Əsas Səhifə > Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > Olga Tokarczuk. Lobya falı -

Olga Tokarczuk. Lobya falı -


22-04-2021, 22:05.
title}
Olga Tokarczuk. Lobya falı -


Olga TOKARCZUK (Olga Nawoja Tokarczuk) 29.01.1962-ci ildə doğulan məşhur polyak nasiri, şairi, dramaturqu və esseçisidir. 2018-ci ildə nüfuzlu Buker və daha sonra isə ədəbiyyat üzrə Nobel mükafatlarına layiq görülüb. Nənələrindən biri ukraynalı olan O.Tokarczuk Sulexuv şəhərində doğulub, Varşava Universitetindən psixoloq diplomu alandan sonra Valjbixdə bir müddət psixoterapevt kimi işləyib. Hazırda Vrotslav şəhərində yaşayır.

Şeirlər kitabıyla ədəbiyyata gələn Olga 1993-cü ildə “Kitab adamlarının yolu” adlı ilk romanını çap etdirib. 2008-ci ildə işıq üzü görən “Ora-bura qaçanlar” romanı ədəbi mühitdə böyük əks-səda doğurub və əsər Polşanın nüfuzlu ədəbi mükafatı “Nike”yə layiq görülüb. 10 illik aradan sonra həmin əsər ona Polşa yazarları arasında ilk dəfə Buker ödülünü də qazandırıb. 2013-cü ildə Tokarczuk “Vilenitsa” ədəbi ödülünü alıb. Daha bir dədə “Ölülərin sümükləri üstdən keç kotanınla” romanı ilə onun adı Bukerin növbəti qısa siyahısına düşüb.

Əsərləri dünyanın bir çox dillərinə çevrilən yazar Nobel alan sayca beşinci polyak yazar kimi adını artıq tarixin səhifələrinə yazıb.


CivilAzerbaijan.com
Azad Yaşarın tərcüməsində Olga Tokarczukun "Lobya falı" hekayəsini təqdim edir.

Olga Tokarczuk
Lobya falı
hekayə


Onu Saska Kempa qəsəbəsinə gətirən Petrovski nədənsə evə heç yan almadı, iki tini də geridə qoymaqla, Fransız küçəsinin başında maşını əylədi. Tərtəmiz yuyulmuş qara limuzin daha sonra ağacların sıx kölgəliyində gizlənsə də, həmin yoldan keçən hər kəs addımlarını qismən ləngitməklə, kuzovu bərq vuran bu maşını şübhə ilə süzməkdən özünü saxlaya bilmədi.

Yolun qalanını piyada qət elədi. Petrovski maşında qaldı, yayxanaraq oturub, ard-arda bir neçə siqaret tüstülətdi. Ağzındakı tüstünü yarıaçıq şüşədən bayıra üfləyərkən onun nə barədə düşündüyü S.-ə onsuz da bəlli idi. Yaxşı bilirdi ki, S. bir məşuqə saxlayır və vaxtaşırı ona baş çəkir, diqqəti çəkməsin deyə, onun adi kağıza bükdüyü o bağlamalar da həmin qadına çatasıydı. S. düşünürdü ki, hər halda məşuqə də təhlükəli şeydir, odur ki, sürücüsünün belə tədbirli davranmasını anlayışla qarşılayır, təbii sayırdı. Onsuz da çoxları məşuqə saxlayırdı, həm də hər kəs bundan az və ya çox dərəcədə agah idi.

Şlyapasını gözünün lap üstünə endirən S. plaşının da yaxalığını qaldırdı ki, üzü heç görünməsin. Tindəki kiçik dükanın yanından ötüb sola buruldu, dəmir hasarın yanıyla bir az irəliləyəndən sonra doqqaza çatdı. Ayaq saxlayıb, ehtiyatla həndəvərinə göz gəzdirdi. Əslində o, bu hərəkətiylə diqqətləri öz üzərinə çəkə də bilərdi və kənardan baxan düşünərdi ki, bu kişi izinə düşənlərdən ehtiyatlanır. Sonra qırıq-sökük beton cığırla ot-alaq basmış həyətə girdi və evin dar girişinə tərəf yönəldi.

