Əsas Səhifə > Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Koronavirus uşaqları niyə öldürmür?

Koronavirus uşaqları niyə öldürmür?


4-03-2020, 14:09.
title}
Koronavirus uşaqları niyə öldürmür?


NBC News teleşəbəkəsinin saytında Elizabeth Chuck bütün dünyada vahimə yaratmış yeni koronavirusun bir azca təskinlik gətirən, amma çox müəmmalı bir xüsusiyyətindən yazır.

CivilAzerbaijan.com
-un məlumatına görə, məqalədə deyilir ki, dünya boyunca 90 min insana yoluxmuş və 3 min nəfərin həyatına son qoymuş yeni koronavirus – COVID19-un uşaqlara nadir hallarda yoluxması və hətta belə hallarda da ölümcül olmaması alimləri ən çox düşündürən suallardan biridir. Məsələn, Çində uşaqlar epidemiya başlanandan bəri yoluxanların yalnız 2.4 faizini təşkil edirlər.

Çinin Dünya Səhiyyə Təşkilatı (DST) ilə birgə hazırladığı hesabatda deyilir ki, bu 2.4 faizin də yalnız 2.5 faizində yoluxma ağır simptomlarla müşayiət olunub. Yoluxmanı kritik keçirənlər isə ümumiyyətlə 0.2 faizdir. Yoluxmanın bütün ağırlıq dərəcələrində hələlik dünya üzrə uşaq ölümü qeydə alınmayıb.

Koronavirusun uşaqlara bu cür “rəhm” etməsi infeksion xəstəlik ekspertlərini ciddi düşünməyə vadar edib. Bəzi nəzəriyyələr irəli sürülsə də, bu suala hələlik dəqiq cavab verilməyib.

Klivlend Uşaq Klinikasının həkimi, professor Frank Esper bildirir ki, uşaqları öldürməməsi bu virusun ən müəmmalı xüsusiyyətlərindən biridir.

Ekspert deyir ki, bundan əvvəlki virus yayılmaları zamanı uşaq ölümləri qeydə alınıb, amma yeni koronavirus uşaqlar üçün ölümcül nəticə törətmir. Əksinə, virus ən böyük təhlükəni böyüklər və ahıl yaşlarında olanlar üçün yaradır.

Alimlər sadəcə olaraq bilmirlər

Nyu Yorkdakı infeksion xəstəliklər klinikasının professoru Vanessa Raabe deyir ki, adamlar yaşlandıqca onların immun sistemləri zəifləyir və onlar xəstəlik viruslarını dəf etməkdə çətinlik çəkirlər: "Biz bu cür xüsusiyyəti məsələn suçiçəyi xəstəliyində görürük. Bu xəstəliyə yoluxan yaşlılar onu uşaqlardan qat-qat ağır keçirirlər”.

Başqa izahatlar da var. Məsələn soyqudəymə virusu kimi müəyyən koronaviruslar tərəfindən durmadan bombardman edilən uşaq orqanizmində, görünür, bu koronavirusun anticismləri yaranıb. Vanderbilt Uşaq Xəstəxanasının professoru Buddy Creech belə qənaətdədir.

Creech deyir ki, ola bilsin, uşaqların immun sistemi yaşlılarla müqayisədə daha dözümlüdür və onların yeni, naməlum virus növlərindən də müdafiəsi var. Professorun fikrincə, uşaqlar daim ən müxtəlif xəstəliklərə yoluxduqlarından onların immun sistemi daha işlək və daha çevikdir. Amma professor Creech etiraf edir ki, bu yalnız ehtimaldır: "Biz bu virusun uşaqlara niyə qıymadığını sadəcə olaraq bilmirik”.

Siqaret əsas faktor deyil

Əvvəllər ekspertlər düşünürdülər ki, uşaqlar yeni koronavirusa yoluxmanı ağ ciyərlərinin daha sağlam olmasınna görə yüngül keçirirlər.

