Əsas Səhifə > Elm və Kültür > Vladimir Sorokinin povesti -

Vladimir Sorokinin povesti -


12-08-2019, 23:35.
title}
Vladimir Sorokinin povesti -


"CİVİL AZERBAİJAN" yarpaq.az-a istinadla Vladimir Sorokinin "Nastya" povestini təqdim edir.

Göyüzünün boz-göy alatoranlığı, Denej gölünün güzgüsündə əks olunan astagəl qayıq, sahildəki söyüd ağacı... Nastya balkonun qapısının dəstəyini çevirib itələdi. Qalın şüşə peyzajı parçalayıb qayığı rəhmsizcə on iki hissəyə bölərək sağa üzdü. Səhər mehi dalğalandı, utanmaz-utanmaz Nastyanın köynəyin altına soxuldu. Nastya balkona addımladı. Onun əlləri qabığı köpmüş məhəccərdən yapışdı, gözləri acgözlüklə ətrafa: bağın sağ və sol fligelinə, yaşıl ot örtüyünə, düz qamətli cökə xiyabanına, uzaqdan görünən kilsəyə, yerə əyilmiş söyüdə baxdı. Nastya çiyinlərini əsdirib dağınıq saçlarını tərpətdi. Günəş göldə əks etməyə başladı. – Mən səni sevirəm. – Nastya ilk şüalara pıçıldayıb yataq otağına getdi. Qırmızı komod küncdən boylanırdı, balış nənələr kimi gülümsəyirdi, əriyən şamın qalığı səsizcə çığırırdı. Nastya balaca yazı stolunun dalında oturdu, gündəliyini açıb bənövşəyi ucluqlu şüşə qələmini götürdü, mürəkkəbə batırıb sarı kağızın üstündə necə hərəkət etdiyinə baxdı:

6 avqust

Mənim on altı yaşım var. Mənim, Nastasya Sablinanın! Buna təəccüblənməməyim həqiqətən qəribədir. Nəyə görə? Bu pisdir, ya yaxşı? Yəqin mən hələ də yatıram, günəşin artıq çıxıb ətrafı nurlandırmağına baxmayaraq. Bu gün – həyatımdakı ən vacib gündür. Mən onu necə keçirəcəyəm? Xatırlayacağammı onu? Hər şeyi xırdalığına qədər, hər damlanı, hər yarpağı, hər fikri xatırlamaq lazımdır. Papa deyir ki, yaxşı fikirlər ruhumuzu günəş kimi nurlandırır. Qoy bu gün içimdəki günəş yansın! Ən Vacib Günün Günəşi. Mənsə sevincli və diqqətli olacağam. Dünən gecə Lev İliç gəldi, şam yeməyindən sonra o, atam və mən böyük külafirəngidə oturduq. Papa yenə onunla Nietzschedən mübahisə etdi, özünə necə qalib gəlmək olar mövzusunda. Bu gün mən bunu etməliyəm. Nietzscheni oxumamağıma baxmayaraq. Mən hələ dünya haqda çox az şey bilirəm, amma onu çox sevirəm. Adamları da sevirəm, baxmayaraq ki, çoxusu darıxdırıcıdır. Görəsən darıcdırıcıları da sevmək lazımdır? Xoşbəxtəm ki, papa və maman darıxdırıcı adam deyillər. Və xoşbəxtəm ki, çoxdan gözlədiyimiz Gün gəlib çatdı!

Günəş şüası şüşə qələmin başlığına düşdü və göy qurşağı rənglərində əks etdi. Nastya gündəliyi bağlayıb şirin bir sevinc içində başını əllərinin arasına aldı. Açılan qapının səsi gəldi və o incə ana əllərini hiss etdi:

- Ah, ağacdələnim mənim. -
Maman – Nastya başını çevirib anasını gördü, qucaqladı. Onlar qucaqlaşdılar.
- Səni yuxuda gördüm, - anası ondan ayrılıb çarpayıda oturdu.
- Mən nə edirdim?
- Gülürdün. – Anası onun günəş şüasında parıldayan saçlarına məmnuniyyətlə baxdı.
- Bu axmaqlıqdır? – Nastya nazik və yarımşəffaf gecə paltarında ayağa durdu.
- Gülmək haçandan axmaqlıq oldu? Gülmək sevincdir. Otur, mələyim mənim. Sənə bir şey verməliyəm.

Nastya anasının yanında oturdu. Onlar açıq göy rəngli gecə paltarında bir-birinə çox oxşayırdılar. Ancaq çiyinləri və üz quruluşları fərqli idi. Ananın barmaqları arasındakı moruğu rəngdə balaca qab açıldı, ürəkşəkilli balaca brilyant parıldadı, qızıl zənciriylə Nastyanın ovucuna sallandı. Qız anasının çox da cavan olmayan yanağından öpdü.

- Maman.
Günəş şüası ananın yaşıl gözlərində əks etdi, o qızın qəhvəyi saçlarını sığalladı; qız brilyantı dodaqlarının yaxınlığında saxlamışdı.
- Mən istəyirəm ki, bu günün h a n s ı gün olduğunu biləsən.
- Bilirəm, maman. Anası onun başını sığallayırdı.
- Mənim üzümə yaraşır? – Nastya cavan və bərk döşünü qabağa verdi.
– Parfait!

Qız güzgü stolunun üstündə dayanmış üçhissəli açılıb-bağlanan güzgüyə yaxınlaşdı. Dörd Nastya bir-birinə baxdı.
- Ah, necə yaxşıdır.
- Həmişəlik sənindir. Papa ilə məndən.
- Çox gözəldir. Bəs papa? Hələ yatır?
- Bu gün hamı tez durub.
- Mən də. Necə gözəldir!
Ana şamdanın yanındakı zınqırovu götürüb çaldı. Qapı dalından yavaş-yavaş yaxınlaşan addım səsləri eşidildi və gombul dayə içəri girdi.
- Dayə!

Nastya qaçıb dayənin üstünə atıldı. Dayənin xəmirə oxşayan soyuq əlləri onun boynuna dolandı.
- Mənim qızılım, gümüşüm. – Dayə ağlamağa hazırlaşırmış kimi təngnəfəsliklə titrəyərək toppuş soyuq dodaqlarıyla onun başından öpürdü.
- Dayə! Mənim on altı yaşım var. Artıq mənim on altı yaşım var!
- Aman tanrı, mənim qızılım! Aman tanrı, mənim gümüşüm!
Ana həzzlə onlara baxırdı.
- Sən elə bu yaxınlarda onu qundaqlayırdın.
- Elə bil dünən idi, tanrım! Elə bil dünən idi, Müqəddəs Ana!

Nastya birdən fırlandı və dayənin yumşaq qarnına toxundu.
- Bax! Əntiqədir, elə deyil?
Dayə hələ yaşla dolub sulanmış gözləriylə brilyanta baxmamış əlini əlinə vurdu:
- Tanrım!
Ana sevincini gizlətməyə çalışaraq qapıya tərəf getdi:
- Nastya, biz səhər yeməyini verandada yeyəcəyik.

Dayə Nastyanın bədənini lavanda suyuyla islatdığı süngərlə yuyub təmiz, yumşaq dəsmalla qurulayandan və geyindirəndən sonra saçlarını hörməyə başladı.
- Dayə, bəs sən on altı yaşında necə olduğunu xatırlayırsan?
- Nastya başını dik tutub döşəmədə gəzişən qarışqalara baxdı.
- Aman tanrı, mən elə o vaxt boylu idim.
- Belə de! Səni on beş yaşında evləndiriblər?
- Hə, qızılım mənim, elə olub. Miladda artıq Qrişanı doğdum. Ona görə ürəyi zəif oldu, öldü. Sonra Vasya oldu, sonra Ximuşka. İyirmi yaşım olanda biri qaçırdı, biri beşikdə qışqırırdı, biri də qarnımdaydı. Belə!

Dayənin gombul ağ əlləri qəhvəyi-qızılı saç selində batırdı; ağır hörük getdikcə böyüyürdü.
- Mənsə heç kimi doğmamışam.
– Nastya parusin tuflisinin burnuyla qarışqanı əzdi.
- Tanrım, özünü basdırmaq istəyirsən? – Dayə yırğalandı. – Gözəlliyini ailə qayğılarına xərcləmək istəyirsən? Sən başqa şey üçün yaradılmısan.
Hörük bel sümüklərinin arasında piton ilanı kimi yellənirdi.

Ağ verandada samovar can verirmiş kimi xırıldayırdı, cavan lakey Pavluşka qab-qacağı cingildədirdi. Ana, ata və Lev İliç stolun dalında oturmuşdular. Nastya qaça-qaça gəldi:
- Good morning.
- A-a, səbəbkar! – Yöndəmsiz, sınıq şezlonq kimi itiuclu Lev İliç ayağa durdu.
- Çəyirtkə! – atası tikəni çeynəyə-çeynəyə dedi. Nastya onun qara saqqalıyla möhkəm burnunun arasında ağaran yanağından öpdü:
- Çox sağ ol, papa!
- Göstər özünü, rus gözəli! Nastya həmin an gərildi, rəqs vəziyyəti alıb əlləriylə açıq rəngli büzməli yay paltarını, açıq çiyinlərini, başındakı lenti və boynundakı brilyantı göstərdi.
- Voila! - Misensk uyezdinin ledi Makbeti!
– Atası ağ dişlərini göstərərək güldü.
- Seryoja! – Anası salfeti yellətdi.

Lev İliç Nastyanın uzanan əllərini tutub dayanmışdı. Atası çəngəli çəhrayı balıq ətinə sancıb boşqabına qoydu.
– Dünən gecə söhbət edəndə az qaldı özümü saxlaya bilməyib sizə verim, - Lev İliç əlini pencəyinin iç cibinə salanda dedi, - yaxşı ki, özümü saxlaya bildim.
– Tələsərsən, camaatı özünə güldürərsən, - atası söz atdı.
Lev İliç sümüklü əlini Nastyaya uzadıb ovcunu açdı. Taxta kimi quru və hamar ovucda üstündə latın hərfləriylə yazı yazılmış qızıl broş vardı.
– "Transcendere”, - deyə Nastya oxudu. – Nə deməkdir?
– Sərhədləri aş, - Lev İliç tərcümə etdi.
– Ah, qardaş, - atası çəngəl ağzında duruxdu, enlialınlı başını yellətdi, - mənisə şərti anlamaya təhrik edirsən. – Nastenka, icazə verin mən sancım, - Lev İliç əllərini dindarlar kimi uzatdı. Nastya yaxınlaşıb başını çevirdi və pəncərədən əllərində bir çiyin ağacı və beş dənə vedrəylə suya gedən aşpazın ağbəniz əkiz uşaqlarını gördü. "Çiyin ağacı onların nəyinə lazımdır?” deyə düşündü. "Beş vedrəni bir çiyin ağacından necə asmaq olar? Qəribədir”.

– Budur, - Lev İliç əlini aşağı salıb Nastyanı balaca başıyla vurmağa hazırlaşırmış kimi cəld dala tullandı. – Üzünüzə çox yaraşır.
– Mersi, - Nastya oturdu.
– Bir-birinə uyğun gəlirlər, - anası brilyantla broşa baxdı.
– Andrey ata da hansısa bijou tapıb gətirib Nastasya Sergeyevnaya hədiyyə edər və bizim Nastasya Sergeyevn əsil bayram yolkasına dönər, - atası isti bulkanı böləndə dedi.
– Papa, məni küncə qoyacaqsan? Hamı gülüşdü.
– Gəlin kofe içək, - atası ətli dodaqlarını sildi.
– Barin, süd soyuyub, qızdırım? – çilli Pavluşka soruşdu.
– Üçüncü dəfədir sənə deyirəm ki, mənə barin demə, - ata hirslə möhkəm çiyinlərini əsdirdi, - mənim babam torpaq əkib.
– Bağışlayın.
– Heç nəyi qızdırmaq lazım deyil. Kofenin dadı Nastyanın yadına nohuru saldı.
– Mən gecikdim. Saat səkkiz olub!
– Nə olub? – anası gözəl qaşlarını qaldırdı.
– Balıqqulağı! – Ah, bu gün axı günəşlidir. Nastya verandadan çıxdı.
– Nə məsələdir? – bulkaya yağ çəkən Lev İliç soruşdu.
– Amore more ore re! – kofe içən ata cavab verdi.

Nastya artırmadan tullanıb nohura tərəf qaçdı. Yolda əkizləri gördü, onlar çiyin ağacını tərsinə çevirərək su doldurduqları beş vedrəni ondan asıb gəlirdilər.
– Hə, belə imiş, - Nastya onlara gülümsədi.
Onlar yüklərinin ağırlığını unudaraq Nastyaya baxırdılar. Birinin burnunda süd rəngli fırtdıq sallanırdı. Vedrələrdən su damcılayırdı.

