Əsas Səhifə > Elm və Kültür > CİVİL AZERBAİJAN təqdim edir: Gi de MOPASSAN - "Etiraf"

CİVİL AZERBAİJAN təqdim edir: Gi de MOPASSAN - "Etiraf"


2-04-2017, 14:00.
title}
CİVİL AZERBAİJAN təqdim edir: Gi de MOPASSAN - "Etiraf"


Fransız yazıçısı Gi de Mopassan (5 avqust 1850 - 6 iyul 1893) kiçik həcmli hekayələr müəllifi kimi məşhur olmuşdur. Lakonikliyi ilə seçilən bu hekayələrdə daha çox 1870-ci illər Fransa-Prussiya müharibəsi dövrü öz əksini tapmışdır. Gi de Mopassan həmçinin altı kiçik romanın müəllifidir.
Yazıçı həm realist, həm də fantastik mövzularda əsərlər yaratmışdır. 1880-ci ildə çap etdirdiyi ilk şah əsəri olan "Gonbul" povesti onu Fransa yazıçılarının öncüllərindən biri etmişdir.
Gi de Mopassan həm də səyahət mövzulu əsərlərin və lirik şeirlərin müəllifidir.


CİVİL AZERBAİJAN Ağaddin Babayevin tərcüməsində Gi de Mopassanın "Etiraf" hekayəsini təqdim edir

Gi de Mopassan

Etiraf

Hekayə

Marqarita de Teral can verirdi. Onun əlli altı yaşı vardı, amma görkəminə görə yetmişdən az vermək olmazdı. Qadın ağır nəfəs alırdı, sifəti mələfə kimi ağarmışdı, yerində atılıb-düşürdü, bütün bədəni əzab içində titrəyirdi, gözləri isə çılğınlıqla ətrafı dolaşırdı, elə bil ki, dəhşətli nə isə görmüşdü.
Marqaritadan yaşca altı il böyük olan bacısı Süzanna onun uzandığı çarpayının yanında duraraq hlçqırırdı. Üstünə örtük sərilmiş kiçik stolun üzərində iki ədəd yandırılmış şam qoyulmuşdu. Marqarita vəfat etdiyi təqdirdə evə keşiş gəlib onun ruhu üçün dualar oxuyacaqdı.

Yataq otağında səliqəsizlik hökm sürürdü. Stollarda və dolablarda dərman şüşələri gözə dəyirdi. Otağın bütün künc-bucağında isə dəsmallar səpələnmişdi. Stullar və kreslolar necə gəldi düzülmüşdü. Ölüm haradasa yaxınlıqda donub qalaraq vaxtını gözləyirdi.
İki bacının başına gələn hadisələr həqiqətən də təsirli idi. Bu barədə bütün mahalda danışılırdı və hər eşidən göz yaşı axıtmaqdan özünü saxlaya bilmirdi.

Böyük bacı Süzanna nə vaxtsa cavan bir oğlana vurulmuşdu. Oğlan da ona laqeyd deyildi. Cavanlar nişanlanmış, hətta toy günü də təyin olunmuşdu. Lakin Süzannanın nişanlısı Anri de Samper toy olmamış qəfildən vaxtsız dünyasını dəyişmişdi.
Bu hadisədən bərk təsirlənən Süzanna bir daha ərə getməmək barədə and içmiş və axıra kimi sözünün üstündə dayanmışdı. Geydiyi dul paltarı isə heç vaxt əynindən çıxarmamışdı.

Bir dəfə səhər vaxtı Süzannanın kiçik bacısı, on iki yaşlı Marqarita özünü onun qucağına ataraq dedi:
- Bacıcan, mən sənin bədbəxt olmağını istəmirəm. İstəmirəm ki, bütün həyatın boyu ağlayıb-sızlayasan. Mən səni heç vaxt, heç vaxt, heç vaxt tək qoymayacağam! Söz verirəm ki, mən də heç bir zaman ərə getməyəcəyəm. Həmişə, həmişə, həmişə səninlə bir yerdə olacağam.

