Əsas Səhifə > Elm və Kültür > CİVİL AZERBAİJAN təqdim edir: Viktor PELEVİN - "Üst dünyanın qavalı"

CİVİL AZERBAİJAN təqdim edir: Viktor PELEVİN - "Üst dünyanın qavalı"


10-04-2017, 03:30.
title}
CİVİL AZERBAİJAN təqdim edir: Viktor PELEVİN - "Üst dünyanın qavalı"


Viktor Oleqoviç PELEVİN

Çağdaş rus postmodernist nəsrinin nisbətən gənc və aparıcı nümayəndələrindəndir. 1962-ci ildə Moskvada doğulub, 1984-cü ildə doğma şəhərindəki Energetika institutunu, daha sonra öz ixtisası üzrə aspiranturanı və Qorki adına Ədəbiyyat İnstitunu bitirib. Mühəndis və jurnalist kimi fəaliyyət göstərib. Özəl nəşriyyatlardan birində çalışıb, Karlos Kastanedanın əsərlərinin, buddizmə aid qədim Çin mətnlərinin rus dilinə çevrilməsi və nəşri məsələləri ilə məşğul olub.

Bu məsələlərlə yaxından maraqlanması yazıçının sonradan öz bənzərsiz üslubunu formalaşdırmasında əhəmiyyətli rol oynayıb. 1987-ci ildən nəsrə girişib, ilk hekayələrində fantastika və pritça elementləri üstünlük təşkil edib. Əgər yazarın 1980-90-cı illər yaradıcılığı kütləvi sovet mədəniyyətinin nailiyyətlərinə qarşı ironik yanaşımdan yoğrulubsa, onun sonrakı illərdə yaratdığı əsərlərdə ezoterik motivlərə, dünya mifologiyasından alıntılara, dzen-buddizm dininə və Türk dünyasına xüsusilə yaxın olan şamanlıq praktikasına müraciətlərə daha sıx-sıx rastlanır. "Göy fənər" (1992), "Omon Ra" (1993), "Üst Dünyanın qavalı" (1996), "Alt Dünyanın qavalı" (1996), "Çapayev və Pustota" (1996) başlıqlı beş kitabın müəllifi olan yazıçının əsərləri bir çox dünya dillərinə çevrilib. "Büllur dünya", "Sarı ekspress", "Həşəratların həyatı" və "P nəsli" (Generation P) əsərləri ona böyük şöhrət gətirib. Bir neçə ədəbi mükafat qazanıb.

Son on ildə hərəkətsiz tısbağa kimi öz qınına qapılan, hər cür yeniyə və yeniliyə qənim olan, dünya arenasına nə bir adla, nə də bir əsərlə çıxan, özünü hələ bir müddət də "dahi" cildində xalqına tanıtmaqdan ötrü özlərindən sonrakı ədəbi nəsilləri yalnız cırlaşdırmaq (budamaqla) məşğul və məşhur olan, daha dəqiq desək, bugünkü müstəqilliyimizə heç cür yaraşmayan məhəlli ədəbiyyatımız və bu "məhəllənin" müxtəlif tinlərini təmsil edən "ədəbi generallarımız"la biz hələ çətin ki, yaxın gələcəkdə bir Patrik Züskind, bir Orxan Pamuk və ya bir Viktor Pelevin yetişdirək. Bəlkə də Avropa Birliyinə könülsüz (və ya məcburən) girmək bizə asan gələ bilər, oradan çıxmaq bundan da asan ola bilər, amma demokratiya mədəniyyətində Avropa (ən azından Rusiya və ya Türkiyə!) səviyyəsinə qalxmaq və bu tutduğun yerə layiq olmaq çox-çox çətindir.

Hələlik son kitabı "KDD (hh)", yəni "Keçid Dövrünün Dialektiası - heçhardan heçliyə" yazarın beş illik yaradıcılığının məhsuludur, bu kitaba onun "Rəqəmlər" romanı, "Fransız təfəkkürünün Makedon üsulu tənqidi" povesti və beş hekayəsi daxil edilmişdir.

CİVİL AZERBAİJAN Viktor PELEVİNİN "Üst dünyanın qavalı" hekayəsini Azad YAŞARIN tərcüməsində təqdim edir.


Üst dünyanın qavalı

hekayə

Tambura girən polis gözucu Tanya və Maşanı süzüb, baxışlarını küncə yönəltdi və heyrət dolu nəzərləri orada oturmuş qarıya ilişib qaldı.
Qarının həqiqətən də əcayib görünüşü vardı. Yeməkxanalarda satılan üçgünlük yuxa kimi bürüşük, monqolsayağı tabaq sifətinə görə ona hər hansı yaş vermək imkansızdı və bunun səbəbi heç də qadının gözlərinin dəri lentlər, biser düzülü saplar altında gizlənməsindən qaynaqlanmırdı.

Havanın istiliyinə rəğmən, qarı başına xəz papaq qoymuşdu, papağın üstü dəridən üç enli zolaqla bəzənmişdi, alnını və boyun qismini örtən, qarının üzünə, çiyinlərinə və sinəsinə qədər düşən bu dəri zolaqların birindən insan fiqurları, qavalcıqlar və toqqalar asılmışdı. Digər iki zolaq isə qadının dingə yerində saçına taxılan toqqa ilə ağız-ağıza birləşdirilmişdi. Uzunboğaz quş biçimində hazırlanmış bu metal toqqanın köntöy bir usta əlindən çıxdığı adamda heç şübhə doğurmurdu.

Qarının əynindəki gen-bol paltar maral dərisindən kəsilmiş ensiz zolaqlardan tikilmişdi, üzəri dəri lentlər, gözqamaşdırıcı yastı muncuqlar və sonsuz sayda dekorativ zınqırovlarla bəzənmişdi. Qatar hər səfər ləngər vuranda onlardan ətrafa xoş zınqırtı yayılırdı. Bütün bunların yanısıra, qarının paltarına - nə işə yaradığı bir Allaha bəlli olan - xeyli xırda-xuruş - məsələn, tinləri diş-diş dəmir saat əqrəbləri, bir cüt "Şərəf Nişanı" ordeni, üzərində ağızsız insan maskaları qabardılmış tənəkə parçaları - taxılmışdı. Sağ çiynindəki Georgi lentindən isə bir cüt iri və paslı mismar sallanırdı.
Əlində tutduğu uzunsov qaval da bir xeyli zınqırovla süslənmişdi, digər qavalı isə qadının üzərində oturduğu tutumlu tennis çantasından boy göstərirdi.
Polis icraata keçdi:
- Sənədlərinizi göstərin.

