Əsas Səhifə > Elm və Kültür > Luici PİRANDELLO - Arvadımın əri
Luici PİRANDELLO - Arvadımın əri14-03-2017, 18:18. |
At və öküz… Adını və müəllifini xatırlamadığım bir kitabda oxumuşdum at və öküz barədə… Hələlik öküzü bir yana buraxıb, yalnız atla bağlı hissəni sitat gətirirəm. Deməli: ²Nə vaxtsa öləcəyini bilən at metafizikadan xəbərsizdir. Amma əgər at gec-tez öləcəyini bilsəydi, onda onun üçün də ölüm problemi həyat problemindən daha vacib əhəmiyyət qazanardı. Əlbəttə ki, saman və ya ot tapmaq - son dərəcə vacib məsələdir. Amma bu, öz ardınca digər problemi də doğurur: özünü saman və ya otla təmin etmək üçün iyirmi, otuz il çalışan, bu illəri niyə yaşadığını anlamayan at niyə ölümə məhkum olmalıdır axı? At ölümünün qaçılmazlığını bilmədiyindən bu cür suallar üzərində heç vaxt baş sındırmır. Şopenhauerin gəldiyi qənaətə görə, metafizik heyvan (yəni nə vaxtsa öləcəyindən xəbərsiz heyvan) olan insan isə durmadan bu sual barədə düşünməyə məcburdur². Elə bu səbəbdən də, əgər yanılmıramsa, gerçək mənada bütün insanlar atlara qibtə etməlidirlər. Mənim kimi, yəni xəstəliyə mübtəla olan, nəinki ən yaxın zamanda öləcəyini, hətta öləndən sonra evində baş verəcək olayları da bəri başdan təxmin edən, bilən birisi kimi metafizik heyvan isə bütün bunlara qarşı etiraz etmə haqqına da sahib deyildir. Çöküntü heç vaxt şəffaf olmur. Əcəlim yaxınlaşdıqca canımdakı həyat şirəsi də günü-gündən daha çox qatılaşır, turşuyur. Qarşımdakı bu bir neçə vərəqi doldurmaqla özümə, dəniz suyu kimi ağız büzən bir həzz bəxş eləmək istəyirəm, çünki ləzzət duymaq mənim qismətimə yazılmayıb: umuram ki, bu yolla arvadım mənim hər şeyi əvvəlcədən gördüyümü bir vaxtlar anlayacaq. Bu fikir ağlıma bu səhər gəldi və ona görə gəldi ki, qonaq otağına girən arvadım məni dəhlizdə, yəni iş başında yaxaladı: həmin vaxt mən qəddimi əyərək açar dəliyindən içəridə olanları səssizcə izləyirdim. Üstümə çımxırdı: - Neyləyirsən belə? Sən ki, qısqanc birisi deyilsən? Buna bax ha! Hələ çəkmələrini də çıxarıb ki, səs çıxartmasın. Ayaqlarıma nəzər saldım! Həqiqətən yalın idilər. Bu ara arvadım qəhqəhə çəkdi. Nə deyəydim indi ona? Mənasız səbəblər mızıldadım: onu güdmək niyyətim yox idi, sırf maraq xatirinə dəlikdən baxmışdım: royalın səsi kəsilsə də, müəllimin qapıdan nə vaxt çıxdığını görmədiyim üçün baxdım və… Həm də and içməyə hazıram ki, çəkmələrimi (əgər bilmək istəyirsinizsə) ondan xeyli qabaq çıxartmışdım və bundan heç bir məqsəd güdmürdüm. Sadəcə ayaqlarımı sıxırlar. Onların ayaqlarımı niyə sıxdıqlarını isə, məni burada ayaqyalın halda yaxalayan əziz arvadım Eufemiya daha yaxşı bilməli və bundan ötrü məni gülünc vəziyyətdə qoymamalıydır. Mənim ayaqlarım şişir və bəzən mən bekarçılıqdan onları əlləyirəm: şişi barmağımla aşağı basıb, gözləyirəm ki, o, nə vaxt təkrar peyda olacaq. Amma bu, o demək deyil ki, mən bağışlanmaz bir axmaqlığa yol vermişəm. Axı, mən bilirdim… axı, mən bilirəm ki, arvadımın musiqi müəllimini görən gözü yoxdur. Bir də ki, mən əminəm, həm də tam əminəm ki, yaşadığım müddətcə arvadım mənə xəyanət etməyəcək. Əgər bütün bu illər ərzində o, mənə xəyanət eləməyibsə, yəni bu geriyə qalan iki, dörd və ya altı ayda buna yol verəcəkdi? Yox, canım, mən əminəm ki, hətta indiki