Əsas Səhifə > Elm və Kültür > CİVİL AZERBAİJAN təqdim edir: Çingiz AYTMATOV - "Köçəri quşların ağısı"

CİVİL AZERBAİJAN təqdim edir: Çingiz AYTMATOV - "Köçəri quşların ağısı"


12-08-2017, 14:10.
title}
CİVİL AZERBAİJAN təqdim edir: Çingiz AYTMATOV - "Köçəri quşların ağısı"


CİVİL AZERBAİJAN Çingiz AYTMATOVUN "Köçəri quşların ağısı" hekayəsini təqdim edir.

... Ov itləri, nədənsə, atlıların dəstə ilə yola çıxmasını xoşlayırlar. Qarışıq halda yola çıxan alaydan geri qalmayan itləri nə qədər qorxutsalar, geri qovsalar da, xeyri olmurdu. Onlar inadkarcasına geri qalmamağa çalışır, uzaqbaşı qorxudan kənara çəkilirdilər. Qəribə heyvandırlar bu itlər - onlara geniş çöl ver, adamla dolu, səs-küylü meydan ver, fərqi yoxdur, sanki bundan ötrü yaranmışlar. Yəqin, ona görə ki, ov itidirlər...

Eleman itinin arxasınca gölə qədər qaçmalı oldu. O, qardaşı Turmana ikiyaşar cöngəni bağlamaqda kömək edirdi. Buğa hüzr yerində kəsilməliydi. Tazı - adı Uçar idi - fürsətdən istifadə edib dəstənin arxasınca qaçır, otları iyləyir, kolların ətrafına fırlanır, hürür, adamları yola düşməyə tələsdirirdi. Eleman onu nə qədər səsləsə də, aldatmağa çalışsa da, xeyri yox idi. Ağılsız it heç vəchlə başa düşmək istəmirdi ki, onlar ova getmirlər. Adamlar başqa aula - Almaşın qəfil ölmüş on yeddi yaşlı bacısının hüzr məclisinə gedirdilər.

Çaparların - istər at, istərsə də qatır minmiş dəstənin içində sürətlə çapan bircə nəfər də cigit yox idi. Yazıq it haradan biləydi ki, həmin gün bütün kişilər, ən yaxşı atlar, silah tuta bilən bütün İssık-göl ətrafı qırğızları bu doğma dağlardan çox uzaqdadırlar, buradan üç günlük məsafədə yerləşən Talçuy vadisində qəfil hücum edən cunqarların ordusu ilə döyüşə getmişlər. Aradan beş gün keçsə də, Talçuy vadisindən heç bir xəbər yox idi. İt ki, it... belə bir anda ova getmək kimin ağlına gələ bilərdi? Halbuki bütöv bir xalqın taleyi hazırda bir tükdən asılı idi.

Əslinə qalsa, adamların kədərlənməsi, müharibə xofu, həyəcan və ölümü, ümumiyyətlə, onların qayğıları itin nə vecinəydi. Onu yalnız heyvanların - tülkü və ya dovşanların arxasınca qaçmaq maraqlandırırdı. Belə vaxtlarda atlanmış insanların özləri də itlər kimi amansız olur, ovlarını təqib etməkdən usanmaq bilmirlər.

Səbirsizlikdən zingildəyərək gah dala-qabağa qaçan, gah da kəsik-kəsik hürüb bütün hərəkətləri, oyur-oyur oynayan gözləriylə adamları tələsməyə çağıran Uçar heç cür Elemana ram olmaq istəmirdi. Bu qara ov iti atlıların çaparaq onun dalınca gəlməsini, üzən¬gidə dayanaraq qəh-qəhə çəkməsini, bu zaman yara¬nan səs-küydə qüvvətlə uğuldayan küləklə birgə hə¬yatın qaynayıb qarışmasını istəyirdi. O, hələ də onları çağırırdı...
Ancaq yox!

Bu adamlar - onlara qohumluğu çatan Senirbayevlərin gəlini Almaşın kədərə qərq olmasından məyus olmuş qoca kişi və qarılar öz qohumluq boqcunu yerinə yetirərək hüznlü halda susur, Uçara gözucu belə baxmırdılar. Bu narahat, təhlükəli vaxtda canını dişinə tutaraq hüzrə getmək, bacısı vaxtsız vəfat etmiş gənc gəlinə görə deyil - o, cəmi yarım il əvvəl Senirbayevlərin evinə gəlin gəlmişdi - hazırda Talçuyda döyüşən gənc əri Koyçumana hörmət əla¬məti idi. Ən başlıcası isə kiçik və yoxsul Bozoylar nəs¬linin qüruru, mahir yurt ustası Senirbaya görə gedirdilər.