Qardaşlarıyla birgə bir cüt bacı bu evin ikinci mərtəbəsindəki üçotaqlı, geniş bir mənzildə yaşayırdı. Onun gələcəyini ev sahibləri sanki əvvəlcədən bilir və həmişə buna hazırlıqlı olurdular. Ya da ki bu, ona belə gəlirdi. Çünki dəyirmi masaya boz rəngli kağız örtük artıq sərilmiş olurdu, boyu get-gedə qısalan kimyəvi qələm isə həmişəki yerində dururdu. Evin havasına döşəmə mastikasının və yeməyin – adətən sousun, tavada piylə isidilən kələmin – qoxusu çökürdü.

Ara-sıra qarıların otağından musiqi sədaları yüksəlirdi, qrammofonda müharibəyə qədərki tanqolardan hansısa səslənirdi. S. kağıza bükülü hədiyyə paketini üzərində güzgü duran masaya qoydu. Adətən bu bağlamalarda onun Mərkəzi Komitənin bufetindən əldə elədiyi “qənimət” ərzaqlar – qəhvə, amerikan şokoladı, kürü və vetçina bankaları, bəzən isə bir şüşə əsl fransız şərabı olurdu.

Arıq və qızardılan piy kimi qurumuş görünən pani Yadviqa heyranlıqla içini çəkərək, bu “qənimətləri” bir-bir masaya düzməyə başlayanda ucaboylu, yanaqları pörtmüş digər bacı pani Urşulya onun çiyninin üstdən sovqatlara göz qoyurdu. Ailənin yaşca ən kiçiyi sayılan qardaşları da hədiyyələrin tamaşasına dayanırdı, hərçənd bu “kiçiyin” də yaşı artıq yetmişi ötmüşdü. Onu russayağı “Jenya” çağıran bu qadınlar böyük bacıların adətən kiçik qardaşlarına göstərməli olduqları heç bir diqqət və qayğını ondan əsirgəmirdilər.

Jenya onun gəlişinə həmişə sevinirdi. Bufetdən araq şüşəsi çıxaran Urşulya kişilərin hərəsinə bir qədəh içki süzürdü. Bacılar özləri isə içmirdilər. Bəlkə də Jenya sırf bu üzdən belə xoşhallanırdı? Qədəhi birdəfəyə başına çəkməklə o, öz quruhal, qəhvəyi ləkələrlə örtülü əllərini bir-birinə sürtdüyü anlarda adama elə gəlirdi ki, onun bəmbəyaz dırnaqları incə bir təbəqə ilə örtülübdür.

Hər iki qadın keçib divanda əyləşirdi və onların bir-birinə hədsiz oxşamaları sanki o an və qəflətən nəzərə çarpırdı. Ağbirçək və caydaq görünən hər iki bacı yaxalıqlarına bəzək sancağı taxırdılar. Adama elə gəlirdi ki, bu bəzək əşyaları onların çöhrəsindəki sonuncu şux çalarları da çəkib, öz canına hopdurubdur, çünki hər ikisinin üzü solğun idi, sanki pudra qatı ilə örtülmüşdü.

Jenya maraqlanırdı: “Hə, orada, o böyük dünyada yenə nələr baş verir?” S. də belə cavab verirdi: “Vəziyyət yaxşı deyil, amma yaxşıya doğru gedir”. Beləcə, hava barədə, cürbəcür şayiələr, küçə söhbətləri, pəncərənin önündə yetişdirilən və heç vaxt bostanda əkilməyən pomidor şitilləri barədə başsız-ayaqsız bir söhbət baş alıb, gedirdi aralarında. Sonra Urşulya süfrəyə çay gətirirdi, adətən naxoş bir dada malik bu çayı nədənsə məclis əhli guya ağız dadıyla içməkdən ötrü mütləq susmalıydı.