Qadın bu sözlərə zərrəcə təpki göstərmədi. Tanya dilləndi:
- O mənimlədir, elə bir sənədi də yoxdur. Rusca isə tək kəlmə də anlamır.
Tanya bunu elə ərinə-ərinə söylədi ki, eyni sözləri gündə bir neçə kərə təkrarladığını səsindən sezmək çətin deyildi.
- Deməli, sənədi yoxdur?
- Üstündə sənəd daşımaq bu ahıl qadının nəyinə gərəkmiş, axı? Onun sənədləri Moskvada, Mədəniyyət Nazirliyindədir. Bura da folklor ansamblla gəlib.

Polis: - Bəs onda bu nə görkəmdi belə? - soruşdu.
Tanya cavabında: - Milli kostyumlarıdır, - dedi, - özü tanınmış maralçıdır. Ordenləri də var. Onları, odur ey, zınqırovların sağından taxıb.
- Buralar sizin üçün tundra deyil. Bu, ictimai asayişi pozmaq kimi dəyərləndirilir.
Tanya səsini başına atdı:
- Hansı-hansı asayişi? Siz burda guya nəyi qoruyursunuz ki? Tamburda göllənən sidiyi? Yoxsa ondan qalxan qoxunu?

Bunu deyərkən o, başıyla o biri üzündən sərxoşların çığır-bağırı gələn vaqon qapısını göstərdi.
- Adam belə vaqonda yol getməkdən də üşənir, siz isə qayda-qanun yaratmaq yerinə, durub ağbirçək qadından sənəd tələb edirsiniz.
Polis şübhə ilə Tanyanın "ağbirçək" adlandırdığı məxluqu bir də süzdü - tamburun bir küncündə lal-dinməz oturan, vaqonla birlikdə arada ləngər vuran qarının özüylə bağlı bayaqdan qopan bu həşirdən heç tükü də tərpənmirdi. Görkəmi əcayib olsa da, onun çəlimsiz vücudundan ətrafa nə isə bir dinclik və rahatlıq yağdığından idi ki, ona bir müddət göz qoyan leytenant yumşaldı, anlaşılmaz bir hədəfə gülümsədi və kəmərindən asılmış zopa boyunca sol yumruğunun alışılmış var-gəli gözgörəsi yavaşıdı. Sonra xəbər aldı:

- Adı nədir?
- Tıymı, - cavab Tanyadan gəldi.
Vaqonun ağır qapısını yana doğru açan polis:
- Yaxşı. Amma baxın ha… - dedi.

Qapı polisin ardınca örtüldü və bayaqdan vaqondan yüksələn hay-küy də bir az yatdı. Elektrik qatarı dayandı və qızların gözləri bir neçə dəqiqəliyinə donqar asfalt örtüklü perrona zilləndi, bir az irəlidə isə müxtəlif boyda və çapda borular fonunda görünən bomboz binalar görüntüyə girdi ki, bunların da bəzi boruları təmbəl-təmbəl tüstüləyirdi.
Qapılar bağlanınca dinamikdən ucalan soyuqqanlı qadın səsi elan etdi: "Krematovo stansiyası. Növbəti stansiya - 43-cü kilometr."

Tanya soruşdu:
- Bizimkidir?
Maşa başıyla təsdiqləyərək, bayaqkı kimi bir küncdə qaxılmış Tıymıya göz atıb xəbər aldı:
- Çoxdan birgə işləyirsiniz?
Tanya: - Üçüncü ildir, - dedi.
- Canını boğazına yığmayıb ki?

Tanya: - Yox, canım, quzu kimidir. Bütün günü, bax, eynilə beləcə mətbəxdə oturub televizor seyr edir.
- Gəzməyə də çıxmır?
- Yox, çıxmır. Arabir balkonda yatır.
- Bəs ona necə, belə şəhərdə-filan yaşamaq görən ağır deyil ki?
- İlk vaxtlar ağır idi, sonradan alışdı. Şəhər mərkəzində ruhlar çox olur. Qarı da əvvəl-əvvəl gecələri qaval çalır, gözəgörünməz varlıqlarla qovğa edirdi. İndi isə onları artıq ram edib, canla-başla bunun qulluğunda dururlar. Çiynindən asdığı o bir cüt mismarı görürsən də? Onlar bu qələbənin rəmzidir. Bununla belə, fişəng atılanda o, hələ də qaçıb vanna otağında gizlənməyini tərgitməyib.

"Qırx üçüncü kilometr" stansiyasının perronu öz adını tamam-kamal doğruldurdu. Adətən dəmiryol stansiyaları irili-xırdalı insan məskənlərinə yaxın olur. Burada isə kərpicdən hörülmüş bilet köşkündən başqa heçcə nə gözə dəymirdi və elə ona görəydi ki, çarəsizlikdən bu dayanacağa, sadəcə elə Moskvaya qədər olan uzaqlığına uyğun ad qoymuşdular. Məhəccərin o biri üzündən başlanan meşə göz gördüyünə uzandığından perronda gözə dəyən iki-üç dılğır sərnişinin buralara niyə gəlib düşdüyü də adama müəmmalı gəlirdi.

Çantasının ağırlığından ikiqat olsa da, Maşa qabağa düşdü. Ardınca gələn Tanyanın çiyninə keçirdiyi çanta da heç yüngülə oxşamırdı. Ən arxada isə öz zınqırovlarını cınqıldadaraq yeriyən və yerdəki yağış gölməçələri üzərindən adlayanda paltarının ətəklərini qaldıran Tıymı gəlirdi. Ayaqlarında biserlərlə bəzənmiş, gen dəri corablar, ayaqqabı əvəzinə isə göy rəngli, Çin malı kedlər gözə dəyirdi. Bir neçə yol dönüb, zənnlə baxandan sonra Maşa, Tıymının sol corabına tikilən şeyin zəngli saat siferblatı, sağ ayağındakı coraba taxılanın isə unitaz zəncirindən sallanan və az qala yerlə sürünən mal dırnağı olduğunu fəhm elədi.