durumum bir il-filan çəksə belə, arvadımın dözümü sarsılmaz. Digər tərəfdən isə, mən onu, yəni arvadımın gələcək ərini xeyli yaxşı tanıyıram! Bu nasaz olduğum müddətdə onun mənə ən cüzi yamanlıq etməyəcəyinə də tam qətiyyətlə zəmanət verərəm. Heç şübhəsiz ki, o, mənim yaxın dostumdur. Canlara dəyən bir cavandır. Düzünü söyləsəm, bir elə cavan da sayılmaz. Qırx yaşı var. Yaşıdım sayıla bilər. Amma baxan mənə bəlkə yüz yaş verər, o isə cantaraqdır, palıd ormanda necə inamla ucalırsa, o da həyatda eləcə möhkəm dayanıb. Üstəlik, istedad sahibidir. Qədimlərdə deyildiyi kimi, nümunəvi bir ərə lazım olan hər özəllik var onda: ²ədəb-ərkan, geniş ürək və nəcib xasiyyət². Mənə göstərdiyi qayğılar da bütün bunları sübuta yetirməkdədir. Məsələn, az qala hər gün o, təmiz havada məni gəzdirmək üçün ekipaj tutub, bizə gəlir. Qoluma girərək, məni ehmallıca pilləkənlə endirir, bu ara hər pilləkən meydançasında nəfəsimi dərməm üçün yüzə qədər sayır, nəbz atışlarımı yoxladıqdan sonra gözlərimin içinə baxaraq, nəvazişlə soruşur: - Gedəkmi? - Gedək. Beləcə ta aşağıya qədər enirik, ehmalca, ehtiyatla. Gəzintidən sonra məni kresloda yuxarı qaldırırlar. Bir tərəfdən o tutur, digər tərəfdən qulluqçu. Buna qarşı çıxsam da, etirazım fayda eləmir. Düzdür, yeddi pilləni birnəfəsə qalxacaq gücüm olmadığını mən də bilirəm. Amma dostumun belə cansıxıcı işləri boynuna götürməsinə də razı deyiləm. Bundan ötrü qulluqçu başqa bir qulluqçunu köməyə çağıra bilərdi… Heç elə şey olar! Əgər gücü yetsəydi, Florestano məni təkbaşına, başqasının hər hansı yardımı olmadan qaldırmağa hazır görünürdü. Axı, indi mən çox da ağır deyiləm - bütün şişlərimlə birlikdə təxminən qırx beş kilo ancaq gələrəm. Bir də ki, mənə bu cür can yandırmaqla, o, öz gələcək səadətini haqq etməyə çalışır. Onda qoy çalışsın! Bir başqa məqam da var: arvadım Eufemiya hər cür əziyyətimi çəkməkdən az qala həzz duyur, məndən sonrakı həyatında könülxoşluğuyla yaşamaqdan ötrü o, indi sonsuz əzablara qatlaşmağa hazırdır. Ona görə də onun gələcəkdə və keyfli şənlənmə şəklində alacağı qanuni təzminatı azaltmağa nə həyatın axarı yol verər, nə də ki, insaf. Təkrar edirəm, heç mənim də bundan dolayı ondan inciməyə haqqım çatmırlmərəm. Onu da etiraf edim ki, bəzən mən onların hər ikisinin əsl yaramaz olmalarını arzulayıram. Bəzən onların mənə münasibətdə bu xoş niyyətləri, həssaslıqları dözülməz iztiraba dönür, mənliyimi əzir: amma bütün bu təxminlərim, sırf mən öləndən sonra gerçəkləşəcəyindən, bunlara qarşı heç cür etiraz edə bilmirəm. Bu durumdan çıxış yolu kimi öz körpəmi, yeganə oğulbalamı çağırıb, dizlərim üstə oturdur və bir müddət sonra ona atalıq edəcək adama dərin sayğıyla yanaşmasını, onu heç vaxt incitməməsini nəsihət edirəm. Ona belə deyirəm: - Bax, əzizim Karluçço, indi əllərin kirlidir. Dünən burnundakı mürəkkəb ləkəsini görəndə Florestano əmi sənə nə tapşırmışdı? O, sənə demişdi: «Get, əl-üzünü yu, Karluçço, yoxsa səni həbsə atarlar». Sən buna inanma: Florestano əmi zarafat eləyir. İndiki zəmanədə heç kəsi kirli əllərə görə həbsə atmırlar. Amma sən hər necə olsa, əllərini yu, çünki Florestano əmi təmizkar oğlanları sevir. O, çox mehribandır, sənə də, əziz Karluçço, dərin rəğbəti var. Odur ki, sən də onu