Süzanna bacısının uşaq sədaqətindən təsirlənsə də, onu qucaqlayaraq üzündən öpdü, amma dediklərinə inanmadı.
İllər ötüb keçdi, kiçik bacı sözünün üstündə durdu. Valideyinlərinin, yaşlı adamların israrlı məsləhətlərinə, öyüd-nəsihətlərinə qulaq asmayaraq, ərə getmədi. Marqaritanın cəzbedici qəddi-qaməti vardı, çoxluca cavan oğlan onun məhəbbətindən dəli-divanə olmuşdu, amma qız hamını rədd etmiş, bacısını atıb heç yerə getməmişdi.

Onlar bütün ömürləri boyu birlikdə yaşayaraq, bir-birindən heç vaxt ayrılmadılar. Bacılar qırılmaz tellərlə bir-birinə bağlanaraq, eyni yol ilə daban-dabana addımlayırdılar. Bununla belə, Marqarita böyük bacısından fərqli olaraq həmişə qəm-qüssəli, kədərli, xasiyyətcə daha sərt görünürdü. Sanki böyük fədakarlıq onu gücdən salmışdı. Qocalıq da qızı çox erkən haqlamış, otuz yaşında ikən saçları tamam ağarmışdı. Marqarita həm də hansısa gizli xəstəliyə düçar olmuşdu, elə bu səbbəbdən də tez-tez yatağa düşürdü.

İndi isə o, birinci olaraq ölürdü. Artıq bir gündən çox idi ki, dilinə bir söz belə gətirməmişdi. Yalnız sübh çağı Marqaritanın dodaqları tərpəndi:
-Keşişi çağırın, daha vaxtdır.

Marqarita neçə vaxt idi ki, arxası üstə uzanmış, zahirən qorxunc bir görkəm almışdı. Onun dodaqları daim tərpənirdi, elə bil ki, qəlbinin dərinliklərindən hansısa dəhşətli sözlər qopacaqdı, amma dili söz tutmurdu ki, onları ifadə etsin. Qorxunc gözləri ilə dəlicəsinə ətrafına boylanıb baxır, sanki itirdiyini tapmağa çalışırdı.

Süzanna isə alnını yorğan-döşəyin kənarına söykəyərək dərin kədərlə ağlayır və artıq neçənci dəfə təkrar edirdi:
-Marqo, əziz bacım, balacam mənim!

O, həmişə bacısına “balacam mənim” deyərdi. Kiçik bacı isə öz növbəsində onu “bacıcığaz”çağırardı.
Pilləkandan addım səsləri eşidildi. Qapı açıldı. Əvvəlcə qulluqçu oğlan, ardınca da əba geyinmiş qoca keşiş içəri keçdi. Onları görən kimi Marqarita yorğan-döşəkdən dik qalxıb əyləşdi. Ağzını çətinliklə açaraq bir neçə söz pıcıldadı. Dırnaqları ilə mələfəni cırmaqlayır, elə bil onu didik-didik etmək istəyirdi.

Rahib Simon yaxınlaşıb onun əlindən tutdu, alnından öpərək nəvazişlə dedi:
- Allah bağışlayandır, övladım mənim. Şücaətlənin, atrıq vaxt yetişib, danışıb ürəyinizi boşaldın.
Marqaritanı elə güclü əsmə tutdu ki, onun çarpayısı tamam titrəməyə başladı. Nəhayət ki, ölüm ayağında olan qadın donquldandı:
- Bacıcığaz, əyləş və qulaq as...

Keşiş yorğan-döşəyə söykənmiş Süzannaya tərəf əyilərək onu ayağa qaldırıb kresloda əyləşdirdi. Daha sonra hər iki bacının əlindən tutaraq dilləndi:
- Aman Allah! Sən onlara qüvvət ver, onlardan rəhmini əsirgəmə.

Marqarita dil açıb danışmağa başladı. Sözlər bir-birinin ardınca onun xırıltılı boğazından qırıq-qırıq qopub gəlirdi.
- Bacıcığaz, bağışla, bağışla, bağışla məni!.. Eh, əgər bilsəydin ki, bütün həyatım boyu bu məqamdan necə qorxmuşam!..
Süzanna göz yaşları içində təəccübünü gizlətmədi:
-Nəyə görə səni bağışlamalıyam, balacam mənim? Sən mənə hər şeyini vermisən. Öz xoşbəxtliyindən mənə görə imtina etmisən. Sən mələksən...