- Bura bax, Tanya, - deyə qısıq səslə soruşdu, - bəs bu mal dırnağı nədən ötrüdür?
Tanya: - Alt Dünyada batıb-qalmamaqdan ötrüdür, - dedi. - Axı, orada hər şey xirtdəyəcən çirkab içindədir.
Siferblat haqda da nə isə öyrənmək istəyən Maşa nədənsə fikrindən vaz keçməli oldu.
Perrondan meşəyə qədər salınmış rahat asfalt yolun hər iki cinahı boyu sıra ilə qocaman tozağacları ucalırdı. Haradasa bir üçyüz-dördyüz metr gedəndən sonra ağacların əkilişindəki bu səliqə-sahman da, elə asfalt yolun özü də harayasa qeybə çəkildi və ayaqlar altda isə artıq palçıq fırçıldamağa başladı.

Maşa özlüyündə düşündü ki, görünür, nə vaxtsa buralara yiyəlik edən birisi meşənin içiylə asfalt yol salınması haqda göstəriş veribmiş, salınan bu yolun bir yana gedib çıxmayacağını zamanla anladıqları üçün, yəqin ki, yol inşaatı fikrindən daşınıblar. Bunları düşününcə, Maşanın qəlbinə kədər çökdü, çünki o özü də vaxtilə - iyirmi beş il əvvəl - kiminsə istəyi ilə bu dünyaya göz açmışdı, o vaxtdan bəri keçdiyi ömür yolu da bir növ elə bu asfalt yola bənzəyirdi - yəni ömür yolunun da başlanğıc qismi dübbədüz və hamar idi, burada yolçunu adi həqiqətlər müşayiət edirdi, sonrakı hissədə isə yuxarıda oturanlar qızın varlığını yerli-dibli unutduqlarından uğurlu başlanmış bu yol, əyri-üyrü və haralara aparıb çıxardığı sirrə dönən bir cığıra çevrilmişdi.

İrəlidəki tozağacının budağına bağlanmış lenti görən Maşa: - Bax, burdan sağa, meşəyə girəcəyik, - dedi. - Daha beş yüz metr yolumuz qalır.
Tərəddüdə qapılan Tanya: - Yola tamam yaxınmış. Onun yaxşı qorunacağına şübhələrim bir az da artdı, - dedi.
Maşa onu arxayın etmək üçün:

- Əşşi, buralarda kimdi gəzib-dolaşan? - dedi. - Heç sən deyən gözə də çarpmır. Həm də ki, meşənin düz yarısı tikanlı məftillə çəpərlənib.
Gerçəkdən də, az keçməmiş rastlarına tikanlı məftillər sarınmış alçaq beton dirək çıxdı. Bunun ardınca daha bir neçə dirək gördülər - bunlar çoxdan basdırılmışdı və kollar dirəklərin ətrafını elə sıx sarmışdılar ki, bir addımlığına getməsən, onları seçə bilməzdin. Qızlar səssiz-səmirsiz tikanlı məftillərin yanıyla irəliləyirdilər. Bir sonrakı nişanəyə - kol budağına bağlanmış ağ lentə - yetişəndə Maşa ayaq saxlayıb:
- Buradadır, - dedi.

Həmin yerdə keçid yaratmaq üçün bir neçə sıra tikanlı məftil yuxarı dartılmış və biri-birinə burulmuşdu. Maşa ilə Tanya bu yerdən asanlıqla içəri daldılar, Tıymı isə nədənsə buradan dalı-dalı sürünərək girməyi tərcih etdi, paltarı məftilə ilişdiyindən həmin bu keçiddə dəbələnib durduğu üçün zınqırovların şikayət dolu zınqırtıları bir müddət qızların baş-qulağını apardı.
Məftil çəpərin o biri üzündə meşə elə əvvəlki şəkliylə uzanırdı, buralara illərdən bəri insan əl-ayağı dəyməmişdi. Maşa indi daha inamlı irəliləyirdi və bir neçə dəqiqə sonra ətəyində kiçik bir bulağın çağladığı yarğanın kənarına yetişib:

- Gəlib çatdıq, - dedi, - bax, o kolluqdadır.
Tanya aşağılara göz gəzdirdi:
- Görəmmirəm.
Maşa əliylə də göstərməli oldu:
- Odur ey, o quyruğudur, bu da ki, qanadı. Gəl gedək, irəlidə cığırla enərik.

Tıymı aşağı enmədi, Tanyanın çantasının üstündə oturub, kürəyini ağaca söykədi və beləcə donub qaldı. Qızlar isə budaqlardan yapışaraq, palçıqda sürüşə-sürüşə yarğanın dibinə qədər endilər.
Maşa yarıpıçıltıyla xəbər aldı: - Tanya, bəs o necə, buralara baxmayacaq ki? Bəs onda bunu necə başaracaq?

Kolluğa göz gəzdirən Tanya: - Sən rahatsız olma, - dedi, - o, öz işini yaxşı bilir. Amma, doğrudan da, qarı nənə yaxşı qalıbmış ha.
Kolluqda qurumuş qan rəngində çox köhnə bir şeyin qaraltısı gözə dəyirdi. İlk baxışda təxmin etmək olardı ki, bu, ömrünün son dövründə xaçpərəstliyin bilinməz bir məzhəbini qəbul etmiş köçəri bir tayfa başçısının gömüldüyü kurqandır. Əslində isə, uzun və dar təpəcikdən çəpəki şəkildə çıxan və əyilmiş xaça bənzəyən bu enli, əyri-üyrü metal konstruksiyada havada vurulub yerə düşən təyyarənin gövdəsindən qopmuş quyruğunu tanımaq bir elə də çətin deyildi. Təyyarənin gövdə (=füzelyaj) hissəsi tamamən torpağın altında idi, ondan bir neçə metr irəlidə, qoz ağacının həndəvərindəki çəmənlikdə isə qanadların konturları sezilirdi. Qanadların birinin üstündəki qara xaçın toz-torpağını isə kimsə silib təmizləmişdi.