Dükandan alınan və üstü şəkər tozuyla örtülü peçenyeləri Yadviqa öz incə, uzun barmaqlarıyla siniyə düzdüyü üçün qonağın iştahası tamam küsürdü. S. indiyədək bir dəfə də onların dadına baxmamışdı. Ona həmişə elə gəlirdi ki, bunlar - hər dəfə siniyə düzülsə də, sonra yenə davadan qabaqkı əyyama aid tənəkə qutuya yığılan, qonağın növbəti ziyarətinə qədər hansısa küncdə-bucaqda gizlədilən boyat peçenyelərdir.

Əslinə qalsa, Jenya ilə söhbət eləmək imkansız bir şey idi. Kişi yeri düşdü-düşmədi irişirdi. Qəfil yerindən sıçrayıb durur, elə o dəqiqə də otururdu. Alnına düşən bir çəngə saç onu hansısa naməlum xəstəlikdən qəflətən yaşlanan balaca bir oğlan uşağına bənzədirdi. Bütün bu qəribə məqamlara rəğmən, S. burada özünü heç olmayan qədər rahat hiss edirdi: çay içdikləri vaxt sərbəstləşir, köynəyinin üst düyməsini açır, hətta pencəyini də - köhnə dostlarıyla kart oynamağa gəlibmiş kimi - çıxarıb, öz stulunun başına keçirirdi. Sanki bric, bildiyimiz, adi bric oynamağa gəlmişdi bura.

Pani Yadviqa iri büllur külqabını ona tərəf itələyirdi və özünün ilk siqaretini tüstülətdiyi anlarda o, fərqinə varırdı ki, içində dirçəlməyə bənzər, nə isə sirli bir dəyişim başlanıb artıq, sanki o, təkrar davadan əvvəlki vaxtlarına qayıdıb – hələ də cavandır, gələcəklə bağlı xoş xəyalları var, özünü hər cür qayğıdan sərbəst, quş kimi yüngül hiss eləyir, ətrafında nələrin baş verməsindən asılı olmayaraq, su üzündəki bir mantar kimi həmişə və hər şeyin fövqündədir.

Sonra kişilər, yəni o və Jenya, üstünə kağız örtük sərilmiş dəyirmi masa arxasında əyləşdilər. Qadınlar kiçik bir torbada gətirdikləri lobyaları qardaşlarının önünə tökəndən sonra təkrar keçib, divanda oturdular. Hər şey beləcə başladı. İçindəki həyəcanı yenən Jenya xeyli ciddi bir görkəm aldı. Qurumuş ovuclarını təkrar bir-birinə sürtdüyü zaman naxoş bir xışıltı duyuldu, sanki bununla o, insan bədəninin bir-biriylə incə dəri qatıyla birləşən sümüklərdən və xırda sümüklərdən ibarət olduğunu oradakılara nümayiş etdirməyə çalışırdı.

Bircə kəlmə də kəsmədən o, lobya dənələrini kağızın üzərinə töküb, cüt-cüt ayırdı, çəkib bir kənara qoydu. Bunu dəfələrlə təkrarladı və o ara S.-i şirin yuxu öz cənginə almağa başladı. Xəyalən o, iş aləminə qayıtdı, dağınıq da olsa, sonuncu iş gününü xatırladı: iş otaqlarının kəsif qoxusunu, masanın böyründəki İran xalısındakı naxışı, pilləkəndə kiminsə ötəri gördüyü üzünü, imzalanacaq sənədləri, “Pşekruy” jurnalında çıxan krossvord üzərində baş sındıran Ritanın siluetini.

