Əsas Səhifə > Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > Paolo Sorrentino. Livio Kaza -

Paolo Sorrentino. Livio Kaza -


17-04-2021, 13:26.
title}
Paolo Sorrentino. Livio Kaza -


Paolo Sorrentino dünyasöhrətli italyan kinorejissoru və ssenaristidir. O, 1970-ci ildə Neapol şəhərində doğulub. 17 yaşında ikən valideynləri avtomobil qəzasında dünyalarını dəyişiblər. Həmin vaxt iqtisadçı ixtisası üzrə ali təhsil alan Paolo ssenarist və rejissor köməkçisi kimi də özünə çörəkpulu qazanırmış. Onun 2001-ci ildə quruluş verdiyi “Artıq adam” bədii filmi Venetsiya kinofestivalında mükafat alıb. “Heyrətamiz” filmi 2008-ci ildə P.Sorrentinoya həmin festivalda Jüri ödülünü qazandırıb. “Misilsiz gözəllik” bədii filminə görə isə o, 2014-cü ildə nüfuzlu “Oskar” mükafatına layiq görülüb.

CivilAzerbaijan.com
Azad Yaşarın tərcüməsində Paolo Sorrentinonun "Livio Kaza" kino-hekayəsini təqdim edir.

Paolo SORRENTİNO
Livio Kaza
kino-hekayə


Dairəvi yolda maşın sürərkən Livio Kaza bütün gövdəsini necə önə əyirdisə, bəzən alnı ön şüşəyə də toxunurdu. Sükandan var gücüylə yapışdığından az vaxtda ovucları tərləyir, əlləri keyləşirdi. Sürücülük vəsiqəsi almağı o, heç vədə arzulamamışdı.

Ucqar bir şəhərcikdə yaşamaq, piyada gəzib-dolaşmaq, mağaza sahibləriylə zarafatlaşıb, hal-əhval tutmaq onun daha çox könlünə yatardı bəlkə. O, barın uzaq küncündə oturub, qəzet oxuyan və bugünkü həyatın dəli-dolu tempinə ayaq uydura bilməməsindən şikayətlənən bir adam olmaq arzusundaydı.

Günorta yeməyindən sonrakı o yuxu gətirən saatlarda barın sahibəsiylə buranın anbar otağında xəlvətə çəkilmək, onunla əlüstü və hər cür həzzdən uzaq cinsi yaxınlıq qurmaq arzusuna düşərdi.

Hətta o, adicə sahə həkimi olmağa da (Niyə olmasın ki?! Bunda nə var bəyəm?!) razıydı, bu sayədə öz babasının davada göstərdiyi şücaətlər barədə yazacağı tərif dolu romanı heç kəsin çap etməyəcəyi də zərrəcə eyninə gəlmirdi. Başqa birisi olmaq keçirdi onun könlündən. Ucqar bir bölgənin səssiz sakini olmaq. Hər şeydən uzaq bir ömür sürən insan olmağı diləyirdi o.

Yerlilərinin (təkcə yerlilərinin yox!) gülüb, lağa qoyacağı qəribə bir insan olmağa da əsla etiraz eləməzdi. Bütün gününü barda keçirənlər onsuz da elə bu işlə məşğuldur da.

Ancaq bütün bunların əvəzinə, o, dairəvi yolun bitəcəyində yerləşən, arvadı Cenninin fəxarət duyduğu və gül-çiçəklə əhatələnmiş gözəl bir kottecdə yaşamaqdaydı.

Hə, bir növ qoruqda yaşayırdı o. Bura elə gizlin, sirli bir yer idi ki, hətta zamanın axarı da dayanıb-durmuşdu və ətrafdakı hər şey tilsimli bir yuxuya dalmışa bənzəyirdi. Ciddilik nişanəsi sayılan toxtaqlıq və ədəb-ərkan havası tamamən hakim kəsildiyindən insan buralarda istər-istəməz metafizik düşüncələrə qapılmalı olurdu.

Livio ilə Cenninin övladları olmadığından onlar öz ev-eşiklərinə bir valideyn mehriylə yanaşırdılar. “Rits” ləqəbli alman ov iti onlardan ötrü bir oğul əvəziydi. Livio Kaza tez-tez təkrarlayırdı ki: “Övladsızlıq bir dərd sayılmaz”.
Əslində isə... dərd idi. Sadəcə məsələ onun miqyasındaydı.

Qaçış trenajoruna dəlilər qədər düşkün olan Cenni bütün ömrü boyu Livionu yeyin yerişlə məşğul olmağa həvəsləndirmişdi.

Ancaq ərinin ötkəm şəkildə dediyi: “Qaçışdakı bütün nöqsanlar elə bu yeyin yerişə də xasdır, onun qaçışdan hər hansı üstün cəhəti yoxdur” sözlərindən sonra qadın bunda da israr eləməmişdi daha.