çox, hədsiz dərəcədə sevməlisən. Unutma: onun sözündən çıxmamalısan ki, həmişə sənə rəğbət bəsləsin. Anladınmı, oğulbala? Sonra mən Eufemiyanın xoşuna gəlmək üçün onun oğluma gətirdiyi bütün hədiyyələri sadalayıram. Zavallı uşaq da mənim nəsihətlərimə uyur və bu adamın qarşısında əldən-ayaqdan gedir. Məsələn, bugünlərdə Florestano onu gəzintiyə çıxarmışdı. Evə dönəndə oğlum uğunub gedərək mənə bir şey danışdı: gəzinti vaxtı onlar günəş şüalarına qərq olmuş meydandan keçirmişlər. Qəflətən çığıran Karluçço ayaq saxlayıb, üzgün halda ondan soruşub: - Florestano əmi, mən səni çox incitmədim ki? - Yox, Karluçço. Bunu niyə soruşdun ki? Mənim körpə balam da sadəlövhlüklə belə cavab verib: - Axı, mən, Florestano əmi, indicə sənin kölgəni tapdaladım. Hə, mənim zavallı Karluççom, bu yerdə sən lap ağ eləmisən! Vay səni sarsaq! Bilmirsən ki, kölgəni tapdalamaq olar?! Vaxt gələcək ki, Florestano əmi ilə anan sənin atanın kölgəsini ayaqlayacaq və bu ara özlərini inandıracaqlar ki, onun ruhunu incitmirlər, çünki sağlığında bu iki nəfər atanın heç ayağını da tapdamağa qıymırmışlar. Biz, yəni bu üç nəfər, qəribə bir nəzakət yarışına girişmişik! Bütün bunları könüllü əzabkeşlik kimi də dəyərləndirmək olar. Əslində xəstə və çarəsiz olduğum üçün mən özümü hadisələrin axarına buraxa da bilərdim. Amma, yox, imkan daxilində özümü toparlayıram ki, qalan iki nəfərə çox da yük olmayım, yoxsa onların mənə göstərdikləri qayğı və diqqət lap əndazədən çıxar, bu isə öz növbəsində mənə hərdənbir iyrənmə, hətta dəhşət hissi aşılaya bilər. Ola bilsin, mən haqsızam. Amma özüm ölüm ayağında olduğumdan bu hədsiz nəzakət səhnələri, bu yüksək dəbdəbəli davranışlar mənə ürəkbulandırıcı və ucuz tamaşa təsiri bağışlayır. Axı, bu iki nəfərin sarı əlcəkli əlləriylə, saysız-hesabsız təzimlər yoluyla əslində məni ölümün kandarına doğru yavaş-yavaş sıxışdırdıqlarının da fərqindəyəm. Düşünürəm ki, bu təzimlər zamanı onlar üzlərinə təbəssüm qondurmaqla mənə deyirlər: - Hə, keçin, keçin. Yaxşı yol sizə! Xatirimizdə çox mehriban, ağıllı-kamallı bir insan kimi əbədi qalacağına zərrəcə şübhən olmasın! Onlar mənə həmişə deyiblər ki, səmimi olmaq lazımdır. Səmimi? Amma mənim durumumda səmimi olan birisinin bir tək çıxış yolu var: vurub öldürmək. Allah göstərməsin! Bəs onda mənə mane olan, məni saxlayan nədir, hə? Gəlin, ciddi danışaq. Əgər mən iman sahibi, gerçəkdən Allaha sığınan birisi olmasaydım, yəqin onda inanardım ki, ölüm hər şeyə, hətta ruhun varlığına da son qoyur. Əcəlim çatınca torpağın ayağım altdan qaçacağına və özümün bir uçuruma yuvarlanmamla hər şeyin bitəcəyinə inansaydım, sizcə, mən bu Florestanonu qətlə yetirməzdim ki? Gecələr, yuxum ərşə çəkiləndə təsəvvürümə gətirirəm ki, o, necə mənim çarpayıma uzanır, mənim bütün hüquqlarıma, əşyalarıma və arvadıma sahib çıxır. Əgər qonşu otaqda öz xırda çarpayısında mışıl-mışıl uyuyan balam, zavallı yetimim gecənin bir aləmi ağlayar və anasını səsləyərsə, anası da «Uşağa nə olub?» deyə yatağından təlaşla sıçrayıb, ona baxmağa can atanda onun təzə əri «Qoy zırıldasın, əzizim. Qalxma, yoxsa üşüdərsən» deyərsə, onda mən Florestanonu gözümü də qırpmadan öldürərdim! Amma bunun əvəzinə mən hər gecə səssizcə pəncərə önündə oturub, uzun-uzadı göyləri