Əsas Səhifə > Melange / İntervü / Üst manşet > İsa Həbibbəyli ali məktəblərin hazırlıq qruplarına qəbulun qaydalarını açıqlayıb -
İsa Həbibbəyli ali məktəblərin hazırlıq qruplarına qəbulun qaydalarını açıqlayıb -8-06-2017, 18:25. |
SİVİL.AZ Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəylinin APA-ya müsahibəsini təqdim edir - Dünən sizin rəhbərlik etdiyiniz komitədə “Təhsil” Qanununa edilmiş dəyişikliklərin əsas mahiyyəti nədən ibarət olacaq? - Elm və Təhsil Komitəsində “Təhsil” haqqında Qanunun 22-ci maddəsinə edilmiş dəyişiklikdə ali məktəblərdə bakalavriat səviyyəsində hazırlıq qruplarının təşkil edilməsi nəzərdə tutulur. Azərbaycan ali təhsil sistemində bakalavriat səviyyəsində hazırlıq qruplarının yaradılması ilk növbədə gənclərin universitetə cəlb olunması şəbəkəsini genişləndirəcək. Bundan başqa, hazırlıq qruplarının təşkil edilməsi ölkəmizin gənclərinin xarici ölkələrə, xüsusən, o qədər də reytinqi olmayan ali məktəblərə axınının qarşısını alacaq. Bu da o deməkdir ki, Azərbaycandan xarici ölkələrə valyuta axını da azalacaq. Çünki tələbələr ayrı-ayrı ölkələrdə ödənişli əsaslarla təhsil aldıqlarından oxuduqları universitetlərə xeyli miqdarda maliyyə vəsaiti ödəməli olurlar. Hazırlıq qruplarının yaradılması ilə həmin maliyyə vəsaitləri ölkəmizdəki ali məktəblərin büdcəsinə daxil olacaq və universitetlərin inkişafına sərf ediləcək. Ən əsası isə odur ki, hazırlıq qruplarında gənclərimiz bir il ərzində öz biliklərini xeyli inkişaf etdirdikdən, hazırlıq səviyyələrini artırdıqdan sonra universitetlərə daxil olacaq. Bu, birinci kursda yüksək balla qəbul olan tələbə ilə hazırlıq qruplarından gələn tələbə arasındakı fərqi aradan qaldıracaq. Hazırlıq qruplarına tələbələrin cəlb olunması gənc nəslin təhsildən kənarda qalaraq, zərərli meyllərə maraq göstərməsinin də qarşısının alınmasına xidmət edir. Bu addım gənclərin xarici ölkələrin bizə yad olan ideoloji təsirlərindən qorunmasına da kömək edəcək. - Hazırlıq qruplarında tələbə qəbulunda şəffaflıq təmin ediləcəkmi? - “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə görə, ali məktəblərin hazırlıq qruplarına tələbə qəbulu test üsulu ilə qəbul imtahanlarının nəticələrinə görə aparılacaq. Tutaq ki, abituriyent qəbul imtahanı zamanı 300-400 arası bal toplayıb, lakin seçdiyi ixtisasa görə müsabiqədən keçə bilməyib. Dövlət ali məktəblərin humanitar fakültələrində, xarici dil ixtisaslarında, informatika ixtisasında, ADA Universitetində, Ali Neft məktəbində belə hallar kifayət qədərdir. Fikrimcə, belə abituriyentlərin birillik hazırlıq qruplarında təhsilini bir qədər də artırdıqdan sonra ali məktəb tələbəsi hüququ qazanması çox ədalətli iş olardı. Hazırlıq qruplarına tələbə qəbulunun test üsulu üzrə imtahanların nəticələrinə görə aparılması nəzərdə tutulduğu üçün bu qruplarda qəbul zamanı şəffaflıq tam təmin ediləcək. Kütləvi informasiya agentliklərində hazırlıq qruplarına tələbə qəbulunun imtahansız olacağı barədə yayılan məlumatlar əsassızdır. Təklif olunan dəyişiklikdə qanunun 26-cı maddəsində hazırlıq qruplarına qəbulun test üsulu üzrə keçirilən imtahanların nəticələri əsasında müəyyən olunması əksini tapıb. Eyni zamanda, hazırlıq qruplarında təhsil alanlar birillik təhsil müddəti başa çatdıqdan sonra yalnız buraxılış imtahanlarını müvəffəqiyyətlə verdikdə ali məktəblərə daxil olmaq hüququ qazana biləcəklər. - Hazırlıq qruplarında təhsilin səviyyəsi haqqında nə deyə bilərsiniz? - Edilmiş dəyişikliyə əsasən, hazırlıq qruplarında təhsilin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Yəni, Təhsil Nazirliyi hazırlıq qruplarında tədris proqramlarını hazırlamalı, zəruri elmi-metodiki ədəbiyyatın və kadr potensialının olmasını təmin etməlidir. Hazırlıq qrupları yaradılmış ali məktəblərin rektorlarının da üzərinə ciddi vəzifələr düşür. Bildiyiniz kimi, hazırlıq qrupları ali məktəb sistemində yeni hadisə deyil. Mövcud təcrübə və müasir reallıqların nəzərə alınması hazırlıq qruplarında tədris işinin lazım olan səviyyədə təşkil edilməsinə əsas verə bilər. Geri qayıt |