Nohurun ətrafında yarımdairə şəklində üstü mamırlı qranit, qoca palıdın silueti, fındıq ağaclarının yumşaq yarpaqları, cığırların qırağında bitmiş qumotu... Nastya sürüşkən pillələrlə tünd-yaşıl suyun yanına düşdü, donub qaldı: günəş saatı doqquza on beş dəqiqə işlədiyini göstərirdi. Suyun üstünə güclə görünən duman çökmüşdü. Nohurun ortasında belindəki güclü əzələləri ilə büllur şarı saxlayan mərmər Atlant diz üstə çökmüşdü. Heykəlin çiyinləri və başı quş zılıyla örtülmüşdü, amma şar tər-təmiz parıldayırdı, quşlar hamar şüşədə otura bilmirdilər. Nastya sol gözünü qıydı: şarın içində yarpaqlar üzürdü, bitki gövdələri görünürdü, göy qurşağı oynayırdı. Nastya gözlərini bağladı: - Günəş, mənə hədiyyə et! On beş dəqiqə bir göz qırpımı kimi keçdi. Nastya gözlərini açdı. Günəş axını palıdın yanından düz şarın üstünə istiqamətlənmişdi, ordansa istiqamətini dəyişib suya düşürdü. Nastya nəfəsini kəsib baxırdı. Şüa suda əriyirdi, incə buxar çıxırdı.
– Təşəkkür edirəm sənə, təşəkkür edirəm, - Nastyanın dodaqları pıçıldadı. İşıq Sirrinin Anı bitdi. Şüa gəldiyi kimi gözlənilmədən söndü.

Fındıq budağı sındırıb incə yarpaqları dodaqlarına toxunduran Nastya Köhnə Bağla evə qayıdırdı. Çürük qapıdan girib albalı ağaclarının yanından keçdi, arı pətəklərinin yanında dayanıb əlindəki budaqla özünü arılardan qorumağa başladı. Təzə Bağın yanından keçib tozlu yolla anbarların, xırmanın, mal-qara tövlələrinin yanından keçdi. Əllərində boş səbət olan üç qız at tövləsindən gülə-gülə çıxıb Təzə Bağa tərəf qaçmağa başladılar, amma Nastyanı görən kimi dayanıb təzim etdilər. Nastya qapıya tərəf getdi. Qızlar bağa qaçdılar.

– Mityay əmi, Mityay əmi! – Pavluşkanın cingiltili səsi eşidildi.
– Qışqırma! – mehtər cavab verdi.
Nastya qapıya tərəf getdi, amma dayandı. Şalban hasar boyunca gedib tutqun balaca pəncərədən boylandı. Yarıqaranlıq tövlədə mehtərlər Mityayla Dubesin Pavluşkanı skamyanın üstünə necə yerləşdirdiklərinə baxdı. Pavluşkanın əynindəki tünd göy lakey şalvarını topuqlarınacan çəkmişdilər. Mehtərlər onu cəld bağladılar, Dubes baş tərəfdə oturub əllərini tutdu. Kürən saqqallı enlikürək Mityay duzlu su dolu vedrədən bir dəstə uzun çubuq çıxartıb silkələdi, xaç çəkib çubuqları aramla Pavluşkanın balaca götünə çırpmağa başladı.

- Başa düş! Başa düş! Başa düş! – Mityay vurduqca qışqırırdı. Dubes sakitcə əvvəlki vəziyyətində dayanıb lakeyi tutmuşdu. Nastya onun yarıqaranlıqda titrəyən götünə və nazik ayaqlarına baxırdı. Pavluşkanın cavan bədəni çırpınıb qurtulmaq istəyirdi, amma tələdən çıxa bilmirdi. O zərbələrin taktıyla zingildəyirdi. Nastyanın ürəyi çırpınmağa başlamışdı.

– Başa düş! Başa düş! Başa düş!
– Ayaya. Ayaya. Ayaya. Dalda kimsə güldü, Nastya çevrildi. Yanında dəli Porfişka dayanmışdı. Əynində cırıq ağ köynəyi sallanırdı, yalın ayaqlarına köhnə ayaqqabı geyinmişdi, çopur üzündən dəlilik yağırdı.
– Mən qurbağanı hamama salmışam. Qoy məndən uşaq doğsun. – deyib ağzını açmadan güldü. Nastya fındıq budağını ona verib evə getdi.

Günorta Andrey ata gəlib çıxdı. Hündür, düz qamətli, rus simalı kişi Nastyanın başını güclü əlləriylə sıxıb alnından öpdü.
– Qanadsız Serafima, gözəlim! Mən gözləyirəm haçan sənin doğum gününə çağıracaqlar, birdən-birə on-al-tı yaşın olur! Heç deməzsən o qədərdir!
Birdən-birə Nastyanın qabağında qırmızı tumacdan qutu peyda oldu. Atanın güclü əlləri qutunu açdı: çəhrayı parçanın ortasındakı oyuqda qara mirvari vardı. "Papa elə bil suya baxmışdı” deyə düşünən Nastya gülümsədi.
– Bu qiymətli mirvari okeandan çıxıb. – Andrey ata sirayətedici nəzərlərini ona dikmişdi. – Qeyri-adi deyil, qaradır. Adi mirvarilər balıqqulağında yetişir, suyun dibində balıqqulağı açılır, gün şüası düşür və o parıldayır. Amma bu başqa şeydir. Qaradır. Tanrını qəlsəmələriylə dinləyən müdrik balıqlar onu ağızlarında gəzdirirlər. Min il gəzdirirlər və sonra əjdahaya çevrilib çayları qoruyurlar. Enigma!

– Çox sağ ol, Andrey ata! – Nastya ondan qutunu aldı.
- Bəs bunu necə gəzdirim?
– Bunu gəzdirmək yox, saxlamaq lazımdır.
– Balıqlar kimi? – Lap elə balıqlar kimi, - Andrey ata gülüb çevik hərəkətlə saqqalını tumarladı, sonra qonaq otağına göz gəzdirdi.
– Haçan yemək verəcəklər?
– Gözlə, müqəddəs ata! – Atası qonaq otağına girdi. – Hələ tıxmağı çatdıracaqsan!
Hər ikisi hündür, möhkəmbədənli, üzləri və saqqalları oxşar olan bu adamlar qucaqlaşıb üç dəfə bərkdən öpüşdülər.
– Sənə paxıllığım tutur, qardaş! – Sergey Arkadyeviç onun çiyinlərindən tutmuşdu.
– Qara paxıllıq! Qara paxıllıq! – Andrey ata dedi.
- Nəyə görə qara paxıllıq?

– Saşenka! – Ata var gücüylə qışqırdı. – Sən hələ qulaq as. Bunun evinin yanından keçirdim, bir dəstə qız da quru ot yığırdı. Qız deyirəm sənə - qanlı süd! Daha bizimkilər kimi yox.
– Onları mənim anam tapıb gətirib, - Andrey ata güldü. – Mən orda sənin ananı görmədim! Ancaq qızlar! Ancaq qızlar! Ata da güldü.
– Əşşi, - Andrey ata əlini yellətdi.
– Sablinin yenə şitliyi tutub? – ana gəldi, Andrey atayla öpüşdü.
– Nastenka, vaxtdır.
– Artıq? - Nastya qara mirvarini ona göstərdi. – Necə gözəldir! – Qara mirvari, maman!
– U-u-u, - ata ananı daldan qucaqlayıb çiyninin üstündən boylandı. – dənizdən, okeandan, birbaşa Buyan adasından! Gözəldir! Saat günortanı göstərdi.
– Vaxtdır, Nastyuşka. – ata ciddi-ciddi dedi.
– Vaxtdır, demək vaxtdır, - Nastya titrəyərtək dedi. – Mən bu saat.

Yataq otağına girib gündəliyini açdı və iri hərflərlə yazdı: VAXTDIR! Boynundan brilyantı açıb baxdı, sonra onu da güzgünün qabağındakı broşun yanına qoydu. Mirvarinin qutusunu açdı, əvvəl əlində ona baxdı, sonrasa güzgüdən. "Demək özümdə saxlamalıyam?", - bir saniyə fikirləşib ağzını açdı və mirvarini uddu.

Atasının tünd-göy rəngli kabineti, tavanda ulduzlu göyüzünün əksi, qalaq-qalaq kitablar, Nitsşenin büstü, Nastyanın çiyinlərini qucaqlayan güclü əllər...
– Sən güclüsən?
– Mən güclüyəm.
– Sən istəyirsən?
– İstəyirəm.
– Sən bacaracaqsan?
– Bacaracağam.
– Sən əldə edəcəksən?
– Əldə edəcəyəm.
Atası onun gicgahından öpdü.

İç həyətin qırmızı daşdan tikilmiş hasarı, təzəlikcə düzəldilib ağardılmış böyük rus sobası, sobanın böyük narıncı ağzının qabağında dayanan qurşaqdan yuxarı çılpaq aşpaz Saveliy, ata, ana, Andrey ata, Lev İliç... Dayə Nastyanı ehtiyatla soyundurdu, paltarlarını – yay paltarını, alt köynəyini və pantalonunu büküb səliqəylə palıd stolun küncünə qoydu. Nastya çılpaq halda həyətin ortasında dayandı.
– Bəs saçları? – atası soruşdu.
– Qoy qalsın, heç nə olmaz, - anası dedi.
Nastya sol əliylə hörüyünə toxundu, sağ əlini alnına qoydu.
– Əcəb istidir, - Saveliy tərini silə-silə dedi.
– Yaradanın adıyla, - atası dedi.

Saveliy zəncirli böyük dəmir beli stolun üstünə qoydu.
– Uzanın, Nastasya Sergeyevna.
Nastya qərarsızlıqla belə yaxınlaşdı. Ata və Saveliy onu qaldırıb dalı üstə belə uzatdılar.
– Ayaqları da belə... – Saveliy qabarlı əlləriylə onun ayaqlarını qatladı.
– Əllərinlə tut. – atası dedi.
Nastya buludlu göyüzünə baxıb sinəsinə sıxdığı ayaqlarını əlləriylə tutdu. Aşpaz onu zəncirlə bağlamağa başladı.
– Rahat ol. – dayə əllərini qaldırdı.
– Qorxma, - Saveliy zənciri sıxanda dedi.
– Hörüyünü aç, - anası məsləhət gördü.
– Belə yaxşıdır, maman.
– Yaxşısı kürəyinin altına sal, yoxsa yanar, - Andrey ata xaç çəkə-çəkə dedi.
– Nastenka, zəncirdən tutun, - Lev İliç qıraqdan dedi.
– Lazım deyil, - atası səbirsizliklə dedi, - yaxşısı belə edək.

O Nastyanın əllərini zəncirin altına saldı.
– Hə, belə daha yaxşıdır, - aşpaz təsdiqlədi.
– Rahatsan, ma petit? – anası soruşdu.
– Hə, hə. – Qorxma, mələyim mənim. Ən əsası, heç nədən qorxma.
– Yaxşı, maman.
– Zəncir sıxmır? – atası soruşdu.
– Yox.
– Allah köməyin olsun, - atası onun alnından öpdü.
– Möhkəm ol, - anası dedi.
– Allahla ol, - Andrey ata xaç çəkdi.
– Qorxma, yanındayıq, - Lev İliç gülümsədi.
– Qızılım mənim, - dayə onun düz ayaqlarından öpdü.

Saveliy xaç çəkib ovucları tüpürdü, sonra belin dəmir dəstəyindən yapışıb qaldırdı və Nastyanı sobaya soxdu. Onun bədəninə narıncı rəng düşdü. "Demək belə!” sobanın az-maz his çəkmiş damına baxan Nastya düşündü. İsti qorxulu qırmızı ayı kimi onun üstünə gəldi, Nastyadan qeyri-insani qışqırıq qopdu. O belin üstündə çırpındı.
– Bərk saxla! – atası Saveliyə qışqırdı.
– Yaxşı. - aşpaz deyib qısa ayaqlarını yerə basdı və belin dəstəyini daha möhkəm sıxdı. Qışqırıq hönkürtüyə çevrildi.

Hamı sobanın qabağında dayanmışdı, təkcə dayə qırağa çəkilib gözlərini silirdi. Nastyanın ayağındakı və çiyinlərindəki dəri dartıldı və tezliklə suluqlamağa başladı, elə bil üstündə damcılar gəzişirdi. Nastya çırpındı, zəncir bədənini kəsirdi, amma onu saxlayırdı, başı əsdi, üzü qızardı. Qışqırıq ondan görünməz qıpqırmızı sellə axırdı.
– Sergey Arkadyiç, kömürləri qalamaq lazımdır ki, köz tutsun, - Saveliy üst dodağıyla tərini sovurdu. Ata maşanı götürüb kömürləri qarışdırdı.
– Elə yox, - dayə maşanı ondan alıb kömürü Nastyanın yanına itələməyə başladı. Təzə isti dalğası bədəni bürüdü. Nastyanın səsi artıq çıxmırdı, o balıq kimi ağzını açıb yumurdu, xırıldayırdı, qızarmış gözlərini oynadırdı.
– Sağdan, sağdan, - anası dayəyə dedi.
– Görürəm, - dayə maşanı içəridə oynatdı.

