.

Bəli, hansısa bir fikir – o, heç özü bunu hiss etməmişdi – onu bürümüşdü, içini doldurmuşdu, bütün varlığına hakim kəsilmişdi. Sanki bir pərdə yaranmışdı. Bu tərpənməyən pərdə bütün qalan fikirlərinə sərhəd çəkmişdi.

Onun gecə və gündüz fikir dramasının dayağı və başlıca onurğa sütunu qardaşı idi.

Əkiz qardaşının ölü bədəni haqqında fikir beyninə mismar kimi sancılmış, həyatının məğzinə çevrilmişdi.

Orada, onu xırda bir parça torpaqda saxladıqlarını, göz qapaqlarının yağış damcılarından səksəndiyini düşündükcə qorxmağa başladı.

O, heç ağlına belə gətirməzdi ki, zərbə bu qədər güclü olacaq.

Açıq pəncərədən yenidən içəri ətir doldu. İndi bu rayihədən qardaşının sümükləri basdırılmış nəmli torpağın qoxusu gəlirdi. İybilmə duyğuları daha gərgin işləməyə başladı və onu qorxunc, heyvani sevinc bürüdü.

Sanki onun yaralı it kimi mələfə altında qıvrılaraq inildədiyi andan artıq bir neçə saat ötmüşdü.

Ancaq qardaşının sonuncu boğuq qışqırığı elə bil onun qurumuş boğazına dolurdu. Kürəyi ilə sürüşüb şişin lap içinə soxulan ağrını dırnaqları ilə parçalamaq istəyirdi. Əkiz qardaşının can verdiyi son dəqiqələri xatırladı.

Və onun sabit, əbədi, ölümün özü kimi reallığın hökmü altında olub və bu reallığa üsyan edən, can verən heyvan kimi necə çırpındığını unuda bilmirdi. Qardaşı dırnaqlarıyla həyatın axırıncı tikələrini yığmaq üçün divarı cırmaqlayırdı.

Barmaqlarından süzülən qan həyatın özü kimi axdıqca, ağrı onun cismini doymaq bilməyən zalım qadın kimi əridirdi. Sonra o, özü yorulmağa vaxt tapmamış əzik-üzük, səliqəsiz yatağa uzandı.

Alnını tər basmışdı, köpüklənmiş dodaqlarında əcayib bir gülüş donmuşdu və ölüm boz kimi bütün bədənini örtmüşdü. Ölü qardaşının qarnındakı dəhşətli şişi qəfildən xatırladı.

(Mən onu yumru – indi də o, həmin hisləri keçirirdi – daxilən şişən, dözülməz, günəş kimi təsəvvür edirdim).

Sanki hansısa həşərat öz caynaqlarını onun daxilinin ən dərin qatlarına uzadırdı.

(O hiss etdi ki, orqanizmində nə isə nasazlıq yaranıb. Hətta bu fəlsəfi anlamda başa düşüləsi olsa da).

(Yəqin ki, məndə də qardaşımındakı şişdən olacaq. Əvvəlcə bu xırda bir köp olacaq. Sonra böyüyəcək, qol-budaq atacaq, bətnimdə döl kimi böyüyəcək. Yəqin ki, həmin şiş içimdə uşaqlunatik qeyziylə hərəkətə gələndə , köp kimi vurnuxanda hiss edəcəyəm).

Kəskin ağrıdan qurtulmaq üçün əliylə qarnını sıxdı. Sonra həyəcanla əllərini qopaqpərvər, isti sığınacağa – bətnindəki uşaqlığı tapmaq ümidiylə qaranlığa uzatdı.

Onsuz da bu arzu əlçatmaz idi. O, bunu bilmirdi ki, bir-birinə dolaşmış, yüzlərlə pəncəsi olan bu fantastik varlıq uzun, sarımtıl göbək bağına çevriləcək.