Qocanın mızıldamaları fonunda o, bu sadalanan obrazlar arasında gəzdi, dolaşdı. Jenyanın barmaqları isə bir-birinə dəydikcə quru, amma xoş çıqqıltı qoparan lobya dənələrini ayırmaqla məşğul idi. Hər dəfə bu cür məqamlarda S. düşünürdü ki, çox işlədiyi üçün artıq yamanca yorulub. Ən betəri isə o idi ki, göstərdiyi bütün səylər ona nəinki əbəs, hətta ətrafındakı hər şey qədər şübhəli də görünürdü. Məhz iş bu yerə çatanda halsızlaşır və az qala uyuyurdu o. Jenya isə o ara öz kimyəvi qələmiylə lobya dənələri ətrafında cürbəcür və anlaşılmaz xətlər cizməyindən qalmırdı. Bunun ardınca isə o, danışmağa başlayırdı.

Məsələn, kişi təkrarlayırdı: “Durğunluqdur, durğunluq”. Ya da deyirdi: “Səndən sağda oturan o adamın başındakı ideya elə qorxunc dəyişik¬liklərə yol açacaq ki, ondan qaçıb-qurtul¬maq əsla mümkün olmayacaq. Buna hazır olmaqdan ötrü isə onun niyyətlərindən sən indidən agah olmalısan. Sol tərəfindəki adam isə xəstədir və artıq ölümə məhkumdur. Hə, hə, yəqin ki, o, öləcək”.

Urşulya dilini dinc tutmadı:
- Hamı öləcək. Bu, dəqiq məlumat sayılmaz. Sən onun məhz nə vaxt öləcəyini deməlisən.
Öz işinə qarışılmasından narazılıq duyan və gözlərini gərgin halda döyəcləyən kişi təkrar lobyaların üzərinə əyilərək dedi:
- Mən nə bilim nə vaxt?! Belə ağıllısansa, buyur, keç yerimə.

Bütün bu dilləşmələr vaxtı S. fikrində götür-qoy edirdi ki, görəsən bu “sağındakı” və “solundakı” adam kim ola bilərdi axı? Görən söhbət otaqların yerləşmə planından gedir, yoxsa bu Jenya hansısa üstüörtülü metaforalardan yararlanır belə? Kim daha “solda”, kim daha “sağdadır” görəsən? Yəni bunu deyərkən o, hansısa dünyagörüşünü və ya siyasi baxışları qəsd edir, yoxsa bu “sağ-sol” adlandırdığı şey hansısa əxlaqi bir qiymətdir?

Sırf bu ölüm məsələsində Jenya hədəfi sərrast vurmuşdu. S.-in müdiri, yoldaş Kaspşik az sonra, qəfildən ağ çiyər iltihabına yoluxacaq və ikicə həftənin içində canını tapşıracaqdı. Sonradan S. də etiraf eləyəcəkdi ki, hə, o rəhmətlik məhz “solçu” idi. Bu qənaətini o, bu bacılar və onların qardaşlarıyla da paylaşacaqdı. Jenya buna sevinəcək və özündənrazı halda deyəcəkdi: “Demişdim axı, demişdim də mən!”

Hə, Jenya ümumi və üstüörtülü sözlər işlətsə də, zaman ötdükcə, bunların hamısı heyrətamiz şəkildə doğru çıxırdı. Nadir hallarda proqnozlarda birə-bir dəqiqliyə rast gəlinirdi. Onun öncəgörmələri adətən bəsit, xırda şeylərlə bağlı olurdu: məsələn, S. mənzilinin açarlarını itirəcək və ya onun avtomobiliylə bağlı olan bir nəfər sayca iki dəfə artacaq” (sürücüsü Petrovskinin ailəsində əkizlər doğulmuşdu az sonra) və ya S. ötəri də olsa, ilana çevriləcək (növbəti dilləşmələri əsnasında Rita ona çımxırmışdı: “Vay səni, soyuqqanlı ilan!”). Və sair, və ilaxır.

