Əsas Səhifə > Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > Rajneesh Osho.″“SUFİZM ilə DZENin fərqi”
Rajneesh Osho.″“SUFİZM ilə DZENin fərqi”18-05-2021, 21:52. |
Rajneesh Chandra Mohan Jain (रजनीश चन्द्र मोहन जैन) 1931-ci ilin 11 dekabrında Hindistanın Madhya Pradesh əyalətinində anadan olub. 21 yaşında universitet təhsilini başa vurub və bütün Hindistanı gəzərək mühazirələr söyləyib və ictimai müzakirələrdə mühafizəkar dini liderlərə meydan oxuyaraq ənənəvi inancları sorğulayıb. O, özünü gerçək bir "varoluşçu" adlandırıb.. 1960-cı illərin sonunda Osho artıq öz “dinamik meditasiya”sını təkmilləşdirməyə başlayıb. 1970-ci illərin əvvəllərində ilk olaraq Qərbli gənclər Oshodan xəbər tutublar. Başlanğıcda Qərbdən onun görüşünə gələn tək-tük gənclərin sayı get-gedə çoxalıb. "Mən tamamilə yep-yeni dini şüurun başlanğıcıyam" , "Məni keçmişlə əlaqələndirməyin, onu xatırlamağa belə dəyməz" Rajneesh Osho deyirdi. Tələbələrinə və dünyanın dörd bir tərəfindəki izləyicilərinə söylədiyi mühazirələr 30-dan çox dilə tərcümə olunub, 600 dən çox cild şəklində yayımlanıb. Osho 1985-ci ildə köçkünlərin statusu haqqında qanunu pozduğuna görə həbs olunub. O, 19 yanvar 1990-cı ildə vəfat edib. Onun Hindistandakı "kommuna"sı meditasiya terapiya və yaradıcılıq proqramlarına qatıla bilmək üçün minlərlə beynəlmiləl qonağı özünə cəlb edərək dünyanın ən böyük ruhi inkişaf mərkəzi olmağı bacarıb. CivilAzerbaijan.com Azad Yaşarın tərcüməsində Rajneesh Oshonun ″Çölün müdrikliyi″ əsərindən “SUFİZM ilə DZENin fərqi” adlı fəsli təqdim edir. Rajneesh Osho SUFİZM ilə DZENin fərqi ″Çölün müdrikliyi″ əsərindən Sufizm dünyasına qədəm qoyarkən bilməlisiniz ki, sufizm məhz bir dünyadır, dünyagörüşü deyildir. Transsendental olmasına rəğmən, o, transsendental fəlsəfə sayılmaz. O, heç bir nəzəriyyəni aşılamır, faydalı məsləhətlərlə, eyhamlarla, işarətlərlə yetinir. Sufizm – insanı başdan çıxartmağa, tovlamağa da can atmır. O, yetərincə gerçəkçi (realist), praqmatik, yəni işləkdir. Abstrakt olmadığı üçün o, göydən daha çox yerə, torpağa bağlıdır. Ona görə də sufizm hər hansı dəqiq dünyagörüşündən məhrumdur. Özünün hər hansı sistem olduğunu iddia etmədiyindən sufizm bilgilərin hər hansı təsnifatına da ehtiyac duymur. Sistem – hər şeydən öncə, varlıq sirrlərinin tam və bitkin şəkildə açıqlanmasıdır. Sufizm sistem olmağa iddialı deyildir: o, varlıq sirrlərini yorumlamır, çünki o - sadəcə varlığın sirrlərinə yönələn yoldur. Heç nəyi izah etməyən sufizm sirrli, gözlə görünməyən aləmlərin varlığını sübuta yetirib, bizləri bu aləmlərə aparsa da, heç vaxt varlığın sirrlərini açmağa can atmır, halbuki bütün sistemlərin məqsədi məhz budur: onların yeganə niyyəti - bilinməzi bilinən etməkdir, sirrlərin üzərindəki örtüyü qaldırmaqdır, möcüzələri, tilsimləri sındırmaqdır. Sufizm isə bizlərə sirrli aləmlərə aparan yolda sadəcə bələdçi olma, gizli (batini) dünya¬ya dalmamıza bir imkan yaratma məqsədi güdür. Heç vaxt və heç nəyə tam yorum