Əsas Səhifə > Elm və Kültür > Timur Əsgərov Mariya Teatrında
Timur Əsgərov Mariya Teatrında29-09-2017, 01:00. |
Oktyabrın 1-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Paxita” üçpərdəli baleti nümayiş etdiriləcək. SİVİL.AZ xəbər verir ki, səhnə əsərində Andresin partiyasını gənc balet artisti Timur Əsgərov ifa edəcək. “Paxita” baleti ilk dəfə 1846-cı ildə Parisdə səhnəyə qoyulub. Mariya Teatrında nümayiş etdiriləcək baletin əsasını Eduard Deldevezin musiqisi, habelə Lüdviq Minkus və Rikardo Driqonun əsərlərindən fraqmentlər təşkil edir. Səhnə əsərinin Mariya Teatrında premyerası 2017-ci il martın 30-da olub. T. Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. O, 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub. Geri qayıt |