Əsas Səhifə > Elm və Kültür > CİVİL AZERBAİJAN təqdim edir: Nadin QORDİMER - "Sonuncu dayanacaq"

CİVİL AZERBAİJAN təqdim edir: Nadin QORDİMER - "Sonuncu dayanacaq"


1-06-2017, 16:12.
title}
CİVİL AZERBAİJAN təqdim edir: Nadin QORDİMER - "Sonuncu dayanacaq"


CİVİL AZERBAİJAN Nobel mükafatı laureatı Nadin Qordimerin (CAR) "Sonuncu dayanacaq" hekayəsini təqdim edir.

“Hətta pişik də öz nəcisini ört-basdır edir, mənsə hər şeyi üstümdə gəzdirirəm”. Xəstəxanadan çıxandan sonra, həmin bir neçə həftə ərzində o, bir neçə dəfə bunları bərkdən söyləmək istəmişdi! Ona ərinin buna necə reaksiya verəcəyini təsəvvür etmək çətin idi. Doğrudanmı, onlar, o həddə çatacaqlar ki, bu mövzuda dilxoşluq edəcəklər? Bircə dəfə, qadının xəstələnməsindən xeyli əvvəl, onların söhbətində bu qurğu məsələsi ortalığa çıxmışdı. Həmişə olduğu kimi bir səhər onlar yataqda nazlana-nazlana, qəzetləri bir-birinə ötürərkən yeniyetmələr arasındakı işsizlik və fahişəlik barədə məqalə qadının diqqətini cəlb eləmişdi.

- İlahi! – Qadın ucadan dilləndi. - Sosial müdafiə qurumlarındakı bu sarsaqlar yeniyetmə qıza mədəsi kəsilənlər üçün kisəciklər hazırlayan fabrikdən savayı başqa uyğun iş tapa bilməyiblər, – təəccüblü deyil ki, bədbəxt qızcığaz küçəyə üstünlük verib.

Çoxdankı söhbətin yeni-yeni çalarları yaddaşında oyanırdı. Söhbət sənayeləşmənin qaçılmaz cığırdaşları olan məyusluq və qüssədən düşmüşdü. Erkən marksistlər bunu fəhlənin əməyə yadlaşması adlandırır və qürrələnirdilər (təsdiq edirdilər) ki, istehsal vasitələri fəhlələrin əlinə keçdikcə, o qeyb olacaq. Amma Sovetlər Birliyi və Çinin zavodlarında da (onlar bir zaman Pekinə birlikdə getmişdilər) əmək qərbdəki tək yeknəsəkdir. Çin fəhlələrinə, heç olmasa gündə iki dəfə ritmik gimnastika üçün on dəqiqəlik fasilələr ayrıırlar.
- Sən bunun xatirinə bir fincan çaydan keçərdin?

Qayğısız bazar gününün səhərində bir-biriylə dilxoşluq edərkən, xüsusi qurşaqda gəzdirilən və gənc fahişəni hürküdən rezin kisəcik də istənilən fəhlənin yaşam tərzi kimi onlardan uzaq idi.
Və budur, geyim altında etibarlı şəkildə gizlədilərək onun özünə də belə bir kisəcik asıblar.

O ayrıca yataq otağına keçdi; kişi hər şeyi sözsüz anladı. Qadına xəstəxanada bu qurğudan istifadə etməyi öyrətmışdılər. Bu, olduqca intim məsələydi - hətta onların hər ikisi üçün ümumi olan təbii ehtiyacın ödənilməsindən də xeyli intim. İndi isə, o öz nəcisi ilə yalqız qalmışdı. Həkimlər inandırırdılar ki, zaman keçdikcə qurğunu götürəcəklər. Biri vaxt qoydu – “altı həftə”, o biri isə - “ən çoxu, üç ay”. Altı həftə, yaxud üç ay başa çatınca onun orqanizminin funksiyaları bərpa olunacaq. Onun daxilindəki açıq yara bitişəcək. Qadın “əsaslı təmirdən sonrakı kimi yenidən sap-sağlam olacaq.

Yenə də musiqi məktəbində dərs deyə biləcək. Ürəyindən keçsə, o, işə indi də qayıda bilərdi – niyə də qayıtmasın? Başlıcası odur ki, özünü yormasın. Amma onun bunu etməyə qətiyyən həvəsi yox idi. O, dostlarının mərhəmət hissiylə başqalarının (o cümlədən, Britaniya kral ailəsinin üzvünün) buna oxşar durumların öhdəsindən necə gəldikləri barədə bitib-tükənməyən nağıllarına (“praktik olaraq, mükəmməl həyat sürürlər”) qulaq asmalı olurdu. O da, onların ağzını göyçək yalanın köməyi ilə yumurdu: mənə qalanda, bu, vur-tut altı həftə, uzağı üç ay çəkər; mənim uyğunlaşmağıma ehtiyac yoxdur.

Əri onun üçün son dərəcə gözəl iki Şərq xalatı aldı, özü seçmişdi - onun üslubunu və onun sevimli rənglərini unutmadan. O qədər məmnun qalmışdı ki! Qadın dərhal sezmədi: əri bunu ona görə etmişdi ki, bu şoğərib gözə dəyməsin. Qadın qonaqların qarşısında gah bu, gah da o biri xalatı nümayiş etdirəndə onlar heyran olurdular. Rənginin təravətinə görə onu “hiyləgər” adlandırırdılar. Kişi təsdiqləyirdi: o, doğrudan da çox sürətlə sağalır.