vermədiyi üçün onu ІsistemІ adlandırmaq olmur. O - hissiyyatımızı gücləndirmək üçün müəyyən qığılcımlar, işarətlər qaynağıdır. O, fəlsəfə olmağa iddialı deyil, çünki onun əsas müddəaları hekayətlərə, lətifələrə, metaforalara, pritçalara və şeirlərə səpələnib. O, metafizika olmaqdan daha çox metaforadır. Onu Aya tuşlanan işarət barmağına da bənzətmək olar. Amma barmağın necəliyini incələməklə Ayı dərk eləmək imkansızdır. Əgər aldığınız göstərişlərə dərin simpatiya ilə yanaşsanız, onlarla aranızda bir anlaşma, harmoniya yaranarsa, bəlkə onda siz bu sayədə Ayı görə bilərsiniz. Barmağın Ayı əvəz etmədiyini, onun yerini vermədiyini mən də bilirəm, amma hər halda şəhadət barmağı sizə hansı yönə baxacağınızı, nə barədə düşünəcəyinizi göstərə bilər. Sufi hekayətləri də fəlsəfədən, fəlsəfilikdən uzaqdır. Bunlarda incə bir eyham və ya pıçıltı var. Ancaq bir şeyə candan, könüldən bağlananlar, ona qulaq kəsilənlər, dinlədiyi əhvalatların mahiyyətinə dərindən nüfuz edənlər, ətrafındakılara öz könül qapılarını laybalay açanlar, özündən, mənlik davasından imtina edənlər sufiliyin nə olduğunu anlamağa qadirdirlər. Sufiliyi anlamaqdan ötrü sevməyi bacarmaq – ən ilkin şərtdir. Gəlin görək, sufilik özündə nələri içərir. Sufilik – məntiqli analizə əsaslanmadığı kimi, onda sırf dzenə məxsus məntiqsizlik də yoxdur. Sufizmə görə, məntiqlilik və məntiqsizlik eyni çubuğun iki ucu və ya başıdır. Eyni zamanda həm məntiqə, həm də məntiqsizliyə meyil edən sufilik isə bu iki nöqtənin haradasa ortalarında qərarlaşıbdır. O, nə sola meyil edir, nə də ki, sağa. O, nə Sokrat qədər hədsiz dərəcədə məntiq düşkünüdür, nə də ki, Bodhidharma qədər məntiqsizlik heyranı. Sufilərə görə, həm Sokratın, həm də Bodhidharmanın həyata yanaşım tərzləri zahirən adama fərqli təsir bağışlayır, əslində isə onların arasında ciddi fərq yoxdur. Yeri gələndə Bodhidharma Sokratla müqayisədə daha çox məntiqə meyillidir, elə buna görə də bəlli bir əndazəni aşınca onun məntiqsizliyi sərhəd-filan tanımır. İstənilən şəxs hər şeydə, hər zaman və hər yerdə məntiqə riayət etməyə çalışarsa, əvvəl-axır məntiqin bitdiyi, tükəndiyi bir nöqtəyə gəlib çıxır: onun məntiq aləmindəki səyahəti gec-tez bitsə də, ömür yolu davam edir. Sokratdan fərqli olaraq, Bodhidharma uzun yollar qət etmək bahasına gəlib həmin sərhədə, dalana dirənibdir və anlayıbdır ki, hətta məntiqin bitdiyi yerdən sonra da həyatın axışı durmur. Bodhidharma Sokratdan fərqlənsə belə, onun həyata yanaşma tərzi Sokratınkını xatırladır, çünki bu tərzin özü də əvvəl-axır intellektə söykənir. Dzen intellektə, ağıla, kamala qarşı çıxır. Amma intellekti arxa plana çəkməyin özü də intellektuallıqdan imtina sayılmaz. Dzen – quru fəlsəfəyə qarşı üsyandır, amma fəlsəfəyə düşmanlıqla filosofluq da bir araya sığa bilər: sadəcə olaraq bu birisinin fərqli fəlsəfəsi olacaqdır. Sufizm isə hər cür ziddiyyətlərdən, qarşıdurmalardan uzaq durur. O, daim orta xəttə, tam dəqiqliklə təyin olunmuş orta xəttə, başqa sözlə, «qızıl