Suluqlar partlamağa başladı, onlardan su axıb kömürləri cızıldatdı. Nastyadan qeyri-ixtiyari sidik axdı. Nastyanın çırpınmaları zəifləməyə başladı, o artıq xırıldamırdı, ancaq ağzını tərpədirdi.
– Üzü necə də sürətlə dəyişir, - Lev İliç dedi.
– Elə bil onun üzü deyil. – Kömür yanmağa başladı, - ata dedi, - dərisini ütməyə heç olmasa.
– İndi ağzını bağlayacağıq, qoy bişsin. – aşpaz dedi.
– Bax ha, qızımı yandırma, - ata dedi.
– Bilirəm. Saveliy belin dəstəyini buraxıb təzə qapağı sobanın ağzına qoydu.
– Üç saata hazır olar, - Saveliy tərini sildi. Hamı birdən darıxdı. Atası nəsə axtarırmış kimi boylandı, sonra əlini yellətdi,
- Yaxşı.
– Cənablar, mən gedirəm, - anası deyib getməyə başladı.

Dayə də onu izlədi. Lev İliç sobanın bacasındakı çata baxırdı.
– Hə, qardaş, - Andrey ata əlini Sablinin çiyninə qoydu, - bəlkə hələlik nəsə içək?
Ata günəşə baxdı,
- İçək, qardaş, içək.
Birdən belin dəstəyi tərpəndi, sobanın qapağı silkələndi. İçəridən bayquş ulaması eşidildi. Ata tez belin qızışmış dəstəyindən yapışdı. Amma hər şey birdən-birə kəsildi.
– Ruhu bədəni tərk edir, - yorğun aşpaz gülümsədi.

Qonaq otağının açıq arımdairəvi pəncərələri, siqar dumanı, arabir eşidilən frazalar, cingildəyən səkkiz bokal... İsti qonağı gözləyə-gözləyə ikinci şampan şərabını içdilər. Nastya saat yeddidə süfrəyə veriləndə, onu yüngül sərxoşluq heyrətiylə qarşıladılar. Qızılı-qəhvəyi Nastya dırnaqları qaralmış əlləriylə ayaqlarından tutmuş halda yumru qabda uzanmışdı. Ətrafına ağ qızılgüllər düzülmüşdü, sinəsinə və çiyinlərinə limon dilimləri qoymuşdular, döşlərində və alnında zanbaqlar ağarırdı.
– Ax, bu mənim qızımdır, - ata əlində bokalla ayağa durdu, - cənablar, məsləhətlidir.

Hamı əl çaldı. Sablinlərdən, Andrey atadan və Lev İliçdən başqa masa ətrafında Rumyantsevlər və Dmitriy Andreyeviç Mamutla qızı, eyni zamanda Nastyanın rəfiqəsi Arina vardı. Ağ xalat geyinib ağ kalpak qoymuş Saveliy əlində böyük bıçaq və ikidişli çəngəl tutub hazır vəziyyətdə dayanmışdı.
– Excellent! – Rumyantseva Nastyaya baxırdı. O necə də möcüzəvi idi! Hətta bu kinayəli pozada da Nastenka gözəl görünür.
– Yox, mən buna alışa bilmirəm, - Sablina əlləriylə gicgahlarını tutub gözlərini yumdu, - əlimdə deyil.
– Saşenka, əzizim, bayramımzı korlama, - Sablin Pavluşkaya işarə etdi ki, şüşələri gətirsin. – Biz qızlarımızı hər gün yemirik, təbii ki, hamımıza ağırdır. Həm də sevindiricidir. Onda gəlin sevinək!
– Gəlin! – Rumyantseva dedi.
– Mən yeddi saat vaqonda kədərlənmək üçün yırğalanmamışam.
- Aleksandra Vladimirovna yorulub, ondandır, - Andrey ata siqarını söndürdü.

– Mən ana hisslərini yaxşı anlayıram, - gombul, keçəl, may böcəyinə oxşayan Mamut dedi. – Əzizim, Aleksandra Vladimirovna, kədərlənməyin, xahiş edirəm! – enlisifət Rumyantsev əllərini sinəsinə sıxdı. – Belə gündə kədərlənmək günahdır! Yaxşı şeylər haqda düşünün, - Rumyantseva dedi.
– Hamımız yalvarırıq sizə. – Lev İliç dedi.
– Biz hamımız sizə əmr edirik! – qızılı saçlı Arişa dedi.
Hamı güldü. Ağlamaqdan üzü solan Pavluşka bokalları doldurdu. Sablina rahatlandı, dərindən nəfəs aldı, gülümsədi və başını yellədi:
- Je ne sais ce qui me prit. – Hamısı keçəcək. – Sablin onun əlini öpüb bokalını qaldırdı. - Cənablar, sağlıq deməkdən zəhləm gedir. Ona görə də sərhədləri aşmağın sağlığına içək! Mənə qoşulsanız şad olaram!
- Avec plaisir! – Rumyantseva qışqırdı.
– Qoşuluruq, - Rumyantsev bokalını qaldırdı.
– Tamamilə! – Mamut təsdiqlədi.
Bokallar toqquşub səsləndilər.

– Yox, yox, yox, - Sablina başını yellədi. - Seryoja, halım pisdir.
– Saşenka, əzizim, - Rumyantseva dodaqlarını büzdü.
– Silence! – Sablin əlini qaldırdı. Hamı susdu. O yarısı içilmiş bokalını stolun üstünə qoyub arvadına baxdı.
– Nə pisdir?
– Yox, yox, yox, yox, - Sablina başını yellədi.
– Nə yox?
– Pisəm, Seryoja.
– Nə pisdir?
– Pisdir, pisdir,pisdir, pisdir. Sablin birdən onun üzünə güclü şillə vurdu.
– Nə pisdir? O üzünü əlləriylə tutdu.
– Nə pisdir, qancıq? Qonaq otağına sakitlik çökdü. Pavluşka şüşə əlində donub qaldı. Saveliyin üzü anlaşılmaz ifadə aldı.
– Bizə bax!

Sablina daş kimiydi. Sablin ona tərəf əyilib hər sözü bıçaqla kəsirmiş kimi yavaş-yavaş dedi:
- Bizə. Bax. Donuz. O əllərini üzündən çəkib otaqdakılara nəzər saldı.
– Nə görürsən?
– Adamlar.
– Başqa nə?
– Nastyanı.
– Nəyə görə pissən?
Sablina susurdu.
– Bizi sevməməyinizi belə açıq göstərmək lazım deyil, Aleksandra Vladimirovna, - Mamut ağır-ağır dedi.
– Heç olmasa nifrətinizi gizlətməyi öyrənin, Saşenka, - Rumyantseva hirslə gülümsədi.
- Gecdir, - Arina gözaltı ona baxdı, - qırx yaşında necə.
– Kin ruhu dağıdır, - Andrey ata barmaqlarını şıqqıldatdı.
– Necə də axmaqcadır, - Rumyantsev kədərli halda başını yellətdi.
– Pislik axmaqca deyil, pislik kobuddur, - Lev İliç dedi.

Sablina titrədi:
- Yox, cənablar, yox.
– Nə, yox?
– Mən...
– Saveliy! Bıçaqla çəngəli ona ver!
Saveliy ehtiyatla yaxınlaşıb əlindəkiləri ona uzatdı.
– Buyurun. Sablina onları alıb birinci dəfə görürmüş kimi baxdı.
– Sən bizə qulluq edəcəksən. – Sablin yerinə oturdu. – Kim harasından istəyirsə kəsəcəksən. Saveliy, sən get. Aşpaz getdi.
– Cənablar, gəlin Nastya soyumamış yeyək.
Sablin salfetin küncünü yaxasına keçirtdi.
– Ata kimi birinci tikəni mən sifariş edirəm: sol döşünü! Pavluşka! Şərab gətir!

Sablina durub yeməyə yaxınlaşdı, çəngəli Nastyanın sol döşünə sancıb bıçaqla kəsməyə başladı. Hamı dinləməyə başladı. Qəhvəyi qabığın altından üstündə sarı piy təbəqəsi olan ağ-bozumtul ət göründü, yağ axdı. Sablina döşü nimçəyə qoyub ərinə verdi.
– Xahiş edirəm vaxt itirməyəsiniz!
Birinci Rumyantseva dilləndi:
- Saşenka, mənə bax, burasını kəsin!
– Mənə də burasını! – Mamut şərabdan içdi.
– Mənə çiynindən verin, Aleksandra Vladimirovna, - Rumyantsev pul sayırmış kimi barmaqlarını tərpətdi. – Qolundan yox, ancaq çiynindən, bax, burasından.
– Əlini mənə verə bilərsiniz, - Lev İliç boğazını arıtladı.
– Mənsə başını istəyəcəyəm! – Andrey ata dedi.

Arina Sablina bütün istəkləri yerinə yetirənəcən gözlədi.
– Aleksandra Vladimirovna, mənə. Və atasına baxıb susdu.
– Nə? – Mamut qızına tərəf əyildi. Arina onun qulağına nəsə pıçıldadı.
– Amma böyük adamlar kimi de, mənə dediyin kimi yox, - atası məsləhət gördü.
– Bəs necə?
Atası qulağına pıçıldadı.
– Harasını istəyirsən, Arinuşka? – Sablina astadan soruşdu.
– Mənə Veneranın iqamətgahını verin.
– Bravo, Arina! – Sablin qışqırdı, qonaqlar əl çaldılar.

Sablina razılaşıb yuxarıdan aşağı baxdı: Onun istədiyi yer ayaqların arasında gizlənmişdi.
– Həmin sirli yerə çatmaq elə də asan deyil! – Rumyantsev deyən kimi gülüş səsləri qonaq otağını doldurdu.
– Gözlə, Saşa. – Sablin ayağa durdu, Nastyanın ayaqlarından yapışıb dartdı. Sümüklər xırçıldadı, amma ayaqlar təslim olmadılar. Sablin yenə güc verdi.
– Gözlə, qardaşım Sergey Arkadyeviç, - Andrey ata ayağa durdu. – Sənə bu gün yorulmaq olmaz. Andrey ata bir ayaqdan yapışdı, Sablin o birisindən. Ayaqlar şıqqıldayıb aralandı, ətin yağı axdı. Ayaqların altında sobanın istisindən gizləndiyi üçün farfordan hazırlanmış kimi görünən ağ qasıq aşkara çıxdı. Oynaqlardan çıxıb əyilən sümüklər qasığı kölgələndirirdi.
– Saşenka, s`il vous plait, - Sablin salfetlə əllərini sildi. Soyuq bıçaq ağ yağa batırmış kimi qasığa batdı: dəriyə yapışan qılların titrəməsi, yarımşəffaf dərinin itaətkarlığı, az-maz aralanmış dodaqların məsum gülüşü.
– Buyur, mələyim mənim. Nimçədəki qasıq Arinanın qabağındaydı. Hamı ona baxırdı.
– Bu gözəlliyi yemək heyifdir, - Mamut sakitliyi ozdu.
– Elə bil mum mələkdir, - Arina pıçıldadı.
– Hər dəqiqə qiymətlidir! – Sablin bokalını qaldırdı.
– Qoymarıq soyusun! Sizin sağlığınıza! Büllurlar cingildədi. Tez içdilər. Bıçaqlar və çəngəllər ətə batdı.
– M-m-m-m-m-m-m-m! – Əti çeynəyən Rumyantsev dişi ağrıyırmış kimi başını əsdirdi. – Bu nəsə: m-m-m-m: bu nəsə: Magnifique! – Rumyantseva əti dişlədi.

– Yaxşıdır, - Andrey ata Nastyanın yanağını çeynəyirdi.
– Sənin aşpazın, qardaş, qiyamətdir. – Lev İliç sümüyü sovururdu.
– Əladır, - Mamut çəngəlindəki tikəyə baxıb ağzına qoydu.
– On beş dəqiqə közdə bişdi, üç saat sobada, m-m-m. – Sablin dedi.
– Düzdür, - Mamut təsdiqlədi.
– Yox, bu nəsə, bu nəsə, m-m-m-m. – Rumyantsev dedi.
– Sinədən ötrü ölürəm, - Rumyantseva sümüyü xırçıldatdı.

Arina ehtiyatla qasıqdan bir tikə kəsib ağzına qoydu və tavana baxa-baxa çeynəməyə başladı.
– Necədir? – Mamut soruşub şərab içdi. Arina arıq çiyinlərini çəkdi. Mamut qasıqdan kəsib dadına baxdı:
- M-m-m-m, səmavi xamadır lap. Nə qədər ki, istidir, ye, oynama.
– Saşenka, sənə nə olub? – Sablin nəzərlərini arvadına dikdi.
– Aleksandra Vladimirovna, harmoniyanı pozmayın, - Rumyantsev barmağını silkələdi.
– Hə, hə, mütləq. – Sablina yağı axan başsız bədənə baxdı.
– Anacan, nimçənizi verin, - Andrey ata əlini uzatdı. – Sizə ən ləzzətli yeri düşməlidir.