Maşa sükutu pozdu:
- Mən bir albomla tutuşdurmuşam, bu, qırıcı "heynkel"ə bənzəyir. Albomda bunların vur-tut ikicə modeli verilmişdi - birisində əsas gövdənin altında otuz millimetr çaplı pulemyot vardı, o birisində isə daha nə isə. Xatirimdən çıxıb. Bir də ki, bizim üçün bunlar əhəmiyyətsizdir.

Tanya soruşdu:
- Kabini açmamısan?
Maşa: - Yox, - dedi. - Təkbaşına cürət eləmədim.
- Bəlkə heç orda kimsə yoxdur?
- Elə şey olar?! Axı, ön şüşə salamatdır. Özün bax da.

Tanya irəli getdi, bir neçə budağı araladı və şüşənin üstündə illərdən bəri birikmiş çürüntü qatını əliylə sıyırıb atdı.
Sonra əyilərək üzünü tam şüşəyə yaxınlaşdırdı. Şüşənin arxasında mayeni xatırladan bir şey qaralırdı. Rəfiqəsindən:
- Neçə nəfər imişlər bunlar? - soruşdu. - Əgər bu qırıcıdırsa, deməli, aralarında nişançı da olmalıdır, eləmi?
Maşa: - Nə bilim, - dedi.
- Nə isə, bunu Tıymı özü dəqiqləşdirər. Hayıf ki, ön şüşə salamatdır. Əgər indi burdan bir çəngə saç, ya da bir sümük qırığı əldə etsəydik, işimiz bir xeyli asanlaşardı.

- Bunlarsız heç ötüşmək olmaz ki?
- Olar ey, amma çox vaxt itirəcəyik. Hava da qaralmağa üz qoyub, - dedi Tanya. - Gedək çıl-çırpı yığaq.
- Bunlar işimizin keyfiyyətini etkiləməz ki?
- "Keyfiyyət" nəmənə şeydir? - soruşdu Tanya. - Burda hansı "keyfiyyət"dən danışmaq olar axı?

Çırthaçırtla yanan tonqalın şöləsi, buludlarla örtülü axşam səmasının işığından daha artıq idi. Bu ara çəmənə düşən kölgəsinin qəflətən oynaqlaşdığını sezən Maşanın içini çaşqınlıq hissi bürüdü, çünki kölgəsi - öz sahibinə nisbətən - indi özünü xeyli sərbəst hiss edirdi. Qız bununla yanaşı, onun da fərqinə vardı ki, əynindəki şəhərdəbi don burada adama düşük təsir bağışlayır. Tıymının geyimi isə - gün ərzində qarşılarına çıxanlarda nə qədər heyrət doğursa da - tonqalın artıb-azalan şöləsində qıza, insan əyninə biçilmiş ən rahat və ən doğal paltar kimi görünürdü.

Tanya dilləndi:
- Hə, bir azdan başlayacaq.
Maşa pıçıltıya keçdi: - Bəs nəyi gözləyirik ki?

Tanya da pıçıltıyla cavab verdi:
- Səbr elə, o, öz işində ustadır. Həm də ki, indi onu dindirməsək yaxşıdır.
Maşa rəfiqəsinin böyründə yanını yerə qoyub:
- Adamı lap vahimə basır, - dedi, gödəkçəsinin ürəyinə tuş gələn qismini ovuşdurdu. - Hələ çox gözləyəcəyik?
- Nə bilmək olar. Hər dəfə bir cür alınır. Məsələn keçən il…

Maşa səksəndi. Talanı titrədən boğuq qaval səsi yavaş-yavaş sonsuz sayda zınqırovların zınqırtısı ilə əvəz olundu.
Ayaq üstə durub önə sarı əyilən Tıymı yarğan kənarındakı kolluğa marıtlamışdı. Qavalına bir yol da vurandan sonra o, saat əqrəbinin tərsi istiqamətində talada iki kərə dövrə vurdu, inanılmaz çevikliklə divar kimi hündür kolluğun üstündən hoppanaraq yarğanı tərk etdi. Aşağılardan Tıymının ağrı və şikayət dolu çığırtısını eşidən Maşa, qarının hər halda ayağını qırdığını zənn elədi. Tanya isə özünə təskinlik məqsədiylə ancaq gözlərini yumdu.
Yarğandan gələn qaval və mırıltı səsləri getdikcə artdı.

Sonra araya sükut çökdü və Tıymı kolluqdan zühur etdi. Artıq onun ağır hərəkətlərindən gizli bir təntənə oxunurdu. Talanın ortasına yetişən qarı ayaq saxladı, əllərini göyə qaldırmaqla qavalı ritmik tərzdə döyəclədi. Hər ehtimala qarşı Maşa gözlərini təkrar yummağı uyğun bildi.
Bu ara qavalın səsinə daha bir səs qoşuldu - bu səsin nə vaxt peyda olduğunu və nədən çıxdığını Maşa əvvəlcə heç cür kəsdirə bilmədi. İlk başda elə zənn elədi ki, bu səs naməlum simli alətdən yayılır, amma sonradan anladı ki, bu zəhmli və boğuq səsi Tıymı çıxarır.
Adama elə gəlirdi ki, bu səs, elə özünün yaratdığı fəzadaca yayılır və həmin fəzadakı digər obyektlərlə toqquşandan-toqquşana Tıymı nisbətən sərt, qırtlaq səsləri çıxarmağa məcbur olur. Özündən ixtiyarsız Maşa bu səsi, sualtı aləmin qaranlıq dibini darayan və rastına çıxan hər şeyi alıb-aparan torla müqayisə etdi. Qəflətən Tıymının səsi nəyə isə ilişib qaldı - Maşa hiss etdi ki, hər nə qədər çaba göstərsə də, qarı bu nəsnənin caynağından qopa-qurtula bilmir.