S.-i düşündürən də o idi ki, bütün bu təsadüflər axı nədən irəli gəlir? Bu dünyaya gerçəkçi biri kimi göz açdığından o, həmişə düşünürdü ki, bu öncəgörmələrdə gələcəkdə baş verəcək bütün hadisələr bir rüşeym halında mövcuddur, sadəcə onların necə inkişaf edəcəyi hələlik sual altındadır. Digər dənəvər şeylərin – hələlik baş verməyən hadisələrin – əsl mahiyyəti isə lobya dənələrinə yaxşıca bəllidir.

Maksimum dərəcədə mümkün sayılan hadisələr bir-birinə nüfuz eləməyə, bir-birini anlayıb-tanımağa qadirdirlər. O, qarşılaşdığı durumu özünə məhz bu cür izah eləyirdi: hər şeyi tam anlamağa da bir elə gərək yoxdur, çünki tam anlaşılan öncəgörmələr adama şübhəli də görünə bilirlər - axı gələcək hələlik gəlməyibdir ki, onun haqqında durub, nələrsə danışasan.

Jenyanın dilindən qopan o üstüörtülü metaforalar da məhz bununla izah olunmalıydı. 1953-cü ilin fevralında, ya da yanvarın sonunda qoca “onun həyatındakı hər şeyin yaxşıya doğru dəyişəcəyinə səbəb olacaq görünməmiş ölüm”dən söz açmışdı. O vaxt S. hansısa uzaq qohum və onun qoyub gedəcəyi miras barədə düşünmüşdü. Bu, onun ağlına gələn ilk fikir idi, üstündən xeyli keçincə isə söhbətin məhz Stalinin ölümündən getdiyi ortaya çıxmışdı.

Bir il sonra isə S. beşinci mərtəbədən ikinciyə köçdü və artıq qara limuzində işə gedib-gəlməyə başladı, Rita isə yeni, iri mənzildə özünü əvvəlkindən xeyli bəxtəvər hiss elədi. Hə, indi nə olsun ki, hər şey bütün bu yaşananlardan sonra ortaya çıxmışdı və Jenyanın o qəribə sözlərinin mənası məhz aradan müəyyən zaman ötəndən sonra anlaşılmışdı?!

S. düşünürdü: “Bu cür biliklər mənim nəyimə gərəkmiş axı? Postfaktum şərtiylə öz qanuni qüvvəsinə minən və artıq hər hansı şəkildə mənə müdaxilə imkanı verməyən bir gələcəkdən xəbər tutmamın nə mənası var ki?!”

Bir dəfə Rita ilə birgə mətbəxdə konyak içdikləri zaman (qadının əynində tovuzquşu təsvirli xələt, ayaqlarında isə pomponlu çəkələklər vardı, hər yerdə olduğu kimi, qadın mətbəxdə də öz aktrisalığından heç qalmırdı) o, fərqinə vardı ki, bu qadını gələcək ümumiyyətlə maraqlandırmır. Nələrin baş verib-verməyəcəyi onu yerli-dibli narahat eləmir. Onun nəzərində əsas şey - məna idi, gedilən yön idi. Ümumi nizam idi vacib olan.

S. ondan soruşurdu ki: “Bütün bu yaşananlarda hansısa bir nizam varmı görən?” Rita da siqaret yandıraraq belə cavab verirdi: “Var və bunu sən özün tapıb-yaratmalısan”. Ancaq S. bununla ondan əl çəkən deyildi: “Ali, ümumi xarakterli və imkanlarımızın fövqündəki bir nizamı soruşuram ey mən?” Qadın da Mərkəzi Komitənin bufetindən alınıb gətirilən konyakdan ağız dadıyla bir qurtum alıb, burnunun altda mızıldanırdı: “Hə-ə, indi anladım nəyi deyirmişsən... sən tarixi ədaləti, siniflərarası mübari¬zəni-filanı qəsd edirsən... Özünü axmaqlığa qoymusan ha deyəsən?”

