Əsas Səhifə > Elm və Kültür > Musiqili Teatrın Lənkəran səfəri uğurlu olub

Musiqili Teatrın Lənkəran səfəri uğurlu olub


2-06-2017, 14:05.
title}
Musiqili Teatrın Lənkəran səfəri uğurlu olub


Azərbaycan Dövlət Musiqili Teatrı Lənkəranda qastrol səfərində olub.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu SİVİL.AZ-a bildirib ki, yaradıcı kollektiv şəhər Mədəniyyət Mərkəzinin səhnəsində Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyasını nümayiş etdirib. Anşlaqla keçən tamaşa böyük coşqu və marağa səbəb olub, lənkəranlı sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb. Səhnə əsərini yerli sakinlərlə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayon təşkilatlarının rəhbərləri də izləyiblər.

Tamaşadan sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yaradıcı kollektivlə görüşüb. “İnanıram ki, sizin bu uğurlu çıxışınız uzun müddət lənkəranlıların xatirəsindən silinməyəcək. Bizlərə bu xoş, unudulmaz anları yaşatdığınıza görə teatrınızın direktoru Əliqismət Lalayev başda olmaqla bütün kollektivinizə təşəkkürümü bildirmək istəyirəm”, - deyə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov söyləyib.

Qeyd edək ki, tamaşada rolları Azərbaycan Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Novruz Qartal, aktyorlar Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa ediblər.
Geri qayıt