Əsas Səhifə > Melange / Azərbaycan > 24 saata ölüm, tualet tapmayanların yaratdığı təhlükə –
24 saata ölüm, tualet tapmayanların yaratdığı təhlükə –29-07-2017, 21:52. |
Yayın istisində hamının üz tutduğu məkan çimərliklərdir. Dəniz suyu insanı sərinlətməklə yanaşı, sakitləşdirir, yorğunluğu çıxarır, bədəni yüngülləşdirir və bütün gərginliyi çıxarır. Üzmək isə bədən və sağlamlıqz üçün çox faydalı bir məşğuliyyətdir. Dəniz suyunun çox qədimdən müalicəvi xüsusiyyəti olduğu məlumdur. Ancaq araşdırmalar zamanı dəniz suyunun faydalarından əlavə zərərləri də ortaya çıxıb. SİVİL.AZ bildirir ki, ailem.az dəniz suyunun nə kimi zərərləri olduğunu araşdırmağa çalışıb. Dəniz suyunun tərkibində nələr var? Dənizdə çimərkən çoxumuz bilmədən dəniz suyunu uda bilərik. Və bu, bəlkə də çox adi görünür. Amma elə deyil. Fotoqraf David Littschuaqer dəniz suyunu mikroskopla 25 dəfə böyüdərək tərkibini görüntüləyib. Məlum olub ki, bir neçə damcı dəniz suyunun tərkibində Larva, Siyanobakteriya, Diyatome (su yosunları), Kopepod, Kıllıçeneliler (onurğasız dəniz heyvanları), balıq yumurtaları və dəniz soxulcanları olur. 24 saat içində ölüm Dəniz suyunun içində olan bəzi canlılar, təkhüceyrəli bitkilərin bir qismi toksin ifraz edirlər. Bu toksin 24 saat içində ölümlə nəticələnən hallara səbəb ola bilər. Məsələn, dəniz ilbizi kimi canlılar bu toksini hepatopankreaslarında saxlayır. Bu toksin tərkibli dəniz ilbizini yesəniz, ölə bilərsiniz. Bundan başqa, dənizin içində olan yosunlar zamanla sahildə toplanırlar. Korlanan yosunlar yod qazı ortaya çıxarırlar. Yod bədənimiz üçün yararlı olsa da, bəzən zərərli ola bilir. Dəniz suyu ilə çimmək dəridəki bəzi xəstəliklərə faydalıdır. Dəniz suyunu içmək isə orqanizmə zərərlidir. Dəniz suyu insanda qaşıntı, şişkinlik, susuzluq yaradır. Dəniz xəstəlikləri Dəniz xəstəlikləri sırasında əsasən qulaq infeksiyaları, sidik yolu infeksiyaları, göbələk xəstəlikləri, sinusitlər, mədə-bağırsaq infeksiyaları, parazitar xəstəlikləri, Entamöba, Lyambliya (Giardia), göz xəstəlikləri yer alır. Sidik yolu infeksiyaları əsasən qız uşaqlarında yaş çimərlik geyimində qalanda və ya qumda oturaraq, uzun müddət oyun oynamaqdan qaynaqlanır. Sahildəki və ya suyun tərkibindəki mikroblar asanlıqla sidik yollarına düşür. Ağrılı və tez-tez sidiyə getmə, qarında ağrı, ürəkbulanma, qusma, iştahasızlıq, halsızlıq, qızdırma əsas əlamətlərdir. Göbələk infeksiyaları dəri, saçlı dəri və dırnaqlarda görülür, yoluxucudur. Mədə-bağırsaq infeksiyaları da çirkli dənizdə çiməndən sonra daha tez-tez müşahidə olunur. Bura virus mənşəli rotavirus, norovirus, enterovirus, Salmonella, Şigella, E.coli-yə bağlı bakterial və lyambliya, entamöba kimi parazitar xəstəliklər daxil edilir. Qızdırma, qusma, ishal, halsızlıqla özünü büruzə verir. Bu xəstəliklərə yoluxmamaq üçün çirkli çimərliklərdə çimməmək lazımdır. Dənizə girdiyiniz zaman qulaq infeksiyasından qorunmaq üçün qulağınıza vazelin və ya qliserin yağı ilə isladılmış pambıq qoyun. Heç bir halda dəniz suyu udmayın. Gözə düşə biləcək infeksiyadan qorunmaq üçün su eynəyi taxın. “Hətta böyüklər də dənizin içinə batırırlar…” Respublikanın baş infeksionisti Cəlal İsayev Ailem.az-a bildirib ki, dəniz suyundan infeksiyalara yoluxmaq təhlükəsi elə böyük deyil. Çünki dəniz suyunun tərkibində olan infeksiyalar 1 saatdan artıq dənizdə qala bilmir: “Dəniz suyu duzlu olduğundan infeksiyalar buna tab gətirmir və məhv olur. Elə bakteriyalar da var ki, onlar dənizdə