orta nisbəti»nə sadiqdir. Əgər dzendə başlıca anlayış ІdərketməІdirsə, Іidraka çatmaІdırsa, sufiliyin təməl anlayışı ІinsaflılıqІdır, ІkönüllülükІdür. Əgər bu məqamı yaxşıca qavrasanız, onların fərqini sezməkdə çətinlik çəkməzsiniz. Dzen – ağıla, kamala qarşıdır, o, ağılın öz imkanlarından yararlanmaqla, onun dışına çıxmağa can atır. Sufizm isə ağılı, idrakı rədd etmir, zəkaya qarşı tam laqeydlik sərgiləyir. Sufiliyin başlıca hədəfi - ürəkdir. Buna görə də o, ağılı heç diqqətə almır, saya salmır. Sufilər də bir daxili oyanış sonrası kamillik zirvəsinə yüksəlirlər. Əgər dzendə ІsatoriІ adlandırılan bu oyanış ağılın oyanışıdırsa, sufilərin könüllərində yaşadıqları bu oyanış sırf Іkönül oyanışı¬dırІ. Sufinin yolu – bir aşiqin yoludur. Dzen tərəfdarının yolu isə daha çox bir döyüşçünün, samurayın yoludur. Onların arasındakı ciddi fərq də elə burada yatır… Hər iki nəzəriyyədə hekayətlərdən yararlanırlar. Amma onların hekayətlərindəki səslənmə tərzi və bihuşedici ətir xeyli fərqlidir. Dzen hekayəti bizə absurdu, açması (cavabı) olmayan tapmacanı xatırladır. Hər nə qədər baş sındırsanız da, siz onun cavabını, çözümünü tapa bilməyəcəksiniz. Hekayətin çözümsüzlüyü onun özündən gəlir, içində, məğzində gizlənib. Məntiqdən xali olmaq - onun məqsədidir, hədəfidir: axı, o – sizin ağlınızı çaşdırmağa, məntiqinizi yerləbir etməyə hesablanıb. Başqa sözlə, o – gözləriniz önündə sağa-sola vıyıldayan, sizi çaş-baş salan iti qılıncdır. Sizdən anlayış uman bu əhvalatlar bəzən ağlınızı başınızdan alacaq qədər təsirli olurlar, gərəkli çözümü aradığınız müddətcə siz hətta meditasiyaya da qapılmalı olursunuz. Deməli, dzen hekayətləri həm də meditasiya vasitələridir, çünki burada məntiqli görünən və ağıla gələ biləcək bütün cavablar dilə gətirilmədən yanlış çıxırlar. Tapmaca xarakteri daşımayan sufi hekayətləri isə əsasən pritçadırlar. Onlar hər nə qədər sarsıdıcı olsalar da, kəskin qılınc sayılmazlar. Onlar adamı haralarasa alıb aparırlar, bir növ tovlayırlar. Bu özəllik daha çox sevən kəslərə, aşiqlərə məxsusdur, çünki başdan-ayağa zərifliyə, yumşaqlığa, nəcibliyə hesablanıb. Elə buna görə də, dzen bizə kişiliyin (erkəkliyin), sufilik isə qadınlığın rəmzi kimi görünür. Dzen hekayətləri bizim birbaşa ağlımıza təsir göstərir, bu yolla ağlımızın bir quş misalı pırıltıyla öz qəfəsindən dışarıya uçmasına imkan yaradır. Yəni o, bizi ağlımızdan edir, dəli edir! Sufi əhvalatlarının insana təsiri isə nisbətən ləngdir, ağırdır, amma qaçılmazdır. Onlarda müəyyən poeziya (şeiriyyət) və ritm (ahəng) həmişə gözlənilir. Bu hekayətlərin təsiriylə meditasiyaya dalmağa ehtiyac qalmır, onları könül süzgəcindən keçirmək yetərlidir. Dzen hekayətləri isə dinləyicidən, oxucudan ilk növbədə meditasiya bacarığı tələb edirlər. Sufi əhvalatlarını dinləyici bir fincan ətirli çay kimi öz varlığına hopdurmalıdır. Onları bir dincəlmə anında qavramaq lazım gəlir. Dzen hekayətləri isə dinləyicidən bütün düşüncə imkanlarını səfərbər etmiş