Üç gün idi ki, Senirbay ürək ağrısından əziyyət çəkirdi. Bu mərəz ona çoxdan əziyyət verirdi. Və birdən qudalarından on yeddi yaşlı - anadan bir, atadan ayrı gəlinlərinin bacısı Uulkanın günün-günorta çağı lapdan öldüyünü eşidəndə Senirbay özü tələsik matəm mərasiminə getmək istəmişdi. Bunu qohumluq borcu, adət tələb edirdi. O, şubasını geyinib həyətə çıxdı. Yəhərlənmiş at onu gözləyirdi. Yeniyetmə oğlanları Eleman və Turman əlindən tutub onu ata oturtmaq istədilər. Amma ürək ağrısı ona ayağını üzəngiyə keçirməyə imkan vermədi, zorla atın yalından yapışıb inildədi, müvazinətini itirsə də, yıxılmadı.

Əvvəllər olduğu kimi Kertolqo-zayip yenə də rəhbərliyi əlinə aldı. O, lazım gələrsə cəsarətlə hərəkət etməyi bacarırdı. Kertolqo-zayip oğulları ilə birgə əri¬ni dülgər yurtuna aparıb yatağa uzadaraq Senirbaya dedi:
- Usta, qudangilə yasa gedə bilmədiyinə görə Allah səni bağışlayar. Bu işi mənim öhdəmə burax. Səndən sonra bu ailənin böyüyü mənəm. Onsuz da əvvəl-axır Bozoylar nəslinin böyük anası mən olacağam. Əgər bozoyIarı ağıya mən çağırsam, qudalar inciməzlər. İndi heç incimək vaxtı da deyil. Bir Allah bilir, hazırda Talçuyda nə baş verir, cigitlərimizin vəziyyəti necədir: qələbə çalıblarmı, şəhid olublarmı, heç bir xəbər yoxdur. Özün görürsən ki, hamı vahimə içindədir. Sən sağalmağınçün Allaha dua et! Orada, qanlı çarpışmalarda olanlar barədə fikirləş! Özünü qoru! Sən Bozoyların ən hörmətli adamısan. İcazə ver, bu acı mərasimə mən qatılım. Sən isə tərpənmə, uzan. Eleman səninlə qalacaq, biz isə hamımız gedəcəyik...

Sifəti ayazımış, alnını soyuq tər basmış Senirbay uzanılı halda astadan dilləndi:
- Haqlısan, arvad. Mən gedə bilmirəmsə, sən özün get. Bütün Bozoy nəslini topla. Qoy bizim Almaş özünü orada tənha hiss etməsin. Ucadan ağı deyin, qoy ətrafda hamı eşitsin ki, siz də ağlayırsınız. Qoy sizin harayınız onların kürəkəni, bizim oğlumuz Koyçumanın, mən xəstənin orada olmadığını hamıya unutdursun. Qoy hamı bilsin ki, müharibə yaxında olsa da, ölənləri ağlamağa, dəfn eləməyə qüvvəmiz çatar. Nə qədər ki, biz insanlar...

Kiçik Bozoy nəslinin üzvləri - qocalar, qadınlar, uşaqlar hüzr yerinə - dəfn mərasiminə bu cür gedirdilər. Həmin vaxt elə bir adam tapmaq olmazdı ki, cunqar oyratları ilə döyüşün taleyi barədə fikirləşməsin: görəsən, orada - Talçuy vadisində vəziyyət necədir? Axı niyə heç bir xəbər yoxdur? Niyə heç kəs həç nə bilmir? Cigitlər öz nəsillərinin şərəfini qorumaq üçün bu döyüşə yollandılar.

Eleman Uçara çatıb xaltanı boynuna keçirincə, xeyli tər tökməli oldu. Yoxsa it dəstə ilə birlikdə çıxıb gedəcəkdi. Uçar xaltada da sakitləşmək bilmir, qaçıb getmək istəyirdi. Amma onu heç cür buraxmaq olmaz¬dı, qonşu auldakı itlər yığışıb axırına çıxacaqdılar. Buna heç bir şübhə ola bilməzdi.
Eleman dayandı, bilmədi ki, nə etsin: axı dəfnə gedənlərə «yaxşı yol» demək düzgün olmazdı. O, özünü itirmiş halda dayanmışdı. Yəhərdə oturan ana¬sı qəfil cilovu çəkib ona tərəf çevrildi:
- Nə durmusan burda, tez evə get, - deyə astaca dilləndi. - Atana yaxşı bax, eşitdin, ondan bircə addım da uzaqlaşma.