Maşa gözlərini açanda Tıymını tonqalın yaxınlığında duran gördü. Qarı hələ də öz əlini boşluğun gözəgörünməz caynağından xilas etməyə can atırdı. Olan gücüylə dartsa da, boşluq onun əlini bir türlü buraxmırdı.
Təhdidkar bir tövrlə Tıymı: - Nilti doqlonq, nilti camay! - dedi.
Boşluğun da buna qarşılıq Tıymıya nə isə cavab qaytardığını Maşa aşkarca hiss elədi.

Qəhqəhə çəkən Tıymı qavalını silkələyərək:
- Nein, Herr General, - dedi, - das hat mit İhnen qar nicht zu tun. İch bin hier weqen ganz anderer Anqeleqenheit.
Boşluğun sorduğu suala Tıymı inkarla baş buladı.
Maşa: - Bəyəm bu qarı nənə almanca da bilir?- xəbər aldı.

Tanya izah etməli oldu: - Ayin vaxtı bilir. Elədə o, hər dildə danışmağa qadirdir.
Tıymı əlini qurtarmaq üçün daha bir cəhd edərək, əsəbi halda dedi:
- Heute ist schon zu spat, Herr General. Verzeihunq, ich hab es sehr eiliq.
Bu səfər Maşa, boşluğun qarıya hərbə-zorba gəldiyini sezə bildi.

Tıymı acıqla: - Wozu? - çımxırdı, bir cüt paslı mismar asılı Georgi lentini çiynindən sıyırıb, başı üstə yelləyərək dedi: - Nilti camay! Blyay budulan!
Boşluq Tıymının əlini necə əlüstü buraxdısa, səndələyən qarı otluğa səriləsi oldu. Gülümsünərək üzünü Tanya ilə Maşaya tutdu, olumsuz mənada başını buladı.
Maşa: - Bu nə demək idi? - sordu.

Tanya açıqladı: - Yəni işlər fırıqdır. Alt Dünyada sənə bab birisi yoxdur.
Maşa soruşdu: - Bəlkə qarı araşdırmanı başdan sona, yəni tam icra eləməyib, hə?
- Bəlkə sən elə bilirsən ki, oralarda da baş və ya son var? Oradakı şeyləri anlamaq sənlik-mənlik deyil.
- Bəs onda neyləyək?
Tanya: - Şansımız xeyli az olsa da, deyirəm, gəl bir Üst Dünyanı arayaq. Hərçənd indiyəcən bu, heç baş tutmayıb. Amma yenə də gəl bunu da bir sınayaq, - dedi.

Sözünü bitirərək o, bayaqdan otluqda oturan Tıymıya barmağıyla yuxarıları göstərdi. Qarı başını tərpətdi, ağac dibindəki tennis çantasına yanaşıb, qavalını çıxartdı. Sonra koka-kola qabından başını geri əyərək bir-iki qurtum içdi və bu hərəkətiylə Maşaya nədənsə Uimbldon kortunda yarışan Martina Navratilovanı xatırlatdı.

Üst Dünyanın qavalından qopan səs bir başqaydı, nisbətən sakit, bir az da durğun idi. Tıymının uzun və qəmli bir nota köklənən səsi də, bayaqkından fərqli olaraq, Maşaya qorxu yox, zərif kədər və sakinlik aşılamaqdaydı. Bir neçə dəqiqə qabaqkı səhnələr yenidən təkrarlandı, amma bu səfər bunlar adama qorxu aşılamırdı, qutsal olduğu qədər də mənasız görünürdü, çünki üzünü ağacların arasından görünən qaranlıq səmaya tutub, qavalı yüngülvarı döyəcləməklə bu qarının sözügedən dünyanın sakinlərini rahatsız etmək istəyi Maşaya lap ağlasığmaz gəlirdi.

Bu yerdə Maşa boz canavar balasının sərgüzəştlərinə aid köhnə bir cizgi filmini xatırladı: filmdə Moskva ətrafı rayonlar boğuq və cansıxıcı rənglərlə təsvir edilmişdi, filmboyu bu mənzərələr haradan doğduğu bəlli olmayan qızmar günəş şüaları ilə işıqlanan, şəffaf bir üfüqlə növbələşirdi, bu üfüqün fonunda isə çox zərif xətlərlə işlənmiş bir yolçunun uzaqlara yol aldığını güclə sezmək olurdu.
Fikrini toplamaqdan ötrü başını silkələyən Maşa çevrəsinə baxındı. Ona elə gəldi ki, bu ətrafı oluşduran detallar - yəni kollar, ağaclar, otlar, biri-birinin görüşünə yönələn o qapqara buludlar - qavaldan qopan səsin təsiriylə sanki biri-birlərindən aralandılar və onların arasında açılan boşluqlarda bir anlığına nurlu, qərib və bəlirsiz bir dünya peyda oldu.

Tıymının səsi yenə nəyə isə ilişdi, onu aşmağa çalışdı, bundan bir şey çıxmayınca bir gərgin notdaca taxılıb qaldı.
Tanya Maşanın qolundan dartdı:
- Bax, nə isə tapıb, nəsə tapılıb. İndicə onu yaxalayacaq…
Əllərini göylərə qaldıran Tıymı ucadan çığırıb, çəmənliyə sərildi.

Maşanın qulağı uzaqlardan gələn təyyarə gurultusunu yaxaladı. Haradan gəldiyi bəlli olmayan bu səs bir müddət baş-qulaq aparandan sonra kəsildi, bunun ardından yaxındakı yarğandan ətrafa cürbəcür səslər yayıldı. Bunlar - şüşə səsi, paslı dəmir-dümür cingiltisi və çox yəqin ki, bir kişi xeylağının boğuq öskürəyi idi.
Yerindən qalxan Tanya yarğana sarı bir neçə addım atdı və bu ara onu süzən Maşanın gözləri talanın o başındakı qaraltıya sataşdı.
Tanya xırıltılı səslə xəbər aldı:
- Şprexen zi döyç?