Sablina nimçəni ona verdi. O bıçağı Nastayanın çənəsinin alt tərəfinə soxdu, yarımdairə formasında kəsdi, çəngəllə aralayıb buxarlanan dili nimçəyə qoydu.
– İncə və ləzzətli!
Dil sual işarəsinə oxşayırdı.
– Təşəkkür edirəm, müqəddəs ata, - Sablina yorulmuş təbəssümlə nimçəni aldı.
– Ah, sizin Nastenkanız çox ləzzətlidir, - Rumyantseva dedi. – Təsəvvür edin: m-m-m: hər dəfə onu görəndə fikirləşirdim ki: m-m-m: biz necə: m-m-m: yox, bu sadəcə möhtəşəmdir!
– Nastasya Sergeyevna heyrətləndirici uşaq idi, - Lev İliç dərini gəmirəndə dedi. – Bir dəfə birbaşa assambleyadan gəlirdim, çox yorulmuşdum, isti gün idi və təbii ki: m-m-m-m: qərara gəldim ki, bilirsiniz, bax bu cür.
– Çaxır! Çaxır gətir! Pavluşka! – Sablin qışqırdı. – Falern çaxırları hardadır?
– Siz axı bordo istəmişdiniz, - Pavluşka ağ nazik dərili boynunu uzatdı.
– Axmaq! Bordo prelüdiya idi! Gətir!

Lakey qaçdı.
– Dadlıdır, lənət olsun, - Mamut nəfəsini dərdi. – Və heç bir əlavəsiz lap əla alınıb.
– Yaxşı ətə əlavə lazım deyil, Dmitri Andreyeviç, - Ağzında ət çeynəyən Sablin stulun söykənəcəyinə söykəndi. - İstənilən Ding am sich kimi.
– Doğrudur, - Andrey ata gözləriylə nəsə axtardı. – Bəs, şey, hardadır?
– Nə, qardaş?
– Çay qaşığı.
– Buyur! – Sablin qaşığı ona uzatdı.
Andrey ata qaşığı bişmiş kəllənin gözünə soxub fırlatdı, Nastyanın gözü qaşıqda qaldı. Gözün bəbəyi rəngini dəyişməmişdi, yaşılımtıl-boz rəngdəydi. Andrey ata gözə duz-istiot səpəndən sonra üstünə limon sıxdı və ağzına atdı.
– Mən balıq gözünü yeyə bilmirəm, - ağzındakını çeynəyə-çeynəyə Arina yarıyuxulu halda dedi. – Acı olur.
– Nastyanınkı acı deyil, - Andrey ata şərab içdi, - hətta şirindir.

– O göz vurmağı xoşlayırdı. – Nastyanın gözəl baxmağı vardı, - nimçədəki yarısı yeyilmiş dili bıçaqla oynadan Sablina fikirli halda dedi. – Mən onu doğanda Peterburqda yaşayırdıq. Süd anası hər gün onu yedizdirməyə gəlirdi. Mənsə yanlarında otururdum. Və bir dəfə Nastya çox qəribə, qeyri-adi şəkildə mənə baxdı. O döşü əmə-əmə mənə baxırdı. Bu uşaq baxışı deyildi. Düzü, halım dəyişdi. Mən üzümü çevirib pəncərəyə yaxınlaşdım, bayıra baxmağa başladım. Qış idi, gecə idi. Pəncərə şüşələrini qırov bağlamışdı. Ancaq şüşənin ortasında balaca açıq yer qalmışdı. Və bu balaca qara hissədə mən Nastenkamın üzünü gördüm. Bilmirəm necə başa salım, bu böyük adamın üzü idi. Hətta məndən yaşca böyük adamın. Mən qorxdum. Nə üçünsə "Batı” dedim.
– Batı? – Andrey ata təəccübləndi. – Batı xan?
– Bilmirəm, - Sablina köks ötürdü. – bəlkə də Batı xan yox. Amma onda Batı dedim.
– Şərab iç, - Sablin bokalı ona uzatdı.
O içdi.

– Ümumiyyətlə doğma adamın simasında hərdən şeytan da görünə bilər, - Rumyantsev boş nimçəsini uzatdı, - Zəhmət olmasa mənə bax, orasından, ayağından.
– Hansından? – Sablina ayağa durdu.
– Qızarmışından. - Sablina kəsməyə başladı.
– Sergey Arkadiç, - Mamut yağlı dodaqlarını sildi. – Bəsdir arvadınıza əzab verdiniz. Aşpazı çağırın.
– Nə danışırsınız, - Sablina gülümsədi. – Sizə qulluq etmək həddən artıq xoşdur.
– Mən öz aşpazımın sağlığının qeydinə qalıram, - Sablin şərab içdi. – Saşenka, sonra mənə boyun fəqərələrindən verərsən. Hə! Qeydinə qalıram və qiymətləndirirəm.
– Yaxşı aşpazdır, - Andrey ata burnu çeynəyəndə dedi. – Kəndçi olsa da.
– Kəndçi! Testovdan yaxşı bişirir. Bütün sousları bilir. Pasxadakı çoşkalar yadındadır?
– Bəs necə! – Onunçün səkkiz dənə aşpaz kitabı almışam. Hə-hə! Aşpaz! Sablin ayağa durdu. Nastyanın pəncəsindən yapışıb çevirdi, sümüklər xırçıldadı. – Burdan kəs, Saşenka. Sablina kəsdi. Sablin pəncəni qopartdı, yarımçıq Falern çaxırı şüşəsini də götürüb mətbəxə getdi. İsti mətbəxin vanil tamlı havasında aşpaz limonlu çəhrayı tortu bəzəyirdi, üstünə krem güllər sıxırdı. Aşpaz qadın isə qaymağı qaragilə ilə qarışdırırdı.
– Saveliy! – Sablin nəzərləriylə stəkan axtardı, fincan gördü. – Götür görüm.

Aşpaz kremli əllərini fartuğuna silib fincanı götürdü.
– Bu gün xeyli əziyyət çəkmisən, - Sablin fincanı ağzınacan doldurdu. – Nastyanın xatirəsinə iç.
– Çox sağ olun, - Saveliy fincandakı çaxırı dağıtmamaq üçün ehtiyatla xaç çəkdi, fincanı dodaqlarına yaxınlaşdırıb yavaş-yavaş axıracan içdi.
– Ye, - Sablin pəncəni ona uzatdı.
Saveliy pəncəni alıb dişlədi. Sablin ona baxırdı. Aşpaz iş görürmüş kimi ağır-ağır çeynəyirdi, saqqalı aşağı-yuxarı gedib-gəlirdi.
– Qızım dadlıdır? – Sergey Arkadyeviç soruşdu.
– Dadlıdır, - aşpaz tikəni uddu.
– Əntiqə bişirmisən. Sablin onun çiyninə vurub qonaq otağına getdi. Orda isə əkin-biçin haqda mübahisə edirdilər.
– Onda, müqəddəs ata, daş dövrünə qayıdaq bəlkə. – Rumyantsev güldü.
– Nəğmədə necə deyir: çarıqla şumlayıb dırnaqla biçmək! – Daş dövrü elə də pis deyil, - Mamut siqar çəkirdi.
– Nəsə əkib-biçərdik.
– Yenə çörəkdən danışırsınız? – Sablin yaxasına təzə salfet saldı.
– Cəhənnəm olsun! Bozağa yığılmışıq. Başqa söhbətiniz yoxdur?
– Kişilərdir də, Sergey Arkadiç, - Rumyantseva dedi. – Onlara çörək vermə, nəsə mexaniki bir şey ver.

– Nə?! – Sablin stola dirsəkləndi. – Nə çörək? Hansı çörək?! Mən sizi çörəyə çağırmamışam! Çö-rək! Icazə verin soruşum, sizə hansı çörəyi verirəm? A? Yoxsa bunu? – O Arinanın nimçəsindəki yarısı yeyilmiş qasığı göstərdi. – Sizcə bu nədir – fransız bulkasıdır?
Rumyantseva ağzı açıq halda ona baxırdı. Sakitlik çökdü. Mamut siqarı ağzından çıxartıb stola yıxılmağa hazırlaşırmış kimi başını qabağa əydi və gülməyə başladı. Rumyantsev balaca başını dik yaxalığına qısıb arı qovurmuş kimi əlini yellədi və güldü. Lev İliç üzünü qopardacaqmış kimi əlləriylə üzündən yapışdı və sümüklü çiyinlərini əsdirə-əsdirə güldü. Andrey ata əllərini stola vurub sağlam rus gülüşüylə güldü. Arina əlini əlinə vurub qusurmuş kimi sakitcə bədənini əsdirdi. Rumyantseva gölməçədə oynayan qız uşağı kimi qəşş etdi. Sablina başını yellədib yorğun şəkildə gülümsədi. Sablin stula söykənib qəhqəhə çəkdi. Qonaq otağı iki dəqiqə gülüş səsindən titrədi.

– Bacarmıram: ha-ha-ha: əcəlim, əcəlim mənim: oh, - Andrey ata gözlərini sildi. – Səni, Seryoja, katorqaya salmaq lazımdır.
– Nəyə görə: ha-ha: zarafatcıllığına görə? – Mamut bir az sakitləşib dedi.
– Gülüşlə cəza verdiyi üçün, - Rumyantsev dedi.
– Sergey Arkadyeviç əsil: oh: inkvizitordur, - rəngi qızaran Rumyantseva dedi.
– Cəllad, - Lev İliç başını yellətdi.
– Arinuşka, buyurun, - Sablin onun qabağından götürdüyü nimçəni yerinə qoydu.
– Mən indi necə yeyəcəyəm? – Arina soruşdu.

Təzə gülüş dalğası otağa yayıldı. Gözləri yaşaranacan güldülər. Mamut alnını stola dirəyib gülürdü. Rumyantsev gülməkdən yerə yıxıldı. Arvadı əlini ağzına soxub zarıldıyırdı. Lev İliç əməlli-başlı ağlayırdı. Andrey ata sadəcə bərkdən gülürdü. Sablin ayaqlarını yerə vura-vura xırıldayırdı. Arina yavaşca gülürdü.
– Yaxşı, bəsdir, bəsdir! – Sablin yaş üzünü sildi. – Finita!
Qonaqlar özlərinə gəlməyə başladılar.
– Gülmək yaxşı şeydir, əlbəttə, - Mamut dərindən nəfəs aldı. Rumyantsev bir az çaxır içdi.
– Gükməkdən heç kim ölməyib, - Andrey ata qısa saqqalını sığalladı.
– Davam edək, davam edək, - Sablin əllərini sildi. – Nə qədər ki, Nastya istidir. Saşenka, mənə, - o bir az fikirləşdi, - fəqərələrindən ver.
– Mənəsə qarnından.
– Mənə çiynindən verin, Saşenka.
– Budundan! Ancaq buddan!
– Orasından versəniz olar?
– Aleksandra Vladimirovna, əlindən zəhmət olmasa.

Tezliklə hamı sakitcə yeməyə başladı.
– Adam ətinin qeyri-adi dadı var, elədir? – Rumyantsev soruşdu. – Dmitriy Andreyeviç, bəs sizcə?
– Ümumiyyətlə ət qəribə yeməkdir, - Mamut dedi.
– Nə üçün? – Sablin soruşdu.
– Canlıdır, ona görə. Bəs hansısa canlını yalnız yemək üçün öldürmək lazımdırmı? Yazıqdır? Əlbəttə yazıqdır. Keçən həftə Putyanitoya gedirdik, Adamoviçgilə. Stansiyadan təzə çıxmışdıq ki, qazalağın çarxı sındı. Sürücü onu düzəldənəcən mən söyüdün altında oturdum. Bir donuz yanıma gəldi. Adi donuz. Dayanıb mənə baxır. Mənalı baxır. Canlı varlıq. Bütün kosmos. Yiyəsi üçün isə sadəcə yeddi pud ət. Və düşündüm: canlı varlığı yemək necə vəhşilikdir! Ancaq yemək üçün həyatı kəsmək, harmoniyanı pozmaq. Onsuz da həyatın necə qurtardığı məlumdur.
– Siz lap Tolstoy kimi danışdınız, - Rumyantseva güldü. – Vegeterianlıq cəhətdən qrafa oxşamıram. Amma zülmə qarşı olmaqda hə.
– Bəs həyatı kəsmək nə deməkdir? – Sablin qara ciyəri istiotlayırdı. – Bəs almanın həyatını kəsmirsiniz? Həmçinin sünbülün də.
– Sünbülü ağrıtmır. Amma donuz xırıldayır. Deməli əzab çəkir. Əzab çəkmək isə dünyəvi harmoniyanın pozulması deməkdir.