Eleman razılıq əlaməti olaraq başını tərpətdi. Anasının qocalmış gərgin, qırışlı çəhrayı üzünə baxdı: o, anasını heç vaxt belə qayğılı görməmişdi.
Anacan, bizdən ötrü narahat olma, mən daha balaca deyiləm. Nə lazımdırsa, eləyərəm, atamı gözdən qoymaram. Keşkə bizim Koyçuman yəhərdə uzadılmış halda deyil, ayağı üzəngidə qayıdaydı. Qoy bütün cigitlərimiz yük kimi yox, at belində qalib kimi qayıtsınlar. Mənə və atama görə isə fikir eləmə, hər şey ürəyincə olacaq, anacığım.

Kertolqo-zayip sonbeşiyini dinləyərkən qəfildən ürəyi sancdı: görəsən, indi Koyçuman necədir? Sağdırmı, yoxsa oyrot nizələriylə dəlmə-deşik edilib? Sabah onları nə gözləyir, başlarına nə iş gələcək, bəs xalqın taleyi necə olacaq?
Bu dəhşətli fikirlər ananı əndişələndirdi.

- Qaç, oğul, aula qaç, səni də, atanı da Tenqri Allaha tapşırıram. - Bir qədər irəliləyib, yenidən dayan¬dı. - Evə çatan kimi həmin o otdan atan üçün dəmlə¬yərsən...
- Baş üstə, - Eleman onu əmin etdi.
Sonra anası dərmanın hazırlanma qaydalarını ətraflı izah etdi.
- Eleman, məni anladınmı? - Kertolqo-zayip əmin olmaq istədi.

Hər şeyin qaydasında olduğunu biləndən sonra, sahil boyu uzaqlaşan yolçuların ardınca çapmağa başladı. Lakin ətrafa göz gəzdirərək yenidən dayanaraq atdan düşdü:
- Eleman, yaxın gəl, - o, oğlunu çağırdı. - Yüyəni tut, mən ibadət etmək istəyirəm. Getdik.

Bu sözlərdən sonra, o, üzünü gölə tərəf çevirdi. Tələsmədən, ehtiramla suya yaxınlaşdı. O, aşıb-daşan dalğaların yuduğu təmiz, qırmızımtıl sahil qumunun üstü ilə addımlayırdı. Başındakı ağ çalma sifətini çənəsinədək örtsə də, qocaldığı sezilirdi. Buna baxmayaraq, o, yenə də təravətli və gözəl görünürdü. Canı hələ sulu, qaməti düz idi. Gəlini Almaş gələnəcən evin bütün işlərini özü görürdü. Evdə dörd kişi vardı - əri və üç oğlu. Gündəlik ev işlərində isə onlardan heç bir xeyir yox idi. O, həyəcanlı halda quma ayaq basdıqca, adi, gündəlik qayğılarını unudurmuş kimi sakitcə gölə tərəf yeriyirdi. Suyun mavi, zərif parıltısı uzaqlarda daha da tündləşir, xəyali, ağ dağ silsiləsinin zirvələrində ilğıma bənzəyən buludlar sürünürdü. Bu, insan ağlının qəbul etmədiyi, ancaq onunla yaşayan, ondan asılı olan əsrarəngiz dünya idi. Bu dünya Allah kimi hər şeyi bəxş etməyə qadir idi. Sanki torpağa çevrilən Allahın özü idi bu dünya.

Kertolqo-zayip xırda, dənəvər çınqıllarla dolu ləpələrin çırpılıb köpükləndiyi sahilin lap qırağında dayandı. Bir əliylə itin xaltasından, o biri əliylə isə atın cilovundan yapışan Eleman da onunla idi. Kertolqo- zayip dizi üstə çökdü. Oğlu da onun hərəkətini təkrar elədi. Ana astadan dua eləməyə başladı:
- Ey İssık-kul, sən torpağın gözüsən, həmişə göylərə baxırsan. Sənə, heç zaman donmayan, əbədi İssık- kul, sənə müraciət edirəm. Mənim dualarımı taleyimizin ağası, göylər Allahı Tenqriyə çatdır.

Ey Tenqri, bu ağır günlərdə, düşmən oyratlarla müharibədə bizə güc, qüvvət ver! Dağlarda, çöllərdə-çəmənlərdə mal-qara otarıb, bəxş etdiyin nemətlərlə dolanan altı nəsilli qırğız xalqını hifz elə. Qoyma ki, bizim ocaqlarımız oyrat atlarının tapdağı altında qalsın. Ədalətini əsirgəmə, bu açıq döyüşdə qələbəmizə yardımçı ol. Orada, dağların arxasında - Talçuy vadisində nə baş verir? Döyüş meydanından nə bir xəbər, nə də gələn var. Gözlərimizin kökü saralıb, həyəcandan ürəyimiz qanla dolub. Görən, oralarda nələr baş verir? Bəs sabah bizi nə gözləyir? Özün qoru döyüşə gedənləri, Tenqri Allahım, özün qoru! Onları dəvənin üstündə bükülmüş halda yox, at belində, yəhər üstündə bizə qaytar! Eşit məni, Tenqri, mən üç oğul anasıyam...