Ona cavab verməyən qaraltı tonqala tərəf yol aldı. Geri-geri gedən Tanya sualını təkrarladı:
- Şprexen zi döyç? Yoxsa karsan?
Tonqalın qızılı şöləsi dəri gödəkçə və pilot dəbilqəsi geymiş, hardasa qırx yaşlarında olan bu cantaraq kişi xeylağının üzünü işıqlandırdı. Yaxınlaşaraq, ona xımı-xımı gülən Tıymı ilə üzbəsurət bardaş qurub oturan kişi, gözlərini Tanyaya zillədi.
- Şprexen zi döyç?

Kişi sakit tərzdə rusca: - Qoy görək, sən Allahın, - dedi, - başımızı dəng eləmə.
Kefinə soğan doğranan Tanya fit çalaraq soruşdu:
- Yaxşı, siz kimsiniz belə?
- Mənmi? Mayor Zvyaginsev. Nikolay İvanoviç. Bəs siz?

Maşa ilə Tanya baxışdılar. Tanya dilləndi:
- Heç nə anlamadım, əgər bu təyyarə almanlarınkıdırsa, onda mayor Zvyaginsevin orda nə işi varmış?
Mayor xırdalamalı oldu:
- Təyyarə qənimətimiz idi. Mən onu başqa aerodroma sürüb aparmaq istəyəndə…

Mayor Zvyaginsevin üzü bürüşdü - söhbətin ondan ötrü naxoş bir məcraya girdiyi sözsüz də bəlli olurdu.
Tanya: - Belə çıxır ki, siz - sovetlərdənsiniz? - soruşdu.
Mayor Zvyaginsevdən cavab gəldi:
- Necə deyim, vallah, sovetlərdən idim, indi isə artıq heç bilmirəm ki, kimlərdənəm. Bizim oralarda hər şey tamam başqa cürdür.

Mayor Maşanı süzdü, qız utandığından baxışlarını qaçırtmalı oldu.
- Bax, siz, cavan qızlar, burda nə edirsiniz? Ölülərlə dirilərin yolları ayrıdır axı. Bəlkə mən yanılıram, hə?
Tanya: - Oy, bağışlayın, siz Allah. Əslində Sovet adamları ilə bizim elə bir alış-verişimiz yoxdur. Yanlışlıq isə, bu təyyarə üzündən oldu. Elə bildik içindəkilər almanlar olar.
- Almanları neyləyəcəkdiniz ki?

Maşa baxışlarını qaldırıb, mayoru süzdü. Enli və sakit sifəti, bir az dik burnu vardı, tük basmış üzü təraşa həsrət idi. Güllənin sol yanağında açdığı dəlik sifətinə az-para xələl gətirsə də, bu tip kişilər Maşanın ürəyinə yatırdı.
Çünki qız bu dünyada kamilliyin yoxluğu ilə çoxdan barışmışdı, odur ki, bu özəlliyi insanlarda, üstəlik də, bunu onların görkəmində axtarmaqdan bilmərrə daşınmışdı.

Tanya izaha başladı:
- Bilirsiniz, indi zəmanə elədir ki, hər kəs bacardığı kimi çörəyini qazanır. Biz də onunla… - deyib, başıyla öz aləminə qapılmış Tıymını göstərdi. - Kəsəsi, bu işə girişmişik. İndi hamı doğma yurdunu atıb gedir. Şirkət araçılığıyla ər tapmaq düz dörd dəstə "yaşıla" başa gəlir. Biz isə bunu beşcə dənə yüzlüyə həll edirik.

Mayor anlamazlar kimi xəbər aldı:
- Yəni ölülərlədəmi?
- Onun heç fərqi yoxdur. Əsas məsələ - vətəndaşlığın olmasıdır. Biz ölüləri bir şərtlə dirildirik ki, qızlarımızla evlənməyə razılıq versinlər. Adətən də, almanlarla sövdəmiz asan tutur. Alman meyidi ilə zimbabveli diri zəncinin və ya rusdilli, vizasız yəhudinin elə bir fərqi yoxdur. "Mavi diviziya"dan olan ispan isə bunlardan da üstün sayılır, ona görə də beləsi daha bahalı meyid olduğundan hələm-hələm tapılmır. Bundan başqa da ki, italyanlar və finlər var. Rumınlarla macarlara isə heç yiyə duran yoxdur.

Mayor dedi: - Belə de. Bəs bunlar diriləndən sonra necə, çoxmu yaşayırlar?
Tanya dilləndi: - Cəmi üç il.
- Azdır, - dedi mayor. - Bəs sizin onlara yazığınız gəlmir?

Bir anlığına Tanya fikrə getdi, onun yaraşıqlı sifəti son dərəcə ciddiləşdi və qaşlarının arasında dərin şırım açıldı. Araya çökən sükutu ancaq yarpaqların xəfif xışıltısı ilə tonqalda yanan budaqların çatırtısı pozurdu. Axır ki, qız dilə gəldi:
- Bu, ciddi məsələdir. Bəs siz necə, əsil həqiqəti bilmək istərdiniz?
- Həm də nəyi var.

Tanya bir az da fikirləşəndən sonra sözə başladı:
- Eşitdiyimə görə, bir torpaq qanunu var, bir də göy qanunu. Əgər qalxıb torpağa göylərin gücünü tətbiq etsən, bütün məxluqlar hərəkətə gələr, gözəgörünməzlər isə görünən olar, çünki onların heç bir daxili mahiyyəti yoxdur, onlar - zülmətin sadəcə keçici və qatılaşmış şəklidirlər. Elə ona görə də çevrilmələr axınında az vaxtda sıradan çıxırlar. Onlar dərinlikdən məhrumdurlar, elə içiboş olduqlarına görə də onlara rəhmimiz gəlmir.
- Haqlısan, - dedi mayor. - Bunu yaxşıca qavramısan.

Tanyanın qaşları arasındakı şırım yoxa çıxdı.
- Belə götürəndə isə, doğrusu, iş başdan aşır, bütün bunları düşünməyə elə macal da qalmır. Bu cür sövdələr ayda on dəfə-filan baş tutur, qışda isə - daha az. Tıymının isə iki il sonra üçün də növbəyə yazılmış moskvalı müştəriləri var.
- Bəs bu diriltdikləriniz necə, həmişəmi kəbinə razılıq verirlər?