(Bəli, yəqin mənim də mədəmdə – təzəcə ölmüş qardaşım kimi – şiş yaranacaq).

Baxçadan gələn qoxu getdikcə şiddətlənir, xoşagəlməz, ürək bulandıran qoxuya çevrilirdi. Zaman elə bil sübh çağı donmuşdu.

Pəncərədən süzülən sübh şəfəqləri qıcqırmış südə oxşayırdı. Gecəni qonşu otaqda saxlandığından formaldehidin güclü qoxusu ətrafı bürümüşdü.

Bu, əlbəttə, baxçadan gələn qoxudan fərqliydi. Bu heç də çiçəklərin ətrinə oxşamayan, həyəcan doğuran xüsusi bir ətir idi.

Bircə dəfə duymaq bəs idi ki, bu meyit qoxusu heç vaxt unudulmasın.

Adamı təqib edən, nəfəsini təntidən bu formaldehid qoxusu anatomiya kabinetinə xas idi. O, loboratoriyanı xatırladı: Spirtə qoyulmuş daxili orqanlar, quşların müqəvvaları.

Formalin hopdurulmuş dovşanın əti qaxaca dönür, öz elastikliyini itirib ölməz, əbədi formaldehidli dovşana çevrilir. Bu qoxu haradandır? Bəli, çürümənin qarşısını almaq üçün yeganə üsul.

Əgər insanın damarlarını formalinlə doldursan, spirtlənmiş anotomik nümunəciklərə çevriləcək.

Yenidən yağışın gücləndiyini yarımaçıq pəncərənin şüşələrini sanki çəkiclə döyəclədiyini eşidirdi. Adamın yuxusunu qaçıran tərtəmiz hava soyuq rütubətiylə içəri doldu.

Əlləri elə soyumuşdu ki, sanki damarlarında formalin axır. Soyuq dərisindən keçib sümüklərinə işlədi. Ora çox rütubətlidir. O, qış gecələri barədə acı-acı düşündü.

Yağış otları isladacaq, rütubət qardaşının böyrünə işləyəcək və su onun bədənində qan dövranı kimi dövr edəcək.

Ölülərin qan dövranı sistemi də başqa cür olmalıdır.

Bu da onları ölümün ayrı pilləsinə – sonuncu, gedər-gəlməz pilləsinə aparır.

O bu an istədi ki, yağış dayansın, yaydan savayı heç bir fəsil olmasın.

Ürəyindən belə bir istək keçdiyi məqamda, bayırdakı nəmli parıltı onu qıcıqlandırırdı.

O arzuladı ki, məzarlıqdakı torpaq daima quru qalsın.

Axı iki həftə bundan əvvəl basdırdıqları insan – rütubət onun iliyinə qədər yeriyib – torpaq altda uzanıb və artıq daha özünə oxşamır. Onlar iki damla su kimi bir-birinə bənzəyən əkiz idilər.

İlk baxışdan onları bir-birindən ayırmaq qeyri-mümkün idi. Əvvəllər onlar qardaş idilər, hər biri öz həyatını yaşayırdı və onların hər ikisi bir-birindən ayrı yaşayan, sadəcə, əkiz qardaşıydılar.

Ruhən onları heç nə bağlamırdı. Fəqət indi qəddar, dəhşətli reallıq onurğasız heyvan tək kürəyində sürünərkən, vahid bir sistem pozulmuş, boşluğa oxşar nəsə yaranmışdı.

Elə bil onun bədənində uçuruma bənzər dərin bir yara açılmışdı.

Yaxud da qəfildən onun bədənini balta ilə iki yerə bölmüşdülər. Əlbəttə, bu konkret anotomik cizgilərə, kamil həndəsi şəklə malik indi yalnız qorxu hissi keçirən fiziki cisim deyildi, başqa bir bədən idi.

Ondan uzaq, onunla bigə anasının qarnında sulu zülmətə atılmış, sonra buradan dünyaya gəlmiş, köhnə nəsil şəcərəsinin budaqlarına qalxmışdı.