– Bəlkə almanı yeyəndə onu da ağrıdır, - Lev İliç astadan dedi. – Bəlkə o da ağrıdan inildəyir, qıvrılır. Amma biz eşitmirik.
– Aha! – Ağzından Nastyanın qasığındakı tükü çıxartan Arina birdən dedi. – Bizdə keçən yay meşəni qırırdılar, rəhmətlik anamsa həmişə pəncərələri bağlayırdı. Soruşurdum ki, neyləyirsən, ana? Deyirdi ki, ağaclar ağlayır.
Bir müddət səssiz yedilər.
– Budları əla bişib. – Rumyantsev başını tərpətdi. – Suludur: yağ damır.
– Rus sobası möhtəşəm şeydir, - Sablin qabağındakı tikəni kəsdi. – Bəyəm ev sobasında belə bişər? Bəs manqalda?
– Manqalda ancaq donuz bişirmək olar. – Mamut dedi. – Yavan ət quruyur.
– Elədir.
– Çərkəzlər ki, kabab bişirir. – Rumyantseva boş bokalı qaldırdı.
– Kabab qarğa yeməyidir, əzizim. Burdasa üç pud ət var! – Sablin Nastyanın bədəninə işarə etdi.
– Mənsə kababı xoşlayıram, - Lev İliç dedi.
– Kimsə mənə çaxır verəcək? – Rumyantseva boş bokalı burnuna vurdu.
– Yatma, - Sablin Pavluşkaya qışqırdı.

Lakey çaxır süzməyə başladı.
– Aleksandra Vladimirovna heç yemir, - Arina dedi.
– Dadlı deyil? – Rumyantseva yağlı əllərini tərpətdi.
– Yox, yox, çox dadlıdır, - Sablina dedi. – Sadəcə mən yorulmuşam, doğrudan.
– Siz az içirsiniz, - Mamut qərar verdi. – Buna görə də boğazınızdan keçmir.
– İçin, için bizimlə, - Rumyantsev dedi.
– Oyun çıxartmayın, Sablina! – rəngi allanan Rumyantseva gülümsədi. Sablin sol əliylə arvadının boğazından tutub yavaş-yavaş çaxırı ağzına tökməyə başladı.

– Oy, Seyoja, - Onun nəfəsi kəsilirdi. Hamı əl çaldı.
– İndi isə yeyin, - Mamut əmr etdi.
– Yağlı yerindən, Aleksandra Vladimirovna, - Lev İliç göz vurdu.
– Mən bilirəm ona nə lazımdır! – Sablin durub bıçağı Nastyanın qarnına soxdu.
– İçalat! - Bıçaqla bağırsaqları kəsib çəngələ keçirtdi və arvadının nimçəsinə qoydu.
– Ye, əzizim! Hər şeyin keçəcək!
– Düzdür! Elədir! – Mamut çəngəlini yellətdi. – Mən toyuğu içalatıyla yeyirəm.
– Bilmirəm, bəlkə ağ ət daha yaxşıdır? – Sablina yaşıl-qəhvəyi rəngdə soku axan bağırsaqlara baxırdı.
– Xahiş edirəm, tez ye! – Sablin onun peysərindən yapışdı. – Sonra bizə sağ ol deyəcəksən!
– Yeyin, Saşenka!
– Aleksandra Vladimirovna, mütləq yeyin! Əmr yuxarıdandır!
– Yeməkdən qaçmaq olmaz. Sablin çəngəli bağırsağa batırıb arvadının ağzına tərəf apardı.
– Məni yedizdirmək lazım deyil, Seryojenka, - o gülümsəyib çəngəli aldı və dadına baxdı.
– Hə, necədir? – Sablin ona baxırdı.
– Dadlıdır, - o çeynəyə-çeynəyə dedi.
– Əzizim mənim, - Sablin onun sol əlini öpdü.
– Bu sadəcə dadlı deyil. Bu ilahidir.
– Razıyam, - Andrey ata dedi. – Öz qızını yemək ilahidir. Heyif ki, mənim qızım yoxdur.
– Heyfsilənmə, qardaş! – Sablin ətdən kəsdi. – Sənin ruhi övladların kifayət qədərdir.
– Onları bişirməyə haqqım yoxdur, Seryoja.
– Amma mənim var! – Mamut qızının yanağına çırtma vurdu.
– Çox gözləməli olmayacağıq.
– Sizdə haçandır? – Andrey ata soruşdu.
– Oktyabrda, on altısı.
– Hələ xeyli var.
– İki ay tez keçəcək.
– Arişa, hazırlaşırsan? – Rumyantseva Nastyanın barmağına baxa-baxa soruşdu.
– Gözləməkdən yorulmuşam, - Arina boş nimçəni itələdi. – Bütün rəfiqələrimi bişiriblər, mənsə hələ gözləyirəm. Tanya Bokşeyevanı, Adel Naşekini, indi də Nastyanı.
– Səbrli ol, şirinim mənim, səni də yeyəcəyik.
– Siz, Arina Dmitriyevna, çox dadlısınız, əminəm! – Lev İliç göz vurdu.
– Yağlıdır, bəs necə! – Mamut qızının qulağını oynadıb güldü.
– Çoşka kimi bişirəcəyik, - Sablin gülümsədi.

– Oktyabrda səni xırçıldadacağıq, Arinuşka: u-u-u! : Həyəcanlanırsınız? – Rumyantsev soruşdu.
– Hə, - Arina gözlərini oynadıb çiyinlərini tərpətdi, - bir az. Çox qeyri-adidir!
– Nə danışırsan!
– Çoxlarını bişirirlər. Amma mən sobada necə uzanacağımı bilmirəm.
– Təsəvvür edə bilmirsən?
– Aha! – Arina güldü. – bu axı çox ağrıdacaq.
– Hə, çox ağrıdacaq, - Andrey ata ciddi-ciddi dedi.
– Dəhşətli dərəcədə ağrıdacaq, - atası onun yanağını sığalladı. – Elə ağrıdacaq ki, ölməmişdən əvvəl ağlın başından çıxacaq.
– Bilmirəm, - o çiyinlərini çəkdi. – Mən hərdən şam yandırıb barmağımı üstünə tuturam, özümü yoxlamaq üçün. Gözlərimi yumub özlüyümdə qərarlaşdırıram ki, ona qədər sayanacan barmağımı çəkməyəcəyəm, amma saymağa başlayan kimi – bir, iki, üç, - daha saxlaya bilmirəm! Çox incidir. Bəs sobada? Orda necə olacaq?

– Sobada! – Ət kəsən Mamut gülümsədi, - orda daha barmaq olmayacaq, sən bütünlüklə çılpaq uzanacaqsan. Şamın üstündə də yox, kömürün üstündə. Orda cəhənnəm istisi olur. Arina bir az fikirləşdi:
- Aleksandra Vladimirovna, Nastya möhkəm qışqırırdı?
– Çox, - Sablina asta-asta yeyirdi. - Axıracan çırpındı, - Sablina siqaret yandırdı. Arina özü öz çiyinlərini qucaqladı.
– Taneçka Bokşeyevanı belə bağlayanda huşunu itirdi. Sobada isə ayılıb qışqırdı: "Anacan, oyat məni!”
– Elə bilirdi yuxudadır? – Rumyantsev gözlərini qıydı.
– Aha! Amma bu yuxu deyildi. – Sablin işgüzarcasına dedi. – Əlavələri götürün! Isti yeməyi soyuq yeməzlər!
– Məmnuniyyətlə, - Andrey ata nimçəsini uzatdı.
– Yaxşı və çox yemək lazımdır.
– Yaxşı vaxtda və yaxşı yerdə, - Mamut da öz nimçəsini uzatdı.
– Və yaxşı adamlarla! – Rumyantseva da onların hərəkətini təkrarladı.

Sablin hələ isti olan Nastyanı doğrayırdı.
– Durch Leiden Freude.
– Ciddisiniz? – Mamut sönmüş siqarı sümürürdü.
– Tamamilə.
– Maraqlıdır! Izah edin mümkünsə.
– Ağrı bərkidir və aydınladır. Hissləri gərginləşdirir. Beyni təmizləyir.
– Öz ağrın ya başqasınınkı?
– Məncə başqasınınkı.
– Belə de! – Mamut gülümsədi. Deməli, siz əvvəlki kimi düzəlməz nitsşeçisiniz.
– Və bundan utanmıram da.
Mamut kefi pozulmuş halda ağzından tüstü buraxdı.
– Mənsə özüm kimi qedonistin evinə şam yeməyinə gəldiyimi ümid edirdim. Deməli siz Nastyanı həyat eşqi səbəbindən yox, ideologiya xatirinə bişirdiniz.

– Dmitri Andreyeviç, mən qızımı ona olan sevgimdən bişirdim. Bu mənada məni qedonist hesab edə bilərsiniz.
– Bu nə qedonizm oldu? – Mamut gülümsədi.
- Lev Nikolayeviç qızlarını bişirməyib, - Lev İliç etiraz etdi.
– Onları heç sevmirdi də, - Sablin Nastyanın ayağından kəsirdi.
– Demaqogiya, - Mamut çaxır içdi.
– Nitsşe hamınızın gözlərini bağlayıb. Bütün radikal düşüncəli inteligentlərin. O sadəcə və bütünlükdə var olanı görə bilməz. Yox, bu uydurmadır, ümumiyyətlə dəlilikdir! Əvvəlcə Hegel, yeri gəmişkən babam ona sözün əsil mənasında dua edirdi, ikincisi də bu Bığlı!
– Nitsşenin nəyi sizi hirsləndirir? – Sablin kəsdiyi tikələri nimçələrə düzə-düzə soruşdu.
– O yox, rus nitsşeçilər. Korluqları hirsləndirir. Nitsşe dünyanın fəlsəfi düşüncəsinə xüsusi bir şey əlavə etməyib.
– Elə? – Sablin sağ döşü qoyduğu nimçəni ona uzatdı.
– Mübahisəli açıqlamadır, - Lev İliç qeyd etdi.

– Heç nə, demək olar ki, heç nə! Bütün yunan ədəbiyyatı nitsşeçilikdir! Homerdən Aristofanacan! Amoralizm, insest, gücə tapınma, sürü təfəkkürü, elitarlıq himnləri! Horasiyanı yadınıza salın! "Mən qara kütləyə nifrət edirəm!” Bəs filosoflar? Platon, Protaqor, Antisfen, Kinesiy? Hansı insaniliyi, ifrat insaniliyi dəf etməyə çağırmayıb? Hansı rəiyyəti sevib? Hansı comərdlik haqda danışıb? Ancaq Sokrat.
– Üstinsandan birinci dəfə Nitsşe danışıb, - Sablin dedi.
– Uydurmadır! Bu sözü Şiller işlədib! Üstinsandan çoxları danışıb, Gete, Bayron, Şatobrian, Şleqel! Hə də, Şleqel, Raskolnikovun məqaləsində sizin bütün Nitsşeniz var! İçalatıyla bir yerdə! Bəs Stavroqin, Versilov? Bu üstinsan deyil? "dünya batsın, mənsə həmişə çay içim”!
– Bütün böyük filosoflar özlərindən əvvəl gəlinən ortaq məxrəci təkrarlayırlar, - Andrey ata dedi, - Nitsşe də istisna deyil. O axı filosofluğu təmiz sahədə etmirdi.
– Nitsşe heç bir ortaq məxrəcə gəlməmişdi, - Sablin tez başını yellətdi. – O böyük çevriliş edib! O insan düşüncəsi tarixində birinci dəfə insanı azad edib, ona yol göstərib!
– Nə yoldur o elə? – Mamut soruşdu.
- "İnsan nəyə üstün gəlirsə, odur”! Həmin yol budur.
– Bütün dünyəvi dinlər də onu deyir.

– O biri yanağı uzatmaqla dünyada heç nəyi dəyişmirik.
– Bəs düşəni vurmaqla dəyişdiririk? – Mamut barmaqlarıyla stolun qırağını baraban kimi çaldı.
– Həm də necə dəyişdiririk! – Sablin nəzərləriylə sous qabını axtardı, tapıb götürdü, qatı sous ətin üstünə axdı.
– Dünyanı zəiflərdən, həyat bacarığı olmayanlardan təmizləməklə cavanların sağlam böyüməyinə kömək edirik!
– Dünya ancaq güclülərdən, yaşaya bilənlərdən ibarət ola bilməz, - Mamut tüstüləyən siqarı qranit külqabıya qoyub ətdən bir tikə kəsdi, ağzına qoyub qızarmış dərini xırçıldatdı. Necə deyərlər, "sağlam” hakimiyyət qurmaq cəhdləri olub, Spartanı yadınıza salın. Bəs o nəylə qurtardı? Yıxılanları vuranlar özləri batdılar. Sablin yeməyə indi başlayıbmış kimi çox iştahla yeyirdi.