Romanın mərkəzində, dey Koronari küçəsindəki əntiq əşyalar dükanı Livio Kazaya atasından miras qalmışdı. Dükana getməkdən ötrü o, hər gün özü üçün qaçılmaz bir bəla saydığı bu dairəvi yolla getməyə məcbur idi.

Uşaq ikən o, yağışı, hətta dolunu da sevərdi. İndi isə yağış onu cırnadırdı, dolu isə ona elə bir cəhənnəmi xatırladırdı ki, orada sadəcə maşınlar və əlini artıq öz maşınlarından üzən sürücülər cəmləşmişdilər.

Arzuladığı, ancaq nail olmadığı o ucqar yer sakinliyindən ona naxoş bir vərdiş miras qalmışdı: maşının açarlarını şalvarının kəmər üçün nəzərdə tutulan qulaqlarından asırdı. Hər səhər iki qutu “Camel lights” siqareti almaq üçün gedəndə tütün dükanının sahibi də məhz bu açarların qopardığı cingilti sayəsində onun gəlişindən xəbər tuturdu.

Livionun çevrilməyi arzuladığı, ancaq çevrilə bilmədiyi insan tiplərinin sayı-hesabı yox idi. Son nəticədə onlardan geriyə qaşqabaqlı, dinməz-danışmaz bir tip qalmışdı. Gözəgörünməz və hansısa bakteriya qədər amansız sayılan stresin səbəb olduğu seboreyalı dermatit xəstəliyinə yoluxmuşdu o: vaxtaşırı şiddətlənən bu mərəz Livionun bədəninin həm tük örtüyündə, həm də döş qəfəsinin dərisində özünü büruzə verirdi. Çöhrəsində peyda olan alalarla bağlı qara-qura fikirlərdən qurtulmaqdan ötrü Livio rahat oxunan kitabların qiraətinə girişmişdi.

Darıxmağın özü qədər, nəticələrinin də fərqli olduğu qənaətinə o, çoxdan gəlmişdi. Əntiq dükanında ikən bekarçılıqdan və ünsiyyət əksikliyindən bilmirdi ki, neyləsin. Vaxtilə atasının oturduğu taburetdə, həm də alaqaranlıqda oturan Livio Kaza saatlar uzunu ampir üslubundakı bir mebelin dəstəyindən gözlərini ayırmaz, ard-arda siqaret tüstülədərək düşünərdi ki, indi ucqar bir yerdəki adi barda əyləşib, bu cür darıxsaydı əgər, bundan necə də görünməmiş bir həzz alardı.

Bax, orada bu darıxma sevinclə əvəzlənərdi. Ya da daxili hüzurla.

Hətta məsələnin məğzi onun darıxmasında da deyildi, ondaydı ki, bu dükanda, bu səssizlikdə oturarkən o, özünü naqolay hiss eləyirdi. Həm də sırf həyatda öz yerini tapmadığı üçün bu naqolaylığa düçar idi.

Axı, onun xəyalını qanadlandıran şey bu ampir üslubundakı mebelin dəstəyi deyildi, bar piştaxtası arxasında dayanan, bəlkə heç özü də fərqində olmadan son dərəcə şux, hədsiz ehtiraslı görünən bar sahibəsi idi.

Dey Koronari küçəsindəki digər əntiq əşya satıcıları da Livioya bezdirici və təhlükəli görünürdülər. Özündən hədsiz razı olan bu adam hər hansı şübhəyə əsas vermədən qət eləmişdi ki, həmkarları ucdantutma boşboğaz və qəribə insanlardır. Hərdənbir Livio Kaza öz-özündən soruşurdu: “Kimdir axı ey, bu əntiq əşya satıcısı?” Bu işlə məşğul olan kəs əslində əntiq əşya satıcılarının adətən özlərini təqdim etdiyi kimi, nə əsl tacir idi, nə əsl sənətkar idi, nə də ki sənət bilicisi.

Bu suala onun öz cavabı isə belə idi: Əntiq əşya satıcısı – bir hobbisi olan kəsdir. Bütün qalan cəhətləri baxımından isə o, eynilə Livioya və onun arvadına bənzəyir, yəni sahibsiz torpaq kimidir, çünki bu ər-arvadın da həyatdakı tək istəyi – rahat bir həyat idi.

Ancaq üç gün əvvəl, axşam saat onda baş verən və ilk baxışda əhəmiyyətsiz görünən bir hadisə onların həyatındakı bu yeknəsəqliyə qəfil son qoydu və bu cütlüyə böyük dəyişikliklər vəd elədi.

Adətən öz güzəranından hədsiz razı bir məxluq təəssüratı yaradan Rits üzünə heç bir vəhşət görkəmi vermədən yanaşıb, Livionu baldırından möhkəmcə dişlədi. Livio evdə tək idi. Cenni kino festivalına getmişdi.