Onlarla bahəm qanlarında dörd cüt ulu babaları yaşayırdı.

Bununla dünya özünün sirli harmoniyasını qoruyurdu. Ola bilsin ki, onun damarlarında İsaak və Rebekkanın qanı axır.

O, bəlkə də onun dabanından yapışıb dünyaya gələn qardaşının yerində ola bilərdi.

Həmin qardaşı ki, neçə-neçə nəsillərin məzarından, gecədən-gecəyə, öpüşdən öpüşə, sevgidən sevgiyə sanki alatoranda səyahət edərək arteriya və toxumalardan keçib, nəhayət, doğma anasının bətninə – uşaqlığına gəlib çatmışdı.

İndi tarazlığın pozulduğu, bərabərliyin qəti olaraq həll edildiyi məqamda, geneoloji marilrut ona real və əzablı görünürdü.

Başa düşürdü ki, onun şəxsi harmoniyasında, adi, cözlə görünən bütövlüyündə nəsə çatmır: «İsavın dabanından tutub Yakov sonra çıxdı». Qardaşı hələ ağrıyanda onda belə bir hiss yox idi.

Çünki ağrı və qızdırmadan eybəcərləşmiş sifəti, qəribə tərzdə uzanmış saqqalı ilə heç özünə belə oxşamırdı.

Ölümün qəti olaraq üzərində qələbə çaldığı qardaşı uzanıb sakitləşən kimi o, tez «meyiti qaydaya salmaq» üçün bərbəri çağırdı. İşləməkçün özünün bərq vuran alətləri ilə ağ geyimlə şəxs gələrkən o, özüdə burada idi – divara sıxılmışdı.

Usta cəld hərəkətlə ölünün saqqalını sabun köpüyü ilə elə örtdü ki, köpük az qala onun ağzınada dolmuşdu. (Mən qardaşımı ölüm qabağı belə görmüşdüm). Bərbər elə asta-asta onun üzünü qırxmağa başladı ki, sanki hansısa qorxunc bir sirri öyrənməyə çalışırdı.

Və onun ağlına dəhşətli bir fikir gəldi. Bu fikir onu diksindirdi.

Ülgücün tiyəsi solğun, ağrıdan tamamilə dəyişmiş əkiz qardaşının üzünü təmizlədikcə, o, dəhşətli hərəcədə hiss edirdi ki, bu ölü bədən heç də ona yad deyil, onunla vahid bir tam olan yer orqanizmidir.

Hal-hazırda baş verənlər isə sadəcə, onun özüyçün bir məşqdir. Üzünü qırxarkən onda qəribə bir hiss yarandı: ona elə gəldi ki, o, güzgü qabağında olarkən valideyinləri qardaşının əksini dartıb oradan çıxarmışlar.

Və indi düşünürdü ki, bütün hərəkətlərini təkrar edən əksi ondan asılı deyil. O, hər səhər üzünü qırxarkən öz əksini çox görmüşdü. Lakin indi dramatik bir səhnəylə üzləşmişdi.

Onun şəxsən fiziki iştirakına baxmayaraq, başqa birisi güzgüdəki əksinin saqqalını qırxırdı.

O, tam əmin idi ki, əgər indicə güzgüyə yanaşsa, orada heç nə görməyəcək. Baxmayaraq, fizikanın qanunları bu hadisəni heç vəhclə izah edə bilməzdi. Bu, şüurun ikiləşməsi idi!

Onun oxşarı – əkiz tayı ölü idi!

O, içinə hopmuş ümidsizlikdən yaxa qurtarmağa çalışdı. Barmaqlarıyla möhkəm divara əl gəzdirdi. Divar sanki donmuş axın idi. Dəllək işini bitirdi və qayçının ucuyla mərhumun gözlərini örtdü.