– Sparta arqument deyil: m-m-m: Heraklitlə Aristoklun xristianlıqla döyüşməyə təcrübəsi yox idi. Buna görə də onların hakimiyyət ideyaları utopiya olaraq qaldı. İndi dünyada başqa situasiya gözlənilir: m-m-m: dünya təzə Məsihi gözləyir. Və o gələcək.
– İcazə verin soruşum, bəs o kimdir?
– İnsan. Özü özünə qalib gəlmiş insan.
– Demaqogiya, - Mamut əlini yellətdi.
– Kişilər yenə ciddi söhbətə başladılar, - sümük sovuran Rumyantseva dedi.
Andrey ata nimçəsinə yemək qoydu:
- Mən Nitsşenin iki kitabını oxumuşam. Istedadlıdır. Amma onun fəlsəfəsi mənə yaddır.
– Fəlsəfə sənin nəyinə lazımdır, qardaş? Sənin inamın var, - Ağzı dolu Sablin mızıldandı.
– Elə demə, - Andrey ata ona çəpəki nəzər saldı. – Hər kəsin öz həyat fəlsəfəsi var. Şəxsi. Hətta axmaqlarında yaşam fəlsəfəsi var.
– Nədir o: idiotizm? – Arina ehtiyatla soruşdu.

Sablinla Mamut güldülər, Andrey atasa Arinaya ciddi nəzər saldı:
- Hə, idiotizm. Amma mənim fəlsəfəm belədir: yaşa və başqasına da imkan ver yaşasın.
– Bu çox düzgün doktrinadır, - Sablina astadan dedi. Birdən hamı susdu və sakitcə yeməyə başladı.
– Mələk uçdu, - Rumyantsev köks ötürdü.
– Tək yox, sürü bütünlükdə uçdu, - Arina boş bokalını oynatdı.
– Daha onun üçün süzmə, - Mamut çaxır şüşəsiylə əyilən Pavluşkaya dedi.
– Atacan!
– Sənin yaşında adam gərək çaxırsız da xoşbəxt ola bilsin.
– Yaşa və başqasına da imkan ver yaşasın, - Sablin düşüncəli halda dedi.
– Andrey İvanıç, bu sağlam düşüncənin fəlsəfəsidir. Amma.
– Həmişəki kimi amma! – Andrey ata gülümsədi.
– Sənin fəlsəfəni güvə basıb. Bizim bütün keçmiş əxlaqımızı basdığı kimi. XIX əsrin əvvəllərində sözsüz ki, bu doktrina ilə yaşayardım. Amma bu gün təzə yüzilliyin astanasında dayanmışıq. XX əsrə yarım il qalıb. Yarım il! Təzə eranın başlanğıcına! Buna görə də gələcək əsrin təzə əxlaqının sağlığına içirəm! O ayağa durub bokalı boşaltdı.
– Bu təzə əxlaq nə olan şeydir? – Andrey ata ona baxırdı. – Allahsızlıqdır, yoxsa?
– Əsla yox! – Əti kəsən Sablin bıçağı oynatdı. – Allah həmişə bizimlə olub və olacaq.
– Bəs Nitsşe Allahın öldüyünü iddia edirdi?

– Bunu hərfi mənada qəbul etmə. Hər dövrün öz İsa Məsihi var. Hegelin köhhnə İsası ölüb. Gələcək əsr üçün cavan, qərarlı və güclü, üstün gəlməyi bacaran Allah lazımdır! Uçurum üstündəki kanatı gülə-gülə keçməyi bacaran! Məhz gülə-gülə, ağlaya-ağlaya yox!
– Deməli təzə əsrə kanat üstündə oynayan İsa lazımdır?
– Hə! Hə! Kanat üstündə oynayan! Ona ürəkdən inanacağıq, təzə həyata onunla gedəcəyik, özümüzə onunla qalib gələcəyik!
– Bu dəlilikdir, - Andrey ata başını yellətdi.
– Bu sağlam düşüncədir! – Sablin əlini stola vurdu. Qablar cingildədi. Sablina çiyinlərini qısdı:
- Aman Tanrı, mən necə də bu söhbətlərdən bezmişəm. Seryoja, heç olmasa bu günlük fəlsəfəsiz keçinmək olar?
– Rus kişiləri milçəklərin bala uçduqları kimi fəlsəfəyə uçur! – Rumyantseva dedi.
Hamı güldü.

– Aleksandra Vladimirovna, oxuyun bizim üçün! – Rumyantsev bərkdən dedi.
– Hə, hə, hə! Oxuyun! Mütləq oxuyun! – Mamut təsdiqlədi.
– Saşenka, oxuyun!
Sablina nazik barmaqlarını bir-birinə keçirtdi:
- Mən, belə bir gündə.
– Oxu, əzizim, - Sablin dodaqlarını sildi.
– Pavluşka! Gitaranı gətir!
Lakey qaçdı.
– Mən də gitara çalmağı öyrənmişəm, - Arina dedi. – Rəhmətlik maman deyirdi elə romanslar var ki, ancaq gitarayla oxuyanda yaxşı alınır, çünki royal ciddi alətdir.
– Müqəddəs həqiqət! – Rumyantseva gülümsədi.
Mamut süfrəyə baxırdı:
- Bağışlayın, xardal hardadır?

– Je vous prie! – Rumyantseva xardalı verdi. Pavluşka yeddisimli gitaranı gətirdi. Sablin xalçanın üstünə stul qoydu. Aleksandra Vladimirovna oturub ayağını ayağının üstünə aşırtdı, simləri yoxlamadan çalmağa başladı və zəif səslə oxumağa başladı:
"Mənə sənin sevgini açan o baxışı xatırlayırsanmı? O mənim ruhumu alışdırdı, gələcək xoşbəxtliyimə zamin durdu.

Həmin işıqlı anda bircə gülüşlə ürəyində ümid yerləşdirdim. Sənin hakimin idim! Hərşeyi xatırlayıram. Bəs sən xatırlayırsanmı?
Günlərimizin necə tez keçdiyini xatırlayırsanmı? Sən məndən sevgi gözləyirdin, dodaqlarınsa sadiqliyə and içirdilər.

Mənə heyranlıqla qulaq asırdın, gözlərində eşq alovu yanırdı. Nələri qurban edirdin mənə. Hər şeyi xatırlayıram. Bəs sən xatırlayırsanmı?
Yadına gəlirmi səni necə gözləyirdim, sevincdən sinəm necə yanırdı?

Yadındadır, qeyri-iradi qorxuyla üzüyümü necə verdim sənə? Xoşbəxtliyindən necə razı idim. Hər şeyi xatırlayıram. Bəs sən xatırlayırsanmı?
Yadındadır gecə saatlarında mahnı sədaları altında mənə hisslərini açmağın? O parlaq ulduzlu gecələr, çəkdiyin həzzlər yadındadır?
Keçmişi xatırlayıb göz yaşı tökürəm, sənsə uzaqdasan və soyuqsan. Hər şeyi xatırlayıram, bəs sən xatırlayırsanmı?”

- Əhsən! – Rumyantsev qışqırdı və hamı əl çaldı.
– Mənim bircə sevincim var, - Sablin arvadının əlini öpdü.
– Gəlin Aleksandra Vladimirovnanın sağlığına içək! – Rumyantsev ayağa durdu.
– Mütləq! – Mamut da ayağa durub dedi.
– Sizin sağlığınıza, əziz Saşenka! – Rumyantseva bokalını yuxarı qaldırdı.
– Təşəkkür edirəm hamınıza, - Sablina stola yaxınlaşdı. Əri bokalı ona verdi. Birdən kamindəki cihaz zəng çaldı. Hamı susdu.
– Vaxtdır! – Sablin dedi və ayağa durub küncdəki sandığa yaxınlaşdı.

Hamı sakit dayanmışdı. Sablin sandığı açdı. Sandıq xaçşəkilli başlıqlı qızıl mıxlarla dolu idi. Sablin sandıqdan səkkiz dənə çəkic götürdü. Hamı ona yaxınlaşdı. Sablin çəkicləri və lazım olan sayda mıxları onlara payladı. Onlar çəkiclə mıxları götürüb uğuldadılar, bədənləriylə dalğavari hərəkət edərək lap asta-asta öz yerlərinə, əvvəlcədən nişanlanmış yerlərə getdilər. Birinci Rumyantsev döşəmədə nişanlanmış yerinə çatdı. Diz çöküb mıxları yerə vura-vura burnunda mızıldanmağa başladı: - NOMO vururam, NOMO vururam, NOMO vururam. Rumyantsev mıxları vurdu:
+ + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + +

Mamut sol divarda nişanlanmış yerinə çatdı, mızıldanaraq mıxları vurmağa başladı: LOMO vururam, LOMO vururam, LOMO vururam. Mamut mıxları vurdu:
+ + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + +
Sablina komodda nişanlanmış yerinə çatdı. Mıxları vura-vura mızıldanmağa başladı: SOMO vururam, SOMO vururam, SOMO vururam. Sablina mıxları vurdu:
+ + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + +
Lev İliç stulun üstünə çıxıb tavanda nişanlanmış yerinə çatdı. Mıxları vura-vura mızıldanmağa başladı: MOMO vururam, MOMO vururam, MOMO vururam. O mıxları vurdu:
+ + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + +
Sablin sağ divarda nişanlanmış yerə çatdı, mıxları vura-vura mızıldanmağa başladı: ROMO vururam, ROMO vururam, ROMO vururam. O mıxları vurdu:
+ + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + +
Rumyantseva divanda nişanlanmış yerinə çatdı, mıxları vura-vura mızıldandı: HOMO vururam, HOMO vururam, HOMO vururam. O mıxları vurdu:
+ + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + +
Andrey ata orta divarda nişanlanmış yerinə çatdı, mıxları vura-vura mızıldanmağa başladı: KOMO vururam, KOMO vururam, KOMO vururam. O mıxları vurdu:
+ + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + +
Arina qapıda nişanlanmış yerinə çatdı, mıxları vura-vura mızıldanmağa başladı: ZOMO vururam, ZOMO vururam, ZOMO vururam. O mıxları vurdu:
+ + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + + +
Mıxvurma mərasimi qurtarandan sonra hamı çəkicləri boş sandığa qoydu. Sablin sandığı kilidləyib açarı cibinə qoydu. Sonra kaminin yanına gəlib silindrik cihazın mis korpusunu çıxartdı. Sablin cihazın rıçağını burdu, cihazdakı linzalar tərpənib nişangahda birləşdi. Sablin qonaqlara tərəf çevrilib əliylə stolu göstərdi:
- Xahiş edirəm süfrəyə buyurasınız.

Hamı təzədən öz yerində oturdu. Pavluşka bokalları doldurdu. Lev İliç bokalı əlinə götürüb ayağa durdu.
- İcazə verin bir-iki kəlmə danışım, - dedi. – Aleksandra Vladimirovna heyrətamiz insandır. Hətta qatı qadınsevməz, eqoist və skeptik olan mən də Sablinanın qabağında duruş gətirə bilmədim. Altı, yox yeddi il əvvəl birinci dəfə burda oldum və, - o gözlərini endirdi, - o saat vuruldum. Və artıq yeddi ildir ki, mən Aleksandra Vladimirovnanı sevirəm. Heç kimi sevmədiyim kimi sevirəm. Və bu gün bunu dediyim üçün utanmıram. Mən sizi sevirəm, Aleksandra Vladimirovna. O başını arıq çiyinlərinə qısıb bokalı böyük ovuclarında sıxmışdı. Sablina ona yaxınlaşıb pəncələri üstə qalxdı və onun yanağından öpdü.
– Saşenka, onu necə lazımdısa elə öp, - Sablin dedi.
– İcazə verirsən? – O utanan Lev İliçin üzünə baxırdı.
– Əlbəttə.
– Onda bunu saxla, - o bokalını ərinə verdi, bədənini Lev İliçin bədəninə qısıb boynundan tutdu və dodaqlarından öpdü. Lev İliçin barmaqları əsdi, bokalı yerə düşdü, amma sınmadı. Lev İliç Sablinanı uzun əlləriylə qucaqlayıb növbəti öpüşlə cavab verdi. Onlar paltarlarını xışıldadıb tərpənərək xeyli öpüşdülər.

– Özünü sıxma, sevincim mənim, - Sablin qan daman gözləriylə onlara baxırdı. Sablina titrədi, ayaqları əsdi. Lev İliçin barmaqları onun yançağını sıxdı.
– Ancaq burda, xahiş edirəm, - Sablin dedi. – Burda, burda.
– Yox. – Sablina güclə dodaqlarını ondan ayırdı. – Qətiyyən.
– Burda, burda, xahiş edirəm, əzizim, - Sablin onun ayaqlarına düşdü.
– Yox, əsla. – Lev İliç, yalvarıram! Isa xatirinə! Lev İliç Sablinanı qucaqladı. – Burda uşaq var, gic olmusunuz?
– Biz hamımız uşağıq, Aleksandra Vladimirovna, - Mamut gülümsədi.
– Yalvarıram, yalvarıram, - Sablin fısıldayırdı.
– Yox, heç vaxt.
– Saşenka, necə də möhtəşəmsiniz! Sizə paxıllıq edirəm! – Rumyantseva ayağa durdu.
– Yalvarıram, yalvarıram sənə! – Sablin onun ayaqlarını qucaqladı.
- Ax, buraxın! – Sablina aralanmaq istədi, amma Lev İliç onu tutmuşdu.
– İncəlik günah deyil, - Andrey ata saqqalını sığalladı.

