Əsas Səhifə > Elm və Kültür > CİVİL AZERBAİJAN təqdim edir: Gilbert Kit ÇESTERTON - "Mütaliə haqqında"
CİVİL AZERBAİJAN təqdim edir: Gilbert Kit ÇESTERTON - "Mütaliə haqqında"5-05-2017, 15:45. |
Dahi ingilis yazıçısı Gilbert Kit Çesterton 1874-cü ildə Londonda anadan olub. İngilis ədəbiyyatında təkcə əsərləri ilə böyük iz buraxıb. Yazıçılıq və jurnalistlik fəaliyyəti ilə məşğul olan C. Çesterton yaradıcılığında qlobal problemlərə toxunub. Yazıçı əsərlərində Kiplinqin müstəmləkə anlayışını və İngiltərə siyasətini kəskin tənqid edib. Çesterton İngiltərənin protestant olmasına baxmayaraq katolik məzhəbini seçib. O, 1936-cı ildə Londonda vəfat edib. CİVİL AZERBAİJAN Gilbert Kit ÇESTERTONUN "Mütaliə haqqında" essesini təqdim edir. Görkəmli yazıçıların əsərlərinin mütaliəsinin əsas faydasından ədəbiyyata heç bir mənada pay düşmür. Bunun hətta bizim duyğularımızla, yazıçının dəst-xəttinin əzəməti ilə də hər hansı əlaqəsi yoxdur. Yaxşı kitabları oxumağın faydası ondadır ki, bu əsərlər bizə “əsl müasir insan” olmağı öyrədir. “Müasir” olduğumuz təqdirdə isə bız özümüzü sonuncu xurafata bağlamaqla, olan-qalan pulumuzu müasir dəbli şlyapaya xərcləyirik və buna görə özümüzü dəbdən geridə qaldığımız üçün qınayırıq. Yüzillik yol “həqiqi müasir insan”ların cəsədləri ilə doludur. Ədəbiyyat isə əbədidir, klassik ədəbiyyat ara vermədən dəbdə olmayan həqiqətləri, bizim söykənə biləcəyimiz yeni fikirlərin tarazlığını yadımıza salır. Hərdənbir (xüsusilə də bizim indiki narahat dövrümüzdə) dünyada müxtəlif istiqamətlər üzə çıxır. Qədimlərdə onları cəfəngiyat, küfr adlandırıblar, indi isə ideya deyirlər. Bəzi hallarda onların faydaları da olur, bəzən isə tamamilə ziyan yetirirlər. Bununla belə, onlar həmişə bir həqiqət, ya da daha dəqiq desək, yarımhəqiqət səviyyəsinə enirlər. Sadə həyat tərzinə də bu cür ciddi-cəhd göstərmək mümkündür, lakin onun xətrinə zövq və ya nəzakət barədə düşünməyi gərək unutmayasan. Kafirlər (yaxud fanatiklər) həqiqəti həddindən artıq sevənlərdən deyillər, əslində həqiqəti həddindən artıq sevmək olmaz. Kafirlər həmin adamlardır ki, əsl Həqiqətdən daha çox öz həqiqətlərini sevirlər. Onlar özlərinin axtarıb tapdıqları yarımhəqiqətə üstünlük verirlər. Amma insanların axtarıb tapdıqları həqiqəti isə heç cür anlamaq istəmirlər. Ona görə anlamaq istəmirlər ki, dünyanın müdrikliyini məhz həqqiqət təşkil edir. Bəzi hallarda bu cür adamlar Tolstoy kimi sərt və sadə, hərdən Nitsşe kimi qadınsayağı deyingən və həssas, hərdən də Şou kimi ağıllı, tədbirli və cəsur olurlar. Onlar həmişə kənardakıların nəzər-diqqətini özünə cəlb etməyi bacarmaqla, tez-tez ardıcıllarını tapa bilirlər. Amma belə adamlar həmişə və hər yerdə buraxdıqları səhv ucbatından uğursuzluğa düçar olurlar. Hamı elə fikirləşir ki, onlar nə isə yeni bir kəşf icad ediblər. Əslində isə təzə olan şey ideyanın özü deyil, onun ideyalarını balanslaşdıran digərlərinin tam yoxluğudur. Çox mümkündür ki, elə həmin fikri biz Homer və Vergilidən tutmuş Filding və Dikkensə qədər bütün dahilərin və klassiklərin kitablarında tapa bilək. Amma orada o, öz yerindədir, digər fikirlər onu tamamlaylr, bəzi hallarda isə rədd edir. Əgər deyilənlər aydın deyilsə, onda iki misal çəkməyi vacib bilirəm. Onların hər ikisi