O, arvadına Jenyadan söz aça bilməzdi. Hətta qadın onun barəsində heç nə bilmirdi də. Jenya bir sirr kimi, başaşağılığı gətirəcək bir şey kimi gizli tutulmalı, bir topa ədəbsiz foto kimi siyirmənin lap dibində saxlanılmalıydı sanki.

Ara-sıra Petrovskiyə bir şüşə şampan şərabı və ya yarımkiloluq qəhvə paketi verərkən S. heçcə nə demirdi. Özünə də bəlliydi ki, Saska Kempaya bu gediş-gəlişləri onun karyerasını zədələyə bilər: onu casusluqda, xarici kəşfiyyatın (Jenya taqətsiz bir qoca olsa da!) agentiylə görüşməkdə ittiham edə bilərdilər. Deyərdilər ki, məhz lobyaların köməyi ilə o, qarşı tərəfə hansısa gizli bilgilər ötürür, açdıqları bu lobya falı isə xalq hökumətinə qarşı aparılan düşmən fəaliyyətdən başqa bir şey deyildir.

Qocalara növbəti dəfə baş çəkəndən sonra evə dönən S. insanın ümumiyyətlə gələcəyə boylanmaq imkanı barədə düşünürdü: bu niyyətin mümkünlüyü ona çətin, hətta tamamilə imkansız görünürdü, çünki “zaman” deyilən şey üçölçülü fəzada, A nöqtəsindən B-yə doğru və yeganə mümkün yolla irəliləyirdi, həm də axı reallıq zatən obyektiv şəkildə mövcuddur. Fikirlərinin axarı pozulduğu üçün o, təkrarlayırdı: “obyektiv şəkildə, hə, obyektiv”, çünki gələcəyi öncədən görməyin mümkünlüyünə inanmağın elə özü də hədsiz dərəcədə qorxunc gəlirdi ona.

Bir qədər bu məsələyə köklənincə, o, qəfildən və təlaşla anladı ki, dünyada zahiri və sərt bir nizam mövcuddur, ona hər hansı şəkildə müdaxilə isə imkansızdır, məhz bu ali nizam bizləri idarə elədiyindən nəyin vacibliyinə, ya qeyri-vacibliyinə də biz tam sərbəst qərar verə bilmirik. Görəsən niyə öz mənzilinin açarlarını itirməsi onun karyera yüksəlişi və ya xaricə ezamiyyəti ilə müqayisədə daha adi bir şeydir, hə?

Bəyəm Petrovskinin əkiz çağaları növbəti plenum sonrası Mərkəzi Komitənin tərkibindəki dəyişikliklərdən daha az əhəmiyyətə malik idi ki? Ya da Ritanın ona bəslədiyi kor-koranə nifrətdən qaynaqlanan, o mənasız: “Vay səni, soyuqqanlı ilan!” nidası Stalinin ölümündən sonra yaşanan dərin çaşqınlıqdan daha əhəmiyyətsiz idi ki? Bəlkə həqiqətən də, biz dəyərlərin üstünlük sıralamasından xəbərsizik: yaxşı, bəs onda biz necə yaşamalı və nəyi əsas saymalıyıq axı?

Əgər gələcəyi görmək bunca imkansızdırsa və Jenya onun başını piyləyirdisə, onda S. niyə özünün əl boyda bir uşaq kimi aldanmasına razı olurdu? Deməli, əslində heç bir gələcək-filan yoxdur və insanın da içində olduğu zamandan dışarıya boylanması imkansızdır.

Sadəcə sənin gördüyün işin bir nəticəsi ola bilər. Belə olan halda onun Saska Kempaya gəliş-gedişləri sadəcə psixoloji bir ayindir, uydurma bir təhlükəsizliyə sığınmaqdır, bir növ kilsəyə getmək kimi bir şeydir. Ya da bunun daha betər yozumu var: bizlər – indiki zamanın əsirləriyik, xaosa qurban verilən ət kündələriyik, başqa insanların xəyallarının qurbanıyıq, kor-koranə şəkildə vurnuxan lemminqlər sürüsüyük.