- Demək olar ki, - cavabını verdi Tanya. - Axı o biri dünyada bekarçılıqdan çərləmək olar. Bir yandan zülmət, darısqallıq, digər tərəfdən isə bərəkətsizlik sıxır adamı. Di gəl döz də buna. Düzü, sizin tərəfdəki vəziyyətdən xəbərim yoxdur, çünki indiyəcən Üst Dünyadan bir dənə də müştərimiz olmayıb. Amma Alt dünyadakı ölülər də cürbəcür çıxır. Bir il qabaq Xarkovda başımıza bir həngamə gəldi. "Ölü baş" hərbi birliyindən bir tankçıya urcah olduq. Nə isə, bunu yuyundurduq, təraş etdirdik, geyindirib-geçindirdik, hər şeyi anlatdıq. Guya razılıq verdi. Adaxlısı da yaxşı bir qız idi - jurfak tələbəsi Marina. Sonradan həmin qızı bir yapon matrosuna güc-bəla sırımalı olduq. O ara bir görsəydiniz, bu yaponların meyidləri necə ellikcə suyun üzünə çıxırdı… Yadıma düşəndə lap … Hə, bayaq nədən danışırdım?

Mayor xatırlatdı: - Tankçıdan.
- Hə, hə. Nə isə. Biz bu tankçıya bir az xərclik verdik ki, özünə korluq verməsin. Bu da, aydın məsələdir ki, qurşandı içkiyə. Dirilənlərin hamısı elə bundan başlayır. Bir köşkdə buna araq satmırlar ki, bəs get, bizə rubl gətir. Bunun da üstündə ancaq marka və kupon varmış. Bu gözünə döndüyüm də əvvəlcə öz "parabellum"u ilə bunların vitrinini qırıb-tökür, gecə isə özünün "Tiqr" tankı ilə gəlib vağzalın önündəki bütün köşkləri yuxa kimi asfalta yayır. O vaxtdan bəri həmin tank Xarkovda vaxtaşırı görünür. Şəhəri dolaşıb, ticarət köşklərinə divan tutur, gündüzlər isə qeybə çəkilir.
Amma hara - heç bəlli deyil…
- Belə də olur, dünyada qəribə şeylər çoxdur... - dedi mayor.
- Elə o vaxtdan bəri biz vermaxtla işləməyə üstünlük verdik. SS ilə heç işimiz olmaz. Onlar hamısı - başdan o məsələ. Ya kənd sovetini ələ keçirirlər, ya da öz marşlarını oxuyurlar. Nizamnamələrində yasaqlandığı üçün evlənməkdən də uzaq dururlar.

Talanın üstündən güclü soyuq külək əsdi. Heyrətli baxışlarını mayor Zvyaqinsevdən ayıran Maşa, talanın kənarındakı ağacın üç ayrı budağı arxasından əcayib biçimli üç şəffaf insan fiquru ayrıldığını gördü. Bundan diksinən Tıymı çığıraraq, Tanyanın kürəyini döyəcləməyə başladı. Tanya dilləndi:
- Bəli də, başlandı yenə. Qorxma, ay sarsaq, səninlə işləri yoxdur.

O, yerindən qalxıb, həmin şəffaf insanlara sarı yönəldi, bu ara onlara - yol qaydasını pozmuş sürücünün onu əyləyən inspektora etdiyinə bənzər - sakitləşdirici jestlər etməkdən də qalmırdı. Başını dizlərinə sıxan Tıymı lap yumağa bənzəyirdi və canına xəfif titrəmə düşmüşdü. "Nə olar, nə olmaz" deyə düşünən Maşa tonqala yanaşdı və həmin an bütün varlığını mayor Zvyaqinsevin özünə yönəlmiş baxışlarının məngənəsində hiss etdi.
Gözlərini qaldırınca mayor Zvyaqinsevin kədərlə gülümsədiyinin şahidi oldu. Mayor sakitcə:
- Necə də cazibəlisiniz, Maşa, - dedi. - Tıymı məni bura çağıranda bağda işləyirdim. Çağırıb, çağırıb lap zəhləmi tökdü. Elə hazırlaşırdım ki, onu hürküdüm, diqqətimi siz çəkdiniz, Maşa. Məni elə sarsıtdınız ki, bunun sözlə ifadəsi imkansızdır. Məktəbimizdəki bir rəfiqəmə, Varya adlı bir qıza, oxşatdım sizi. Eynilə sizə bənzəyirdi, onun da burnu çilli idi. Saçı nisbətən uzun olardı. O vaxt aşiq olmuşdum ona. Əgər siz olmasaydınız, Maşa, mən heç bura gələrdimmi görən?

Yüngülcə pörtən Maşa soruşdu:
- Bəyəm orda bağınız da var?
- Var.
- Bəs o yaşadığınız yerin adı nədir?
- Bizdə orda ad-filan olmur, - dedi mayor. - Elə ona görə də şən və rahat yaşayırıq.
- Bəs dolanışıq necədir oralarda?
- Normaldır, - deyən mayor təkrar gülümsündü.

Maşa yenə sordu:
- Adamlarınkı kimi lap əşyalarınız da var?
- Sizə necə başa salım, Maşa. Bir tərəfdən - sanki hər şey var, digər tərəfdən isə - sanki heç nə yoxdur. Ümumiyyətlə götürəndə, oralarda hər şey təxminidir, dumanlıdır. Amma bu, dərindən düşünəndə adama belə təsir bağışlayır.
- Siz harada yaşayırsınız?
- Bitişik torpaq sahəsi olan kiçik evim var. Sakitçilikdir, elə bu da mənə yetir.
- Maşınınız da var?
- İstəsəm olar. Niyə də olmasın ki?!
- Hansı markadandır?