beyin, gərginlik və intensivlik tələb edir. Oxucu və ya dinləyici bütün olan-qalan enerjisini bu hekayəti qavramağa səfərbər etməli, çevrədəki dünya-aləmi yerli-dibli unutmalı, bu absurd hekayət ilə baş-başa qalmalıdır. Həm də hekayətdəki bulmacanın hər hansı şəkildə çözülməyəcəyini bilsəniz belə, siz bütün enerjinizi onun dərkinə yönəltməlisiniz… Sufi hekayətlərini isə adi əhvalatlar kimi dinləmək (və ya oxumaq) mümkündür, çünki qədimlərdən bəri sufilər – çox usta nağılçılar olublar. Adətən sıcaq və rahat bir yerdə oturan bu adamlar qarşılarındakı çayı və ya qəhvəni udumlayaraq, öz hekayətlərini dilə gətiriblər. Bu hekayətlərdəki kiçik işartılar, eyhamlar əslində son dərəcə güclü və nüfuzedicidir. Dinləyicidən, müriddən tələb olunan yeganə şey – diqqətdən daha çox, açıq ürəklə, simpatiya ilə, könül xoşluğuyla, dərin həzz ilə, həm də özünü çox da gərmədən mürşidini dinləməkdir. Çünki dinləyicisinin hekayətdən həzz aldığını, ona könüldən bağlandığını hiss edən mürşid onun qarşısında bildiyi bütün sirrləri açıb-tökməyə hazır olur… Yuxarıda qeyd elədiyim kimi, sufilik – dünyagörüşü deyil, dünyaya fərqli baxış şəklidir: axı, reallığı hər hansı bir yöndə yorumlayan dünyagörüşü bəlli bir fəlsəfəyə söykənməlidir. Bu sayədə insan necə varsa, eləcə də qalır, zərrəcə dəyişmir. Qəbul etdiyi dünyagörüşü isə insana bəlli həcmdə bilgilər bəxş edir, onun bilgi heybəsini, xurcununu ağırlaşdırır. Real dünyaya fərqli baxış tərzi isə insandan daxilən yeniləşmə, dəyişmə tələb edir. Bu aləmi fərqli görə bilməkdən ötrü siz dəyişimə uğramalısınız, daha yüksək nöqtələrə, əvvəlkindən fərqli zirvələrə qalxmalısınız. «Sufizm» termininin sonundakı «izm» şəkilçisi bir mənada onu digər fikir cərəyanlarına oxşadır. Əslində bu baxış tərzinin adı «təsəvvüf»¬dür, anlamı isə «sevgiylə baxma və görmə», «real aləmə bir aşiq mi¬salı yanaşma»dır. Başqa sözlə, sufilik – varlığa aşiqlikdir. Elə buna gö¬rə də sufilər deyirlər ki: «Biz varlıqla ayrılmaz vəhdətdəyik». Heç nə ilə savaşmaq, mübarizə aparmaq lazım deyil, sev, sevil, xidmətdə dur, sayğı göstər, sayğı gör, o zaman dünya özünün bütün gizli sirrlərini sənin gözlərin önünə sərəcəkdir. Zora və zorakılığa nə hacət varmış?! Odur ki, sufilər dünyaya fəlsəfi və elmi yanaşımı, zəkalı yaşamı əsl zorakılıq kimi dəyərləndirirlər. Onlara görə, bu - varlıq sirrləri üzərindəki örtükləri, pərdələri vəhşicəsinə yırtıb-dağıtmağa bənzəyir. Elmin və məntiqin reallığa uyğuladığı yöntəmlər də əslində zorakılıqdır, onlarda zor, qaba güc özünü aşkar şəkildə göstərmək¬dədir. Sufilik isə buna hər hansı ehtiyac duyulmadığını deyir, çünki varlıq bizdən ona yaxınlaşmamızı, ona könül verməmizi gözləyir. Bunun qarşılığında isə o, bizə ən məhrəm sirrlərini açmaq niyyətindədir. Varlıq bizdən ona heyran olmamızı umur və bunu yüzillər boyu intizarla gözləyibdir. Sevginin bütün örtükləri qaldırdığı, bağlı qapıları açdığı belə bir xoş or¬tamda zor kimə və nəyə lazımdır axı?! Tərcümə edəni: Azad YAŞAR Geri qayıt |