Axı onlar siqaret kimi ziyanlı adətlərdən uzaq olurlar. Onlar həm də ətraf mühitin zərərli qazlarına böyüklərdən daha az məruz qalırlar. Çində havanın çirklənməsi səviyyəsi xüsusilə yüksəkdir.

Belə bir fikir də var ki, siqaret çəkmək böyüklərin ağ ciyərlərində xüsusi reseptorların artmasına səbəb olur. Alimlərin fikrincə, SARS və ya kəskin tənəffüs sindromu xəstəliyi zamanı viruslar məhz bu reseptorlara bağlanır. Bu reseptorlar böyüklərin ağ ciyərlərində daha çox olduğundan onlar xəstəliyi daha ağır keçirirlər. Lakin yeni koronavirus yayıldıqca bu nəzəriyyə də alt-üst olur.

Professor Esper deyir ki, virus ağ ciyərlərdə reseptorların çox olmasına deyil, ümumiyyətlə yaşa hədəflənir. Belə bir nəzəriyyə də var idi ki, uşaqların hər halda təmasları daha az olduğundan orqanizmləri də viruslara daha qapalı olur.

Məsələn SARS virusu adətən müəyyən əhali qruplarının arasında, xüsusilə də xəstəxanalarda ilişib qalırdı. Başqa sözlərlə SARS-ın hərəkiliyi az idi. Amma yeni koronavirus, COVID19 rahatca yayılır, bununla belə 10-15 yaşından balaca uşaqlar üçün öldürücü olmur.

Professor Esper deyir ki, bu, uşaqların virusu ötürə bilməməsi anlamına gəlmir. Ekspert düşünür ki, ABŞ-da yoluxma halları artdıqca, uşaqlarda da bu virusa daha çox yoluxmalar qeydə alına bilər.

Buna yalnız sevinmək olar

Alimin fikrincə, hazırda uşaqların bu virusdan ölməməsinə yalnız sevinmək olar, amma bu, müəmmalı sualın cavabı deyil: “Bu o demək deyildir ki, sizin uşağınız və ya başqa bir uşaq xəstələnməyəcək və ya bu virusa yoluxmayacaq. Bu o demək də deyil ki, uşaq virusu, xəstəliyi daha ağır keçirən yaşlılara yoluxdurmayacaq”.

Bu da məlumdur ki, hətta yenicə doğulmuş çağalar da yoluxmanı nisbətən rahat keçirirlər. Çin ekspertləri deyirlər ki, dekabrın 8-i ilə fevralın 6-sı arasında bu virusa yoluxma ilə yalnız 9 uşaq xəstəxanalara yerləşdirilib. Onlardan heç birinin reanimasiyaya ehtiyacı olmayıb.

Bununla belə, ekspertlər narahatdırlar ki, koronavirus başqa xəstəlikləri olan uşaqlarda daha ağır fəsadlara səbəb ola bilər.


Virusun sirlərini uşaq orqanizmi aça bilərmi?

Bu da məlumdur ki, bundan əvvəlki koronavurslar – SARS və MERS də uşaqlar üçün nisbətən təhlükəsiz idi. Bütün nikbin faktlara baxmayaraq, həkimlər uşaqların da gigiyena qaydalarına əməl etməsinə nəzarət edilməsini tövsiyə edirlər.

Professor Esper deyir ki, uşağın xəstələnməsi evdəki böyüklər üçün həyəcan siqnalı olmalıdır. Valideynlər virusun özlərinə və başqalarına ötürülməsinin qarşısını almağa çalışmalıdırlar. Bir sıra ölkələrdə məktəb və uşaq bağçalarının bağlanması da bu ehtiyatlanma ilə əlaqədardır. Daha bir sevindirici hal budur ki, alimlər COVID19-a qarşı vaksinin hazırlanmasında uşaqların immun sistemindən aldıqları bilikləri də tətbiq etmək fikrindədirlər.

Bəlkə də bu virusdan xilas olmağın çarəsi barədə suala uşaqların immun sistemi cavab verə bilər. (AzadlıqRadiosu)
Geri qayıt