Əsas Səhifə > Melange / Üst manşet > 104 yaşlı Nobel mükafatçısından
104 yaşlı Nobel mükafatçısından17-08-2017, 15:24. |
"Mən heç vaxt ciddi xəstəlik keçirməmişəm. Qulağımın və gözümün zəifləməsi adi haldır. Əsas odur ki, indi gənclik dövrümdən daha iti və ağıllı düşünürəm". SİVİL.AZ bildirir ki, bu sözlər 104 yaşında dünyasını dəyişən italiyalı alim-neyrobioloq Nobel mükafatçısı Rita Levi Montalçiniyə aiddir. Rita Levi Montalçini 1909-cu ildə İtaliyanın Turin şəhərində varlı yəhudi ailəsində dünyaya göz açıb. Gənc Rita tibb elminə dərin maraq göstərib və ali təhsilini də bu yöndə oxuyub. 1936-cı ildə universiteti bitirəndən sonra İtaliyanın faşist hakimiyyəti ölkənin yəhudi əsilli əhalisinə elmi və pedoqoji fəaliyyəti qadağan edir. Odur ki, gənc alim öz yataq otağını labortoriyaya çevirib, toyuq embrionları üzərində təcrübələr aparmağa başlayır. Faşist ordusu İtaliyadan çəkiləndən sonra Rita uzun müddət həkim kimi çalışır, qaçqınları müayinə edir. İkinci Dünya Müharibəsindən sonra xanım Montalçini 20 il Amerikanın Sent Luis şəhərində yaşayır və Vaşinqton Universitetində elmi fəaliyyətlə məşğul olur. Burada ailm boy faktoru sahəsində yeniliyə imza ataraq, ona dünya şöhrəti qazandıran Nobel mükafatına layiq görülür. Rita Levi 104 illik həyatı boyu bir dəfə də olsun ailə qurmayıb. Qüdrətli elm xadimi bunu belə izah edirdi: “Mənim həyatımda onsuz da mükəmməl insani münasibətlər, sevimli işim və əyləncələrim olub. Rəsmi nikaha heç vaxt gərək duymamışam”. Xanım Montalçini 2012-ci ildə 104 yaşında yuxuda dünyasını dəyişib. Doğmaları etiraf edirlər ki, alim ömrünün son günlərinədək elmi fəaliyyətlə məşğul olub. Böyük elm xadiminin dünyaya səs salan ən maraqlı fikirlərini, həmçinin 100 il yaşamağın sirlərini təqdim edirik. Rita Levi Montalçinin elmi kəşfləri sayəsində dünya səhiyyəsi xərçəng və Alzeymer kimi xəstəlikləri daha dərindən qavramağa nail olub. Məşhur bioloq deyirdi: “100 il yaşamaq istəyirsinizsə səhər saat 5-də oyanın, gün ərzində cəmi bir dəfə yemək yeyin. Şüurunuzu zorla da olsa, işləməyə məcbur edin. 23:00-dan gec yatmayın. Yatmazdan öncə bir kasa şorba və ya bir stəkan naringi şirəsi içə bilərsiniz. Lakin mənim özümü nə yuxu, nə də yemək maraqlandırır. Ancaq bilirsinizmi, bioloji cəhətdən mümkün olsa belə, hər kəs 100 il yaşaya bilməz, bu, dünyanın nizamına ziddir. Hər birimiz 100 il yaşasaydıq planetdə körpələrə yer qalmazdı axı. Mən açıq və şux rəngləri sevirəm. Düşünürəm ki, rənglər incəsənətin özülüdür. Teatr və musiqi də mənim ömrümü uzadan səbəblərdən biridir. Roma Papasına olan məhəbbətim sonsuzdur, lakin Allahı qəlbim inkar edir. Etiraf edim ki, onu qəbul edənlərə qibtəylə yanaşıram”. Xanım Montalçininin ən maraqlı fikiri isə yəqin ki, budur: “- Həzm sistemimi yaxşılaşdırmaq üçün pivə içirəm, iştahım olmayanda ağ şərab dada bilərəm. Təzyiqim düşəndə qırmızı şərab, qalxanda isə konyak qəbul edirəm. Angina zamanı "Vodka"sız keçinmirəm. - Bəs, su? - Su??? İndiyədək belə xəstəliyim olmayıb”. (Publika.az) Geri qayıt |