Eleman dizi üstə oturmuşdu. O, böyük gölün sanki canlı kimi nəfəs almasına, dalğalı köksünün qalxıb-enməsinə tamaşa eləyirdi. Göl sakit idi. Yalnız üzündə xırda ləpələr vardı. Uzun sürən qışdan sonra, erkən yazda İssık-kulun sahilləri çılpaq səhranı xatırladırdı. Tusan ağacları yarpaqsız, otlar sarı və quru, aullar isə tüstüsüz idi. Nə çaparlar, nə köçərilərin karvanı, nə də otlayan sürülər gözə dəyirdi. Amma İssık-kulda qışlamış köçəri quşlar baharın gəlişini, yeni ölkələrə uçacağı anı hiss edib böük dəstələrlə gölün üzərində dövrə vurur, qatarlanır, sürətlə qanad çalaraq dağların ətəyi boyunca uzaqlaşırdılar. Önların həyəcan dolu səs-küyü ətrafı bürümüşdü.

Budur, qırmızı pəncəli boz qazların alayı lap yaxından hay-küylə uçub getdi. Onlar o qədər alçaqdan uçurdular ki, nəinki çıxartdıqları müxtəlif səslər, hətta qanadlarının ahəngdar şappıltısı belə eşidilirdi. Eleman səbrlə gölün üzərində dövrə vuran köçəri quşları seyr edirdi. O, sübhəsiz, onların qaz, ördək, qu quşu, yaxud uzunayaq qızılı flaminqo olduğunu deyə bilməzdi. Onlar həm çox uzaqdan, həm də çox yüksəkdən uçurdular, səsləri isə gah aydın, gah da zəil gəlirdi. «Deməli, bu gün-sabah uçub gedəcəklər» - o qət etdi.

Anası isə elə hey ibadət edir, qəlbində yığılmış bütün istəklərini hərarətlə göylər Allahı Tenqriyə ünvanlayıb yalvarırdı: təki tanrı onun əri, mahir yurt ustası Senirbaya aman versin, köksündəki ağrılar birdəfəlik çəkilib getsin.
- Ey ulu Tenqri, usta atamızı özün qoru! Bizim diyarda elə yurt tapılmaz ki, orda onun əlinin izi olmasın. Ömrü boyu nə qədər tikili ucaldıb bu mahir usta. Axı hamıya ev lazımdır: cavana-qocaya, varlıya-kasıba, qoyunotarana, at sağıcısına da.
Kertolqo-zayip həmçinin xahiş etdi ki, Allah ona ömür versin ki, nəvə görsün, nəvə böyütsün.
O, elə hey dua edirdi... Azmı dərdi var insanın...

Böyük mavi göl isə qarlı qayaların, dağların arasından gözlərini sakitcə göyə zilləmişdi. Gölün canlı orqanizm kimi qalxıb-enən suları diyirlənib tutqun dərinliklərə axaraq böyük, güclü dalğalar yaradır, sonra həmin dalğalar heç nədən ölüb gedirdilər. Gecə tufan qoparmaq üçün göl sanki indidən toparlanır, daxili hazırlıq görürdü.
Hələlik isə yaz günəşinin şüalarına qərq olmuş tər¬təmiz gölün geniş, aydın səmasında köçəri quşlar halay vurur, qışqırıq salır, tezliklə özgə diyarlara yola düşəcəklərini hiss edib həyacanlarını boğa bilmirdilər.

Anası isə daha qızğın, daha ürəkdən ibadət edirdi:
- Səni ananın bəyaz südünə and verirəm, Tenqri, eşit, eşit mənim sözlərimi! Biz sənin Yerdəki gözün, müqəddəs İssık-kula gəldik ki, Sənə müraciət edək: Ey talelərin böyük hakimi, göylər Tenqrisi! Bax, bu mənəm, yanımda dayanan isə sonbeşik oğlum Elemandır. Bundan sonra doğub-eləyən deyiləm. Daha dünyaya nə yaxşı, nə pis insan gətirməyəcəyəm. Səndən xahiş edirəm, sonbeşiyimə atası Senirbayın istedadını, ustalığını əta elə - o, özü də bu sənətə meyl edir... Eleman həm də qardaşı Koyçuman kimi «Manas» söyləyən olmaq istəyir. Sən onu rədd etmə. Hər şeydən qabaq sən ona ulu Sözün gücünü ver. Qoy Söz onun qəlbində ağac kimi kök atsın. Qoy nəsillərdən nəsillərə gələn Sözü uşaqları, nəvələri üçün qoruya bilsin. Sən sonbeşiyimə elə güc, elə qüdrət ver ki, o, əcdadlarımızın qırğız kimi tanındığı vaxtda yaratdığı Sözü yaddaşına həkk edə bilsin...
Mən üç uşaq anasıyam, Tenqri, eşit dualarımı, eşit! Həmişə bizimlə olan bu dilsiz heyvanlar, ovda tayı-bə¬rabəri olmayan, oğlumun sağ tərəfində dayanan itimiz Uçar, hər il balalayan kürən yallı madyanımız - hamımız səndən xahiş edirik...

