Əsas Səhifə > Melange > Azərbaycanda bu hallarda iş dayandırılacaq

Azərbaycanda bu hallarda iş dayandırılacaq


27-04-2017, 08:30.
title}
Azərbaycanda bu hallarda iş dayandırılacaq


Ötən gün küləkli hava şəraitinin hökm sürməsi istehsalatda xəsarət və hətta ölümə səbəb oldu. Bir fəhlə təhlükəsizliyin qorunmaması, bu cür hava şəraitində iş başında olduğu üçün dünyasını dəyişib. Hələlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi olaraq ötən gün xəsarət halları ilə bağlı statistik məlumat yayımlamasa da, ötən gün 19 fəhlənin xəsarət aldığına dair xəbərlər var.

Qeyd edək ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2017-ci ilin birinci rübündə istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb. Onlardan 2 hadisə qrup halında baş verib. Qeyd olunan istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb. İstehsalat qəzalarının daha çox tikinti və nəqliyyat, emal sənayesi və mədənçıxarma sahələrində, həmçinin özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən olunub.

Əmək Məcəlləsində hansı hallarda işçilərin fəaliyyətinin məhdudlaşdırıldığı, yaxud da təxirə salınmasına dair maddələr var. Cebhe.info x hüquqi və fiziki şəxlsəri maarifləndirmək üçün Əmək Məcəlləsində bir neçə maddədən çıxarışı təqdim edir.

Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, soyuq və isti hava şəraitində fasilələrlə işləmək, yaxud da işi dayandırmaq labüddür. İşçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. İşçilər havanın temperaturu azı 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. Havanın temperaturu 41 dərəcədən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.

Əmək Məcəlləsində göstərilən yalnız bu hallarda iş dayandırılmalıdır:

Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır.

Tikinti işləri görüldükdə aşağıdakı hallarda işlər dayandırılır:

-Küləyin gücü 2 baldan artıq olduqda — kranlar qurulması üzrə quraşdırma işləri;

-Küləyin gücü 3 baldan artıq olduqda — qaldırıcıların quraşdırılması və sökülməsi işləri;

-Küləyin gücü 6 baldan artıq olduqda — taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi;

-Küləyin gücü 3 baldan artıq olduqda — daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri.


Dənizdə işləyərkən aşağıdakı hallarda işlər dayandırılır:

-Küləyin gücü 4 baldan artıq olduqda — ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə işləri;

-Küləyin gücü 4 baldan artıq olduqda — daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri; küləyin gücü 8 baldan artıq olduqda — qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər;

-Küləyin gücü 6 baldan artıq olduqda — daimi dəniz özüllərində istismar edilən quyularda işlər;

-Küləyin gücü 6 baldan artıq olduqda — daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri;

-Küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki işlər;

-Küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı meydançanın döşəməsi altındakı işlər;

-Küləyin gücü 4 baldan artıq olduqda — qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;

-Küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişinin şaquli vəziyyətində qoyulduğu bütün növ qaynaq işləri;

-Küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişin tavan vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;

-Küləyin gücü 5 baldan artıq olduqda — ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə işləri;

-Küləyin gücü 4 baldan artıq olduqda — estakada tikən kranla quraşdırma işləri;

-Küləyin gücü 5 baldan artıq olduqda — kopyor vasitəsilə dayaqlar vurulması işləri;

-Küləyin gücü 4 baldan artıq olduqda — dəniz neft-mədən qurğularının sökülməsi işləri;

-Küləyin gücü 5 baldan artıq olduqda - daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi) işləri;

-Küləyin gücü 5 baldan artıq olduqda — traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi işləri;

-Küləyin gücü 5 baldan artıq olduqda — estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri;

-Küləyin gücü 10 baldan artıq olduqda — quyunun yuyulması işlərindən başqa buruqda bütün işlər.


Havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur. İlin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur Selsi ilə müsbət 14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır. İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir. Lakin görünən budur ki, bu tələblər yalnız kağız üzərindədir. Heç bir sahibkar tələblərə, normalara əməl etmir. Nəinki soyuq, yaxud da isti hava şəraitində komfortlu ab-havanın yaradılması nəzərə alınır, ümumiyyətlə təhlükəli hava şəraitində işçilərin fasilələrlə işləməsi, yaxud da müvəqqəti olaraq işlərinin dayandırılması belə təmin edilmir.

Qeyd edək ki, qarşıdan 28 aprel Ümumdünya Əməyin Mühafizəsi günü gəlir. Bu gün Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən etibarən qeyd edilir. BƏT-in məlumatına görə, dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur və 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Eyni zamanda, istehsalat qəzaları dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trln. ABŞ dollarının itirilməsinə səbəb olur.
Geri qayıt