indi cəsarətli, müasir insanların arasında dəbdədir. Hər kəs bilir ki, Nitsşe və ardıcılları tərəfindən təbliğ olunan təlimlər onların zamanında əsl çevriliş kimi qələmə verilmişdir. Nitsşenin qənaətincə, altruizmin, yəni öz mənafeyini unudub başqalarına təmənnasız yardım etməyə hazır olmanın adi əxlaqı onlar üzərində hökmranlıq eməyə mane olmağa çalışan zəif adamlar tərəfindən düşünülmüşdür. Müasir insanların heç də hamısı bu fikirlə razılaşmır. Amma hamı hesab edir ki, bu, təzə fikir olub və heç vaxt eşidilməmişdir. Keçmişin dahi yazıçılarının, deyək ki, elə Şekspirin Nitsşenin təlimlərinə əsla rəğbət bəcləmədiyinə heç kimin şübhəsi yoxdur. Amma “III Riçard” faciəsinin sonuncu hissəsini açıb diqqətlə oxuduqda orada təkcə bütün nitsşençilik təlimini deyil, eyni zamanda Nitsşenin həm də terminləri ilə rastlaşmaq mümkündür. Qozbel Riçard zadəganlara deyir:”Vicdan nədir? Vicdan güclüləri cilovlayıb zərərsizləşdirməkdən ötrü ruhən zəifləri qondarmaqdır”. Şekspiri Nitsşenin güclülərinin yalnız hüquqları düşündürməmişdir, dramaturq həm onun yerini, həm də qiymətini yaxşı bilmişdir. Onun yeri isə məğlubiyyət ərəfəsində ağıldankəm çolağın dilindədir. Zəiflərə qarşı güclü nifrət hissi yalnız lovğa, təkkəbbürlü və olduqca xəstəhal Riçard, yaxud da Nitsşe kimi adamlarda aşılana bilər. Yox, elə fikirləşməyin ki, qoca klassiklər yeni ideyaları görməmişlər. Onlar hər dəyişkənliyi yaxşı görüb-götürmüşlər. Elə Şekspirin özü də nitsşeçiliyi açıq-aşkar görmüşdür. Başqa bir misal da çəkə bilərəm. Bernard Şounun “Mayor Barbara” adlı parlaq və vicdanlı pyesində müəllifə məxsus üsyankar çağırışları görməmək mümkün deyil. Adətən biz deyirik:”Kasıbçılıq eyb deyil”. Şou isə hesab edir ki, kasıbçılıq nəinki eybdir, həm də eyblərin anasıdır. Dramaturqun qənaətinə görə, üsyan edib varlanmaq imkanı olan təqdirdə kasıb yaşamaq cinayətdir. Kasıb olan şəxs ağılsız, qorxaq və sarsaqdır. Bəzi əlamətlərə görə, həm Şou, həm də onun çoxsaylı pərəstişkarları bu ideyaya böyük önəm veriblər. Göründüyü kimi, burada ideyanın özü deyil, ona verilmiş önəm yenidir. Bekki Şarp da deyib ki, ildə 1000 funt qədər yaxşı olmaq çətin deyil, amma 100 funtadək çox çətindir. Tekkerey isə nəinki bu cür baxışdan xəbərdar idi, o, həm də onun qədr-qiymətini bilirdi. O, bilirdi ki, bu cür baxışlar məhz ağıllı və səmimi insanların, yaşamağın dəyərini yaxşı bilən şəxslərin başına girəcək. Bekkinin abırsızlığı ledi Ceyn və Dobbinlə eyni səviyyədə olmaqla, özünəməxsus dərəcədə hazırcavab və səthi olaraq doğrudur. Anderşaftla Şounun riyakarlığı isə bütün ciddiliyi ilə təbliğ ediməsinə baxmayaraq, sadəcə səhvdir. Səhvdir ona görə ki, onların qənaətincə, olduqca kasıb yaşayan şəxslər varlılarla müqayisədə yaramaz və yaltaqdır. Hazırcavab Bekkinin yarımhəqiqətləri isə əvvəlcə möcüzə təsiri bağışladı, sonra dəbə çevrildi, lap sonda yalan çıxdı. İstər birinci, istərsə də ikinci halda eyni nəticəyə gəlmək mümkündür. Belə ki, bizim “yeni ideyalar” adlandırdığımız şeylər daha çox köhnələrin qəlpələridir. Əsla fikirləşmək lazım deyil ki, bu və ya digər fikir dahilərin ağlına gəlməyib: işıqlı fikirlər həmişə gəlib və hər dəfə axmaq fikirləri başdan çıxarıb qovmağa sərvaxt olublar... Tərcümə edəni: Ağaddin BABAYEV Geri qayıt |