Mayor: - Gah ondan, gah bundan… - dedi. - Mikrodalğalı sobam da olur, nədir o… paltaryuyan maşınım da. Amma yuyulacaq bir şeyim olmur axı. Rəngli televizorum da olur. Kanalımız vur-tut bircə dənə də olsa, sizin bütün telekanalları göstərir.
- Televizorunuzun modeli də dəyişir?
- Hə, - dedi mayor. - Hərdən "Panasonik" olur, hərdən isə "Şivaki". Amma belə götürəndə - baxıb görürsən ki, heç nəyin yoxdur. Orda hər şey buğum-buğum qalxan buxar şəklindədir… Dedim axı bayaq, hər şey sizdəki kimidir. Yeganə fərq isə - adların olmamasındadır. Hər şey adsızdır. Yuxarı qatlara qalxdıqca, adlar da qeyb olur.

Daha nə soracağını bilməyən Maşa, mayorun sonuncu sözləri doğrultusunda fikrə daldığından susurdu. Həmin vaxt Tanya şəffaf adamlara əsəbi tərzdə nəyi isə sübut etməyə çalışırdı:
- Mən sizə bir daha izah edirəm ki, o qarı ildırıma qarşı şaman ayini icra edir. Uşaqlıqda onu ildırım vurubmuş, sonradan ildırım ruhu ona bir parça tənəkə bağışlayıb ki, ildırımdan qoruna bilsin… Axı, nədən ötrü mən sizə sənəd təqdim etməliyəm ki?.. Nə üçün axı o qarı üstündə sənəd gəzdirməlidir? Biz heç vaxt bənzər problemlə qarşılaşmamışıq… Siz utanın ki, artıq ağbirçək qarılardan da xərclik qoparmağa niyyətlənmisiniz. Gedib o Moskvadakı xalq təbabətçilərini abıra salın da. Dörd yanımızı qaramat basıb, hər addımbaşında bilinməz təhlükələr yatır, siz də bu ahıl qarıya… Hə, lazım olsa, hələ şikayət də edəcəyəm…

Mayor Maşanın dirsəyini dümsüklədi:
- Maşa, mən indi çıxıb gedəcəyəm. Xatirə olaraq sənə bir şey bağışlamaq istərdim.
Mayorun artıq "sən" müraciətinə keçməsi Maşanın xoşuna gəldi. Soruşdu:
- Nədir ki elə?

Mayor: - Qamış tütəkdir, - dedi. - Elə ki, usandın, fani həyatdan bezdin, mənim təyyarəmin ziyarətinə gəl. Tütəyi çalan kimi yanında peyda olacağam.
Özünün: - Bəs sizlərə qonaq gedə biləcəyəmmi? - sualına Maşa:
- Biləcəksən, - cavabını aldı. - Hələ çiyələk də yeyəcəksən. Bir bilsən, necə çiyələyim olur!
Mayor yerindən qalxaraq soruşdu:
- Hə, gələcəksən? Gözləyəcəm ha.

Maşa zorla başını tərpətdi.
- Bəs indi siz ora necə… Siz ki, artıq dirilmisiniz?
Çiyinlərini çəkən mayor dəri gödəkçəsinin cibindən çıxardığı paslı "TT" tapançasını qulağına dirədi.
Atəş açıldı.

Geri qanrılan Tanya dəhşət dolu gözlərini - səndələsə də, hələlik ayaq üstə duran - mayora dikdi. Tıymı da başını qaldırıb eyni səmtə baxdı və hırtıldadı. Yenidən soyuq külək qalxınca ətrafa göz gəzdirən Maşa, talanın kənarındakı şəffaf insanların qeybə çəkildiyinə də şahid oldu.
- Yolunu gözləyəcəyəm, - sözlərini təkrarlayan mayor Zvyaqinsev səndələyərək yarğana tərəf yol aldı, bu ara yarğanın üzərində göy qurşağı peyda oldu. Bir neçə addım uzaqlaşınca mayorun qaraltısı qaynar çay fincanına atılmış qənd parçası kimi zülmətdə əriyib yox oldu.

* * *

Tamburdakı pəncərədən yolboyu görünən bostanlara və evlərə göz qoyan Maşa səssizcə ağlayırdı.
- Maşa, nə oldu yenə, hə? - deyə rəfiqəsinin ağlamaqdan qızarmış gözlərini süzən Tanya: - Belə də olur, fikir eləmə. İstəyirsənsə, qızlara qoşulub, Arxangelsk tərəflərə gedək. Oradakı bataqlıqda "Uçan qala" adıyla tanınan B-29 amerikan təyyarəsi var. Ekipaj da düz on bir adamdır, hamımıza adaxlı çatar. Gedirsənmi?

Maşa xəbər aldı: - Nə vaxt getməyi düşünürsünüz ki?
- On beşindən sonra. Hə, yeri gəlmişkən, ayın on beşi alaçıq salavatlama bayramıdır, dur gəl bizə. Gələcəksən? Tıymı ləziz göbələklər qurudub. Əgər bu Üst Dünya qavalı belə döşünə yatırsa, səninçün o qavalda havalar da çalarıq. Eşidirsən, Tıymı, əgər Maşa bizə qonaq gəlsə, qiyamət əylənərik, düz demirəm?

Başını qaldıran Tıymı buna cavab olaraq gülümsədi, hərəsi bir tərəfə əyilən qəhvəyi rəngli tör-töküntü dişləri damaqlarından boy göstərdi. Çox əcayib bir təbəssüm alındı, çünki papağından sallanan dəri zolaqlar qarının gözlərini örtmüşdü və adama elə gəlirdi ki, bu təbəssüm qarının sadəcə ağzına aiddir, onun görünməyən gözləri isə öz soyuqluğunu və ciddiyyətini hələ də qoruyur.

Tanya rəfiqəsinə:
- Üşənmə, o, xeyirxahdır, - dedi.
Amma mayor Zvyaqinsevin bağışladığı qamış tütəyi cibindəki ovcunda tutan Maşa, artıq nə haqdasa gərgin xəyallara dalmışdı.

Tərcümə edəni: Azad YAŞAR

CİVİL AZERBAİJAN təqdim edir: Viktor PELEVİN - "Üst dünyanın qavalı"

Geri qayıt