Anası astaca dua etsə də, Elemana elə gəlirdi ki, onun səsi dalğa-dalğa ətrafa - gölün eninə-uzununa, uzaq sahillərinə qədər cəzbedici, hərarətli bir şəkildə yayılır, ətraf dağlardan həyəcanlı bir əks-səda ilə geri qayıdırdı: «Eşit məni, Tenqri, eşit, eşit...»

Anası ata minib gölün qırağıyla kiçik bir dəstə ilə uzaqlaşan yolçuların arxasınca çapmağa başladı. Eleman Uçarın xaltasından yapışıb xeyli dayandı. O hələ bilmirdi - çünki kifayət qədər uşaq idi - ömrü boyu dəfələrlə bu günü - anasının Gölün kənarındakı ibadətini həm sevinc, həm də kədərlə xatırlayıb ağlayacaq, taleyinə minnətdar olcaqdı ki, anasının etdiyi dualar ulu Tenqriyə çatıb. Xalq Elemanı məşhur «Manas» söyləyən kimi tanıyaraq, ildırım kimi gurultulu manasçı Eleman çağırıcaqdı. O, hələ bilmirdi ki, gənclik illəri oyrat zülmünün tüğyan etdiyi dövrə təsadüf edəcək. Adamlar «Manas»ı dinləməkçün uzaq, xəlvət dərələrdə yığışacaqlar. O, hələ heç ağlına belə gətirmirdi ki, hər dəfə «Manas»ı söyləməyə başladığı zaman öz dastançı oğlunu gizlətdiyi üçün, Gölün qırağında dua edən zaman oyratlar tərəfindən öldürülən anası yadına düşəcək.

Buna görə də, müqəddimədəki gizli fikirlər qəlbində ruh yüksəkliyi yaratmaqla əcdadlarının yaratdığı Sözün gözəllik və dərinliyindən təsəlli tapacaqdı. Çünki bu sətirlərdə xalqın ölməzliyi tərənnüm edilirdi. Amma o, hələ bilmirdi ki, nəfəs almağa belə qorxan adamlara «Manas»ı xatırlatmaq onun qismətinə yazılıb:

«Ey qırğızlar, bizim aramızda ən böyük olan haqqında - Manas haqqında olan bu dastanı eşidin.
O günlərdən bu günlərədək saysız-hesabsız gecələr bir-birinin ardınca qum kimi axıb getdi gedər-gəlməzə. İllər və əsrlər karvanı izsiz-tozsuz getdi uzaqlara. O vaxtlardan dünyaya nə qədər insan gəlibsə, bir o qədər də daş peyda olub. Bəlkə bir az da çox. Bunların arasında böyük adamlar da olub, kiçiklər də. Xeyirxahlar da olub, pislər də. Dağabənzər pəhləvanlar, pələngəbənzər ba¬tırlar, hər şeydən agah müdriklər, bacarıqlı ustalar, bö¬yük saylı xalqlar da olub. Onlar çoxdan yoxa çıxıblar, ancaq adları yaddaşlarda qalıb.

Dünən olan - artıq bu gün yoxdur. Bu dünyada hər şey gəldiyi kimi də yox olub gedir. Bu düyada təkcə ulduzlar daimidir. Daim Ayın işığında öz yollarına hakim¬lik edirlər. Əbədi Günəş Şərqdən ucalır. Qaradöşlü Yer isə özünün daimi məkanındadır. Yerdə yalnız insanın yaddaşı hər şeydən uzun yaşayır. İnsana isə çox qısa vaxt ayrılıb - qaşlar arasındakı məsafə qədər. Lakin in¬sandan insana keçən fikir ölməzdir, lakin nəsillərdən nəsillərə keçən Söz əbədidir...

O vaxtdan bu günə kimi Yer öz simasını dəfələrlə dəyişib. Dağ olmayan yerlərdə nəhəng dağlar ucalıb, dağlıq olan yerlər quru düzənlərə dönüb. Dərələr xəmir kimi birləşib, çayların sahilləri bir-birinə qovuşub. Bununla belə, yağışın yuması nəticəsində yeni yarğanlar, dərələr yaranıb. Ordakı dünya yaranan gündən dənizin mavi dalğaları oynaşardı. İndi həmin yerlərdə qumlu səhranın susqun ənginlikləri durur... Şəhərlər ucaldılıb, xarabazara çevrilib. Köhnə divarların üstündə yeni divarlar tikilib... O günlərdən bu günlərə Sözdən Söz doğulub, fikirdən fikir doğulub, mahnı mahnıyla çulğaşıb, olmuşlar dastana çevrilib. Qırğız soylarının çoxsaylı düşmənlərə qarşı müdafiəsində dayağa çevrilən Manas və oğlu Semetey haqqında dastan da bizə belə gəlib çatıb...