süzürəm. Orada xımxırda bir ulduz sayrışır, gözümü ondan ayırmadan çox vaxt deyirəm: - Gözlə, gələcəyəm! Özünü sərbəst düşüncəli birisinin övladı kimi aparan və Allaha inanmamağı ilə öyünən Eufemiyaya isə deyirəm: - İnan, ay axmaq: Allah var. Və ona şükür elə, eşidirsən? Şükür elə. Eufemiya çaşqın halda məni süzür, bu sözləri mənim, yəni Luka Leuçinin deməsi sanki ona qəribə gəlir: düşünür ki, haqqımda belə erkən yaşda ölüm hökmü çıxartdığı üçün, mənə kəc baxdığı üçün Allaha inanmam bir az mənasızdır. Amma o, öz Florestanosunu bütün varlığıyla sevirsə, onda bu yazdıqlarım nə vaxtsa əlinə keçəndə Eufemiya Allaha çox şükürlər etməli olacaq. Mən də çox gözəl anlayıram ki, nə qədər tez ölsəm, bir o qədər yaxşıdır. Hərdən zavallı Florestanonun baxışlarından və dərin köks ötürmələrindən arvadıma hansı şəhvətli hisslər bəslədiyini, ona sulandığını sezirəm! O zaman mən arvadımın öz saman saçlarını bu kişinin geniş və əzələli sinəsinə dağıdaraq, onun yaraşıqlı bığını, bu bığın uzun, kürən tüklərini bir cüt barmağıyla hansı nəvazişlə sığallayacağını xəyalımda canlandırıram! Əsl cənnət zövqüdür bu! Əzizim Eufemiya, bir az da səbr elə! Vaxtilə ağuşumda qıvranarkən mənə pıçıldadığın o sözləri sən bir azdan, həm də özündən xəbərsiz bu kişiyə ünvanlayacaqsan: - Canım mənim… Ah, əzizim… hə, hə… Əzizim… iki gözüm… Qəflətən məni gic bir gülmək tutur. Hər ikisi təəccüblə nəyə güldüyümü soruşurlar. Zarafata salmaqla vəziyyətdən çıxıram. Florestano deyir: - Əziz Leuçi, sən ta ahıl yaşına qədər belə şux və zarafatcıl qalacaqsan. Amma mən, dostumun dediyi kimi, həmişə şux ola bilmirəm. Bəzən hazırcavablığım gözlənilmədən zəhər dadır və belə olanda ekipajda böyrümdə əyləşən Florestanonun kürkünə birə düşür. Ona deyirəm: - Əzizim Florestano, vəziyyətim çox fəna olduğundan sənə təklif edirəm ki, bircə dəqiqəliyinə özünü mənim yerimə qoyasan. Əgər bu mümkün olsaydı, onda sən də mənim kimi qəribə hisslər keçirərdin… əgər ölüm ayağında olsaydın və özündən sonra, yəni başqalarına tapşırıb getdiyin bu ömrün axışını bir kənardan süzə bilsəydin, onda başqalarının sənin yoxluğunda hansı hoqqalardan çıxacağını da təxmin edərdin. Fikrimi xeyli səlis açıqlasam da, Florestano özünü anlamazlığa qoyur. Mən isə davam edirəm: - Əzizim Florestano, hətta torpağa tapşırılandan sonra məzarıma sənin cini çiçəklərlə bəzənmiş hansı əklili qoyacağını da mən indidən bilirəm. Florestano bunu etirazla qarşılayır və mən susmağa məcbur oluram: çəlimsiz, solğun, dərdli canımla geniş Canikolo xiyabanı ilə irəliləyən təkərli kreslomun bir küncünə qısılıram. Qarşı tərəfdə günəş qüruba enir. Məndən sonra insanların həyatdan (o, hər nə qədər acı olsa da) necə həzz alacağının mənim üçün nə fərqi varmış axı? Bax, böyrümdə oturan bu bazburutlu adam burada, arvadım isə evdə elə hey içlərini çəkirlər. O körpə balam da ən yaxın vaxtda atasız qalacağı üçün mənim kim olduğumu, necə birisi olduğumu tezliklə unudacaq! «Ata…» deyə səsləndiyində Florestano geri dönüb, səbirsizliklə ondan soruşacaq: - Nə istəyirsən yenə? Karluçço, bil ki, ananın yeni ərindən sənə heç vaxt gerçək ata olmayacaq. Anladın? Amma hər şeyə rəğmən, Karluçço, həyat elə gözəl… və elə dolğundur ki. Tərcümə edəni: Azad YAŞAR Geri qayıt |