O, Cism dünasından dözülməz tənhalıqla köçmüşdü, indi onun içində zülmət titrəyirdi. Daha onlar tənha idilər: bir-birindən seçilməyən, usanmadan bir-birlərini təkrar edən qardaşlar.

Və o bu məqamda belə bir qərara gəldi: əgər iki təbii varlıq bir-birinə bu qədər bağlıdırsa, deməli, nəsə gözlənilməz, qeyri-adi bir hadisə baş verməlidir.

Təsəvvürünə gətirdi ki, fəzada iki cismin bölünməsi görüntüdən başqa bir şey deyil. Əslində, onların təbiəti vahid və ümumidir. Beləki, ölü parçalanmağa başladımı, o zaman o da – canlı da daxilən çürüməyə başlayacaq.

O, yağışın yenidən var gücüylə pəncərənin şüşəsini döyəclədiyini, cırcıramanın isə öz sarı simini diddiyini eşidirdi.

Cansız soyuq əllərini tamam buza döndərmişdi. Formaldehidin kəskin qoxusu onu düşünməyə vadar edirdi ki, bu iy ona müraciət kimi buzlu torpaq çuxurda çürüyən qardaşından gəlir.

Əlbəttə, bu, cəfəngiyyat idi! Görünür, hər şey baş-ayaq çevrilmişdi.

Hər hansı təsiri o, – özünün enirjisi, canlı hüceyrələri ilə – yaşayan kimiydisə o da etməliydi! Və əgər – belə olsaydı – qardaşı onun kimi sağ qalacaqdı, həyat və ölüm arasındakı tarazlıq onu – yəni özynü – çürüməkdən qoruyacaqdı.

Lakin onu bu işə kim inandıracaq? Məgər basdırılmış qardaşının toxunulmaz qalması mümkün olacaq?

Yaxud çürümə özünün cöyümtül caynaqları ilə canlının cisminə dolacaq?

Düşündü ki, sonuncu fərziyyəsi daha ağlabatandır və təslim olub özünün ölüm saatını gözləməyə başladı. Cismi yumuşalıb şişdi. Ona elə gəldi ki, hansısa mavi rəngli maye bütün bədəninə doldu.

Bir-birinin ardınca bütün əzalarının qoxusunu hiss etdi. Amma qonşu otaqdan gələn formalinin iyi onda tanış, soyuq titrətməyə səbəb oldu.

Daha sonra heç nə onu narahat etmədi. Cırcırama otağın küncündə yenidən mahnısını oxumağa başladı. Təmiz səmadan süzülən böyük, yumru bir damla otağın tən ortasında sallanırdı. Eşidirdi. Budur, o, düşdü.

Heç təəccüblənmədi də. Bilirdi ki, köhnə taxta dam həmin yerdən çürüyüb.

Və təsəvvür etdi ki, o sehirli damcı sərin, səma kimi, su kimi sonsuz, xeyirxah və mehribandır. O, göylərdən – məhəbbət, həzmetmə və ya əkəzlərin həyatı kimi idiot şeylərin oalmadığı gözəl həyatdan, səmadan gəlmişdi.

Bəlkə də bu damla bir saat, yaxud min il sonra bütün oatğı dolduracaq və bu fani qurğunu, heç kəsə lazım olmayan bu substansiyanı əridəcək.

Bəlkə də – niyə də yox – hər şey bir neçə andan zülal və zərdabdan ibarət qatı horraya çevriləcək.

Daha heç bir fərqi yoxdur. Məzarı ilə onun arasında yalnız şəxsi ölümü dayanır.

O, artıq taleyiylə barışmışdı. Qəfildən ağır, yumru bir damlanın mənbəyindən qoparaq necə səs-küylə düşdüyünü eşitdi. Bütün bunlar haradasa başqa bir dünyada, mənasız və cəfəngiyyat dolu, şüurlu canlıların yaşadığı dünyada baş verirdi.

Tərcümə edəni: Sərraf Talıb
Geri qayıt