Ayağını diqqətlə süzən Livio heyrətləndi, ayağı ağrısa da, baldırında itin dişlərindən hər hansı bir iz qalmamışdı. Bu xüsus sanki Livionu daldığı dərin yuxudan oyatdı. Öz halına yerli-yersiz acımaq xasiyyətini o, elə həmin andan tərgitdi və adi şərtlərdə özünün heç vaxt cürət etməyəcəyi bir addım atdı.

Maşına minib, sükanın üstünə çökən Livio öz-özünə dedi: “İndi mən ucqar bir şəhərciyə yollanıb, suyuşirin sahibəsi olan bir bar tapacağam”. Hətta eşidiləcək bir səslə: “Canlara dəyən bir xanım” dedi. Haradansa ağlına gələn bu “canlara dəyən” ifadəsi onu nə cür çılğına döndərmişdisə, başqa heç nə barədə düşünmürdü artıq. Niyyətini məntiqi sonluğa çatdırmaqdan ötrü o, mobil telefonunu da evdə qoydu.

Az sonra kimsənin gözə dəymədiyi dairəvi yola çıxdı. Maşınların qaynaşmadığı yol indi ona gözəl və təmiz görünürdü. Sanki yol örtüyü əsl plastikdən hazırlanmışdı.

Onu cırnadan dünya haradasa uzaqlarda qalmış, səs-küy kəsilmişdi. Özünü on səkkiz yaşlı bir oğlan yerində hiss edən Livio xəfifcə qaz pedalına basdı, ancaq o, həmişə getdiyi bu yolla maşın axınları olmadan irəliləməyə də adət eləməmişdi. Buna görə də həyatının çox tezliklə və kökündən dəyişəcəyini düşünən Livionun qəlbi fərəh hissiylə doldu: qurduğu yeni planları gerçəkləşdirməkdən ötrü bir daha evə dönməyəcəyinə qərar verdiyi an o, maşını yoldakı hasara çırpdı və elə oradaca... keçindi.

Bundan altı gün sonra Livio öz əntiq əşyalar dükanına baş çəkdi. Artıq o, bir ruh idi. Keçib bir küncdə oturdu, dirsəklərini trümonun üzərinə söykəyib, canlı insanlara hələlik yad görünən sonsuzluq hissinə kökləndi və onu iş başında əvəz edən Cenniyə kənardan göz qoymağa başladı. Cenninin sərbəst bir qadın kimi (bu ifadəni adətən televizordakı ekspertlər işlədirdilər və Livio bundan hədsiz cırnayırdı) davranması Livionun heç könlünə yatmadı. Sanki dərdi-yası yox idi bu qadının. Tamamilə sakit idi Cenni. Həyat eşqi də kəllə-çarxa vururdu. Bir əntiq əşya satıcısı kimi onun hədsiz işgüzarlığı Livionu heyrətləndirirdi də. Özünün işlətdiyi vaxtlarla müqayisədə alıcıların sayca artdığını sezincə, Livionun ruhu bundan qapıldığı narazılığı da artıq gizlədə bilmədi.

Nahar fasiləsində qapıları bağlamazdan öncə Cenni bir kişini içəri saldı: aralarındakı səmimiyyətə baxılarsa, onların lap çoxdan tanış olduqlarını düşünmək olardı. Livio qət elədi: “Yəqin kino festivalında tanışlıq qurublar”.

Ruh özünü bir az gərməli oldu. Materiyalara xas bəzi canlılıq nişanələri axı o biri dünyanın sakinlərini də təbdən çıxarmağa qadirdir. Baxımlı saqqalı olan kişini Cenni çəkib, anbara apardı və burada onlar ilk dəfə öpüşdülər. Öpüş nə cür şux və təbii alındısa, hər ikisi bundan cuşa gəldi. Azadlığı gen-bol dadan bu cütlüyün hətta gözləri də yaşardı. Saqqallı kişi əlini Cenninin çılpaq ayağının üstünə qoydu. Bahar möcüzələriydi bu. Həyatın gözqamaşdırıcı anlarıydı. Sonrakı öpüşü ədəbsiz sayan Livio buna mane olmaqdan ötrü qədim bir saatı rəfdən yerə saldı. Buna zərrəcə məhəl qoymayan sevgililər isə çılğınca öpüşmələrinə davam edirdilər. Adətən avtobus dayanacaqlarındakı yeniyetmələr bu cür öpüşürlər: çiyinlərindəki bel çantalarını yerə atmalarıyla xoşbəxtlikdən uçub, göyün yeddinci qatına qalxmaları bir olur.

Başqa bir ruh barmağıyla Livionun çiyninə toxundu ehmalca. O, geri qanrıldı. Arxasında heç kimsə yox idi. Bayaq kökləndiyi o sonsuzluq hissi artıq onu tərk elədiyindən Livio qeyb aləminə qarışdı. Hər şeyin bir sonu var axı... Hətta ölümün də.

Tərcümə edəni:
Azad YAŞAR

Paolo Sorrentino. Livio Kaza -

Geri qayıt