Aralarında söhbət oldu. Onlar əvvələr də bu mövzuda danışmışdılar, amma qeyri-müəyyən şəkildə. Uşaq söhbəti, qan qardaşlığı, nəhayətsiz eşq ritorikasının ünsürləri: “Sən məni sevirsən? Məni həmişə sevəcəksən? Əgər sağalmaz xəstəlik hansı birimizi yaxalasa, o birimiz ona əzab çəkməyə imkan verməz, düzdü?” Amma belə şey gerçək həyatda baş verəndə...Elə şey heç zaman olmur! Kim “sağalmaz xəstəliyi” müəyyən etməyə girişər? Qarant haradadır ki, indiki əzablar dönməzdir, canverməni uzatmağın mənası yoxdur? 20 yaşında bir qadının döşünü kəsib götürdülər, o isə hər həftə cıdıra gedir. O biri prostat vəzindən əməliyyata məruz qalıb və budur, üçüncü arvadıyla qoşalaşıb dostların kokteyl məclisində həzzlə ingilis arağı vurur!

Amma əməliyyat məqsədilə müayinədən keçmək üçün xəstəxanada yatmazdan əvvəl qadın andın möhkəmliyinə əmin olmağa macal və yer tapdı: “Əgər hər şey bəd...lap pis olsa...söz verirsən ki, əzablarıma son qoymaqda mənə yardım edərsən? Mən sənə görə bunu edərdim.”
Onlar yataq otağında qaranlıqda uzanmışdılar. Kişi sanki dilini udmuşdu, əlindən ancaq bu gəldi ki, ciddiyyətlə başını tərpədib çənəsi ilə qadına ağrılı şəkildə toxunsun. Andlarını qucaqlaşma ilə möhürlədilər .

Qadın əməliyyatdan sonra öz bədənindən sallanan borunu gördü. Onlar sağalmaqdan danışır, daha qanqaraldıcı şeyləri dillərinə gətirmirdilər–. Başqa yaralardan fərqli olaraq sağalmaq istəməyən yara, sanki bu haqda danışsan, o, dinc gün-güzəranı darmadağın etməyə qadir olan haram sevgi kimiydi. Onların baxışları rastlaşanda gülümsəməyə tələsirdilər. Hər necə olsa da, bu, dözülməz idi. Yalansız ötüşmək olmurdu. Gələn həftə, gələn ay, gələn il üçün bir-birinin gözünün içinə baxa-baxa yalandan quraşdırdıqları plan, gerçəkləşəcəyinə onların heç birirnin inanmadığı şəbəkə kimi gündən- günə toxuna-toxuna gedirdi.

Onların danışığında yalana bürünməyən söz qalmamışdı. “Ərzağı artıq gətiriblər?...Bir təyyarə də qaçırılıb...Bu kresloda sənin üçün rahatdır?...Seçkilər yaza təyin olunub...Təzə qədəhlər almaq lazımdır...Gedim, bir-iki məktub yazım... Deyinən, təzə kofe və kibrit gətirsinlər..Yaxın Şərqdə yeni böhran başlayıb...Pərdəni ört, gün gözümü çıxardır.. Gərək çərşənbə axşamı saçımı düzəltməyə gedəm...” Əgər o, qadının əlindən yapışırdısa, bu, ölümsüzlüyə yalançı inamın nümayişi idi. Yeri gəlmişkən, onlar üçün cismanilik (bədən) hər cür mənasını itirmişdi.

Təkcə bir şey qalırdı ki, öz təbiətinə görə yalan ola bilməzdi. Yeganə guşəydi ki, məhəbbət onunla nəfəs alırdı. Həyat xəyanət elədi, amma onunla əhdləşmə olmamışdı.

Çərşənbə axşamı nahardan sonra qadını gözəllik salonuna apardı, sonra maşınla ardıyca gəlib onu evə aparanda söylədi ki, o, çox gözəl görünür. O, ömründə ilk dəfə kompliment eşıdən bir qızın həyəcanıyla təşəkkür etdi. Qadın bu anda, əgər vahimə və ikrahı – ona olan inamı məhv edən hissi saymasaq, əməliyyatdan sonra ilk dəfə güclü həyəcan keçirdi. Axşam öz yataq otağında tək qalarkən gizlətdiyi dərmanları diqqətlə saydı və onları qəbul etməzdən əvvəl press-papyenin altına bir məktub qoydu: “Vədinə əməl et. Qoyma ki, məni yenidən həyata qaytarsınlar.”

O bunu həmişə, lap körpəliyindən dərin yuxu kimi təsəvvür edirdi - və daha heç bir şey. İlk dəfə isə bunu lap uzaq zamanlarda görmüşdü, hasarın dibinə düşən quşa çubuqla toxunsalar da gözünü açmamışdı. Amma yuxunu ayılandan sonra anlayırsan, elə isə... Qadın əcəl qarşısında vahimələnmirdi, amma onu qorxudan bu dərin yuxunun yarıda qala bilməsiı idi... Göz qapaqları işıq süzülən çəhrayı pərdəyə döndü. O, gözlərini açdı və xəstəxana palatasının işıqlı divarlarını gördü. Əlinə yad bir əlin dəydiyini hiss etdi. ONUN əliydi.

TƏRCÜMƏ EDƏNİ: Sərraf Talıb

CİVİL AZERBAİJAN təqdim edir: Nadin QORDİMER - "Sonuncu dayanacaq"

Geri qayıt