Bu dastanda biz ata-babalarımızın səsini yenidən diriltdik. Bu dastanda biz həmçinin çoxdan uçmuş quşların pərvazlanan səsini, at dırnaqlarının tappıltısını, döyüşən batırların nərəsini, həlak olanlara ağını, qaliblərin qələbə çığırtısını eşidirik. Bu qədim Sözdə dirilərin gözü qarşısında keçmiş həyat yenidən canlanır; dirilərin şərəfinə, dirilərin şəninə...
Gəlin nəhəng Manas və onun igid oğlu Semetey haqqında dastanımıza başlayaq - dirilərin şərəfinə, dirilərin şəninə...”

Uşaqcığaz hələ bilmirdi ki, o, xalqının cunqarların zülmü altında inildədiyi bir dövrdə Allahın köməyi ilə haqqın carçısı olacaq. O bilmirdi ki, düşmən onun başına min seçmə at dəyərində qiymət qoyacaq. Xəyanət nəticəsində qızmar qazax çölündə cismi parçalanmış, gözləri çıxarılmış halda həlak olacaq. Və qan içində susuzluqdan can verdiyi sonuncu anlarında bu günü, bu saatı, anasının səcdə qıldığı bu Gölü, uzaq diyarlara hazırlaşan bu quşları yadına salacaq. Hər şeyin həqiqət olduğuna inanaraq “Ana” qışqırıb öləcək. Bütün bunlar hələ qarşıda idi - şöhrət də, mübarizə də, ölüm də...
İndi isə o, anasının dua etdiyi yerdə - İssık-kulun sa¬hilində dayanmışdı. Uçarın qayışından bərk-bərk tutmuşdu ki, əlindən çıxaraq artıq gözdən itməkdə olan dəstənin ardınca qaçmasın. Birdən xəstə atası yadına dü¬şüb tələsdi.

⃰ ⃰ ⃰

- Getdik, Uçar, getdik! - o, əmr verib sahilə yaxın dağların arasında yerləşən aula sarı getməyə başladı. Göldən uzaqlaşdıqca, o, yenə də arxadan həmin quş dəstələrinin narahat səs-küyünü, çığırtısını eşidirdi.

Həmin gecə səhərə yaxın yurt ustası Senirbay kiçik oğlu Elemanın gözü qarşısında vəfat etdi. Atasının son nəfəsdə artıq ona tabe olmayan diliylə, xırıltılı səslə söylədiyi sözləri, demək olar ki, ayırd etmək mümkün deyildi. Ağlaya-ağlaya atasının başı üzərinə əyilən oğlan ton¬qalın işığında onun dodaqlarının tərpənişindən nə dedi¬yini hiss etdi. O, cəmi iki sözü tutdu:
- Hə... Talçuy.

Və bu sözlərin mənasının anlayıb dodaqlarını dişləyərək ağladı, özünü saxlaya bilməyib ucadan hönkürərək qışqırdı:
- Yox, ata, heç bir xəbər yoxdur! Mən səni aldada bilmərəm! Heç nə məlum deyil. Mən burda təkəm. Eşidirsənmi? Mən qorxuram. Ölmə, ata, ölmə. Anam tezliklə qayıdacaq, anam tezliklə qa-yı-da-caq...

Oğlunun sözləri ölən atanın şüuruna çatdımı - bunu heç kəs deyə bilməzdi. O, həmin andaca gözləri açıq halda canını tapşırdı. Bu zaman ölümün ildırım sürətli kölgəsi atasının üzünə yad və qorxunc ifadə verdi. Oğlan dəhşətlə yurtdan bayıra atıldı, heç nə anlamayaraq qorxu və ümidsizlik içində yurtdan uzaqlaşmağa başladı. O ağlayıb çığıraraq harasa qaçır, Uçar da qorxudan quyruğunu qısıb sahibindən geri qalmamağa çalışırdı. Eleman yalnız Gölün coşub-daşan sahilinə çatanda özünə gəldi. Birdən donub qaldı. Bu gecə İssık-kul qəzəbli idi. Burum-burum qaynayan, şahə qalxan dalğaları sakitləşmək bilmirdi. Yuxarıdan Elemanın qulağına arası kəsilməyən müxtəlif səslər gəldi. O, başını qaldırıb işıqlanmağa başlayan boz səmada intəhasız sayda quş dəstəsi gördü. Saysız-hesabsız quşlar Gölün üzərində dövrə vurub irəlidəki dağ silsiləsini aşmaq üçün yuxarı qalxırdılar. Budur, onlar son dövrəni vuraraq çay kimi uzanıb lap yüksəklərə uçdular. Sonra Boom dərəsinə, aşırımdan o taya, Talçuya tərəf istiqamət aldılar. Oğlan başa düşdü ki, onlar lap uzağa, həm də uzun müddətə uçurlar. Talçuy vadisi isə onların yolları üstündədir. Vadidən o yana uzaq, yad ölkələr başlanır. Canını dişinə tutub var gücüylə qışqırdı:
- Atamız öldü! Qardaşım Koyçumana çatdırın - atamız öldü! Atamız öldü, öldü, öldü!..