Amma Marqarita bacısına danışmağa imkan vermədi:
-Sus, sus! Sözümü kəsmə, imkan ver qoy danışım... Bilirsən necə dəhşətlidir! İmkan ver qoy axıra kimi... danışım... Tərpənmə... Qulaq as... Yadındadır... Anri yadındadır?..

Süzanna diksinərək bacısına baxdı. Marqarita davam edirdi:
-Mənə qulaq as və hər şeyi başa düşərsən. O vaxt mənim cəmi on iki yaşım vardı. Yadında olar, elə deyilmi? Yaman dəcəl idim, istədiyimi edirdim!.. Yadındamı, necə məni ərköyün böyütmüşdülər?.. Qulaq as görüm... Anri birinci dəfə bizə gələndə ayağında laklanmış çəkmə vardı; o, eyvanın yanında atdan düşüb kostyumuna görə üzrxahlıq edərək ataya mühüm bir xəbəri çatdırmaqdan ötrü gəldiyini bildirdi. Bütün bunları sən xatırlayırsan, elə deyilmi?.. Sus... Qulaq as... Anrini görən kimi mən onun qəddi-qmətinə, yaraşıqlı boyuna, gözəlliyinə valeh oldum. Atamızla danışan müddətdə otağın bir küncündə dayanıb ona tamaşa etməkdən doymurdum. Uşaq olmaq tamam ayrı şeydir, adamın beyni nə qədər desən dəhşətli, qorxunc və ağlasığmaz fikirlərlə dolur. Eh, bilsəydin ona necə vurulmuşdum!

Anri daha bir dəfə bizə gəldi... və bu dəfə evdə qalmalı oldu... Mən ona baxdıqca-baxır, bütün qəlbimlə məni necə ovsunladığını duyurdum... Mən özümü yaşımdan böyük bilirdim..., göründüyündən də fəndgir və hiyləgər idim... Anri bundan sonra bizə tez-tez gəlməyə başlamışdı... Mən yalnız onun barəsində düşünürdüm. Hey pıçıldayardım:”Anri... Anri de Samper!” Sonradan dedilər ki, o, səninlə evlənəcək... Eh, bacıcığaz, bilsəydin bu, mənim üçün necə böyük dərd idi, dərd idi, dərd idi! Düz üç gecə yatmayıb, elə hey ağlayırdım... Yadındamı, o, hər gün nahardan sonra bizə gəlirdi? Yox, sən cavab vermə..., qulaq as... Sən onun üçün undan, yağdan və süddən piroq bişirirdin. O, piroqu çox sevirdi... Axı, mən də piroq bişirməyi bacarırdım!.. Əgər lazım olsaydı, elə indi də də mən piroq bişirə bilərdim. Anri piroqları bütöv udurdu, üstündən isə bir stəkan çaxır içib deyərdi:”Nə yaxşıdır!” Yadındamı, o, bunu necə ifadə edirdi?

Mən qısqanırdım, yaman qısqanırdım!.. Sənin toy günün isə yaxınlaşırdı. Cəmi iki həftə qalmışdı. Mən tamam ağlımı itirmişdim. Özlüyümdə deyirdim:”Yox, o, Süzannaya evlənməyəcək, mən bunu istəmirəm. Böyüyüb yaşa dolandan sonra o, mənə evlənəcək. Mən həyatda başqasını Anri kimi belə güclü məhəbbətlə sevə bilməyəcəyəm...”

Bir dəfə axşam çağı, toyuna hələ on gün qalmışdı, sən onunla birlikdə qəsrin qarşısında ay işığında gəzintiyə çıxmışdın..., orada..., böyük şam ağacının altında..., o, səni iki əlli qucaqlayaraq uzun-uzadı öpüşlərə qərq etdi... Sən bunu xatırlayırsan, elə deyilmi? Çox güman ki, bu, sizin ilk öpüşünüz idi... Bəli... Sən evə qayıdanda elə solğun idin ki!

O vaxt mən sizi görürdüm, bağdakı kolluqluqda gizlənib sizi güdürdüm. Mən az qala dəli olmuşdum. Əgər bacarsaydım həmin vaxt hər ikinizi öldürəcəkdim!

Mən öz-özümə dedim: “O, heç vaxt Süzannaya evlənməyəcək! O, heç kimə evlənməyəcək. Mən belə bədbəxtliyə dözə bilmərəm”. Və gözlənilmədən məndə Anriyə qarşı dərin nifrət hissi oyanmağa başladı.