davamlılıq yaradır. Bundan başqa dəniz suyu özü-özünü tez-tez yeniləyə bilir. İstirahət mərkəzlərinin hovuzlarındakı su dəniz suyundan daha təhlükəlidir. Onlar da zamanında xlorlansa, elə böyük təhlükə daşımaz. Amma dənizdə virusların mövcud olduğu, yaxud dənizin çirkləndiyi vaxtlar həmin qısa zaman kəsiyində dəniz suyu ilə təmasda olsanız, infeksiyaya yoluxa bilərsiniz. Bundan başqa, dənizdə eyni anda minimum 20 nəfər çimir. Əgər onlardan biri natəmiz olarsa, o halda digər şəxsin infeksiyaya yoluxma ehtimalı yüksək olur”. Baş infeksionist əhalinin dənizə gedənlərin dənizi yeyib-içdikləri ərzaqlarla çirkləndirdiklərindən şikayət edir: “İnsanlar dənizə gedib gigiyenik təmizliyə riayət etmirlər. Yedikləri ərzaqları suya atırlar. Bizimkilər artıq zibillərini hasardan kənara atmağa öyrəşib. Gigiyenik qaydaları gözləmək özü bir mədəniyyətdir. Bundan başqa dənizdə tualet tapmayan uşaqlar, elə böyüklər özləri də dənizə batırırlar. Bu hal çox təhlükəlidir və infeksiyaya yoluxma ehtimalı da yüksəkdir. İnsanlara çağırış etmək lazımdır ki, bu, etdikləri düzgün deyil”. Həkim dənizin faydalı tərəflərini də sadalayıb. Qeyd edib ki, dəniz iltihabi proseslərin geriyə inkişafını dəstəkləyir: “Dəniz havası, qumu çox faydalıdır. Revmatik, yel və artrit xəstəliklərinə qarşı yaxşı təsiri var. Dəniz havası yod tərkiblidir. Qan dövranını yaxşılaşdırır və immun sistemini inkişaf etdirir”. Dəniz suyunun saça zərərləri Təmiz dəniz suyunun tərkibindəki yararlı mineral və elementlərin saçın sağlam uzanmasına və yağlı dəri kəpəklərinin həllində faydalı olduğu düşünülür. Amma günümüzdə dəniz suyu çox kirləndirilir. Duzlu dəniz suyu ilə təmas etmənin saç və saç dərisinə zərərli təsirləri var. Duzlu dəniz suyuna məruz qalan insanlarda qoruyucu keratin təbəqəsi pozulur, saçlarda quruma, qırılma olur. Xüsusilə günəş şüalarının qurudub korladığı saçlar dəniz suyuna qarşı daha həssas olurlar. Boyalı, korlanmış, nazik, zəif və quru saçlar dəniz suyunun zərərlərindən daha çox təsirlənir. Yay aylarında məruz qaldığımız günəş şüası və dəniz suyu saç rəngini soldurur və matlaşdırır. Saçlı dərini qurudaraq kəpək və qaşıntıya yol açır. Dəniz suyu saçın təməl hüceyrələri olan keratinositlərin ölümünə səbəb olur. Uzun müddət dənizdə qalırsınızsa, tez-tez sudan çıxıb bol təmiz su ilə saçlarınızı durulamanız çox faydalı olacaq. Dənizə girərkən saça qoruyucu papaq taxın və dənizdən çıxandan sonra saçlarınızı yaxşı durulayıb, qurutmayan bir şampunla yuyun. Duzlu dəniz suyunun saç və saç dərisində fəsadlarının qarşısını almaq üçün tətildən sonra protein tərkibli və nəmləndirici xüsusiyyəti olan şampunlar istifadə edin. Dəriyə ziyanı Dəri və saç bazasının pozulmasına səbəb olan dəniz suyu günəşin zərərli şüaları ilə birləşdikdə qalıcı problemlərə, dərinin nəmini itirməsinə yol açır. Su itkisi yaşayan dəri qurumağa başlayır. Dənizdən çıxandan sonra dərini yumadan uzun müddət eləcə günəşlənmək dəri hüceyrələrinin ölməsinə və kollagenin parçalanmasına səbəb olur. Beləcə, dəridə ləkələr və qırışlar artaraq, erkən yaşlanmaya yol açır. Dəriyə elastiklik verən kollageni parçalayan günəş şüası dərinin elastikliyini və parlaqlığını itirir. Dərinin incə və həssas olduğu göz ətrafı və dodaq ətrafında nazik cizgilər yaranır və dəridə qəhvəyi ləkələr yaranır. Bəzən dəri qabıqlayır. Odur ki, dənizdən gələndən sonra mütləq duş alın. Ardınca dəriyə su, yağ, mineral tərkibli toniklər və nəmləndiricilər sürtün. Həm də bol su için. Geri qayıt |