S. bu barədə düşünməməyə çalışırdı. Mindiyi limuzin Saska Kempanı tərk edib, Vislanın qarşı sahilinə keçdiyi müddət ərzində o, Jenyanın da, onun bacılarının da varlığını hər vəchlə unutmağa çalışırdı. Ponyatovski körpüsüylə geri döndüyü vaxt bəzən, həm də özünə çox da güvənmədən, qərara gəlirdi ki, bir daha o Jenyanın ziyarətinə getməyəcək.

Ancaq aradan bir-iki həftə, bəzən də bir ay ötəndə, içini qarşısıalınmaz bir istək təkrar bürüyəndə – adətən içkini tərgidən birisi də özünə qoyduğu yasağı beləcə poza bilir – o, Petrovskiyə: “Saska Kempaya sür” deyirdi və onlar həmin axşam çarəsizliyin növbəti payını dadmaq üçün o qəsəbəyə yollanırdılar: “Axı, lənət şeytana, nəyə can atıram, nə istəyirəm mən?”

Səhəri gün işə gələndə ayaqlarının altına diqqət yetirməklə geniş, mərmər pilləkənləri qaçaraq çıxdı o, rastına çıxan göy kostyumlu kişilərlə sadəcə başını tərpətməklə salamlaşdı. Kabinetinə girən kimi başı kağız-kuğuza qarışdı, ancaq içindəki bir hiss durmadan ona deyirdi ki, burada ikən o, əsla öz yerində deyildir, bu işə-gücə qatlaşmaqdan və hər səhər öz içindəki hansısa xüsusi bir mancanağı hərəkətə gətirməkdən ötrü özünü hədsiz dərəcədə gərməyə məcburdur.

Əslində, əyləşdiyi bu dəbdəbəli kabinet ona refleksiv-əsəbi bir əsnəmə, psixoloji cəhətdən izaholunmaz, ziddiyyətli bir hiss – ölümcül qüssə aşılayırdı və buna da heyvani bir qorxu qarışmışdı. Bu qəribə qarışım onun iş gününün ilk saatında möhkəm tərləməsinə və köynəyini onun eynisiylə məcburən dəyişməsinə gətirib çıxarırdı: əzilməsin deyə, Ritanın xüsusi səliqəylə qatladığı həmin köynəyi o, öz portfelində işə gətirirdi. Katibəsinə hamıdan az güvəndiyinə görə isə, otağın qapısını arxadan bağlayırdı ki, o qadın bu köynək dəyişimindən xəbər tutmasın.

Bir qədər sonra köynək ilə bədəni yavaş-yavaş bir-birinə isinişdi, onlar təmas yoluyla tapışdılar: içdiyi bir qədəh konyak və çəkdiyi bir neçə siqaret isə buna bir az da tezləşdirdi. Hətta bayaq qapıldığı o hissin adi nevrasteniyadan, hədsiz yorğunluqdan irəli gəldiyini də düşünməyə başladı. Öz-özünə təkrarlayırdı: “Bu da keçəcək, öz xoşuyla keçib gedəcək”. Və keçib getdi də.

Artıq sakit və gümrah bir halda, öz qələbəsinə dərin inam hissiylə o, pəncərəyə yanaşıb, Mərkəzi Komitənin qarşısındakı, insanların qaynaşdığı yol kəsişməsinə göz qoymağa başladı. Yol hərəkətinin – bəlkə bənzər şey elə bütün dünya üçün də keçərliydi – necə bəsit qaydalarla idarə olunduğunu buradan görə bilirdi: yaşıl və qırmızı işıqlar həm sirli, həm də dəqiq bir ahənglə dəyişir, xaosun tən ortasında dayanan, ucaboylu hərəkət nizamlayıcısı isə, eynilə bir mələk kimi, insanlara doğru yolu göstərirdi.

Tərcümə edəni:
Azad YAŞAR

Olga Tokarczuk. Lobya falı -

Geri qayıt