⃰ ⃰ ⃰

Biz dağların üstüylə xeyli uçduq. Aşırımda güclü külək tutqun, acıqlı buludları topa-topa üstümüzə qovurdu. Əvvəlcə yağış çilədi. Ardınca qar yağdı. İslanmış qanadlarımız buz bağlamağa başladı. Uçmaq çətinləşdi. Dəstəmiz geriyə döndü - arxamızca da başqa dəstələr. Yenidən Göl üzərində dövrə vura-vura daha yüksəyə qalxıb yola düzəldik.bu dəfə dağlardan, buludlardan da yuxarıda uçub səhəri, günəş şüalarını arxada buraxdıq. Biz aşırımı adlayıb aşağıda - uzaqlarda uzanan geniş Talçuy vadisini gördük. Böyük çöllərə gedib çıxan bərə¬kətli Talçuy vadisi başdan-başa günəş işığına qərq olmuşdu, torpaq otlardan göyərmişdi, ağacların tumurcuqları bala gözləyən madyanların qarnı kimi şişmişdi.

Çuy çayı parıldayaraq qıvrıla-qıvrıla vadinin ortası ilə axırdı. Səmadan vadini həsrət dolu səsimizlə salamlayır, çay boyunca yavaş-yavaş aşağı enib yerə yaxınlaşırdıq. Axı bizim - quş karvan yolunun ilk dayanacağı bura, bu qamışlı körfəz idi. Burda istirahət etməli, çinədanımızı doldurmalı, yenidən yolumuza davam etməliydik. Fəqət adi sığınacağa enmək bizə qismət deyilmiş.

Quyruq və qanadlarımızla hərəkətimizi dayandırıb sevimli körfəzimizə dəstə-dəstə enmək istəyərkən, aşağıda insan qırğınının şahidi olduq. Bu, çox dəhşətli mənzərə idi. Saysız-hesabsız adamlar - minlərlə atlı, minlərlə piyada burada, bizim körfəzdə qırğına çıxmışdılar. Vəhşi qışqırıqlar, gurultu və uğultu, haray-həşir, zingilti və inilti, kişnərti və xorultu ətrafa yayılırdı. Geniş bir sahədə qanlı döyüşə atılan adamlar bir-birini qırırdılar. Gah əllərində nizə dəstə ilə qışqıra-qışqıra qarşı-qarşıya gəlir, gah da toqquşaraq bir-birlərini yerə yıxır, bir-birlərini atla tapdalayırdılar. Bəzən isə hərə bir tərəfə üz tutur, kimisi qaçır, kimisi də qovurdu. Digərləri qamışlıqda xəncər və qılıncla vuruşurdu. Boğazlar kəsilir, qarınlar yırtılırdı. İnsan və at meyitləri dağ kimi ucalmışdı. Çoxlu sayda meyit geniş körfəzdə suyun qabağını kəsir, qırmızı rəngə boyanmış su laxtalanmış qan tikələrini aparır, at dırnaqları qan qarışıq suyu qanlı horraya çevirirdi.

Dəstələrimiz qorxudan bir-birinə qarışdı. Səmada hay-küy başladı. Sıralarımız pozuldu. Biz - qorxmuş quşlar göydə qarışıq buludlar kimi dövrə vurmağa başladıq. Uzun müddət özümüzə gələ bilmədik, bir-birlərini öldürən bu bədbəxt insanların üzərindən xeyli uçduq. Çətinliklə dəstəmizi toparlaya bildik. Bir xeyli vaxt sakitləşə bilmədik. Orada düşərgə salmaq üçün yerə enə bilmədiyimizdən bu lənətlənmiş yeri tərk edib irəli getməyə başladıq.

Köçəri quşlar, bağışlayın! Bütün olanlara görə, olacaqlara görə bağışlayın! Nə mən izah edə bilərəm, nə də siz məni anlaya bilərsiniz. Niyə insanların həyatı belə qurulub, niyə bu qədər ölən, öldürülən var yer üzündə... Yolu tərtəmiz ənginliklərdən keçən səma quşları, bağışlayın, Allah eşqinə, bağışlayın...