O vaxt bilirsənmi mən nə etdim?.. Qulaq as... Mən bizim bağbanın sahibsiz itləri zəhərləməkdən ötrü kömbələri necə hazırladığını görmüşdüm. O, şüşə qabları daşla sındırıb əzərək onları ət kömbəyinin içinə tökürdü. Beləcə mən də anamızın dərman qutusundan bir şüşə götürüb onu çəkiclə əzdim və xirçımlanmış şüşə tikələrini cibimdə gizlətdim. Bu, həqiqətən də möcüzəli toz idi... Səhərisi gün sən piroq hazırlayanda mən onları kəsib hər birinin içinə şüşə tozdan tökdüm. Anri üç ədəd piroq yedi..., birini də mən yedim... Qalan altı piroqu isə hovuzun içinə atdım...

Üç gündən sonra iki qu quşu öldü..., xatırlayırsanmı? Sus görüm... Eşit, qulaq as... Bircə mən ölmədim..., amma həmişəlik xəstə qaldım... Qulaq as... Anri öldü... Sən bilirsən... Qulaq as... Bu, hələ hamısı deyil... Daha sonra..., bütün vaxt ərzində..., daha dəhşətli hadisə baş verdi... Qulaq as...
Bütün həyatım, mənim bütün ömrüm... əzab-əziyyətə məhkum idi! Özümə deyirdim:”Mən heç vaxt bacımdan ayrı düşmərəm və ölümqabağı bütün olub-keçənləri ona danışacağam...” Bəli... elə həmin müddətdən vaxtın yetişməsini, etiraf saatını gözləyirdim... Həmin vaxt gəlib yetişdi... Bilsəydin necə qorxuram!.. Ay aman!... Bacıcığaz!

Səhər və axşam, gündüz və gecə elə hey fikirləşirdim:”Vaxt gələcək, mən ona hər şeyi, bütün həqiqəti açıb söyləyəcəyəm...” Mən gözləyirdim. Ah, bu, nə dəhşətli əzabdır!.. Budur, artıq olub-keçən hər şeyi,hər şeyi sənə danışdım... Sus! Dinmə!.. İndi bilsəydin necə də qorxuram!.. Yaman qorxuram!.. Əgər Anrini o dünyada görsəm..., əgər görsəm – nə baş verəcəyini özün fikirləş... Axı, onu birinci mən görəcəyəm!.. Mən buna cəsarət etməyəcəm!.. Amma lazım gələcək... Mən ölürəm... Məni əfv et! Bağışla! Sənin əfvin olmadan mən onun qarşısında dayana bilmərəm. Cənab keşiş, bacıma deyin ki, məni bağışlasın... Deyin, xahiş edirəm... Mən bunsuz ölə bilmirəm...

Marqarita susdu, ağır nəfəs alaraq çılğın hərəkətlələ dırnaqları ilə mələfəni cırmaqladı... Süzanna əlləri ilə üzünü qapayaraq hərəkətsiz dayandı. O, Anri haqqında düşünürdü. Görəsən başqasını bu cür uzun illərdən bəri sevə bilərdimi? Onlar necə də xoşbəxt həyat yaşaya bilərdilər! Anrinin görkəmi yenidən Süzannanın gözündə canlandı. Bu, daha əvvəlki görkəm deyildi. Hər şey daha həmişəlik sönərək uzaq keçmişdə qalmışdı. Ah əziz ölülər! Onlar necə də ürəklərimizi didib parçalayırlar! Bu öpüş isə Anrinin yeganə öpüşüdür! Süzanna onu qəlbinin dərinliklərində qoruyub saxlamışdır. Bu öpüşdən sonra həyat boyu daha heç nə olmamışdır.

Qəfildən keşiş qamətini düzəldərək titrək səslə ucadan qışqırdı:
- Madmuazel Süzanna! Sizin bacınız ölür!

Süzanna əllərini göz yaşları ilə islanmış sifətindən çəkərək, bacısının üstünə atıldı, onu bərk-bərk öpüb pıçıltı ilə:
- Səni əfv edirəm, balacam mənim, əfv edirəm, - dedi.

Tərcümə edəni: Ağaddin BABAYEV

CİVİL AZERBAİJAN təqdim edir: Gi de MOPASSAN - "Etiraf"

Geri qayıt