Əsas Səhifə > Melange / Manşet > "Test imtahanlarının ləğvindən söhbət getmir" -
"Test imtahanlarının ləğvindən söhbət getmir" -29-08-2017, 13:55. |
Təhsil Nazirliyi Azərbaycanda test imtahanlarının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. SİVİL.AZ-ın məlumatına görə, təhsil nazirinin müavini, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü Ceyhun Bayramov deyib ki, söhbət test imtahanlarının ləğvindən getmir: "Söhbət bizim gördüyümüz və bildiyimiz qaydada test imtahanlarının təkmilləşdirilməsindən gedir. Artıq faktiki olaraq bu proses başlayıb. Bu il IX siniflərdə orta təhsil səviyyəsində buraxılış sinfində həyata keçirilən imtahanlara nəzər salsaq, bunun fərqli bir formatda olduğunu görürük. Həmin imtahanlar 2 mərhələdən ibarət olub. IX sinfin buraxılış imtahanlarının ilkin mərhələsi mart ayında, ikinci mərhələ iyun ayında keçirilib. Həmin mərhələlərin qiymətləndirilməsində müəyyən fərqlər var. Şagirdlər birinci mərhələdə daha çox açıq tipli suallar, Ana dili fənnindən esse, açıq sualların cavablandırılması, Riyaziyyat fənnindən yenə də yazılı misal-məsələlərin həlli, ikinci mərhələdə isə daha çox vərdiş etdiyimiz ənənəvi test üsuluna daha yaxın olan bir sistem üzrə imtahan verirdi. Bunun da özəlliyi ondan ibarətdir ki, IX sinifdə oxuyan həmin uşaqlar doqquz il öncə yeni sistemlə-kurikulumla tədrisə başlayıblar. Orada nəzərdə tutulmuş standartların yalnız test üsulu ilə qiymətləndirilməsi mümkün deyil. Ona görə də, daha geniş və əhatəli qiymətləndirmə prosesinin həyata keçirilməsi prosesinə başlanıb". (APA) Geri qayıt |