Sablin arvadının ayaqlarından yapışıb paltarını siyirməyə başladı. Lev İliç onun bədənini sıxıb boynunu öpürdü. Corabsız düz ayaqlar açıqda qaldı, alt köynəyinin qırçınları göründü, Sablin onun pantalonundan yapışıb dartdı.
– Yo-o-ox! – Sablina başını dala çəkib öz səsinə oxşamayan səslə qışqırdı. Sablin donub qaldı. Sablina Lev İliçi özündən uzaqlaşdırıb qonaq otağından qaçdı. Sablin xalçanın üstündə oturmuşdu.
– Onun dalınca get, - o Lev İliçə dedi. Rəngi qızaran Lev İliç dayanıb durmuşdu.
– Onun dalınca get!! – Sablin elə qışqırdı ki, büllur çilçıraq cingildədi. Lev İliç somnabul kimi yox oldu. Sablin əliylə üzünü tutub dərindən nəfəs aldı.
– Sergey Arkadyeviç, özünüzə yazığınız gəlsin, - Mamut sakitliyi pozdu. Sablin yaylığını çıxartıb yavaş-yavaş tərli üzünü ildi.
– O necə gözəldir, - Rumyantseva başını yellədirdi, - O necə də yaxşıdır!
– Şampan şərabı! – Sablin xalçanın bəzəklərinə baxa-baxa astadan dedi.

Lev İliç pilləkanla yuxarı çıxıb Sablinlərin yataq otağının qapısını açdı. Qapı bağlı idi.
– Saşa, - o yavaşdan dedi.
– Məni rahat burax, - qapının dalından səs gəldi.
– Saşa.
– İsa xatirinə get.
– Saşa.
– Məndən nə istəyirsən?
– Saşa.

O qapını açdı. Lev İliç onun budlarından yapışıb qaldırdı və çarpayıya apardı.
– Əzilib-büzülmək xoşuna gəlir? Özünü görməməzliyə vurmaq xoşuna gəlir? - o dedi. – Doğrudan sənin xoşuna gəlir? Bütün bu, bu ikitirəlik. Bu sarsaq, bayağı teatr.
Lev İliç onu ərikrəngli döşəkağının üstünə atıb əynindəki nazik qəhvəyi paltarı çıxartdı.
– O öz kişi təbiətinə üz verir. O, o axı üçüncü, yox, ikinci nəsil kişidir. Amma sən, sən, sən! Sən ağıllı, vicdanlı adamsan. Sən ki, mənim halımı yaxşı anlayırsan. Cırma! Aman Tanrı, nəyə görə? Lev İliç paltarla qurtarandan sonra onun qırçınlı köynəyini də siyirdi, diz üstə oturub titrəyən əlləriylə şalvarını açmağa başladı.
– Biz, biz əgər, hər şeyi artıq biliriksə, əgər hər şeyə hazırıqsa, bir-birimizi sevdiyimizi biliriksə, başqa yol olmadılğını da biliriksə, bizim ulduzlarımız bir-birini nurlandırırsa, - o tavana baxa-baxa mızıldandı. - əgər biz görüşmüşüksə, qorxulu, namünasib, hətta axmaqcasına olsa da, onda gəl bunu dəyərləndirək, gəl cəhd edək: aaaa! Lev İliçin əzələli, uzun şeyi ona girdi.

***

Pavluşka şampanı narahat açdı. Köpük siniyə tökülü.
– Ver bura, heyvan! – Sablin şüşəni ondan aldı. – Özünsə rədd ol burdan!
Pavluşka qarnından zərbə alıbmış kimi əyildi və otaqdan çıxdı.
– Nə üçün ruslar qulluq etməyi xoşlamırlar? – Mamut soruşdu.
– Qürurludurlar, - Andrey ata cavab verdi.
– Kobudluq qanımızdadır, - Rumyantsev dedi.
– Günah özümüzdədir, - Rumyantseva süfrəni sığallayırdı. – Qulluqçunu tərbiyələndirməyi bacarmaq lazımdır.
– Yəni döymək. Yox, bu çıxış yolu deyil, - Sablin şərabı bokallara süzürdü. – Hərdən lazım olur, düzdür. Amma mən bunu xoşlamıram.
– Mən də döyməyin əleyhinəyəm, - Andrey ata dedi. – Kötək tərbiyələndirmir, hirsləndirir.
– Sadəcə qaydasında etmək lazımdır. – Rumyantseva qeyd etdi.

– Əlbəttə,əlbəttə! – Arina yerində qurcalandı. – Mən rəhmətlik Taneçka Bokşeyevagildə görmüşdüm. Biz gimnaziyadan sonra onlara getdik, o mənə kitab verəcəkdi. Ordasa elə mərəkədir! Qulluqçu vazı sındırdı. Taneçkanın atası da onu ictimai şəkildə cəzalandırdı. O deyirdi: "Hə, qızlar, yaxşı ki, gəldiniz. Siz ictimaiyyət rolunu oynayacaqsınız”. Mən əvvəlcə heç nə anlamadım, qulluqçu qışqırır, aşpaz stola sellofan sərir, anası da naşatırla dayanıb. Sonra qulluqçuya dedi: "Yaramaz, soyun görüm”. Qulluqçu yubkasını qaldırıb sellofanın üstünə üzü üstə uzandı, aşpazsa onun üstünə çıxdı. Tanyanın atası onun pantalonunu çıxartdı, gördüm ki, qızın götü çapıq-çapıqdır! Qayışla onu necə döyürdü! O fəğan qopartmışdı. Aşpazsa onun ağzına əski soxdu. O isə vurur, vurur, vurur! Taneçka mənə deyirdi ki, qıza bax.

– Bəsdir, - Mamut onun sözünü kəsdi.
– Sadəcə döymək varvarlıqdır, - Rumyantseva köpüklənən bokalı burnuna yaxınlaşdırıb gözlərini yumdu. – Lizxen dörd ildir ki, bizdə qulluq edir. Ailə üzvü kimidir. Elə birinci gün biz Viktorla onu yataq otağına aparıb qapını bağladıq. Özümüzsə soyunub uzandıq və sevişdik. O isə baxırdı. Sonra mən onun başını ayaqlarımın arasında sıxıb paltarını qaldırdım, Viktorsa onun qamçıyla döydü. Ölüncə döydü yazığı. Onun dalına qaz yağı sürtüb əlini əlimə götürdüm.
– Lixzen, sən hər şeyi gördün?
– Hə, madam.
– Hər şeyi başa düşdün?
– Hə, madam.
– Sən heç nə başa düşmədin, dedim. Ona mənim bal paltarımı geyindirdik, yemək otağına aparıb stola otuzdurduq, nahar verdik. Viktor kəsirdi, mənsə qızıl qaşıqla tikələri onun ağzına qoyurdum. Bir şüşə çaxır içizdirdik. Sərxoş kukla kimi oturub gülür.
– Mən hər şeyi başa düşdüm, madam.
– Doğrudan? Dedim. Sonra onu şkafa salıb ağzını bağladıq. Üç gün üç gecə orda qaldı. Iki gün qışqırdı, üçüncü gün sakitləşdi. Onu bayıra buraxıb gözlərinə baxdım, - bax indi sən hər şeyi başa düşmüsən. O vaxtdan mənim bütün vazlarım salamatdır.

– Ağlabatandır, - Mamut burnunu sildi.
– Mən sağlıq demək istəyirəm, - Andrey ata ayağa durdu. – Təklif edirəm ki, dostum Sergey Arkadyeviç Sablinin sağlığına içək.
– Çoxdan lazım idi, - Rumyantseva gülümsədi.
Sablin qaşqabaqla Andrey ataya baxırdı.
– Bizim Rusiamız böyük bataqlıqdır, - Andrey ata dedi. – Biz tapmaca kimi yaşayırıq, bura ayaq qoymaq olar, ya yox. Bu o demək deyil ki, camaatımız bu dərəcədə poxdur, amma yerin metafizikası belədir. Vəhşi yerdir. Yellər əsir. Adamlar da həmçinin. Çürüklər, içiboşlar doludur. Əlini uzadır, vicdandan danışır, müqəddəs dostluğa and içir, əlini sıxırsan – görürsən çürükdür. Buna görə də mən adamlarda ən əvvəl ruh qalasını qiymətləndirirəm. Sergey Arkadyeviçlə sadəcə uşaqlıq dostları deyilik, həm də tələbə yoldaşıyıq. Biz onunla ruh qardaşlarıyıq. Ruh qalasıyca. Bizim sarsılmaz prinsiplərimiz var – onun özününkü, mənim özümünkü. Əgər mən öz prinsiplərimə dönük çıxsaydım, indi Kazan kilsəsində xidmət edirdim. Əgər o öz prinsiplərini tapdalasaydı, indi rektor mantiyasını xışıldadırdı. Amma biz dala çəkilmədik. Buna görə də çürük deyilik. Biz rus hökümətinin möhkəm palıd kötükləriyik, yeni sağlam Rusiya bizim üstümüzdə dayanır. Sənin sağlığına, yeganə dostum! Sablin ona yaxınlaşdı. Onlar öpüşdülər.

– Yaxşı dedin! – Rumyantsev bokalını toqquşdurmaq üçün uzatdı.
– Sizin bir yerdə oxuduğunuzu bilmirdim, - Mamut da toqquşdurdu.
– Necə maraqlıdır! – Arina şampandan içdi. – Siz ikiniz də filosofsunuz?
– Biz ikimiz də materialistik! – Andrey ata cavab verdi və kişilər güldülər. –
Çoxdan? – Rumyantseva soruşdu.
- Gimnaziya vaxtından, - Sablin cavab verib qolçaqlarını yuxarı dartdı və əlinə sümük götürdü.
– Siz gimnaziyada da bir yerdə oxumusunuz? – Arina soruşdu.
– Bəs necə, - Andrey ata dedi. – Sablin və Klyopin, yenə Kamçatkaya düşmüsünüz? Bu saat Saxalinə oturun! –
Aa! Üç Məzar Arşını! – Sablin güldü.
– Üç Məzar Arşını?
– Kimdir o? – Arinanın gözləri parıldadı.
– Riyaziyyat müəllimimiz, Kozma Trofimıç Ryajskiy, - Andrey ata əti kəsə-kəsə cavab verdi.
– Üç Məzar Arşını! Üç Məzar Arşını! – Əlində sümük tutan Sablin güldü.
– Bəs onun nə üçün belə çağırırdılar? – Rumyantseva soruşdu.
– Onun riyaziyyatı öyrənməyin xeyrinə üç sevimli maksimi vardı: gərək hər axmaq: ha-ha-ha! Yox: ha-ha-ha! – Andrey ata da qəhqəhə çəkdi.
– Ha-ha-ha! Ha-ha-ha! – Sablin özünü saxlaya bilmirdi.

Üç: ha-ha-ha! Üç: ha-ha-ha! Məzar: ha-ha-ha! – O: ha-ha-ha!: o bir dəfə yadındadır, transportirlə: ha-ha!: Bondarenkonun: ha-ha!: idiotizmini ölçmüşdü: ha-ha-ha! Aaaa! Sablin qəhqəhə çəkib qalvanik vannadaymış kimi titrədi. Sümük əlindən düşdü, Sablin stulun söykənəcəyinə söykənmək istədi, amma təkan güclü olduğundn yerə yıxıldı. Andrey ata əlləriylə üzünü tutub gülürdü. Sablina tünd-göy rəngli təzə paltarda qonaq otağına girdi. Dalınca Lev İliç də gəldi. Sablin xalçanın üstündə gülməkdən qıvrılırdı.
– Nə olub? – Aleksandra Vladimirovna onun yanında dayanıb soruşdu.
– Gimnaziya. Xatirələr. – Mamut yeyirdi.
– Şeir? – Sablina keçib yerində oturdu.
– Nə şeirdir elə? – Rumyantsev soruşdu.
– Şeir! Şeir deyir: ha-ha-ha! – Sablin xalçanın üstündə oturdu.
– Oy,ölürəm. Şeiri dostum Andrey Klyopin haqda qoşmuşdum: ha-ha-ha: sakitləşim deyərəm.
– Nə üçün gülürlər? – Sablina soruşdu. – Yadıma salma, İsa xatirinə, yoxsa: hi-hi-hi: biz öləcəyik: yaxşı, bəsdir! Şeir!
– Xahiş edirəm mənim yanımda o zibili oxumayasan, - Sablina bokalı qaldırdı, Lev İliç ona şampan süzdü.
– Həyatım, axı burda ancaq özümüzünkülərdir.
– Yanımda oxuma. - əvvəlini, ancaq əvvəlini:

"Dostum var Andrey soyadı Klyopa. Şartrez içir göt kimi.”
- Bəsdir! – Sablina stola vurdu. – Burda uşaq var! – Kimi nəzərə tutursunuz? – Arina gülümsədi.
"Bir dəfə yanıma gəlib deyir, deyir qulaq as. Mən poxa düşmüşəm, ruhumu batırmışam!
Yox, ruhun təmizdir, qışqırdım. Qızın...”