Döyüşdən sonra leşyeyənlər orada bayram edirdilər. Çinədanlarını qusana qədər doldurduqları üçün qanadlarını tərpətməyə heyləri qalmamışdı. Savaşdan sonra çaqqallar orada məclis qurmuş, o qədər meyit yemişdilər ki, qarnı üstə sürünürdülər.

Uçun, bu dəhşətli yerlərdən, uzaqlara uçun.

⃰ ⃰ ⃰

Təbiət yarandığı gündən belə qurulub: hər dəfə vaxt yetişəndə - nə gec, nə tez - quşlar uzaq yerlərə getmək üçün havaya qalxırlar. Onlar hökmən köçürlər. Ancaq özlərinin bildiyi və heç vaxt dəyişilməyən yollarla dünyanın bir başından o biri başına və əksinə uçurlar. Gecə-gündüz, ildırımda-tufanda yorulmadan qanad çalır, hətta uçuş zamanı yatırlar, belə. Bu canlıların mahiyyəti belədir, bu təbiətin qaçılmaz qanunudur. Hər il quş karvanları yuva qurub bala çıxartdıqları böyük çaylara uçurlar. Payızda isə böyümüş, bərkimiş balaları ilə cənuba qayıdırlar - nə əvvəli bilinir, nə axırı...

Bax, neçə gündür ki, fasiləsiz uçuruq. Torpaqdan uzaq elə ucalıqda uçuruq ki, burada buz kimi küləklər uğuldayır intəhasız çaylar kimi. Bu çay - zaman çayı ucsuz-bucaqsız Kainatda gözə görünmədən harasa naməlum bir yerə axır, heç kəsə də məlum deyil ki, hara?
Bizim boynumuz ox kimi gərgin, bədənimiz isə ürək kimi yorulmazdır. Biz hələ çox uçmalıyıq - qanad çalın, qanad çalın...

Biz uçduqca elə hey yuxarı, yuxarı qalxırıq. O qədər qalxırıq ki, dağlar yastı görünür. Sonra dağlar da, yerin özü də görünməz olur. Hər şey şəklini itirir: Asiya hayandadır, Avropa hayanda? Okean hansıdır, torpaq hansı? Ətraf elə boşdur ki, sahilsiz Kainatda təkcə bizim kürə çöldə azmış dəvə balası kimi sakit-sakit yırğalanır, yavaşca üzüb anasını axtarır. Axı hanı o, - o - ana dəvə haradadır? Hanı bu torpağın anası, hanı bütün torpağın anası? Cavab yoxdur! Təkcə külək uğuldayır bomboş yüksəkliklərdə. Əsən külək. Və yer yavaşca üzür və yırğalanır. Elə bil yetim uşaqdır, elə bil uşaq əmgəyidir. Yer nənnidir, yer beşikdir, yırğalanır...

Görəsən, bu qədər xeyirxahlıq ona necə sığışır, bu qədər yamanlıqlar necə bağışlanır? Bu qədər xeyirxah¬lıq ona necə sığışır? Bu qədər yaman işlər necə bağışlanır?

Yox, bağışlamaq olmaz, yox, bağışlamaq lazım deyil. Yalvarıram Sizə, ey tüstü yaradanlar, ey fikir yaradanlar, ey qisməti yaradanlar, yalvarıram Sizə, yaman işləri bağışlamayın!

Mən yalnız bu uçan dəstədə qanadlı quşam. Durna¬yam, durna dəstəsiylə də uçuram. Biz durnalar qaranlıq gecələrdə ulduzlara əsasən zəmilərin, şəhərlərin üzərindən uçuruq. Mənim də öz fikirlərim var.
Uçuram və ağlayıram,
Uçuram və ağlayıram,
Uçuram və ağlayıram,
Adamlara və allahlara and verirəm, Ey adamlar, yerlə ehtiyatlı olun...
Deyirsiz, nədir durnanın göz yaşları?
Onda, silin üzünüzdən!
Yenə də, yenə də, yenə də.
Ey insanlar, Allah sizi bu işlərdən qorusun - Sönmək bilməyən yanğınlardan,
Ağılsız adamların törətdiyi
Qanlı qırğınlardan qorusun,
Ey adamlar, Allah sizi düzəlməyən işlərdən,
Təbii fəlakətlərdən qorusun...

Dəstə uzaqda gözdən itir. Artıq qanadlarının ahəngdar hərəkəti də görünmür. Bax, bax, orda nöqtəyə dönür və tamam itir...
Budur, yenə bahardır və yenə də səmanın ənginliklərindən durna çığırtısı eşidilir...

Tərcümə edəni: Sərraf Talib

CİVİL AZERBAİJAN təqdim edir: Çingiz AYTMATOV - "Köçəri quşların ağısı"

Geri qayıt