Əsas Səhifə > Melange > Oruc tutanlar, bu xəbəri mütləq oxuyun!
Oruc tutanlar, bu xəbəri mütləq oxuyun!28-05-2017, 14:51. |
Mübarək Ramazan ayının ilk günlərini yaşamaqdayıq. Bu mübarək ayın orucluq əməlini yerinə yetirərkən bəzən insanlar fiziki baxımdan narahatlıqlarını dilə gətirirlər. Bu da bir çox hallarda uzun müddət yemək və içməkdən imtina edən insanın obaşdanlıq və iftar vaxtı düzgün qidalanmamasından irəli gəlir. SİVİL.AZ bildirir ki, tibb elmləri doktoru Adil Qeybulla oruc tutan insanlara öz tövsiyyələrini çatdırır: "Oruc tutan insanlar ilk növbədə ümumi qida rejiminə mütləq diqqət etməlidirlər. Orucluq sadəcə qidalanma məsələsi deyil. Buna düzgün riayət etməsi üçün insan bütün instinktlərinə nəzarət etməyi bacarmalıdır. Ona görə də burada qoyulan şərtlər kifayət qədər ciddidir. Orucluq insanda xüsusi ruhi-psixoloji durumdur. O da onunla bağlıdır ki, insan özünün nəfsinə nəzarət etməlidir. Bu bütün instinktlərə aiddir. Həm qidalanma, həm özünü qoruma, yalan danışmamaq, özünə nəzarət etməni bacarmalıdır. Burda söhbət təkcə qidalanma deyil, həmdə gözün, qulağın da orucluğundan söhbət gedir. O baxımdan orucluq ruhi-psixoloji durumdur, buna hazır olmaq lazımdır. Çox təəssüflər olsun ki, bəzən adi qidalanma ilə eyniləşdirirlər. Ramazan ayı ilin isti vaxtına düşdüyündən bədən səthindən gün ərzində buxarlanma yolu ilə xeyli maye ifraz olunur. Bu səbəbdən oruc tutan insanlar günün isti vaxtlarında yaxşı olar ki, kölgəlik yerlərdə, sərin yerlərdə olsunlar və az mümkün qədər hərəkət etsinlər. Orucluq ayı isti vaxtlara təsadüf etdiyindən səhər vaxtı çox miqdarda maye qəbul etmək lazımdır. Eyni zamanda axşam da qida qəbulu zamanı çoxlu maye qəbul etmək lazımdır ki, gün ərzində itirilən maye bədəndə bərpa ola bilsin. Qidalanmaya gəldikdə isə, obaşdanlıq etmək mütləq lazımdır. İnsanlar əsasən iftar açarkən qidalanma qaydalarını pozurlar. Yəni bu zaman çox miqdarda edilən qida qəbulu mədə üçün böyük bir yükdür. Bu qidaları hissə-hissə qəbul etmək məqsədəuyğundur. İftar adətən su və xurma ilə açılır. Ondan sonra isə quru qidalardan istifadə etmək şərti ilə qidalanma rejimini normaya salmaq olar. Orucluq vaxtı insanların bəziləri səhərə qədər qidalanırlar. Bu da düzgün deyil. Çalışmaq lazımdır ki, qidalanma müəyyən bir mərhələyə kimi olsun. Yaxşı olar ki, oruc açandan sonra iki saat müddətində, sonra isə obaşdanlıqda qidalanma edilsin. Obaşdanlıq zamanı da normal qidalanmanın olmasına çalışmaq lazımdır. Bu, çox yağlı qida da olmamalıdır. Obaşdanlıq güclü səhər yeməyi tipində olmalıdır ki, mədə gün ərzində buna dözsün. Diqqət edilməlidir ki, obaşdana mütləq qalxılsın və az miqdarda olsa belə qida qəbul edilsin. Ciddi xəstəlikləri olan insanlar oruc tutmamışdan əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. O şəxslər ki, xəstədirlər amma oruc tuturlar həmin insanlar çox diqqətli olmalıdırlar. (Milli.Az) Geri qayıt |