- "Qasığı və şeyin ucu kimi”.- Arina şeiri tamamlayıb altdan-altdan Sablinə baxdı.
– Sən hardan bilirsən? – Sablin soruşdu.
– Andrey ata deyib.
– Haçan? – Sablin Andrey ataya baxdı.
– Sergey Arkadyeviç, gərək hər şeyi biləsiniz də. – Mamut hirslə dedi. Hamı güldü.
Arina davam etdi:
- Sizin şeirinizin axırı lap xoşuma gəlir: "Klyopanın bir başı var. Ikincisini zirzəmidə qızlar qopardıb.”

- Necə də iyrəncdir, - Sablina içdi. – Zibildir.
– Hə! – Səxoş simasında xeyirxah təbəssümlə Sablin stulunu düzəldib oturdu. – Nə qədər vaxt keçib. Şopenhaueri oxumağımız yadındadır?
– Kürəngildə? – Andrey ata həzzlə şampan içirdi. – Üç aya kitabı əzbərlədik! Elə o vaxt fəlsəfənin nə olduğunu başa düşdüm!
– O Nədir? – Rumyantseva soruşdu.
- Müdriklik sevgisi, - Mamut izah etdi.
Andrey ata gözlənilmədən ayağa durub Mamuta yaxınlaşdı və barmaqlarını çarpazlayıb dayandı.
– Dmitri Andreyeviç, qızınızla evlənmək istəyirəm. Hamı susdu. Mamutun yarısı çeynənmiş tikəsi ağzında qaldı. Arinanın rəngi ağardı və gözlərini stola dikdi. Mamut güclə udqunub öskürdü.
– A, necə.
– Mən çox xahiş edirəm. Çox. - Mamut yaşarmış gözlərilə qızına baxdı. – Həə.
– Yox, - qızı başını yellətdi.
– A: nə.
– Yalvarıram sizə, Dmitriy Arkadyeviç, - Andrey ata diz çökdü.
– Yox, yox, yox, - Arina başını yelləyirdi.
– Əgər siz: nə üçün? – Mamut çaşıb qalmışdı.
– Yalvarıram! Yalvarıram sizə! – Açığına qalsa, mən əleyhinə deyiləm.
– Yo-o-o-ox!!! – Arina qışqırdı və ayağa durub stulu aşırtdı. Rumyantsevlər ondan yapışdılar.
– Yo-o-ox! – o paltarını cıra-cıra qapıya tərəf dartındı. Lev İliçlə Andrey ata onu tutub xalçanın üstünə yıxdılar.
– Özünü yaxşı apar, - Mamut dedi.

– Arinuşka, - Sablina ayağa durdu. – Pavluşka! Pavluşka! – Sablin qışqırdı.
– Yo-o-ox! – Arina qiyyə çəkdi.
– Dəsmalla, dəsmalla! – Rumyantsev qışqırdı. Pavluşka qaça-qaça gəldi.
– Güllə kimi qaç anbara, sağ ləmədə axırıncı. – Arinanın dabanını tutan Sablin ona dedi. – Yox, gözlə, axmaq, mən özüm.
Sablin qaçdı, lakey də dalınca.
– Arina, sən sakitləş, özünü ələ al, - Mamut ağır-ağır xalçanın üstünə çökdü. - Sənin yaşında.
– Atacan, rəhm elə! Atacan, rəhm elə! Atacan, rəhm elə! – Xalçaya sıxılmış Arina tez-tez dedi.
– Bundan hələ heç kim ölməyib, - Rumyantseva onun başını tutmuşdu.
– Arina, xahiş edirəm, - Andrey ata onun yanağını sığallayırdı.
– Atacan, rəhm elə! Atacan, rəhm elə! Atacan, rəhm elə! Sablin əlində mişarla içəri girdi. Onun dalınca Pavluşka əlində lövhə parçasıyla gəldi. Gözünün ucuyla mişara baxan Arina elə qışqırıb çırpındı ki, hamı onu tutmalı oldu.

– Ağzını nəyləsə bağlayın! – Sablin əmr edib diz üstə çökdü. Mamut burun yaylığını qızının ağzına soxdu və iki barmağıyla tutdu. Arinanın sağ əlini çiyninəcən açdılar, iki qayışla və yaş dəsmalla sıxdılar. Lev İliç onu lövhəyə sıxmışdı. Sablin tütündən saralmış dırnağına baxdı.
– Allh, özün kömək ol. Mişarın çevik hərəkət etdirilməsi, kəsilən sümüyün boğuq səsi, xalçaya sışrayan qan, Arinanın dörd əl tərəfindən tutulan ayaqlarının titrəməyi. Sablin tez kəsdi. Arvadı kəsilən yerin altına dərin nimçə qoydu.
– Pavluşka, - Sablin mişarı ona uzatdı.
– Qaç Mityayın yanına, qazalağı qoşub gətirsin. Tez elə!

Lakey qaçdı.
– Bizim feldşerin yanına gedin, bağlasın.
– Uzaqdır? – Mamut dəsmalı huşunu itirən qızın ağzından çıxartdı.
– Yarım saatlıq yoldur. Saşenka! Ikonanı gətir! Sablina gedib Xilaskarın ikonasını gətirdi. Andrey ata xaç çəkib diz çökdü. Mamut təzim edib qızının əlini ona uzatdı. O əli alıb sinəsinə sıxdı.
– Gedin, Allah köməyiniz olsun. Mamut yenə təzim etdi. Andrey ata durub Arinanın əli əlində çıxdı. – Gedin, gedin, - Sablin onları tələsdirirdi.
Lev İliç Arinanı götürüb getdi. Mamut da onun dalınca tərpəndi.
– Axırıncını da içək, - Sablin Mamutun ətəyindən yapışdı. – Bizdə belə edirlər. O şampanı açıb bokalları doldurdu.
– Mənim hətta alnıma da sıçradı! – Rumyantseva gülümsəyib üstündə qan ləkəsi olan qırçınlı əl yaylığını göstərdi. -Sizin güclü qızınız var, Dmitri Andreyeviç, - Sablin bokalı qaldırdı. – Belə: sağlam, möhkəm ayaqları var.
- Rəhmətlik arvadım da elə idi, - Mamut qanlı xalçaya baxırdı.

Sablin bokalı ona uzatdı:
- Mamutlar nəslinin sağlığına! Toqquşdurub içdilər.
– Hər nəsə, amma siz Nitsşeni həddən artıq qiymətləndirirsiniz. – Mamut gözlənilmədən dedi. Sablin hirslə fınxırdı, çiyinlərini çəkdi:
- Sizsə qiymətləndirmirsiniz. – Nitsşe zəiflərin bütüdür.
– Yalandır. Nitsşe insanlığın böyük dahisidir. – Müəmmalı həqiqətlər taciridir. – Dmitriy Andreyeviç! – Sablin başını səbirsizliklə əsdirdi.
– Mən sizə bir rus inteligenti kimi hörmət edirəm, amma sizin fəlsəfi fikirlərinizi qəbul etmirəm, bağışlayın.
– Allah köməyiniz olsun, - Mamut ağır-ağır getməyə başladı.
– Arinanı bişirəndə çağırarsınız! – Rumyantseva xatırlatdı.
– Hə, - Mamut mızıldanıb qapının dalında görünməz oldu. Saat gecəyarısını göstərdi.
– Ay-ay-ay, - Rumyantsev dedi.

– Harda yatacağıq? – Rumyantseva daldan Sablini qucaqladı. O Rumyantsevanın əlini öpdü. – Həmişəki kimi.
– Hələ desert var, - Sablina viski şüşəsini götürdü. – Mıx səsindən başım partlayır. Rumyantseva daldan Sablinə qısıldı.
– Bizə desert lazım deyil.
– Qəşəng tort var, - siqaret çəkən Sablin dedi. Rumyantsevanın bədəni əsdi.
– Ah, Saşenka, təsəvvür etməzsiniz əriniz necə şirindir. Sablina yaxına gəlib yarımçıq şampanı Rumyantsevanın yaxasına boşaltdı.
– Ay! – Rumyantseva Sablinin kürəyindən ayrılmadan və əsməcəsini davam edə-edə qışqırdı.
– Hər halda Mamut ayıdır. – Sablin əminliklə dedi.
– Qızı isə mehribandır, - Rumyantsev dedi.
– Hə, - Sablin bir nöqtəyə nəzərlərini dikmişdi.
– Çox. Sablina boş bokalı stolun qırağına qoyub çıxdı.

Yarıqaranlıq koridorda giriş qapısından gələn səsləri eşitdi: Lev İliçlə Mamut Arinanı qazalağa yerləşdirirdilər. Sablina dayanıb qulaq asdı, çevrilib mətbəxdən çıxdı. Saveliy başını əllərinə söykədib oturan yerdə yatmışdı. Üstünə şam düzülmüş hazır tort stolun üstündəydi. O Saveliyin yanından keçib qapını açdı, pilləkanla həyətə düşdü. Aydın və isti gecəydi, göyüzündə hələ bədirlənməmiş ay və çoxlu ulduz vardı. Sablina xiyabanla getməyə başladı, amma dayanıb isti havanı uddu. Yola düşən qazalağın səsi gəldi. Sablina xiyabanla gedib hasara yaxınlaşdı, qapını açıb Köhnə Bağa girdi. Alma və gavalı ağacları onun incə bədənini əhatələdi. O paltarını xışıldada-xışıldada və nazik budaqlara əliylə toxuna-toxuna gəzməyə başladı. Dayandı. İniltiylə nəfəs aldı. Başını yellədib gülümsədi. Əyilib paltarını qaldırdı, pantalonunu aşağı salıb sallağı oturdu. Bağırsaq yeli qırıq-qırıq səsləndi. – Necə qarınquluyam – dedi. Isti pox yerə düşdü, zəif iy yayıldı. Sablina ayağa durub pantalonunu dartdı. Paltarını düzəldib getməyə başladı. Dayanıb gavalı budağından yapışdı. Pəncəsi üstə qalxıb nəfəsini dərdi. Çevrilib evə qayıtdı.

Gecə qurtardı. Göyüzü boz-çəhrayı rəngə boyandı, yarpaqların üstündə şeh damcıları göründü. Günəşin ilk şüaları kilsə xaçının üstündə yatan sağsağanın üstünə düşdü. Sağsağan gözlərini açdı, gün şüaları gözünü qamaşdırdı. O qanadlarını çırpdı, dimdiyini aralayıb duruxdu. Boynundakı lələklər qabardı. Sağsağan dimdiyini bağlayıb qübbəyə əyri-əyri baxdı, təkan verib oturduğu yerdən uçdu və yerə - qəbiristanlığa, çəmənliyə və bağa tərəf istiqamət aldı. Sağsağanın parıldayan gözündə yaşıl otlar əks olunurdu. Birdən yerdə tünd nəsə gördü, şığıyıb skamyanın söykənəcəyində oturdu. Otun üstündəki poxa baxdı, yerə düşüb ona yaxın gəldi. Qəhvəyi poxun içində qara mirvari parıldayırdı. Pox yeganə gözüylə sağsağana baxırdı. Dimdiyini açıb başını əydi, mirvarini götürüb dimdiyinin ucunda sıxdı və uçdu. Bağın üstündə keçib qayalığı, söyüd ağacını keçdi, ağ-qara qanadlarını çırpa-çırpa gölə tərəf uçdu. Hər şey mirvaridə əks olunurdu: qara göyüzü, qara buludlar, qara göl, qara qayıqlar, qara ardıc kolu, qara körpücük, qara qayalıq, qara otluq, qara kilsə, qara xiyaban, qara ev, qara kişi və qara qadın, qara yemək otağına açılan qara pəncərələr. Sablinlə Sablina pəncərə taylarını açandan sonra mis korpuslu böyük linzanı qaldırıb pəncərəaltlığına qoydular. Sablin onu fırlatdı, elə elədi ki, gün şüası silindrik cihaza düşsün, onun linzaları səkkiz nazik şüanı səkkiz nişanlanmış yerə istiqamətləndirdi. NOMO, LOMO, SOMO, MOMO, ROMO, HOMO, KOMO və ZOMO hamar qızıl başlıqlarıyla parıldadılar, səkkiz tutqun və rəngdən-rəngə çalan göy qurşağı onlardan aralanıb Nastyanın skeletinin üstündə kəsişdi və bir saniyə sonra onun cavan gülümsər üzü yemək otağının havasında peyda oldu və sümüklərin üstündə parıldadı.


Tərcümə: Həmid P.
Geri qayıt